Qayalıqlar bakirəsi
"Bir
rəsmin dedikləri"
rubrikası
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Ulduz
Hüseynovadır. Ulduz xanımla
Leonardo da Vinçinin
"Qayalıqlar bakirəsi"
əsəri haqqında
danışmışıq.
***
- Leonardo da Vinçinin
haqqında söhbət
açacağımız "Qayalıqlar bakirəsi"
əsərinin iki variantı mövcuddur. Söhbətimizə bu iki rəsmin
oxşar və fərqli cəhətləri
ilə başlayaq.
- "Qayalıqlar bakirəsi"
əsəri (digər
adı "Madonna qayalıqlarda")
Da Vinçi tərəfindən eyni mövzuda və eyni kompozisiya ilə çəkilmiş,
detalları bir-birindən
fərqlənən iki
rəsm əsəridir. İki metrə
yaxın hündürlükləri
olan əsərlərin
hər ikisi yağlı boya ilə işlənib.
Hər iki əsər taxta panel üzərində
işlənsə də,
Luvr versiyası sonradan kətan üzərinə köçürülüb.
Hər iki əsərdə Madonna, Körpə
İsa, körpə İohann və mələklə birlikdə
qayalıq yerdə təsvir edilib. Əsərlərin əsas fərqi mələyin baxışında
və sağ əlindədir. Bundan başqa,
bir çox xırda detallar, o cümlədən, rənglər,
floranın təsviri və sfumatonun istifadə üsulu da iki əsəri
bir-birindən fərqləndirir.
- Bəs hansı əsər birinci işlənib?
- Əsərlərin alınma
tarixi sənədlərlə
bəlli olunsa da, ümumilikdə onların dəqiq işlənmə tarixləri
mübahisəlidir və
bu da özlüyündə
iki əsərdən hansının daha əvvəl işlənməsi
mövzusunda mübahisə
yaradır.
- Bu rəsmlərlə bağlı
digər mübahisəli
məqam isə müəllifin kimliyidir.
- Belə hesab edirdilər ki, Luvrda saxlanan "Qayalıqlar bakirəsi"
tamamilə Leonardo da Vinçinin fırçasına
aiddir. Milli Qalereyada saxlanan "Qayalıqlar bakirəsi"nin isə Leonardo da Vinçi tərəfindən dizayn edilməsi və tələbələri tərəfindən
işlənməsi düşünülürdü.
Luvr muzeyinin saytı və bir çox
müəlliflər iddia
edirlər ki, London versiyası 1485-1508-ci illərdə
Leonardo da Vinçinin
nəzarəti ilə
Ambroco de Predis tərəfindən və
ya əsasən Predis, qismən da Vinçi tərəfindən işlənib.
Sənətşünaslar tərəfindən qəbul edilmiş fikrə əsasən Paris
versiyasının daha
əvvəl işlənməsi
qeyd edilir. Milli Qalereyanın keçmiş
direktoru Martin Devis
Paris versiyasının stilistik
baxımdan Leonardonun erkən işlərinə
daha yaxın olduğunu, London versiyasının
isə rəssamın
yaşlı dövrünün
işlərini əks
etdirdiyini, buna görə də, Luvrdakı rəsmin daha qədim olduğunu qeyd edir. Əksər müəlliflər Paris versiyasının
məhz 1483-cü il sifarişinə əsasən işlənmiş
rəsm olduğunu qeyd edirlər.
- Sanki rəssam əsərdə
Madonnanın yaşının
azlığını önə
çəkir.
- Yaşının az olmasının xüsusi vurğusu yoxdur. Bu, hamiləliyinin
ön plana çıxması ilə
əlaqələndirir.
- Əsərin rəng
koloriti barədə nə deyə bilərsiniz?
- Əsərə baxarkən
əsasən soyuq rənglər ahəngdarlığını müşahidə
edirik. Onu da qeyd etmək lazımdır ki, Da Vinçinin
əsərlərində əsasən
pastel tonlardan istifadə
xarakterik idi.
- Bəs kompozisiya necə?
- Biri Londondakı Milli Qalereya, digəri isə Parisdəki Luvr muzeyində saxlanan hər iki "Qayalıqlar bakirəsi" rəsmi mövzu və kompozisiya baxımından eyni olduqlarına görə, ehtimal ki, biri digərini
kopyalayır. Rəsmlər bir-birindən kompozisiya detalları, rəng tonları və işıqlandırılmalarına görə fərqlənir.
Kompozisiya baxımından London versiyasındakı
fiqurlar daha böyükdür. Hər iki əsər
arasındakı əsas
kompozisiya fərqi ondan ibarətdir ki, London versiyasında mələk əlini dizi üstünə qoyduğu halda, Paris versiyasında sağ əlini qaldıraraq şəhadət barmağı
ilə Vəftizçi
İohannı göstərir.
London versiyasında mələyin baxışları
yerə zillənsə
də, Paris versiyasında
mələyin baxışı
izləyiciyə yönəlib.
London versiyasında bədən
və geyim xətləri də daxil olmaqla bütün
formalar daha dəqiq göstərilib. Qayalıqlar daha
detallı və dəqiq təsvir edilsə də, arxadakı peyzaj bir qədər dumanlıdır. London versiyasında işıq kölgə oyunları daha sərtdir. Paris versiyasında isə üzlər daha incə rənglənib və yüngül sfumato ilə yayğınlaşdırılıb.
Paris versiyasında kölgələr daha yüngül və isti olsa da,
bunun sonrakı dövrlərdə təmizlənmə
və bərpa nəticəsində meydana
gəlməsi düşünülür.
1939-cu ildə Kennet Klark qeyd
edir ki, əsər qalın sarı lak qatının
altında olduğuna görə, orijinalın rəngi, çalarları
və tonallığı
haqqında dəqiq nəsə demək mümkün deyil. Əsərin
tünd yerlərində
toplanmalar çirkəbənzər
qat yaradıb, həmçinin, üst qatda çoxsaylı qədim boyalar görünməkdədir.
- Bu rəsm bizə nə deyir?
- Demək olar ki, əsrlər boyunca Həzrət İsaya, Vəftizçi İohanna və Məryəm anaya aid bir çox əsərlərin müxtəlif
rəssamlar tərəfindən
işləndiyinin artıq
şahidi olmuşuq. Hər iki əsərin məzmununda da Körpə İsaya Vəftizçi İohann tərəfindən təzim
göstərilməsini görürük.
Əsərdə Vəftizçi İohannın
Bakirə Məryəm
və Körpə İsaya təzim etməsi dövrün xarakteristikası haqqında
bizə məlumat verir.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 13 oktyabr.-
S.20.