Bu "Tac" bir
başqa "tac"dır...
BAŞ
BƏLASI "COVİD-19"UN 2 YAŞINA
Mən bu yazını 2020-ci ilin aprelində -
"COVİD-19" pandemiyasına görə ilk qapanmada
yazmışdım. Ömrü uzun olmasın heç, bu
"Taclı virus"un ucbatından dünyamızda son iki
yaz, sözün ən arzuolunmaz mənasında, "bir
başqa yaz" oldu. Odur ki, düşündüm, hələ
yaddaşda təzə olan keçmişə bir də
bugünümüzdən baxaq bu payızın gəlhagəlində...
***
...1968-ci
ilin payızında Bakıya güclü yağış
yağdı. Axşam saatlarında başlayan
yağışa pəncərədən tamaşa etməyim
yaxşı yadımdadır. Suyu elə
bil vedrədən tökürdülər, evimizin içindən
divarla su süzülürdü, navalçalar
çatdırıb ötürə bilmirdi. Sonra atam başlıqlı müşəmbə
plaşını, uzunboğaz rezin çəkmələrini
geyinib getdi (Tərsanədə işlədiyi
üçün belə geyimi var idi). Qayıdanda
küçələri aparan sel-sudan, yağışın
şəhəri necə əsir etməsindən
danışırdı. Zarafat da elədi
ki, yaxşı "indeyski" kino çəkmək olar (O
vaxtın hind filmlərində mütləq
şıdırğı yağış səhnələri
olurdu). Gecəyə qədər bir
neçə dəfə gedib-gəldi atam. Bütün məhəllə küçədə
idi. Hamı bir-birinə kömək edirdi.
Səhəri məktəbə getmədik.
"Evdəqal"ıb
darıxırdıq. 20-ci yüzilin 60-cı illərində
1-2 gün evdə otura bilməyən biz, ağlımıza da
gətirə bilməzdik ki, zaman keçəcək, yarım əsr
məsafə qət edib XXI əsrin 20-ci ilinə
çatar-çatmaz, uzunmüddətli karantin deyilən
amansız tələyə düşəcəyik. 2019-un payızından xəbəri gələn
koronavirus, sonrakı ilin əvvəllərində özünü
bizim vilayətə də yetirdi. Şəxsən mən
pandemiyanın nə olduğunu indi bildim: gündəmimizin
ayrılmaz parçasına çevriləcək
"koronavirus" kəlməsini ilk dəfə eşitdiyim
kimi. Epidemiya bilirdim. Pandemiya?
Yox. SSRİ-də bir dəfə
1970-ci ildə "xolera" qığılcımı püskürmək
istəyirdi ki, nə elədilər, ya eləmədilər, həftəyə
kökü kəsildi. Deyirdilər, guya
suda var. Ona görə dərsə sentyabrın 7-si
başladıq.
Xülasə, ilk eşidəndə adı insanda
heç bir qorxu-hürkü yaratmayan Korona adlı virus
Çindən alovlanıb görünməmiş "vüsətlə"
günbatan ölkələrə keçdi. Qitəni girov
götürən xəstəlik zəncirvari reaksiya ilə
adladı keçmiş SSRİ məkanına.
Camaatımız nə qədər panikaya meyilli və təşviş
yaradan olsa da, dünyaya amansız səlib
yürüşünə çıxan "korona"yla
zarafatından da qalmır, bu əyləncə kəndistan səviyyəsində
özfəaliyyətdən başlamış
"ulduz"ların parodiyalarına, uğurlu yumoreskalara qədər
inkişaf edib artır. 2012-ci ilin dekabrında
futuroloqların vəd etdikləri apokalipsis yalan-palan
çıxandan sonra (bu, mənim qənaətim idi. Lakin
kifayət qədər düşüncəli şəxslər
tanıyıram ki, bu informasiyanı ciddi qəbul edib
axır-zaman üçün "tədbir" də
görmüşdülər) insanlar pandemiya proqnozuna
başlanğıcda ciddi yanaşmadılar (Bir karantinin ki,
adı koronovirus bayramı ola!). Yer əhli dünyanın pərgarını pozacaq
pandemiya xəbərini başısoyuqluqla qarşılayıb
ilk vaxtlar iqnor etməsəydi, miqyası da sürətlənib
genişlənməzdi. Günəşin
saçaqlarını xatırladan "simpatik"
görünüşlü koronavirus nəsrə də çəkildi,
nəzmə də. Meyxanaya da
salındı, muğamata da. Çin mətbəxinin
dünyada məşhur olduğunu söyləmək yeni bir
söz demək deyil. Xarici ədəbiyyatdan
da bilirik ki, qadını, ya mötəbər şəxsi
restorana dəvət etmək lazım gələndə
seçim bir qayda olaraq Çin restoranı olur. Lakin
iş elə gətirdi ki, hazırda dünyanı terror edən
"COVİD-19" məhz çinlilərin yemək kultunun
"yetirməsi" hesab edildi. Yarasa "xisləti"
ilə dilə-dişə düşən koronavirus Çin mətbəxinin
özünəməxsusluğunu "vurğulamaqla"
yanaşı, xəstəliyin zəhmini də azaltdı.
Yəqinim "belə yaxşıdır", -
deyir. Bu da qorunmanın bir
növüdür. Çıxılmaz vəziyyətlərdə
insanın şüuraltı özünümüdafiə
instinkti hərəkətə keçir ki, bu da hər
canlının halal haqqıdır. Hadisələr
yeni başlayanda tibb sahəsində nüfuzlu hesab etdiyim iki nəfərdən
məsləhət istədim. Hər iki həkimin
"şok açıqlama"sı mənim
özümü də şok vəziyyətinə saldı.
Vahiməsindən adını da dilimizə gətirmədiyimiz
xərçəngin bunun yanında "heç nə"
olduğu verdikti ciddi mətləblərdən xəbər verən
gur həyəcan siqnalı idi. Koronavirus
söhbəti başlayandan televizorumda bütün kanalları
sıxışdırıb bir küncə itələyən
"Euronews" da nə müsəlman ölkələrindəki
müharibələrdən danışırdı, nə
İŞİD-in fəaliyyətindən. Dünya
iqtisadiyyatını idarə edən neftin bareli,
valyutanın məzənnəsi də yada
düşmürdü. Maliyyə, bank əməliyyatları
da hara isə yoxa çıxmışdı. Strateji əhəmiyyətli nə var
çökmüşdü, çökməyən də
bunun ərəfəsində idi. Həqiqətən,
hər şeyin başı sağlıq imiş. Adəm övladı Məğribdən Məşriqə
heç vaxt bu qədər həmrəy olmamışdı.
Heç kimin dərdi gözünün
qabağında olmasın. Dünyanın
finansı xorla romans oxuyurdu. Hər
yarım saatdan bir yenilənən kanal 7/24 ancaq
"COVİD"dən danışırdı. Statistika qan dondururdu, qırılhaqırıl idi.
Koronavirusun
yayıldığı Uhan adlı kabus şəhərin
boş küçələrini televiziya ekranından seyr edəndə
dərhal "özümüzə gəldik",
çalıb-oxumağı buraxıb maska, antiseptik tədarükünə
başladıq, ən başlıcası isə evlərimizə
qapandıq. Hər zaman olduğu kimi, "buntar"lar,
"asi"lər, "solaxay"lar da
tapıldı. Lakin sağlam düşüncə
sahibləri üstünlük təşkil etdiyindən problem
"az çoxa tabedir" prinsipi ilə öz-özünə
çözüldü. İnsanımız
tez bir zamanda başa düşdü ki, pandemiyanın
dinamikası bizim ona edəcəyimiz "hörmət"dən
çox asılıdır, yoxsa İtaliyanın gününə
qalarıq.
İntizamsızlıqları ilə seçilən
italyanlar dövlətin karantin tədbirlərinə sərsəmcəsinə
əhəmiyyət verməməklə xəstəliyi zirvə
nöqtəsinə çatdırıb ölüm sayı ilə
o boyda Çini geridə qoyaraq dünyanın yarıqınaq,
yarıhiddət, bəzən də gülüş dolu
baxışları altında irəli çıxıb faciəli
rekord qırdılar. Karantin elə italyan sözü olub mənası
"40 gün" deməkdir. Qanuna tabe
olmaq, adekvat davranıb ümumi işə kömək etmək
böyük mədəniyyətdir.
Emosionallıqda bir az bizə bənzəyən "makaronnik"lərə simpatiyam öz yerində! Lakin milli keyfiyyətlərinə görə düşdükləri acınacaqlı vəziyyət özü "mamma mia!" qışqırırdı. Belə bir lətifə var ki, Çində 1905-ci ilin siyahıya alınması hələ bu günlərdə başa çatıb. Əhalinin çoxluğuna işarə olaraq. Lakin aldıqları tədbirlər sayəsində ölkələrində xəstəliyi beşikdəcə boğub dünyanın pandemiya ilə ölüm-dirim savaşına kənardan qalib kimi tamaşa edə bildilər. Mümkün olmayanı bacarıb digər ölkələrə göstərdikləri nümunə ilə sanki "günahlarını" yudular. Çindən biabırcasına qovulan virus, özünü Avropaya salar-salmaz, qarşısında yayılmaq üçün münbit zəmin-şərait gördü. Ölkənin böyüklüyü, əhalinin sıxlığı çinlilərin sıradan bir olmayan mətbəxinin formalaşmasında heç də axırıncı yeri tutmur. Yarasanın baş qəhrəman olduğu bu dünyəvi "yaradıcılıq" üstümüzə şığıyan neqativin zərbəsini az da olsa zəiflədir. Yoxsa elə vəziyyətə qalarıq ki, virus onun yanında şükürlü olar. Bir də görərik ki, üfüqdə 30-cu illərin "böyük depressiya"sı göründü. O depressiya ki, müasir insan üçün virusdan az qorxulu deyil. Özünü hər pis hiss edənə potensial koronaviruslu kimi baxmaq böhranı dərinləşdirmək deməkdir. Bu ekzotik günlərimizdə mövzuya və məqsədə uyğun kimlər, nələr xatırlanmadı? Puşkinin vəba epidemiyası zamanı Boldində 3ay müddətinə karantin həyatı yaşamasını yada salıb, "rus poeziyasının günəşindən artıq deyilik ki", - deyə özümüzə təskinlik də verdik. "Boldin payızı" silsiləsi şairin yaradıcılığında çox məşhurdur. Bu məhsuldar dönəmin məhz karantin dövrünə təsadüf etdiyini izolyasiyanın hesabına bilməyən də bildi, vəziyyətə göydən düşən fürsət kimi baxanlar çoxaldı. İnsan bir az özünə, bir az da zamana kömək eləməlidir. Həm də palaza bürün, ellə sürün. Təki bu mücadilədə elə deyə-gülə də qalib gələk, pandemiyanın ehtiyat "B", "C" planı olmasın (Təəssüf ki, oldu: alfa, beta, qamma, delta... ştampları, həmçinin, nadir mutasiyalar yayılıb geniş şəkil aldı). Hələ ki, içi biz qarışıq cümlə-cahan eyni qədəri yaşamaq məcburiyyətindədir, guşənişin olub oturmuşuq. Lakin izolyasiyanın müddəti uzadıldıqca əhali arasında "evdəqal"ın maniakal-depressiv psixozu, "qıcolmalar"ı da gündən-günə artır. İş yerlərimizdə çərşənbələrimizi keçirib yaz tətilinə çıxmışdıq. Xonçamız masanın üstündə, səmənimiz pəncərədə qalıb. Yazı-pozumuzu bayramdan sonra gerisinə davam edəcəyimiz niyyətilə stollarımızın üstündə açıq qoyub evlərimizə dağılışmışıq. Nahaq demirlər, Cənabi-Həqqi güldürmək istəyirsənsə, ona öz planlarından danış. Hər birimizin tarixlə tanışlığı "bizim eradan əvvəl" sözləri ilə başlanıb. Eramızın hesablanması da deyəsən, koronayla bağlı dəyişəcək. Cəmiyyət dəyişəcək, daha heç nə əvvəlki kimi olmayacaq. Mənə elə gəlir ki, bundan belə hamı sonrakı addımını düşünəcək, özünü başqasının yerinə qoymağa çalışacaq, pislikdən çəkinəcək. Niyə "COVİD-19" sayılı günlərdə kürreyi-ərzi "qırmızı zona"ya çevirdi? Bəlkə bir az düşünək? Bir az ciddi olub günahı yarasada, ilanda, qurbağada axtarmayaq? Koronavirus Allahın hər yaratdığına meydan oxuyan bəndənin eqosunun belini qırdı. İnsan övladını nə isə silkələyib özünə gətirməli idi. Planetar miqyasda evlərimizdə oturub hər bir işimizi "onlayn" yolu ilə icra etmək məcburiyyətində qalmasaydıq, düzənli vaxtlarımızda əhəmiyyət vermədiyimiz dəyərlərin qiymətini də bu dərəcədə dərk etməzdik. Fövqəladə vəziyyət üçün də bənzəri olmayan bugünkü halımızda birdən məhrum olduğumuz çox şey "yaxşı günün qədri pis gündə bilinər" atalar sözünü təəssüflə yadımıza saldı. "Gül ol, bülbül ol, amma qəfəsdə olma!" İnsanın sərhədlərini, olar-olmazını özünün müəyyənləşdirməsinin necə böyük sərvət olduğunu bir daha anladıq. Bir Amerika filmi var:
"Marmot günü". Vaxt qəhrəman üçün dayanır, yaşanmış gün təkrar olunur, eyni cür başlayıb, eyni cür qurtarır. Yeni gün gəlmir, gələ bilmir. Səbəbsiz də deyil. Bu vəziyyət, ilişib qaldığı zaman qəhrəmanı düşünməyə, həyat tərzinə kənardan baxmağa, indiyədək sadəcə seyr etdiklərini görməyə vadar edir. Hər gün bir səhvini düzəldə-düzəldə filmin axırında yeni günə də qovuşur. İbrətdi. Bu filmdən sonra Amerikada hər il fevralın ikisi qeyd edilən Marmot günü yeknəsəqliyin, rutinin, çıxılmaz labirintin, qapalı dairənin rəmzi kimi qırmızı xalının üstü ilə dünya kinemotoqrafiyasından dünya frazeologiyasına təntənəli keçid edib dillərə düşdü, misallara bölündü. Təcridin mühasirəsində olduğumuzun hardasa ikinci, ya üçüncü günü bu filmi xatırlamağım da əbəs yerə deyildi. Filmin yaradıcıları düşünə də bilməzdilər ki, vaxt gələcək, insanlar bir neçə gün yox (hələ bilmirik nə qədər), bəlkə bir neçə ay evlərinin içində eyni günü dönə-dönə yaşayacaqlar. Bu günlər bir-birinə bənzəyəcək, "yaxşısı-pisi" olmayacaq. Başqa-başqa pəncərələrdən baxan başqa-başqa adamların bir-birinə bənzəyən həyatı kimi. 2020-də yaz görmədik. Bəlkə də görmədiyimiz üçün elə sandıq. Nə çiçəklənən ağaclardan xəbərimiz oldu, nə uçub gələn qaranquşdan. Zanbağı, nərgizi ötürdük. Heç olmasa yasəməni, qızılgülü ötürməyək. İl boyu gözlədiyimiz Novruz da "bilməm necə gəldi, necə getdi". Yaşadığım sürəcə ikinci dəfədir ki, Novruzu xalq olaraq sıxıntılı keçirtdik. Birincisi Xocalıdan sonra gələn Novruz idi. Təbiətin "ən gözəl qızı" xəcalətlə, üzüqara gəlmişdi. Əlbəttə, bu Novruz o Novruzla müqayisə olunmaz. Onda bayram süfrəsinə şəkərbura-paxlava əvəzinə halva qoymuşduq. Ancaq nədənsə bu il bəzədiyim dopdolu bayram süfrəm mənim yadıma o məşum günləri saldı. Hər Novruzda yadıma düşür onsuz da. Qanqaraçılığın miqyası fərqli olsa da, bayram əhvalının olmaması ortada idi. Həmişə deyirdim ki, Novruz mənim üçün Xocalı ilə assosiasiya olunur. Baxıram ki, karantin elanının da bayram günlərinə tən gəlməsi həmin niyabət təsadüfü təkrar etməyə hazırlaşır. Assosiasiya şüuraltı yarandığı üçün nə inkar etmək olur, nə rədd eləmək. İndi yaşadıqlarımızı, yaratdığı diskomfortu isti-isti duymaya bilərik. Sorağı sonra çıxmasın. Hərdən qismətimizə düşənləri fikirləşib deyirəm ki, sanki bizim nəsilə qarğış ediblər, daha o hadisə qalmadı ki, başımıza gəlməsin. Bir pandemiya qalmışdı, o da nidasını qoydu, ən "şirin" söz olan azadlığımızı əlimizdən aldı. Haqlı olaraq deyirlər ki, gələcək nəslin də payına girmişik. Havanın isinməyini gözləyə-gözləyə qaldıq, "rusun pasxasından" sonra da hava ilıqlaşmadı. Sanki təbiətin bizə rəhmi gəlir, gözəl hava ilə qıcıqlandırıb küçəyə çağırmırdı. Kimi içində olduğumuz bu vəziyyətə həbs deyir, kimi icbari məzuniyyət, kimi tətil. Hər halda "evdəqal" həşteqindən yararlanmaq lazımdır. Təsərrüfat, yaradıcılıq, istirahət - ümumiyyətlə iş-güc vaxtı əlin çatmayan hər şey sarıdan məhsuldar ola bilər. Pozitiv yanaşma virusu qovur, immun sistemini qüvvətləndir. "Bu da keçəcək". Süleyman şahın üzüyünə vurulmuş möhür bu günlər hər kəsin özünə və yaxınlarına verdiyi təsəllisidir. Əgər bəşəriyyət varolması boyu sivilizasiyasının zəif dönəmlərində üzləşdiyi epidemiyalara, məlum və naməlum viruslara qalib gəlib mövcudluğunu XXI əsrə gətirib çıxara bilibsə, düşünürəm ki, insan zəkası nəinki pandemiyaya qalib gələcək, onu müşayiət edən heç də az əhəmiyyətli olmayan problemləri də yetərincə dəf edəcək, şəri məhv edib mübarizədən üzüağ çıxacaq! Bu gün içində olduğumuz şərait nə qədər çıxılmaz, pandemiyanın miqyası nə dərəcədə kürəsəl görünsə də, əminəm ki, zaman gələcək, yenə günəş bizə gülümsəyəcək! Belə düşünmək özü xəstəliyə meydan oxumaqdır. Amma bu, elə-belə, "Allahdan buyruq"la olmayacaq. Bundan ötrü çalışmaq, can qoymaq lazımdır. İnkar əhli olmağımız, nizamsızlıq, hər şeyi Allahın üstünə atmaq milli dərdimizdir. Əslində, bizdən nə tələb olunur? Həssaslıq göstərib "evdəqal"maq! İstəsə, hər kəs "evdəqal"acağı müddəti qəribə səslənsə də, girəvəyə salıb öz xeyrinə çevirə bilər. Kimi karantin müddətini ailəsi üçün qastronomik bayrama çevirir, kimi isə özünü verir "karantin günlükləri"nə! Axı həyatda bir neçə ömrün yetməyəcəyi qədər öyrənməli nəsnə var. Texnika ilə "Siz" münasibətində olan mənim kimi nə qədər adam məcbur olub onlayn rejimini gündəlik həyatına tətbiq edə bildi. Yalnız bu yolla pandemiyadan az itki ilə çıxa bilərik. Gözümüzün önündə İtaliya, İspaniya kimi acı nümunələr var. Bu da bir imtahandır. Sonuncu dəfə Bakı 1990-ın 20 yanvarında belə donub qalmışdı, çaşqın, dilsiz-ağızsız. Düşmən düşməndir, istər tank olsun, istər xəstəlik. Ümumi və fərdi sıxıntılarımız var əlbəttə. Amma ən gözəl nemət olan cansağlığı naminə, sevdiklərimiz, ölkəmiz üçün düşünürəm ki, o qədər də böyük fədakarlıq deyil. Böyük fədakarlıqların yanında heç deyil!
Bir anlıq dodaq qaçdı... 8-ci sinif şagirdi Nəzrin kompun qarşısında oturub. Onu qucaqlayıram, jaketini geyindirə-geyindirə, əyni nazik olduğu üçün qınayıram, saçını da hörəndən sonra ekrandan mənə baxıb, uşaqdan nə vaxt əl çəkəcəyimi səbrlə gözləyən müəlliməni görürəm. Mənim üçün epizodik hal olsa da, Azərbaycanın müəllim ordusu üçün davamlı situativdir. Amma hələ ki, qışdan yeni ayrılıb yaza düşən Yer əhli xəstəliyə qalib gəlib səmaya şüşə arxasından deyil, açıq-açığına baxacağı, qışın soyuğundan sürmə olmuş sümüklərini günəşin şəfəqləri altında icazə ilə yox, arxayınlıqla qızdırıb xumarlanacağı o naməlum günü gözləməkdədir. Keçmiş zamanlarda yaya az qalanda uşaqları məktəbdən götürüb Axundov bağına gedirdim. Onlar oynayır, mən isə skamyada oturub günəşə sevinirdim. Üstümə kölgə düşdükcə yerimi dəyişir, parkın günəşli hissəsinə keçirdim. Qışdan çıxan hər canlının günəşə ehtiyacı olur, bizi bu günə salan yarasadan başqa. İndi isə istəklərini, düşkün olduğu əski alışqanlıqlarını pauza rejiminə keçirib ilin-ayın gözəl gününü "evdəqal"mağa məhkum edilmiş karantin cameəsini 4 divar arasında qoyub gizlicə gəldiyim yolla dönürəm keçmişə və düşürəm 2020-nin baharından 1968-in payızına. Burada isə leysanın fəsadlarını aradan qaldırırlar. Hər yer yaş, suyun içindədir, şəhər iflic olub. Bu hadisədən sonra sinfimizdən nə qədər uşaq ayrıldı, evlərini su basdığı üçün onlara başqa rayonda təzə mənzil verildi, buna görə də məktəbi dəyişməli oldular.
Bu isə tamam başqa söhbətin
mövzusudur...
Dilarə
ADİLGİL
525-ci qəzet.- 2021.- 13 oktyabr.- S.16;17.