XƏLİFƏ VALİD İBN YEZİD  

(Hekayədə verilmiş faktlar və şeir orta əsr ərəb mənbələrindən götürülüb)

 

Gecə yarı olmuşdu. Dəməşqin əyri-üyrü, tozanaqlı, dar küçələrində ins-cins görünmürdü. Şəhər əhalisi dərin yuxuya getmişdi. Yalnız arabir sərgərdan itlər hürüşür, zülmətlə bərabər ətrafa çökmüş qulaq cingildədən sükutu pozurdu.

 

Valid ibn Yezidin1 sarayında kef, əyləncə məclisi hələ də davam edirdi. Bər-bəzəkli böyük otaqda məşəllər bərq vurur, ətrafa yayılan his müşk-ənbər ətri içərisində itib-batırdı. Xəlifə qızıl-gümüş saplarla naxışlanmış döşəkcə və mütəkkələrin üzərində xumarlanırdı. Yarıçılpaq rəqqasələr min bir oyunla ağalarını əyləndirməyə çalışırdılar. Xəlifənin sevimli müğənnilərindən Əmr əl-Vadi və Malik ibn Əbussəmah udun müşayiəti ilə mahnı oxuyurdular. Hərdən Valid ibn Yezidin uşaqlıq tərbiyəçisi Əbdüssəməd şair Nüseybə, bəstəkar Məbəd və məclisin başqa iştirakçıları əl çalır, xəlifənin şeirlərinə alqış söyləyirdilər. Valid ibn Yezidə xidmət edən baş saqi Əbu Şakir qonaqların piyalələrinə şərab süzürdü.

 

Xəlifənin katibi Əyyad ibn Müslim bir küncə çəkilib mürgü döyürdü. Kənardan baxan olsaydı, deyərdi ki, yəqin o, neçənci yuxudur, görür. Amma bu ahıl kişi ayıq idi. Çünki bir də görürdün, xəlifənin təbi gəldi, bədahətən qəzəl və ya xəmriyyə2 dedi, Əyyad ibn Müslim həmin an onu yazmalı idi. Yalnız bir dəfə çox kefli olduğundan onu yuxu aparmışdı. Səhər bunun üstündə az qala Valid ibn Yezidin qəzəbinə gələcəkdi. Yaxşı ki, müğənni Əmr əl-Vadi vaxtında dadına çatmış, şeiri əzbərdən söyləyib, Əyyad ibn Müslimə yazdırmışdı. Bundan sonra xəlifənin katibi içməyinə hədd qoydu. İndi də mürgüləyə-mürgüləyə düşüncələrə qərq olmuşdu.

 

Valid ibn Yezidin çığırtısı onu dik ayaq üstə qaldırdı, elə bildi xəlifənin təbi gəlib. Lakin o, saqini səslədi:

 

- Əbu Şakir, piyaləmi doldur. Mən rəqs etmək istəyirəm.

 

Rəqqasələr cəld ayağa qalxdılar. Musiqiçilər alətlərini köklədilər. Məclis təzədən qızışdı.

 

Xəlifənin katibi əyləşib, yerini rahatladı, gözlərini yumdu. Bu saat hücrəsinə çəkilib, doyunca yatmaq ona dünyanın bütün naz-nemətlərindən qiymətli idi. Kirpiklərini aralayıb, Əbdüssəmədi nifrətlə süzdü. Bütün bunların səbəbkarı o idi.

 

***

 

Valid ibn Yezid danışmışdı ki, balaca ikən bir gün Əbdüssəmədin hücrəsinə girəndə görür ki, o, şərab içir. Heyrətlə qışqırıb: "Ustad, bilmirsən ki, Allah şərabı haram buyurub?"

 

Əbdüssəməd özünü itirməyib, balaca Validi qarşısında əyləşdirərək deyib: "Mənim ağam, bil ki, bizim əcdadlarımız islamdan qabaq, cahilliyə deyilən dövrdə içkini haram saymayıblar. Şərabları böyük küpələrdə basdırardılar. Əlli-yüz il keçəndən sonra o biri nəsillər bu küpələri açardılar. Oradakı şərab baldan da qatı olarmış. Onu su ilə qarışdırıb içərmişlər. Ləzzətindən doymaq olmurmuş. Cavan şərabı isə təmiz içmək lazımdır. Onun da öz ləzzəti var".

 

Valid tərbiyəçisinə diqqətlə qulaq asıb, şərabdan bir az dadır, xoşuna gəlir.

 

Validin atası Yezid ibn Əbdülməlik onun yaşının azlığını nəzərə alıb, özündən sonra qardaşı Hişəmi, sonra isə öz oğlunu vəliəhd təyin etmişdi. Hişəm xəlifəliyə keçəndən qardaşı oğlunun vəliəhd kimi bir sözünü iki etməzdi. Amma onun heç kimə məhəl qoymadan içki məclisləri düzəltməsi, min cür oyundan çıxması sarayda söz-söhbətə səbəb olduğundan hövsələdən çıxırdı. Onu içki dostlarından, ilk növbədə tərbiyəçisi Əbdüssəməddən uzaqlaşdırmaq məqsədilə həccə göndərməyi qərara alır. Təcili yol tədarükü görülür. Xəlifə Kəbənin üstünə salınmaq üçün kisva - üzərində qızıl-gümüş saplardan Quran ayələri tikilmiş bir örtük də hazırladır. Validin sarayından yalnız katibinə icazə verilir ki, onu müşayiət etsin. Karvan yola düşməzdən əvvəl Validin sərəncamı ilə ov itləri götürülür, cürbəcür şərablar dolu tuluqlar yüklənir. Rüsafə şəhərindən aralanan Valid ova çıxır. Dəstəsi ilə düşərgəyə qayıdanda qaş qaralırdı. Tonqallar qalanmış, yemək tədarükü görülmüşdü.

 

Əyyad ibn Müslim Validin istədiyi şərablardan naxışlı kuzələrə doldurub hazır qoymuşdu. Amma dişi bağırsaqlarını kəsirdi. Ziyarətə gedərkən də vəliəhdin kefindən qalmadığını xəlifəyə çatdırsalar, vay onun halına. Əyyad ibn Müslim Validə Həcc səfərinə görə hələlik şərabdan əl çəkməyi məsləhət gördü. Vəliəhd özündən çıxdı: "Get Kəbənin üstünə salınacaq örtüyü çadır kimi qurdur. Mən şərabımı onun içərisində içəcəyəm", - dedi.

Əyyad ibn Müslim şimşək vurmuş kimi yerə sərildi. Validin ayaqlarını öpməyə başladı:

 

- Mənim ağam, Allaha and olsun, özümə görə qorxmuram. Məkkə əhli onsuz da Əməviləri3 sevmir. İndi kimsə orada ağzından qaçırsa ki, vəliəhd Kəbənin örtüyünü murdarlayıb, onda səni də, məni də parçalayıb qurd-quşa yem edərlər.

 

Deyəsən, katibin sözləri Validi tutdu. Əməlinin nə nəticə verəcəyini anladı.

 

- Yaxşı, sən deyən olsun, - dedi, - Kəbənin örtüyündə məclis qurası olmadım. Amma tez ol, piyaləmi doldur, ciyərim yanır...

 

Hişəm Validi qaşqabaqlı qarşıladı. Necə səfər etdiyini soruşdu.

 

Vəliəhd halını pozmadan şeirlə cavab verdi:

 

Dinimizlə maraqlanan, bil bunu,

Əbu Şakir məsləkidir dinimiz.

Həm ayılanda, həm kefli olanda,

Biz içirik gah qarışıq, gah təmiz.

 

Hişəmi sanki ilan çaldı:

 

- Utanmırsan, hələ dinsizliyini nəzmə də çəkirsən! Səndən nə xəlifə olar? Yaxşısı budur, öz xoşunla vəliəhdlikdən əl çək.

 

Lakin Validin üzünün bir cizgisi belə tərpənmədi.

 

- Atam Yezid ibn Əbdülməlik səndən sonra məni vəliəhd təyin edib. Sən onun qərarını dəyişə bilməzsən, - dedi.

 

Bir neçə gündən sonra Hişəm Validi İordaniyada biyabanlıqda yerləşən kiçik saraya göndərdi. Bütün hirsini isə vəliəhdin katibinin üstünə tökdü.

 

Onu döydürüb qaranlıq, üfunətli zindana saldırdı.

 

Əyyad ibn Müslim bunları yadına salanda tükləri biz-biz oldu, elə bildi indicə onu şallaqlayıblar. Adam nə qədər havasız, rütubətli zindanda can çürüdər, bir loxma quru çörəyə, ürəkbulandırıcı ilıq suya, gün işığına həsrət qalar...

 

Bir gün zindanın ağır dəmir qapısı səs-küylə açıldı. Keşikçi Əyyad ibn Müslimin gözlədiyi kobud rəftar əvəzinə hörmətlə onun qolundan yapışıb qaldırdı.

 

- Ağa, sən azadsan. Hişəm elə bu saat gözlərini yumdu.

 

Əyyad ibn Müslimə sanki qüvvət verdilər. Cəld qapıya tərəf addımladı. Əyanlar, saray əhli onun qarşısında müntəzir durmuşdular. Valid ibn Yezidin katibini çox sevdiyini yaxşı bilirdilər.

 

***

 

Əyyad ibn Müslim yerində dikəldi. Məclisdəkilər yenə yeyib-içməkdə idilər.

 

Xəyal onu yenə ötən günlərə qaytardı. Sarayda məclis sübhədək davam etmişdi. Fərraş namaza hazırlaşmaq xəbərini çatdıranda xəlifə Valid güclə ayaq üstə dururdu. Katibi ona yaxınlaşıb ehtiyatla dilləndi:

 

- Əmirülmöminin, namaz vaxtı çatır. Məsciddə səni gözləyəcəklər. Qoy xəbər göndərim ki, xəstələnmisən.

 

- Yox, - Valid dedi. - Kənizlərimdən mənim boyda olanını seç, bura gətir.

 

Əyyad ibn Müslim ağasının əmrini yerinə yetirdi. Kəniz içəri girən kimi xəlifə üst paltarını soyundu:

 

- Geyin bunları - əbamı, əmmaməmi. Üzünə niqab salıb, əvəzimə Əyyadla cümə namazına gedərsən.

 

Kəniz dayanıb gözlərini döyürdü. Əyyad ibn Müslimin isə nitqi kəsilmişdi.

 

- Əmirülmöminin, səni and verirəm o əzəmətli Allaha! Məsciddəkilər duyuq düşsələr, bizi cəhənnəmə vasil edərlər...

 

Valid ibn Yezidin süzülən gözlərindən qəzəb yağırdı. Katib başa düşdü ki, nə etsə, xeyri yoxdur, xəlifəni fikrindən daşındıra bilməyəcək. Əlacsız durub paltarı yerdən götürdü, kənizlə birlikdə otaqdan çıxdı. Bacardığı qədər qızın zahiri görkəmini xəlifəyə oxşatmağa çalışdı. Bir sıra məsləhətlər də verdi ki, kəniz öz hərəkətləri ilə xəlifədən seçilməsin.

 

Yol uzunu Əyyad ibn Müslim o dünyanı görüb qayıtdı. Bilirdi ki, məsciddə bu biabırçılığın üstü açılsa, kənizin də, onun da böyük tikələrini qulaqları boyda edəcəklər. Deyəsən, xəlifə də ayılandan sonra nə etdiyini anlamışdı. Hətta katibinə baş çəkib hal-əhval tutdu.

 

Xəlifənin gur səsi Əyyad ibn Müslimi ağır düşüncələrdən ayırdı.

 

- Bəsdir, dağılışın, mən yatmaq istəyirəm.

 

Bu sözlər Əyyad ibn Müslimin canına yağ kimi yayıldı. Hamı ilə birlikdə çıxmaq istəyəndə Valid ibn Yezid onu səslədi:

 

- Əyyad, eşitdiyimə görə, bu yaxınlarda xaricilərdən4 birini tutub zindana salıblar. Onu yanıma gətirsinlər.

 

Katib qorxa-qorxa:

 

- Əmirülmöminin, yorulmusan, - dedi, - bəlkə istirahət edəsən, sonra...

 

Xəlifənin kefi kök idi. Ona görə də Əyyad ibn Müslimin sözlərindən əsəbiləşmədi.

 

- Yox, çağırtdır. Bir az siyasətlə məşğul olmaq istəyirəm.

 

Katib əlacsız otaqdan çıxdı. Bir azdan keşikçinin müşayiəti ilə qolları arxasında bağlanmış, otuz-otuz beş yaşlı cüssəli bir nəfərlə içəri girdi.

 

Valid ibn Yezid bardaş quraraq oturmuşdu. Əli ilə keşikçinin çıxmasını işarə etdi. Məhbusa yaxınlaşıb, diqqətlə onun alnına baxdı və qəhqəhə çəkdi.

 

- Deyirdilər ki, xaricilərin namaz qılmaqdan alınları qançır olur, inanmırdım. Gözlərimlə gördüm. Ay bədbəxt, doğrudanmı sən Allaha sidq ürəkdən inanırsan?

 

Məhbus qəzəb dolu nəzərlərlə Validə baxdı:

 

- Allah şeytana lənət eləsin ki, sənin kimi əyyaş müsəlmanların başçısı sayılır.

 

- Yaxşı, tutaq ki, mən dinsizəm. Bəs nə üçün sizin təriqətin əsasını qoyanlar o vaxt xəlifə Əlini öldürüblər? O ki ən inanılmış müsəlmanlardan idi.

 

Məhəmməd Peyğəmbərin əmisi oğlu, kürəkəni, sirdaşı, islam dini uğrunda vuruşan dönməz qəhrəman idi.

 

- Çünki xaricilər peyğəmbərdən sonra ən ləyaqətli müsəlmanın xəlifə seçilməsinin tərəfdarı idilər. O, yalnız Qureyş qəbiləsindən deyil, qeyri-ərəb, hətta müsəlmanlığı qəbul edən həbəşdən də seçilə bilər.

 

Valid ibn Yezid ucadan güldü:

 

- Təsəvvür edirəm, həbəşə xəlifəlik necə yaraşar.

 

- Sən bunu başa düşməzsən. Sən də daxil olmaqla, Əməvilər dünyanın ən bədbəxt adamlarıdır. Hamınız axirət dünyasında cəhənnəm odunda yanacaqsınız.

 

Məhbusun sözləri yavaş-yavaş Valid ibn Yezidi hövsələdən çıxarırdı:

 

- Zərər yoxdur, qoy mən bu dünyada kefimi görüm, öləndən sonra cənnətdəki yerimi sənə verərəm. Bir təklifim də var. Gəl səninlə oturub ləzzətli şərablardan içək. Sənə çoxlu qızıl da verərəm. Gedib şad-xürrəm yaşayarsan.

 

Məhbus məğrur-məğrur gülümsədi:

 

- Donuz kimi ömür sürməkdənsə, ölüm yaxşıdır. Müqəddəs Quran sənə qənim olsun.

 

Valid ibn Yezid dəlicəsinə bağırdı:

 

- Bəxtin onda gətirib ki, mənim işgəncə verdirməkdən xoşum gəlmir. Amma sənin səcdə etdiyinin puçluğunu indi sübut edərəm. Əyyad, tez ol mənə Quran, bir də yay və ox gətir.

 

Əyyad ibn Müslim bir şey dərk etmədən tələsik xəlifənin istədiklərini gətirdi. Valid ibn Yezid Quranı alıb, divarın dibindəki kiçik mizin üstünə qoydu. Bir neçə addım aralanıb, yaya bir ox keçirdi.

 

- Bax, budur sənin müqəddəs saydığın, ayələri göydən nazil olmuş Quran, - deyib, hədəf kimi onu nişan aldı. Ox Qurana sancılanda məhbusdan bir ah qopdu ki, sanki köksündən yaralanmışdı. Ucadan: "Ya Rəbb, sənə doğru tələsdim ki, razı qalasan"5, - deyərək bir göz qırpımında yerindən sıçradı, zərblə başını divara çırpdı və kökündən qırılan bir ağac kimi yerə sərildi, ətrafı al qana boyandı.

 

Valid ibn Yezid belə bir səhnənin şahidi olacağını ağlına gətirmirdi. Sarsılmışdı. Qanı qaçmış dodaqları titrəyə-titrəyə pıçıldadı:

 

- Əyyad, onu müsəlman qaydası ilə dəfn edərsən.

 

Zindana dönmüş ayaqlarını zorla sürüyərək otaqdan çıxdı.

____________________________

1. Valid ibn Yezid (743-744) islam dini ehkamlarına istehza ilə yanaşmış, ərəb ədəbiyyatı tarixində lirik şeirlər müəllifi kimi tanınmışdır. Cəmi bir il üç ay xəlifəlik etdikdən sonra qohumları tərəfindən öldürülmüşdür.

 

2. Şəraba və içki məclislərinə həsr olunmuş şeir janrı

 

3. Məkkədəki Qureyş qəbiləsinin ən varlı soyu. Əməvilər 661-ci ildən 750-ci ilədək hakimiyyətdə olmuş, bu sülaləni Abbasilər (750-1258) əvəz etmişdir.

 

4. İslam dininin ilk təriqətidir. Xaricilər 657-ci ildə Siffin yaxınlığında xəlifə Əli ilə Müaviyə arasındakı döyüş zamanı Əlinin qoşununu tərk etmişlər. 661-ci ildə Əlini öldürənədək ona qarşı silahlı mübarizə aparmış və Əməvilərin ən qatı düşmənləri olmuşlar. Bu din fanatikləri qorxmaz və cəsur döyüşçülər kimi ad qazanmışdılar.

 

5. Xaricilər öz ideyaları uğrunda ölümə gedərkən bu sözləri deyərmişlər. 

 

 

Elxan ƏZİZOV

BDU Şərqşünaslıq fakültəsinin dekanı, Əməkdar müəllim, professor

 

525-ci qəzet.- 2021.- 13 oktyabr.- S.22;23.