Qanla yazılmış dastan
27 sentyabr
Anım Gününə yaxın televiziyada anonslarda çox
sevdiyim bir parça tez-tez göstərilirdi: dövlət
başçısının Cıdır düzündə
fikrə gedərək addımladığı, nəzərlərini
hərdən uzaqlara - dağlara dikib dediyi sözləri
xatırlayıram: "...Xalqın barışmaz ruhu, əlbəttə
ki, əsas faktorlardan biri idi. Çünki biz
Qarabağı unutmadıq. Hər
qarış torpaq bizim torpaqdır. Və
onları biz azad etməli idik. Bizim borcumuz idi: xalq
qarşısında, tarix qarşısında, gələcək
nəsillər qarşısında. Bu borcu biz
şərəflə yerinə yetirdik".
Biz, həqiqətən, bu borcu şərəflə
yerinə yetirdik. Hər kəs döyüşdü, hər
birimiz döyüşdük. Əsgərlərimiz
ön cəbhədə silahı, canı-qanıyla, ölkə
başçımız siyasi və idarəetmə cəbhəsində,
xalqımız isə bütün ruhu, malı-canıyla əsgərimizin,
dövətimizin arxasında dayandı, o cəbhənin əsgərinə
çevrildi. Bu döyüşdə bir cəbhə də
vardı: qələmi ilə döyüşənlərin cəbhəsi.
Bu cəbhənin
"döyüşçü"lərinin birgə
yaradıcılıq toplusu - "Qarabağ dastanı"
kitabı qarşımdadır. Uzun zamandır mütaliə
etdiyim, yazıçı və şairlərimizin vətən
sevgisini, Qarabağ haqda duyğu və düşüncələrinin
ifadəsi olan şeirlər, publisistik məqalələr,
esselərdən ibarət böyük bir toplu! 527
səhifəlik kitab 2021-ci ilin iyun ayında nəşr olunub.
Çox böyük məsuliyyətlə, diqqətlə
seçilmiş, bir-birinin təkrarı
olmayan mətnlərin əvvəlində - ilk səhifədə
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 04
oktyabr 2020-ci il müraciəti diqqəti cəlb edir:
"Əziz həmvətənlər! Bu gün Cəbrayıl
şəhəri və Cəbrayıl rayonunun 9 kəndi
işğaldan azad olunmuşdur! Bu tarixi hadisə münasibətilə
bütün Azərbaycan xalqını ürəkdən təbrik
edirəm!.." Sonra ardıcıl olaraq
Qarabağın bölgələrinin azad olunması haqda
ölkə başçımızın televiziyada izlədiyimiz
çıxışları və Azərbaycan
Respublikasının birinci vitse-prezidenti Mehriban
Əliyevanın xalqa müraciəti bu müraciətlərin
davamı kimi dərc olunmuşdur.
Əsas mətnlər Rəşad Məcidin
"Şuşa havasının əritdiyi nisgil" adlı
yazısı ilə başlayır. Burada kitaba daxil olan şeirlər,
esselər və publisistik mətnlər haqda anonslar verilir, həm də müəllifin
İkinci Qarabağ döyüşləri, Şuşa,
Qarabağ haqda düşüncələri yer alır.
Kitabı vərəqlədikcə bəzi müəlliflərin
yaradıcılığı ilə elə burada ilk dəfə
tanış olduğum yazıların necə
dərin səmimiyyətlə, böyük vətəndaşlıq
duyğusu, xalqın, ölkənin taleyindən narahatlıq duyğusu
ilə yazıldığının şahidi oluram. Qarabağ haqda, şəhidlərimiz haqda çox
dastanlar, iri həcmli romanlar yazılacaq, çox nəğmələr
qoşulacaqdır. "Qarabağ dastanı" bu əsərlərin
ilk qaranquşu kimi
qələm əhlini bu sahədə öz istedad və
qabiliyyətini sanki sınaqdan çıxarmağa səsləyir.
Yazı
müəlliflərinin, demək olar ki, əksəriyyətinin
həyatı, tərcümeyi-halı birbaşa Qarabağla - Şuşa ilə bağlıdır. Yazıçı İlyas Əfəndiyevin
bütün romanlarını, hekayə və dram əsərlərini
oxumuşam. Onun əsərlərində Şuşa
həyatı, Qarabağ mühiti qabarıq təsvir olunub.
Ədəbiyyatımızda mükəmməl şəcərə
əsəri hesab olunan "Geriyə baxma, qoca"
romanı,
"Üçatılan", "Sarıköynəklə
Valehin nağılı" əsərləri,
"Xurşidbanu Natəvan", "Mahnı dağlarda
qaldı" dramları və başqa əsərlərində
Qarabağın keçmiş və müasir tarixi mənzərəsi
ustalıqla qələmə alınmışdır. Bu
estafeti atadan oğula keçən irs kimi ələ alan
Elçin Əfəndiyevin "Şuşanın
dağları başı dumanlı" məqaləsindən
aldığım təəssürat bir romandan
aldığım təəssüratdan da zəngidir. Əsasən
M.P.Vaqifin məqbərəsinin açılışından
və Ümummilli lider Heydər Əliyevin
açılışda iştirakından bəhs edən məqalənin
çox maraqlı nüansları diqqəti cəlb edir:
"Rauf Hacıyevlə yanaşı dayanmışdıq.
Birdən rusca məndən soruşdu:
- Mən
necə bəstəkaram?
Məşədi İbad demişkən, fikrimdən
keçdi ki, heç hənanın yeridir? (Amma sən demə,
yeriymiş)
- Əla,
- dedim və doğrudan da, bu fikirdəydim ki, Rauf bizim
iki-üç ən gözəl
melodiyaçılarımızdan biridir.
Rauf:
- Ancaq mən
Şuşada anadan olsaydım, - dedi, - Şuşada
böyüsəydim, bundan iki dəfə artıq əla bəstəkar
olardım...
Şuşa
mühitini təsvir etmək səriştə, bacarıq,
zövq tələb edir... Mühit
öz-özünə yaranmır, mühiti insanlar yaradır.
Biz bu insanları Haqverdiyevin hekayələrində,
Nəcəf bəyin pyeslərində, Üzeyir bəyin
komediyalarında, Çəmənzəminlinin, İlyas Əfəndiyevin
əsərlərində görmüşük,
tanımışıq. Bu mühiti, bu koloriti Fikrət
Əmirovun, Soltan Hacıbəyovun, Niyazinin simfoniyalarında,
Xan və Seyid Şuşinskilərin, Bülbülün və
Rəşid Behbudovun ifalarında hiss etmişik və
Cıdır düzünə qaranlıq düşəndə
hərdən adama elə gəlir ki,
elə bil birdən-birə Niyazinin idarəsi ilə
"Koroğlu" uvertürası səslənir".
E.Əfəndiyevin bu sözləri diqqətimi xüsusən
cəlb etdi.
Sanki ölkə başçısının Şuşaya
tez-tez etdiyi səfərləri, oraya can atmasının
izahını verir: "Şuşa koloritini hiss etmək
üçün heç olmasa bir dəfə Şuşaya gəlmək
lazımdır, onsuz da bir dəfə Şuşaya gələndən
sonra tez-tez gəlmək istəyəcəksən".
E.Əfəndiyevin
bir neçə il əvvəl bir
müsahibəsindən bu sözləri xatırlayıram:
"...Həyat boş və mənasızdır... Puçdur". Görən, indiki şəraitdə də,
Qarabağı aldığımız, şərəfli tarixi
günləri yaşadığımız vaxtda da bu fikrində
qalırmı sevimli yazıçımız? Yaşamımıza məna verən,
dəyərli edən bu günləri yaşadığım
üçün,
bu hisslərə görə Tanrıya və Azərbaycan
əsgərinə, dövlət başçımıza minnətdarlıq
duyğusunun həyatım boyu məni tərk etməyəcəyinə
əminəm. Və bunun Elçin Əfəndiyev
üçün də belə olacağını
düşünürəm.
"...Sənət adamları
üçün əslində Şuşa böyük bir
yaradıcılıq evi idi... Şuşa azad olunandan sonra Fərhad
Bədəlbəyli Polad Bülbüloğluyla birlikdə
Şuşaya getmişdi və Fərhad deyir ki, orada diz
çöküb dedim:
- Şuşa, bizi bağışla! -
Yazıçının fikirləri ilə səsləşən
bir fikri deyim ki, bu sözləri düşmənə fürsət
vermək, onun iyrənc, vəhşi qəsdlərinə,
qarı düşmən olmasına inanmamaq, sadəlövhlüyümüzün
cəzasını çəkməyimiz kimi o vaxtkı nəslin
hər birinin özünü ittihamının təzahürü
kimi qəbul edirəm.
"Qarabağ dastanı" kitabında bölgənin
bütün rayonlarından olan şair və
yazıçılarımızın təəssüratları,
xatirələri, bədii yaradıcılıq nümunələri
öz əksini tapıb. Aran Qarabağının ürəyi olan və indiki vəziyyətinə
görə Qarabağın Xirosiması adlandırılan
Ağdam haqqında yazıçı Aqil Abbasın "Evimi
sökə bilərsən, torpağımı yox" adlı
məqaləsi
müəllifin ilk uşaqlıq və gənclik
xatirələri ilə indiki Ağdamın
görünüşü, ora səfərdən
aldığı təəssüratların ağrılı,
səmimi ifadəsi ilə diqqəti cəlb edir:
"İnşallah, yenidən tikəcəm. Özü də
elə olduğu kimi... Minalardan təmizlədiyinə
görə ANAMA-nın rəhbərliyinə ...xüsusi təşəkkür
edirəm".
Kitabın
əsas müəlliflərindən biri, AYB sədrinin birinci
müavini Rəşad Məcidin "Qorxu" adlı məqaləsi
hər birimizin fikrinin ifadəsi olan bu sözlərlə bitir:
"Allah heç kimə, heç bir xalqa belə namərd
düşmən qismət eləməsin! Vəhşi
millət, səninlə necə yanaşı yaşamaq olar?
Bizim şəhərlərimizi niyə bu günə
qoymusan? Etdiklərinin beş qat artığına layiqsən!.." Doğrudan da, düşmən
sarıdan "bəxtimiz gətirib". Dünyanın ən
məkrli, hiyləgər və qəddar düşmənini
sanki Allah bizim taleyimizə yazıb: rus, fars,
erməni...
Xalq
yazıçısı Kamal Abdullanın "Müharibə və
onun ədəbi-bədii əks-sədası" məqaləsi,
demək olar ki, bütün ədəbi-bədii cameəni
düşündürən bir məsələni də önə
çəkib: "...Niyə bizdə hələ də
müharibə mövzusunda mükəmməl əsər
yazılmır, yaxud az yazılır?.. Mənim
aləmimdə bunun bir səbəbi var: indi bu mövzunu
işləmək heç də asan deyil. Əsgər
Murovdağda, sən burda. Əsgər
Qarabağda, sən burda. Hər şeyin
öz vaxtı, öz vədəsi var. Gərəkdir ki, sən
özün əsgərin ardınca Murovdağa
çıxasan. Şuşada, Cıdır düzündə
gəzişəsən... Ağdam bazarının
uçqunları qarşısıda durub nə zamansa "qədd
tutmuş" canlı bazarda səslənən, indi isə bu
"bazar" adlı məzarın içində gizlənmiş
səsləri yerin dibindən çıxarasan, dinləyəsən.
...Gərəkdir ki, Laçında Zınqırovlu
çeşmədə üzünü... yumayasan. Üzünə
su çırpasan... Gərəkdir ki, Xankəndindən
Xocalıya gedən yolda sağa - Malbəyliyə dönəsən
və o yoldan soruşasan: Burdan keçən zavallı qəriblər
nə oldu? Onların günahı nəydi - onların ah-naləsini
o yol unutmuş ola bilməz... Sən torpağın ruhunu eşidəcəksən.
Bu ruhun səsi hıçqırıq dolu bir
pıçıltı olacaq. O
pıçıltını eşidəndən sonra sən
yaza biləcəksən".
Bu böyük tarixi hadisənin - Qarabağ müharibəsinin
hər gününə, hər şəhidinə, qazisinə,
əsgərinə romanlar həsr etmək olar. Bu, elə bir
döyüşdür ki, dünya hərb tarixində
görünməmiş ehtişamlı hərbi manevrlər,
üsullar tətbiq edilərək 30 il
öz mövqeyində möhkəmlənmiş düşməni
44 günə darmadağın etdi. Artıq azad olunmuş
torpağımızda, o döyüşlərin baş verdiyi
müqəddəs ərazilərmizdə istənilən
yaradıcı adam üçün nəsə
öyrənmək, yazmaq, çalışmaq
üçün şərait var. Necə deyərlər,
"hodri meydan". Əminəm ki, yazılacaq əsərlər indiyəcən
Qarabağ haqqında yazılmışlardan daha çox
mükəmməl və dünya arenasına
çıxarıla biləcək şedevr əsərlər,
filmlər olacaq. Məsələn, Mel Gibsonun "Cəsur
ürək", "Patriot" filmləri kimi. Onu da deyim ki, "Qarabağ
dastanı" kitabında rəssam
Sehran Allahverdinin müharibə və Azərbaycan əsgəri
mövzusunda çəkilmiş rəsm əsərlərini də
görmək istərdim. Hər biri bir romana dəyən
mükəmməl tablolardı. Həmçinin:
"Qarabağ mövzusunda yazılmış əsərlərin
müsabiqəsi keçirilsə, bu əsər ən önəmli
yerlərdən birinə layiq olardı", - rəyi yazılmış
"Vəsiyyət" əsəri də kitaba xüsusi məna
qatardı.
Qarabağ bizim səs beşiyimzdir. Uzun illər
bundan əvvəl Qarabağda yaşamış onlarla
musiqiçilər haqda Firidun Şuşinskinin böyük bir
tədqiqat əsərini oxumuş və bu qənaətə gəlmişdim
ki, bizim səsimizi dünyaya Qarabağ çatdırır.
Əsəd Cahangirin "Səs" essesi bu
baxımdan böyük maraq doğurur. "Qarabağ
dastanı" kitabında yer almış esse modern üslubu,
olaylara kreativ baxışı və onun ifadəsi ilə elə
fərqli, maraqlı ideyalar sərgiləyir ki, təəccüblənməmək
olmur. Modern düşüncənin məhsulu olan essenin
Qarabağla, Azərbaycanla bağlı dərin fəlsəfi
məqamlarından bir neçəsini oxucularla
bölüşmək maraqlı olar: "...Üzeyir bəy sənət
peyğəmbəridir. Onun "Quran"da xatırlanan 28 peyğəmbərdən
birinin adını daşıması da təsadüfi deyil...
Üzeyir bəy Qarabağın uca məqamlardan
aldığı elə bir nəfəsiydi ki, söz, səs və
rəngin metafizik sıralanmasını pozaraq onları bir
araya gətirir və teatra çevirirdi... Biz
Qarabağı itirməmişdən Qara Bağı və səsi
itirdik. Bəlkə, buna görə Qarabağ uğrunda
mübarizədə vətənpərvərlik pafosuyla dolu
hay-küyümüz Allaha çatmadı... Musanın
qövmü kimi biz də öz suçumuzdan səhralara
düşmüşdük... Musa
qövmünün meditasiyası qırx, bizimki otuz il çəkdi".
Yazıçı
Mehriban Vəzirin
"Qarabağın məşhur xanımları"
adlı məqaləsi burada yaşamış məşhur
xanımlarımızın həyatı, tərcümeyi-halı
haqda məlumatla paralel, həm də Pənahəli xan
Cavanşirin dövründən tutmuş XIX əsrin
sonlarınacan Azərbaycan tarixinə aid bir çox hadisələri
özündə əks etdirir. Məqalənin dili çox oxunaqlı,
sadə, anlaşıqlıdır. Oxucu ilk
cümlədən sehrlənir. Pənahəli xanın
Nadir şahın sarayından qaçıb Qarabağda
özünə xanlıq yaratması ilə başlayan hadisələr
İbrahim xanın övladlarının - qızları
Ağabəyim ağa və Gövhər ağanın, xan
qızı Natəvanın, maarifpərvər, ziyalı
xanım Həmidə Cavanşirin
taleyinin təsviri ilə davam edir. İbrahim xanın qardaşı
oğlu Məhəmməd ağa Batmanqılıncla Ağabəyim
ağa arasında olan əfsanəvi, əbədi sevgi, Məhəmməd
ağanın qətlə yetirilməsi, xan qızının Fətəli
şaha ərə verilməsi və heç vaxt şahın
zövcəsi olmaması, Fətəli
şahın Ağabəyim ağaya böyük ehtiramla
yanaşması, xan qızının sarayda keçən həyatı,
fəaliyyəti, ingilis kraliçasının ona hədiyyə
göndərməsi, Fransa kraliçası ilə
görüşü, imperator Napoleona məktub göndərməsi
maraqlı məqamlardandır. Xüsusən Məhəmməd ağa
Batmanqılıncın M.P.Vaqifi Ağabəyim ağa
üçün İbrahim şahın yanına elçi
göndərməsi, Vaqifin isə orada qızı öz
oğlu Əli ağa üçün istəməsi mənim
üçün yeni tarixi faktlar idi. Mehdiqulu xanın yeganə
qızı Natəvanın həyatı, onun əri Xasay
xanın bir erməni "donosçu"sunun xəbər verməsi ilə
(Şeyx Şamillə gizli əlaqədə
günahlandırılırdı) həbs olunub güllələnməsinə
aid faktlar da maraq doğurur. Həmidə
xanım Cavanşirin maarifçilik fəaliyyəti, mətbuat
tariximizdə misilsiz xidmətləri də məqalədə
geniş işıqlandırılmışdır.
Xalq
şairi Sabir Rüstəmxanlının "Biz
qayıtmışıq" məqaləsində Ağdam, Şuşa, Qarabağın digər şəhərləri
haqda düşüncələri, bir şair-vətəndaş
kimi ölkənin gələcəyi haqda narahatlığı
öz əksini tapmışdır. "Qarabağa
dönüş" poeması şərəfli tarixi
keçmişimizdən tutmuş bu günəcən
keçdiyimiz çətin yolları
işıqlandırır. Əsər ölkənin azad, müstəqil, xoşbəxt gələcəyinə
böyük ümid və inamın təzahürü kimi
mükəmməl ədəbi nümunədir.
"Qarabağ
dastanı"nın sonrakı
bölümündə Azərbaycan şairlərinin
Qarabağa və onun cənnət guşələrinə həsr
olunmuş şeirləri verilmişdir. V.Bayatlı Odər, R.Rza, B.Vahabzadə, Q.Qasımzadə, X.R.Ulutürk, R.Rövşən,
M.İsmayıl, X.Məmmədov,
A. Laçınlı, Q.Ağsəs və başqa şairlərin
seçilmiş şeir örnəkləri yaddaqalandır.
Kitaba Rəşad
Məsidin "Qələmsiz yazılanlar" silsləsindən
seçilmiş "Şuşa gör nələr eylər"
yazısı yekun vurmuşdur: "Əziz Şuşa! Səni
görmək, sənə qovuşmaq yanğısından
üstün nə ola bilər?! Hansı
hiss bu həyəcanla tən gələr? Az
qala, Daşaltıda əks-səda verən, Cıdır
düzündə eşidilən bu ürək
çırpıntılarını necə duymamaq olar?
Əlimi uzadıb ulduzlarını sığallasam,
daşını-torpağını oxşayıb gözlərimin
üstünə qoysam, günahımdan keçərsənmi? Son dəfə
1991-ci ilin payızında tək-tənha baş çəkdiyim,
hüznlü, bənizi saralmış Cıdır düzü
məni əfv edərmi? Şuşa məni
bağışlayarmı?
Kim bilir, bəlkə, bağışlanmamaq qorxusu itirmək
qorxusundan daha ağırdır. ...Hamılıqla hüzurunda diz
çökərək: "Bizi bağışla,
Şuşa!" - deyib bəraət istəsək,
bizi əfv edərsənmi?" - Bu, bir azərbaycanlı
- qarabağlı vətəndaşın şəxsən
öz suçu olmasa da, bütöv bir xalqın, dövlətin
öz vətəndaşlarının bədbəxt taleyində,
onun dünya siyasəti meydanında səriştəsizlik, tənhalıq
və sadəlöhvlükdən irəli gələn
uğursuzluqlarında günaha görə sanki ibadət
zamanı olduğu kimi, açılan əllərinin
bağışlanma yalvarışıdır. Biz
özümüzü o zaman bağışlarıq ki, 80-ci
illərin sonundan üzü bəri Qərbi Azərbaycandan
zülm və zorakılıqla qovulan, yandırılan,
qarlı yollarda donub qalan, sonra bir-birinin ardınca əldən
gedən rayonlarda həlak olan, girov qalan, cəbhədə
başıpozuq hərbi dəstələrdə
var-gücü ilə düşmənlə qeyri-bərabər
döyüşə girən, çətin şəraitdə
döyüşün bütün ağırlıqlarına
sinə gərən, şəhid olan minlərlə
oğullarımızın, qızlarımızın qisası
tam alınsın. Biz adətən Qarabağ deyəndə
Şuşanı düşünürük. Qarabağ təkcə Şuşadan ibarət deyil
axı. Qarabağ qiymətli bir üzükdür, Şuşa onun ziqiymət qaşı:
"Əgər üzük yoxsa, qaşı neylərəm?"
M.Şoloxovun bir romanından denikinçi ağ qvadiyaçının bu sözlərini unutmuram: "Ayağımızın altından torpağı çəkirlər! Bizi istinaddan məhrum edirlər!" Ayağımızın altından toraqlarımızı çox çəkdilər, ayılmadıq, səsimiz zəif çıxdı. Səsi çıxanları isə aradan götürdülər. Dünyanın murdar siyasətinin zaman-zaman qurbanına çevrildik. Ancaq illərlə içimizə yığılıb qalmış qisas, dözümsüzlük hissi daim qanımızda coşan, bizi tərk etməyən döyüş hissi artıq zamanı gəlmiş bir işi başa çatdırmağa sövq etdi. Şuşanın alındığı gün Prezident İlham Əliyevin xanımı ilə bərabər Şəhidlər xiyabanını ziyarət etməsini, oradan Şuşanın alınmasını elan etməsini xatırlayıram. Əvvəlki çıxışlarında son dərəcə sevinc, coşqu ilə dediyi xəbəri indi hədsiz kədərli, göz yaşları içərisində elan edirdi. Dünyam uçdu, altında qaldım sanki."Nəsə var, nəsə var... Böyük bir maneə, təhlükə var", - deyə düşündüm. Bir neçə gün sonra isə sərhədlərimizdən üzü bəri adlayıb gələn rus tanklarını görəndə yazdım: "Elə bil ürəyimin üstündən adlayıb gəlirlər". Qarabağın içində yenə yad cisim, virus kimi qaldı düşmən. Bax bu işi sonacan başa çatdırsaq, sərhədlərimizi bütövləşdirsək, o zaman qisasımız tam başa çatacaq. İşlərin gedişi, intuisiya deyir ki, "dəmir yumruq" daha da güclənmiş və düşmənin başı birdəfəlik əziləcəkdir.
"Yaşlı adam dünyadan
gedəndə keçmişini qoyub gedir, cavan adam isə
özüylə gələcəyini aparır (Anar)".
Şəhidlərimizin gələcəyini sonrakı nəsillər
xoşbəxt, bütöv Azərbaycanda davam etdirib
yaşayacağına böyük ümidlər bəsləyir
və inanıram.
Həcər
525-ci qəzet.- 2021.- 13 oktyabr.- S.14;17.