"Kitab oyunu"nda əvəzsiz
"Oyunçu"muz
YAZIÇI
SEYRAN SƏXAVƏTLƏ GÖRÜŞDƏN QEYDLƏR
"...Ən
əsası, mənim dostumdur"
Azərbaycan ədəbiyyatında bədii əsərləri,
dadlı söhbətləri, insanlara dürüst münasibəti
ilə bütünləşərək bir ədib kimi məxsusi
obraz yaradan, öz üslubunu formalaşdıran, məzmun və
ideyası ilə oxucunun qəlbinə sirayət edən kamil qələm
adamlarımız bütün dövrlərdə olub və
olacaq. Bu gün sadaladığım keyfiyyətlərlə
ürəklərdə taxt quran
yazıçılarımızın sayı o qədər də
çox deyil. Artıq zamanın
çarxını sabit tempdə fırlatmaq
mümkünsüzdür. Belə bir
dövrdə sağlığında klassikə çevrilən
yazıçıları canlı-canlı görmək,
onlarla həmsöhbət olmaq oxucu üçün
böyük sevinc, şirin həyəcandır. Bu
yazının səbəbkarı isə ana dilimizin və bədii nəsrimizin
sayıq keşikçisi Seyran Səxavətdir. O, qələminin
ucuna ədəbiyyatın həzm edə biləcəyi,
keçmişin dolanbac küçələrindən gələn
xatirələri təxəyyülü ilə vəhdətdə
canlandıran, öz davamedici zamanına
uyğunlaşdıran, ötən günlərə boylanaraq
zamanın damarını tutan söz sənətkarıdır.
Eşidəndə ki, Milli Kitab Sərgisində Seyran Səxavətlə
görüş və imza günü
planlaşdırılıb, dəyərli ədibimizlə dəfələrlə
görüşməyimə baxmayaraq, ilk günmüş kimi
həyəcanlandım və sevindim. Seyran müəllim qənimət
adamdır. Hər yazısı, hər
söhbəti, əhvalatı, xatirəsi qənimətdir.
O xəzinədən bəhrələndikcə söhbətin
daha da uzanmağını istəyirsən. "Qanun"
nəşriyyatının müəllifin "Daş evlər"
romanını yenidən çap eləməyi, ən azı,
bu görüş qədər əlamətdar hadisədir.
Çiskinli payız günlərindən birində sərgiyə
- Seyran Səxavətin imza gününə yollandım. Az
qalırdım, yolboyu avtobusda, metroda, küçədə əlində
kitab gördüyüm hər kəsə yaxınlaşıb
deyim ki, Seyran Səxavətlə görüş var, gəlin...
"Qanun" nəşriyyatının rəhbəri
Şahbaz Xuduoğlunun qocaman yazıçılarla
görüş təşkil etməyi çox təqdirəlayiq
hadisədir. Bu təşəbbüsdə qəribə bir
nüans var. Bəzən həyat amansız olur, insanlar
arzulara, arzular reallığa qovuşa bilmir. Görün bu görüşlərdə nə qədər
insanın arzusu reallaşdı.
Qapıdan içəri girəndə Bəhruz Rüstəmxanlı
ilə rastlaşdım. On gün ərzində, sözün əsl
mənasında, hər şeyin qaydasında olmağı
üçün canfəşanlıq edirdi. Bəhruz son zamanlar tanıdığım ən
xoş insanlardan biridir. Məni görən kimi dedi:
"Seyran müəllim aşağıdadı, hələ
görüşün başlamağına iyirmi dəqiqə
var, bilirəm, bu gün ona görə gəlmisən".
Seyran Səxavət
xoşbəxt idi... İnsanlar yaxınlaşaraq
salamlaşır, hal-əhval tutur, sevgilərini izhar edirdilər.
Gənc qızlar Seyran Səxavəti dövrəyə
almışdılar. Dayanmadan müxtəlif
suallar ünvanlayırdılar. Seyran müəllim
isə, özünə məxsus zarafatları,
hazırcavablığı ilə onu dinləyənlərin
çöhrəsinə gülüş qondururdu. Məni
yanındakılara təqdim elədi: "Nadir... "525-ci qəzet"in müxbiridir, özü də
yazır. Ən əsası, mənim
dostumdur".
Seyran müəllim söz xatirinə danışan insan
deyil. Özünü şirin satmaq üçün nitqinə
boğazdan yuxarı kəlmə gətirməz. Odur ki, onun "dostumdur" kəlməsinə sidqi
ürəkdən inanır və sevinirəm. Elə
Seyran Səxavəti insanlara sevdirən ən ümdə
xüsusiyyəti budur: əndazəsində səmimiyyət!
Ayaqüstü söhbətlərdən məlum oldu ki,
ölməz şairimiz Musa Yaqubun nəvəsi Çiçək
xanım da yanımızda imiş. Seyran müəllim
Musa Yaqubla bağlı xoş xatirələrindən bir-ikisini
nəql elədi. Söhbət müəllifin
"Nekroloq" romanından düşdü. Seyran
müəllim üzünü Çiçək xanıma
tutub dedi: "Bax bunu baban deyib ha, kimin də tənqidi varsa, o
biri dünyada
özünə deyər. Musa Yaqub "Nekroloq"
romanımı oxuyandan sonra dedi ki, Seyran Səxavət bu romanla
ölümsüzləşdi".
Seyran Səxavət nə qədər zarafatla
danışsa da, Musa Yaqubdan bəhs edəndə gözlərinin
içindən kədər görünürdü. Hiss olunurdu ki, dostu
üçün çox darıxıb...
Digər bir sual "Daş evlər"in necə,
hansı motiv və ideyadan qaynaqlanmaqla yazıldığı
barədə oldu. Yazıçı dedi: "Daş evlər" mənim
ilk romanımdır. Bakıda bir məhlədə
kirayə yaşayırdım. Bu roman həmin həyətin
sakinlərdən, o vaxt kənddən gəlib təzə-təzə
tanış olduğum Bakıdan bəhs
edir. Bədii əsər yaşadıqlarınla
təxəyyülünün vəhdətindən doğur,
belə yazılır".
"Şahbaz
Xuduoğlu kimi naşirlər bizi kitabla
barışdırır"
Seyran Səxavət minlərlə oxucunun sevimlisidir və
yazıb-yaratdığı bütün dövrlərdə
xalq öz məhəbbətini ondan əsirgəməyib. Yaradıcılığı
boyu saysız görüşlər təşkil olunub,
ünvanına neçə-neçə məktublar axın
edib. Amma bu yarmarka onun üçün yeni
format idi.
Sərgidəki
əhval-ruhiyyəsindən hiss olunurdu ki, heç nə onun
üçün adiləşməyib, uşaq kimi sevinir, onun adına gələn insanlar çoxaldıqca
daha da ürəklənir. Yaradıcı insan
üçün mənəvi yaxınlıq, diqqət həmişə
vacib olub.
Nəhayət, konfrans zalına toplandıq, Seyran müəllim
oxucularla üzbəüz əyləşdi. Oturacaqlar dolmuşdu, xeyli adam ayaq üstə idi. Ənənəyə
uyğun olaraq, görüşü Şahbaz bəy
açıq elan elədi, Seyran müəllim haqqında
xoş sözlər dedi, onun bu sərgiyə, imza gününə
gəlişini yüksək qiymətləndirdi.
Seyran Səxavət
hamını nəzərdən keçirib sözə
başladı: "Biz Sovet adamlarıyıq, belə şey
görməmişik. Şahbaz sağ olsun,
başımıza oyun açır, bu oyunun adı "Kitab
oyunu"dur, bu oyunda uduzmaq yoxdu. Biz
neçə vaxtdı kitabla küsülü idik, Şahbaz
Xuduoğlu kimi naşirlər bizi kitabla
barışdırır".
"Əsəriniz
bədii cəhətdən zəif olduğu
üçün..."
Seyran Səxavəti
"xatirat adam" adlandırmaq olar. Söhbətlərini şirinləşdirən elə
o xatirələridi. O vaxt Seyran müəllim kiçik
yaşlarında yazdıqlarını poçtla
Yazıçılar İttifaqına yollayırmış. Yazıçılar İttifaqından gələn
cavab məktubu o vaxtın üçbucaq balaca məktublardan
seçilirmiş, böyük zərfdə kəndə cavab
yollayırmışlar. Çoxu bu məktuba
həsədlə baxırmış.
Seyran
müəllim xatırlayır: "O məktubların
çölü çox adamı yandırırdı,
içi tək məni yandırırdı. Həmişə
qara xəbər gəlirdi: "Əsəriniz bədii cəhətdən
zəif olduğu üçün çap edə bilmədik".
Bir dəfə məktub yazdım ki, bu "bədii
cəhətdən zəifdir" nə deməkdi? Görünür, məktublar oxunmurmuş. Ona
görə də yenə eyni cavabı yazdılar: "Əsəriniz
bədii cəhətdən zəif olduğu
üçün..."
Seyran Səxavət peşəkarlıq pilləsinə
asanlıqla qədəm qoymayıb. Keşməkeşli
yollardan keçib, qazandıqlarına çətinliklə
nail olub. Ötən günlərin çətinliklərini
xatırlamaqda məqsədi o idi ki, aradakı fərq
bilinsin...
"Çingiz
Abdullayev Vətən müharibəsində ikinci cəbhə
açdı"
Qarabağ problemi, Füzuli həsrəti, sözsüz
ki, Seyran Səxavəti də yurduna bağlı bir insan kimi
daim narahat edib, darıxdırıb. Ona sual verəndə ki, niyə
Qarabağ mövzusunda az
yazırsınız, cavabı belə olurdu: "Mənə
şeirlər, romanla qaytarılan Qarabağ lazım deyil".
Seyran
müəllimin Zəfərdən sonra dediyi bu cümlə
ürəklərə yağ kimi
yayıldı: "Qarabağ haqqında ən gözəl əsəri
Ali Baş Komandan yazdı".
Hələ ayaqüstü söhbətləşəndə
Seyran müəllim bu yaxınlarda Çingiz Abdullayevin
"Ədəbiyyat" qəzetində çap olunan bir hekayəsi
barədə çox xoş fikirlər bildirdi. Hətta necə
bəhs etdisə, hamımız evə gedib hekayəni oxumaq
üçün səbirsizləndik.
Görüşdə
Seyran müəllimin Çingiz Abdullayev barədə səsləndirdiyi
fikirlər, sözün çox böyük dəyərə
sahib olduğunu bir daha sübut elədi:
"İkinci Dünya müharibəsi vaxtı Hitlerə
qarşı ikinci cəbhə yaradılmışdı. Çingiz
Abdullayev də İkinci Qarabağ savaşında ermənilərə
qarşı ikinci cəbhə açdı - Söz cəbhəsi.
Ali Baş Komandan müsahibələrində,
çıxışlarında döyüşürdü,
Çingiz Abdullayev də Prezidentimizdən sonra ikinci söz cəbhəsini
açmışdı. Rusiyanın
televiziya kanalında faktlara əsaslanaraq səlis
çıxış elədi".
"Anadan
olanda beş yaşım vardı"
Seyran Səxavəti öz istedadından əlavə,
yazıçı kimi yetişdirən onun doğma
torpağı, el-obası olub. Müşahidələrinin
əmgəyi dədə-baba yurdundan bərkiyib. Ölüm qorxusu canına hopanda tanrı ona "qələm
vəhi" verib.
Oxucular
arasından ona sual ünvanlandı: "Ədəbiyyat
sevginiz hardan gəlir?"
Seyran
müəllim gözlərini qıyıb yenidən zaman
maşınına mindi:
"Bizim ədəbiyyat müəllimimiz həm də məktəbin
direktoru idi. Mən dəftərdə yazdıqlarımı ona təqdim
edirdim. Oxuyub öz fikirlərini mənlə
bölüşürdü. Uşaq idim deyə
Yazıçılar İttifaqından gələn məktublar
kimi dediklərini tam başa düşmürdüm.
Evimizlə qəbiristanlığın arasında bir qobu
var idi. Beş yaşım olardı, günlərin bir
günü dostum xəbər elədi ki, bir kişini
basdırırlar. Tez qəbiristanlığa
yüyürdüm. İlk dəfə
ölü basdırmağı orda görmüşəm,
ölüm qorxusu onda mənə əyan olub.
Ölüm qorxusunu dərk edəndə yenidən dünyaya gəldim,
bu hesabla, anadan olanda beş yaşım var
idi.
"Sən
nə istəyirdin, nələr itirdin..."
Özünün də qeyd etdiyi kimi, Seyran Səxavət
ruhən şairdi. Əgər onun bir üzü nəsrdirsə,
bir üzü nəzmdi. Özü də şeirlərindən
hiss olunur ki, Seyran müəllim sevəndə dəhşət
sevib. Sevgidən doğan ən məşhur
şeir isə, "İlk məhəbbət, son məhəbbət"
şeiridir. Bu şeirin tarixçəsindən
bəhs elədi. Uğursuz sevgi hekayəsi... Amma bir məqam hamımızı kövrəltdi.
Şeirin ünvanlandığı xanım
qovuşmağın mümkünsüz olduğunu bildirsə
də, "ömrümün sonunacan onu sevəcəm"
deyib...
Sən nə
istəyirdin, nələr itirdin...
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim
başıma nələr gətirdin,
Ay ilk məhəbbətim,
son məhəbbətim.
"Müasir
Azərbaycan nəsrindən arxayınam"
Görüşün sonu yaxınlaşırdı. Zaman əleyhimizə
işləməyə başlamışdı. Seyran Səxavət hamını qohum
adlandırırdı, deyirdi ki, biz hamımız sözün
belindən gəlmişik.
Seyran Səxavət gənc yazıçıları daim
mütaliə edir və onlar haqqında yüksək fikirdədir. Xüsusən,
qadın yazarların inkişafı onu sevindirir.
Çox
böyük fəxrlə deyir: "Müasir Azərbaycan nəsrindən
arxayınam".
Görüş yekunlaşandan sonra Seyran Səxavət
kitabları imzalamağa başladı. Əl saxlayıb girişlə
üzbəüz tar çalan oğlanı dinlədi. Birdən
dedi:
- Bala,
"Mirzə Hüseyn segahı" çal!
Seyran Səxavət çox əziz ədibimizdir,
onunla hələ neçə-neçə görüşdə
qarşılaşmaq diləyi ilə!..
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 13 oktyabr.-
S.15.