Kor olsun ayrılıqları...  

 

Tanınmış jurnalist, folklorşünas Əhməd Oğuz şifahi ədəbiyyatımızın cəfakeş təbliğatçılarından idi. Təxminən 30 il idi Azərbaycan Radiosunda onun həm özünün, həm baş redaktorun müavini olduğu redaksiyanın xətti ilə folklorumuzun müxtəlif sahələrinə aid hazırlanan verilişlərdə ("Dastandan üzü bəri", "İrəvan çuxuru", "Tərəkəmə", "Yurd yeri", "İlmə", "Ocaq başı" s.) qədim türk mifologiyası, onun başlıca xüsusiyyətləri, Azərbaycanın tarixi qaynaqları, toponimləri, tarixi-mədəniyyət abidələri qədim sənət nümunələri geniş təhlil olunur, el məsəlləri, bayatı, tapmaca laylalar, mərasim folkloru onun janrları, aşıq sənəti, xalq mahnıları, xalq rəqsləri haqqında geniş söhbətlər açılırdı.

 

Bu verilişləri hazırlayan (xüsusən gənc) əməkdaşlar mütləq əvvəlcədən Əhməd Oğuzla məsləhətləşirdilər. O da lazımi istiqamət verir, köməkliyini əsirgəmirdi. Ona görə həmin verilişlər dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanırdı. Hərdən onunla zarafatlaşaraq deyirdim ki: "Sən, hansısa institutda çalışsaydın, çoxdan elmlər doktoru, professor idin". Çünki o, xalq yaradıcılığına, folklorumuza dərindən bələd idi.

 

Əhməd Oğuz aşıq sənəti, Anadolu, Təbriz, Şirvan, Göyçə Borçalı aşıq məktəbləri haqqında da yetərincə məlumatlı insan idi. Radioda aşıqlarla, aşıq havaları ilə bağlı sualı yaranan əvvəllər radioda "Sarıtel" verilişini hazırlayan görkəmli folklorşünas Elxan Məmmədliyə müraciət edirdisə, Elxan müəllim təqaüdə çıxandan sonra birmənalı Tahir Talıblıya Əhməd Oğuza üz tuturdu. O, nəinki Şirvan, Tovuz, Qazax, Borçalı aşıqlarını, hətta Təbriz ozanlarını da ifalarından, səslərindən tanıyırdı. Təsadüfi deyil ki, bu yaxınlarda tanınmış Təbriz aşığı Bakıya təşrif buyuranda Əhməd Oğuzun qonağı olmuş Radionun fonotekası üçün xeyli ifa yazdırmışdı.

 

Əhməd Oğuz çox zəhmətkeş müəllif idi. Bəzən saatlarla otağından çıxmaz, nəsə yazardı. Onun şeirləri klassik Azərbaycan poeziyasının, xalq şeirinin, aşıq sənətinin ən gözəl  ənənələrinə əsaslanırdı:

 

Suyumuz başdan bulandı,

Kor olsun ayrılıqları.

Göz yaşıyla durularsa,

Durulsun ayrılıqları...

 

Əhməd Oğuzun içində onu göyüm-göyüm göynədən əbədi bir ayrılıq vardı - Qərbi Azərbaycandan, Dağ Borçalıdan, dünyaya gəldiyi Qızılşəfəqdən salınan ayrılıq. Bu nisgil onun nəinki adi söhbətlərində, verilişlərində açıq-aydın hiss olunurdu, duyulurdu. Ən çox da 90-cı illərdən bəri qələmə aldığı "Bulaq" verilişində. "Bulaq"ın əsasını qoyanlardan biri görkəmli yazıçımız Mövlud Süleymanlı idi. Elə Əhməd Oğuzu da radioya Mövlud müəllim cəlb etmişdi. Əhməd ənənələri layiqincə davam etdirərək, babaların zəhmindən od götürən, ağbirçək nənələrin dualı dilindən süzülən, qəlbi sızladan, ruhu oxşayan bal kimi bir "Bulaq" yazırdı. Onun "Bulaq"ının dadı-tamı da başqa idi, duzu-istiotu da. 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qələbəsinin təntənəsi isə xüsusilə duyulurdu "Bulaq"da. Hamımız kimi Əhməd bu qələbəyə  elə sevinir, ata-baba yurdu olan o yerlərə qayıdacağına elə tələsirdi ki... Amma təəssüf ki, bu istəyi həyata keçirmək ona nəsib olmadı.

 

Şəxsən mənim Əhməd Oğuzla bağlı çox xatirələrim var. Amma onlardan biri heç vaxt yadımızdan çıxmırdı.

 

1995-ci il idi. 17 yaşım vardı. Uzun illər Azərbaycan Televiziya Radio Verilişləri Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmış mərhum atam, Əməkdar jurnalist Tofiq Məmmədov əlimdən tutub məni Radioda ən kiçik vəzifə - radionun səsyazma sexinə səs operatoru vəzifəsinə işə düzəltdi. Vəzifə çox kiçik olsa da, məsuliyyəti çox böyük idi. O vaxtlar Radioda hazırlanan bütün verilişlər öncə səsyazma studiyasında lentə alınırdı. Bu müddət ərzində kimlərin səsini lentə yazıb, verilişlərin hazırlanmasında iştirak etmədim ki?

 

Radionun əksər əməkdaşları kimi, Əhməd Oğuzla da ilk tanışlığımız o vaxtlara təsadüf edir. Yaxşı yadımdadır, bir dəfə o, bir qonaqla 1 saatlıq müsahibəyə gəlmişdi. Qonaq da, sanki ilk dəfə radioda olduğundan, studiya qaydalarını bilmədiyi üçün, gah mikrofondan uzaqlaşır, gah da həddindən artıq yaxınlaşırdı. Bilənlər yaxşı bilir ki, belə olduqda səsin səviyyəsinin qalxıb-enməsi kəskin hiss olunur montajda bunu heç cür tənzimləmək mümkün olmur. Bunun da məsuliyyəti çıxışı studiyada lentə alan operatorun üzərinə düşdüyündən, mən qonağın səsinin normal alınması üçün çox çalışdım. Əhməd çıxanda: "Qardaş oğlu, sabah da qonağım olacaq. Yerim burdadır. Sən hansı studiyada olacaqsan?", dedi (Radionun o vaxt 5 səsyazma studiyası fəaliyyət göstərirdi. Beş studiya nahara qədər Respublika radiosunun verilişlərinə, üçü isə nahardan sonra Beynəlxalq Radionun verilişləri üçün nəzərdə tutulurdu. Səs operatorlarının hansı studiyaya təhkim olunmağını isə sexin rəisi müəyyən edirdi). Mən, sabahı günü siyahı üzrə başqa studiyada olduğumdan, Əhməd mənim yenə həmin studiyaya təhkim olunmağımı sexin rəisi Tofiq müəllimdən xahış etmişdi. Növbəti dəfələrdə isə o, səsini yazdırmaq üçün yer götürəndə məhz mənim təhkim olunduğum studiyanı seçirdi. Həm ona görə ki, mən, sadəcə düyməni basmaqla kifayətlənmirdim. Aparıcının oxunuşuna diqqət kəsilir, vurğu, heca, hərf səhvi olanda dərhal saxlayır, cümləni yenidən oxumağını tövsiyə edirdim. Doğrudur, bəziləri buna görə anında əsəbləşsələr , studiyadan çıxandan sonra mənə çoxlu təşəkkür edirdilər.

 

Təxminən bir ildən sonra məni rejissor qrupuna keçirdilər. Əhmədlə yenə görüşlərimiz olurdu. Beləliklə, onunla bir il ərzində yaranan yaradıcı münasibətimiz səmimi dostluğa çevrildi. Bu əhvalat isə ona görə xatirimdən silinməyib ki, Əhmədlə hər dəfə görüşəndə bu hadisəni yada salar zarafatlaşardıq.

 

Əhməd çox səliqəli, işini dəqiq bilən redaktor idi. Bu illər boyu bir dəfə olsun görmədim ki, onunla çalışan rejissorlardan Mehriban xanım Bəşirzadənin, Leyla xanım Qarayevanın, Gülşən xanım Səmədovanın Tahir Salmanovun Əhməddən nəsə bir narazılığı olsun.

 

Əhmədin bir xüsusiyyəti onu çoxlarından (xüsusən indiki dövrdə) fərqləndirirdi. O, çox güvəniləsi adam idi. Sirr saxlamağı bacarırdı. Sözü üzə şax deyərdi.

 

Əhməd heç zaman xeyirxahlığından qalmazdı. Bu yaxınlarda onların redaksiyasında keyfiyyətin artırılması məqsədi ilə bir neçə verilişin bağlanması məsələsi qalxmışdı. Bir redaktor da işdən çıxırdı. Bu da o verilişləri işləyən rejissorun qonorarının azalmasına təsir göstərəcəkdi. Mən öz adımdan və o rejissorların adından xahiş etdim ki, qonorarın azalmamasına köməklik göstərsin. Əhməd də baş redaktorun müavini kimi, o məsələnin müsbət həllinə köməyini əsirgəmədi.

 

Əhməd Oğuzun itkisi məni çox yandırdı. Əslində, əziz həmkarım, yoxluğu qəlbimizi hələ çox yandıracaq Əhməd Oğuz haqqında çox söz deyə bilərdim. Amma istərdim ki, bu kiçik yazımı onun dəfni günü qələmə aldığım bir şeirlə tamamlayım.

 

Ay Əhməd Oğuz

 

Yayın nəfəs kəsən cırhacırında

Bu nə xəbər idi, ay Əhməd Oğuz?

Ola da bilmədim son gün yanında,

Halım betər idi, ay Əhməd Oğuz.

 

Sən Qızılşəfəqdə gəldin dünyaya,

Bağlandın Vətənə, bir anaya.

Yazdığın yazılar gələrmi saya? -

Onlar əsər idi, ay Əhməd Oğuz.

 

Ayrılıq araya girdi üzlə?

Hamıya baxırdın sən, eyni gözlə.

Dilə gətirdiyin kəlməylə, sözlə

Əməlin bir idi, ay Əhməd Oğuz.

 

Haqqsızlıq önündə susmazdın qəti,

Daim göstərərdin sən qətiyyəti.

Qəlbində yurd dağı, vətən həsrəti

Pünhan inləyirdi, ay Əhməd Oğuz.

 

Dərindən bilirdin ədəbiyyatı,

Aşıq sənətini, şeiriyyatı.

Özün qoşardın qoşma, bayatı,

Fikirlər nur idi, ay Əhməd Oğuz.

 

30 ilə yaxın yazdın "Bulaq"ı,

"Bulaq"ın yormadı heç vaxt qulağı.

Oldun ocaqların əziz qonağı,

Bu, necə sirr idi, ay Əhməd Oğuz?!

 

İllərdir bulaqtək arınan "Bulaq",

Göz bəbəyi kimi qorunan "Bulaq".

Mövlud məktəbindən yaranan "Bulaq",

Sənə ruh verirdi, ay Əhməd Oğuz.

 

Tahir Talıblıyla verib baş-başa,

Son illər "Bulaq"ı yaşatdız qoşa.

Dinləyən, qəlbində deyirdi "Yaşa!"

Bu, bir hünər idi, ay Əhməd Oğuz.

 

Həyata "əlvida" deyəndən bəri,

Vərəqlənmir "Yaddaş səhifələri"...

Bəlkə ömrü o verilişlərin

Bura qədər idi, ay Əhməd Oğuz?..

 

Ruhun şad olsun, qardaş. Sənin kimi oğullar az-az gəlir dünyaya. Ona görə həyatdan gedəndə tanıyanların qəlbinə ağır yara vurub, gedirlər...

 

Anar MƏMMƏDOV

Azərbaycan Radiosunun əməkdaşı

 

525-ci qəzet.- 2021.- 13 oktyabr.- S.19.