Xalqın güvəndiyi şəxsiyyət
Böyük şəxsiyyətlərin
böyüklüyü onların dünyanı,
gedişatı, həyatın rənglərini hamıdan
yaxşı dərketmələrindədir. Amma bu dərk
etmə daha çox onların təfəkkür deyilən
çox vacib bir keyfiyyətinin məhsuludur. Bütün bu keyfiyyətlər isə heç də
birdən-birə yaranmır. Təfəkkür
tərzi insanın yaranışından keçdiyi həyat
yolunun məhsuludur. Bu yol hardan keçir?
Bu suala məntiqi cavab təfəkkürün
nizamını anlamağa xidmət edir. Hər kəsin həyatı
bizim zamanımızda doğmalarının həyat tərzindən,
məktəbdən başlanan yoldan, ali təhsilin
seçim pilləsindən, sonrakı fəaliyyətin
faktlarından keçir. Şəxsiyyət bu
yolları keçdikcə onun təfəkkürü
formalaşır və bu təfəkkür bəzən
bütöv bir xalqın, millətin, dövlətin
varlığına xidmət edir. Həm də
ən çox o halda ki, şəxsiyyət kimi ciddi bir status
daşıyan insan qeyd etdiyimiz ölkə, xalq, dövlət
nizamında gərəkli bir rəhbərə çevrilir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bu yolların hamısını təmkinlə
keçmişdir. Ailədə o, Heydər Əliyev kimi nəinki
özümüzdə, habelə beynəlxalq miqyasda dövlətçilik
təcrübəsinə yiyələnmiş bir şəxsiyyətin,
yüksək təfəkkür sahibinin, Vətən, vətəndaşlıq,
xalqa, millətə sevgi hissləri ilə yaşamış
bir atanın yanında böyümüşdür. Orta məktəbi rus dilində oxumuşdur, ancaq
doğma Azərbaycan dilini xalqın varlığı hesab edən
atanın daşıdığı ana dilini də yüksək
səviyyədə mənimsəmişdir.
Azərbaycanın ağır günlərində millətin
xilaskarı kimi ölüm-dirim mübarizəsindən qalib
çıxan Heydər Əliyevin bütün epitetləri
sırasında "Ümummilli lider" anlayışı
nahaqdan yaranmadı. Bu Ümummilli liderin xalqa bəxş etdiyi
yüzlərlə mənəvi dəyərlər içərisində
İlham Əliyev ön sırada dayanır. Onun böyüdüyü ailədə mənimsədiyi
ilk keyfiyyət cəsarətli olmaq anlayışıdır.
İlham Əliyev atasının keçdiyi
yollarda göstərdiyi cəsarəti bütöv şəkildə
mənimsəmiş bir şəxsiyyət kimi
böyüdü. 1990-cı ilin 20 Yanvar hadisəsində
SSRİ rəhbərliyinin cinayətini dünyaya bəyan etmək
üçün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrkən cəsarət
dərsi verdiyi oğlunu da - gənc bir tələbəni də
özü ilə o təhlükəli səhnəyə
çıxartdı. O səhnə ona görə təhlükəli
idi ki, Bakıda yüzlərlə insanın qanına qəltan
edilməsinə fərman vermiş Mixail Qorbaçov o
qanlı hadisəni dünya mediası qarşısında bəyan
edən Heydər Əliyevi də, onun oğlunu da, İlham
Əliyevə qoşulmuş tələbə dostlarını
da bir anın içində məhv etdirə bilərdi. Amma edə
bilmədi, çünki onların cəsarəti
qarşısında bunu edə bilməzdi...
İlham Əliyev birdən-birə prezident olmadı. O, min bir problemi olan Azərbaycanın
rəhbəri olmazdan əvvəl diplomatiyanın elmi-nəzəri,
praktik qanunauyğunluqlarını öyrəndi. Atasının dünyagörüşündən,
fikirlərindən bəhrələndiyi hər kəsdən
öyrəndi. Prezident İlham Əliyevin
jurnalistlərlə görüşündə söylədiyi
bir fikri misal gətirmək istərdik.
Prezident o
görüşdə çıxış edən Şirməmməd
Hüseynov haqqında bir sıra xoş sözlərdən
sonra üzünü bizim o müəllimimizə tutaraq dedi:
"Şirməmməd
müəllimin çıxışı mənim
üçün çox böyük maraq doğurdu... Sizə öz hörmətimi bildirmək istəyirəm.
Mən sizin fəaliyyətinizi çox yüksək
qiymətləndirirəm. Yadımdadır
ki, 1970-ci illərdə siz Azərbaycan televiziyasında siyasi
icmal verilişləri aparırdınız. Mən o vaxt sizin verilişinizi maraqla izləyirdim.
O vaxt Sovet televiziyasında belə bir veriliş var idi -
"Politiçeskoye obozreniye". Onu Zorin
aparırdı, ondan sonra başqaları aparırdı, bizdə
isə siz aparırdınız. O vaxt xarici siyasətlə,
başqa ölkələrdə baş verən hadisələrlə
bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə
bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə
edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, sizin fəaliyyətinizi
çox yüksək qiymətləndirirəm.
Azərbaycan xalqı, xüsusilə Xalq Cümhuriyyətinin
fəaliyyəti ilə bağlı sizin işinizə
çox yüksək qiymət veribdir". Prezidentin bu
fikrindən həm də belə bir fakt aydın olur ki, o, hələ
1970-ci illərdən - yəni lap gənc yaşlarından
diplomatiyaya ciddi maraq göstərmişdir. Prezident 2005-ci
ildə Milli mətbuatımızın 125-ci
ildönümündə bir qrup fəal ziyalıya Prezident təqaüdü
imzalamışdı və o adamların içində
Şirməmməd müəllimin də olmasına görə
jurnalistlər ona təşəkkür edəndə
üzünü bizə tutub dedi: "Şirməmməd
müəllimə salamlarımı yetirin və deyin ki, mən
hələ 1970-ci illərdən diplomat olmaq istəyirdim və
onun Azərbaycan televiziyasındakı siyasi şərhlərindən
çox şey öyrənirdik". Bu misallar
onu göstərir ki, İlham Əliyev diplomatiyaya hazır gəlmiş
bir şəxsiyyətdir. Heç kimə
toxunmadan etiraf edək ki, Azərbaycan yeni müstəqilliyin
ilk çağında zəif, səriştəsiz rəhbərlikdən
çəkdiyini çəkdi. Amma
çox şükür ki, xalq da zəif rəhbərlərin
zəifliyini, səriştəsizliyini çox tez duydu və
güclü, təcrübəli rəhbər
axtarışında ləngimədən Heydər Əliyev
fenomeninə pənah gətirdi. Böyük
Atatürkün aforizmidir: "Ən böyük şəxslər
özündən çox mənsub olduğu cəmiyyəti
düşünən, onun varlığının və
xoşbəxtliyinin qorunması yolunda həyatını verən
insanlardır". Böyük Heydər Əliyev sanki
Atatürkün bu aforizminə cavab olaraq deyirdi: "Mən həyatım,
bütün əmək fəaliyyətim dövründə
ancaq xalq üçün, insanlar üçün
düşünmüşəm, xalq üçün
yaşamışam. Bu gün də bu fikirlərlə
yaşayıram". Azərbaycanı o
ağır günlərdən yalnız bu ürəyin sahibi
xilas edə bilərdi. Dünya şöhrətli
Z.Bzejinski elə həmin çağlarda nahaqdan deməmişdi:
"Bu gün Azərbaycanı idarə edə biləcək
yeganə şəxsiyyət Heydər Əliyevdir". Belə bir tarixi şəxsiyyət özündən
sonra böyük bir dövlətçilik məktəbi qoyub
getdi. Bu məktəb dövlət rəhbərindən
milli müstəqilliyi qorumaq, vətənə sevgi hissi ilə
yaşamaq, milli iqtisadiyyatı necə dirçəltməyin
yollarını bilmək, milli-mənəvi dəyərlərin
qorunması və zənginləşdirilməsini həyata
keçirmək, dövlətin xarici siyasət
konsepsiyasını hazırlamaq və öz fəaliyyətində
işlək fakta çevirmək və s. kimi onlarca, yüzlərcə
çətin faktorları daim nəzərə almaq
bacarığını tələb edir. Heydər
Əliyevin 2003-cü ilin Prezident seçkilərində
İlham Əliyevin namizədliyini müdafiə etməsi və
onun Azərbaycan üçün layiqli bir Prezident
olacağını xalqa müraciətlə söyləməsi
də Tanrının yerə göndərdiyi bir sifariş idi.
Həmin seçkilərdə xalq birmənalı
olaraq Ulu öndərin məsləhətini qəbul etdi və
İlham Əliyev Prezident seçildi.
Dövlətlərin, xalqların tarixi inkişaf yolunda
xüsusi mərhələlər olur. SSRİ dövləti
özünün 1990-cı ilə qədərki iqtisadi
göstəricilərini Rusiyanın 1913-cü ildəki
göstəriciləri ilə müqayisədə təqdim
edirdi. Bu gün Azərbaycanın təkcə
iqtisadi inkişaf göstəriciləri deyil, digər
bütün sahələrdəki inkişaf tempi İlham
Əliyevin prezidentliyə başladığı 2003-cü illə
müqayisədə təqdim olunur. İlham
Əliyevin rəhbərlik göstəricisinin ən aydın və
ən səmərəli faktı Heydər Əliyevin dövlətçilik
məktəbini yeni elmi-praktik, politoloji nizamda həyata
keçirməsidir. Onun bir siyasi lider kimi
xalq tərəfindən çox tezliklə qəbul olunması
bu məktəbə sədaqəti, bu məktəbi
bacarıqla tətbiq etməsi və bir də
özünün yeni dünya düzəninə uyğun olan
yaradıcılıq bacarığına bağlı oldu.
Təsadüfi deyildi ki, Prezidentlik fəaliyyətinin hələ
lap ilk illərində ABŞ Prezidenti Corc Buş onun
gördüyü işləri belə qiymətləndirirdi:
"Azərbaycan firəvan və ümidverici gələcək
qurmaqda davam edir. Biz azadlıq nemətlərinin
bütün Azərbaycan vətəndaşlarına
çatdırılması üçün demokratik və
iqtisadi islahatlar üzərində işinizi dəstəkləməkdən
məmnunuq". Bu fikir Prezident İlham
Əliyevin ölkəyə rəhbərlik etməyə
başladığı ilkin çağlarda ona dünyanın
ən nəhəng güc dövlətinin
başçısının verdiyi qiymətdir.
Bizim gənc Prezidentimiz xarici siyasətimizi dərhal zirvələrə
qaldıran bir rəhbər kimi beynəlxalq miqyasda öz
bacarığını sübut etdi. Rusiya Federasiyasının Prezidenti
V.Putin İlham Əliyevin məhz bu bacarığını nəzərdə
tutaraq onun Prezidentlik dövrünün hələ o zamankı
uğurlarını belə şərh edirdi: "Azərbaycan
rəhbərliyi öz ölkəsinin inkişafı
üçün təkcə xarici siyasətdə deyil, həm
də iqtisadiyyatda düşünülmüş şəkildə
doğru inkişaf yolu seçmişdir. Bu isə
başlıca məsələdir, gələcək tərəqqinin
əsasıdır". Biz V.Putinin - dünya siyasi
arenasında öz sözü olan bir dövlət
başçısının bu fikri üzərində bir az dayanmaq istərdik: Azərbaycanın rəhbərliyinin
- yəni İlham Əliyevin öz ölkəsinin
inkişafı üçün seçdiyi strateji yolun gələcək
tərəqqiyə aparan xətt kimi dəyərləndirilməsi
ilə bağlıdır. Heç kim
etiraz edə bilməz ki, hər şeydə, hər işdə
başlanğıc, bu başlanğıcın dəqiqliyi
çox vacib faktordur. İlham Əliyev belə
uğurlu bir başlanğıcla meydana çıxdı və
öz ölkəsini yeni inkişaf yoluna istiqamətləndirdi.
Prezident İlham Əliyev bu başlanğıcda
dünya dövlətlərinin diqqətini Azərbaycana cəlb
etdi, ölkəmizin bütün sahələrdəki potensial
gücünü nümayiş etdirdi. O zamanın Qazaxıstan dövlətinin
Prezidenti Nursultan
Nazarbayev deyirdi: "İlham Əliyev idarəçiliyi
layiqincə davam etdirir, idarəetmənin sükanını təmkinlə
qəbul etmişdir və ölkəni tərəqqi yolu ilə
aparır. Biz bunu son illərin göstəricisində
görürük. Bizim üçün
Qafqazda Azərbaycan əsas dövlətdir". N.Nazarbayevin bu fikirlərindən İlham Əliyevin
hansı "idarəçiliyi layiqincə davam etdirir" və
"idarəetmənin sükanını təmkinlə kimdən
qəbul etmişdir" kimi ritorik suallar yarana bilər.
Ona görə ritorik ki, bu sualların cavabında bir insan, bir
rəhbər dayanır: Heydər Əliyev.
Biz bu məqamda
dünyanın müasir siyasi, iqtisadi, ictimai gedişində
sayılıb-seçilən, Heydər Əliyevin "iki
dövlət, bir millət"
kimi tarixi tezisinin gerçək faktına çevrilən
Türkiyənin dövlət başçısı Rəcəb
Tayyib Ərdoğanın da reallığı əks etdirən
bir fikrinin üstündən keçə bilmədik:
"Türkiyə üçün mühüm olan Azərbaycan
dövlətinin sabitlik şəraitində inkişaf etməsi,
güclənməsi və Qafqaz regionunda layiq olduğu yeri
tutması, Azərbaycan xalqının isə bəşəri
dəyərləri mənimsəmiş demokratik, dünyəvi,
insan haqlarına hörmət edilən bir ölkədə
yaşamasıdır. Bu baxımdan demokratik dəyərlərə
əhəmiyyət verən, islahat tərəfdarı kimi
tanınan Azərbaycan dövlətinin
başçısı, hörmətli Prezident İlham Əliyevin
ölkənin inkişafı uğrunda atdığı
addımları və çəkdiyi zəhməti təqdirlə
qarşıladığımızı bildirmək istəyirəm".
Dünya
liderlərinin cəmi bir neçəsinin fikirlərindən gətirdiyimiz
bu misalları tariximizin təxminən 14-15 il
bundan əvvəllərinin qürurverici faktlardır. Bəs
ötən 17 il ərzində nələr
baş verdi? Əlbəttə, bu suala cavab elm
adamlarımızın, iqtisadçılarımızın,
politoloqlarımızın, publisistlərimizin
araşdırmalarında öz əksini tapmışdır.
Amma bununla belə bu mövzu ilə bağlı
fundamental tədqiqatlar yəqin ki, hələ qabaqdadır.
Yazılı elmi ədəbiyyat, tarixə
düşmüş yazılı fikirlər öz yerində. Amma xalqın,
millətin, sadə insanların yaddaş deyilən bir
faktı da var ki, bəlkə elə hər şey bundan
başlayır. Xalqımızın
yaxşı yadındadır ki, çox da uzaq olmayan illər
öncə Azərbaycanda 50 faizə yaxın bir
kasıblıq, dolanışıq dərdi çəkən
insan var idi. Bu gün o faiz 4-5 həddinə
çatıb. İllər öncə
bundan əvvəl işsizlik sayının yüksək rəqəmi
bizdə təşviş doğururdu. Bu gün yeni
yaradılan minlərlə iş yeri adamlarımızın rəğbət
mənbəyidir. Bir az bundan əvvəl sosial
islahatlar bir semantik dil vahidi kimi işlək lüğət tərkibində
nadir hallarda görünürdü. Geridə qalan illərdə
mağazaların qarşısında yaranan çörək
növbələrini bu gün xatırlayanda adamın
özünə yazığı gəlir. Bu gün medianın maarifçilik gündəmində
"çörəyi israfçılıqla işlətməyin"
cümləsi həm də onun bolluğundan xəbər verir.
İllər öncə Azərbaycan adamının təqaüdü
onun təkcə çörəyinə bəs edirdi. Bu
gün aparılan sosial islahatlar sistemində dövlət təqaüdü
hər gün, hər il yüksəlməkdədir. Müstəqilliyin
ilk illərində yeni "dövlətin" büdcəsində
uzağı 300 milyon dollar var idi. Bu gün Azərbaycan
dövlətinin büdcəsi 25 milyard dolları çoxdan
aşıb. İllər öncə universitet professoruna
maaş əvəzinə kartof, soğan payı təqdim
olunurdu. Bu
gün universitet professoru ranqından asılı olmayaraq
1000-1500 manat maaşa sahibdir. İllər öncə
Bakı küçələrində avtomobili barmaqla saymaq
olardı. Bu gün Bakı küçələrini
tıxaclardan necə xilas etmək haqqında dövlət
planı həyata keçirilməkdədir. I Qarabağ savaşından keçən uzun illər
ərzində qaçqın və köçkünlərimiz
magistral yolların kənarında qamış daxmalarda,
köhnə vaqonlarda, ən yaxşı halda tələbə
yataqxanalarında yaşayırdılar. Bu
gün bir milyondan artıq o zamankı qaçqın və
köçkünlərimiz onlar üçün salınmış
ən müasir evlərdən ibarət şəhərciklərdə
yaşayırlar. İ.Əliyevin
prezidentliyə başladığı dövrdən Qarabağ
probleminin həlli bir çox beynəlxalq səlahiyyət təşkilatlarının
gündəmində oldu. Bir neçə il
əvvəl Azərbaycanın iqtisadi inkişafı, ümid
yeri neft hasilatına tabe idi. Bu gün kənd təsərrüfatının
yüksək göstəriciləri ölkəmizi neft
asılılığından xilas etməkdədir. Dünən Azərbaycanın köhnə magistral
yollarından keçən avtomobil o yollardan sonra mütləq
təmirə dayanmalı idi. Bu gün
ölkəmizin nəinki ana yolları, habelə
rayonlararası, kənd və qəsəbə yolları
dünya standartları səviyyəsində yenidən qurulub.
Bu yolların səviyyəsini görmək
üçün AzTV-nin dronlar vasitəsilə çəkib
tamaşaçılara təqdim etdiyi canlı
videoçarxlara baxmaq yetər. Dünən
pərakəndə, könüllülərin birləşdiyi,
komandirlərin və komandaların bəsit hərbi format
oyunları bu gün ən müasir silahlara malik bir milli ordu ilə
əvəz olunub. Dünən
torpaqlarımızı kənd-kənd, rayon-rayon, bölgə-bölgə
təslim edən köhnə, nimdaş hakimiyyət tezliklə
elə bir qüvvəyə malik hakimiyyətlə əvəz
olundu ki, cəbhə bölgəsində düşmənin 5
metrliyində yaşayan camaatımızın heç nədən
qorxusu olmadı. Çünki o bölgələri
nizami bir ordu, içində vətən sevgisi, Prezidentinin
inamına söykənən əsgər qoruyurdu. Bu tipli sadalamaları bütöv kitabı tutacaq,
minlərlə səhifəlik yer alacaq mətnlərdə
davam etmək olar.
Biz xalq yaddaşından bəhs etdik. Xalqın
yaddaşında kök salan minlərlə inkişaf, yeniləşmə
faktı onun öz Prezdentinə inam və sevgisini ifadə
edir. Postulat səviyyəsində belə bir fikir var:
öz xalqının, öz millətinin sevmədiyi rəhbərin
beynəlxalq düşərgədə də yeri olmaz. Bütün bu islahatların İlham Əliyevin
öz xalqına sevgisindən doğduğu göz
qabağındadır. Ağcabədidə
qaçqın və köçkünlər
üçün tikilən şəhərcikdə mənzil
sahiblərinə açar təqdim edir. Və
qəflətən məlum olur ki, bu gün Prezidentin doğum
günüdür. O anda Prezident yığılan camaata
doğma, səmimi sözünü deyir: "Bu gün mənim
ad günümdür. Ancaq mən bu ad
günümü Sizinlə, mənə daha doğma olan
insanlarla birgə keçirmək istədim". Adamlar bu sözlərdən duyğulanır. Prezidentin bu səmimiyyəti onları riqqətə
gətirir. Bir ara düşmən bir
daha zəlil xislətini göstərib Tərtərdə,
Ağdamda bir neçə evi top mərmisinə tutub
dağıtdı. Prezident elə o gün hadisə yerindədir.
Doğrusu, hamımız narahatıq: düşmən zəlil
xislətini göstərib o nöqtəni yenə vura bilər.
Yox, Prezident sevdiyi insanların əhatəsindədir və o,
heç nədən qorxmur...
Şamaxıda əməlli-başlı zəlzələ
baş verib. Prezident dərhal oraya səfər edir. Xalqın içində hadisənin təfərrüatını
birbaşa zərərçəkənlərlə müzakirə
edir. Hər
yerdə olduğu kimi, bu məqamda da ömür -gün
yoldaşı, birinci vitse-prezidentlə birgə. Yəqin
o məqamda Prezidentin və birinci xanımın Şamaxı
sakinləri ilə səmimi görüşləri nəinki
yerli camaatın, habelə bütöv bir xalqın heç
vaxt yadından çıxmayacaq.
Prezident
dağılan evlərin, məktəb binalarının yenidən
tikilməsi, bütün dağıntıların aradan
qaldırılması haqqında göstərişlər
verir. Cəmi bir neçə ay keçir və Prezident yenidən
Şamaxıya səfər edir: Yenidənqurmanın necə həyata
keçirildiyini görmək üçün. Yenə
Şamaxı sakinlərinin arasında, yenə ağsaqqallar, gənclər.
Televiziya tipik nümunə üçün
yaşlı bir qadına təhvil verilmiş yeni evi göstərir.
Prezident və xanımı bu ailə ilə səmimi söhbət
edir, sanki, ən əziz, doğma bir ailə ilə!
Prezidentin belə görüşlərdə müntəzəm
olması onun xalqa, millətə, torpağa, kəndə
sevgisinin ifadəsidir. Və belə
görüşlər ötən illərdə o qədər
çox oldu ki, saymaqla qurtarmaz. Biz çox
istərdik ki, hörmətli oxucu Azərbaycan Prezidentinin
müxtəlif xarakterli görüşlərdəki nitqini,
iştirakçılarla münasibətini bir daha
xatırlasın və belə görüşləri izləyəndə
İlham Əliyevin nitqinə diqqət yetirsin. Prezident görüş keçirdiyi hər bir
toplumun qarşısında çıxışı, bu anda
insanlara müraciəti məqamında bu toplumun tipoloji
xarakterini mütləq nəzərə alır. Onun elita ilə
görüşlərdə nitqin elmi-populyar üslubunu, gənclərlə
təmasda onların yeni dünyaya istiqamətlənən
düşüncələrinin hesaba alınmasını, kənd
yerlərindəki görüşlərində xalqın
danışıq üslubuna üstünlük verməsini
hamımız görməkdəyik. Prezidentin doğma ana
dilinə ədəbi dilimizin çeşidli
üslublarında yanaşması, ərəb-fars izafət tərkiblərindən
tutmuş modern alınma sözlərə qədər işlək
lüğətimizin dərinliyinə varması onun bu dilə
sevgisindən irəli gəlir.
Biz
Ümummilli liderimiz Heydər Əliyevin Respublikamıza rəhbərlik
ömrünün bütün
anlarının şahidi və bu anları yaddaşında
saxlayanlardanıq. Ona görə də deyə bilərik ki, o
rəhbərin ölkədə diqqət etmədiyi bir sahə
yox idi: dövlətçilik, iqtisadiyyat, mədəniyyət,
milli-mənəvi dəyərlər, mətbuat, milli sivilizasiya,
elm və təhsil... bir sözlə-bütün sahələr.
Belə bir dövlətçilik və bu dövlətə
liderlik məktəbini İlham Əliyev təkcə dövlətə
məsuliyyət daşıyan Prezident kimi deyil, həm də Vətənə
sevgi hissi ilə yaşayan bir Vətəndaş kimi davam
etdirir. Heydər Əliyevin Azərbaycanı neftin gücünə
ucaltması ötən ilyarımın koronavirus anında qəflətən
qiymətin bütün dünyada sıfıra düşməsilə yeni iqtisadi axtarışlar tələb
etdi. Prezident İlham Əliyev hələ
neçə illər əvvəl neft kapitalını insan
kapitalına çevirməyi mənəvi cəhətdən
sübüt etmişdi. "Neft haçansa tükənə bilər" həqiqəti
İlham Əliyevin heç vaxt tükənməyəcək
kənd təsərrüfatına xüsusi diqqət göstərişini
tarix hələ yəqin ki, gələcəkdə qiymətləndirəcək.
İlham Əliyevin yeni texnologiyaya
ayırdığı dövlət diqqəti bu gün öz
səmərəsini Azərbaycan peykində, ASAN xidmət
modelində, milli avtomobil istehsalında, Sumqayıtdakı
texniki inqilab formatında, kənd təsərrüfatının
elektronlaşdırılmasında özünü göstərməkdədir.
...Və
ölkəmizin belə inkişaf çağında
dünyanı cənginə alan, ən dəhşətli müharibələrdən də təhlükəli koronavirus
təhlükəsi. Bütün özündən
deyən ölkələrin heç biri bu təhlükənin
reallığını İlham Əliyev qədər dərindən
görə bilmədi. Prezident bu koronavirusun pandemiyaya
çevriləcəyini Ümumdünya Sağlamlıq Təşkilatından
da əvvəl elan etdi və xalqı ona qarşı mübarizədə
birgəliyə çağırdı. Bütün dünya gördü ki, İlham
Əliyevin qabaqlayıcı tədbirləri bir təcrübə
kimi istifadə olunmağa layiqdir.
Prezidentin
fədakar həkimlərə dövlət qayğısı da MDB məkanında
çox yüksək qiymətləndirildi. Onun
xüsusi sərəncamı ilə ön cəbhədə
olan həkimlərin maaşları 3-5 dəfə
qaldırıldı.
Koronavirusla mübarizə üçün xəstəxanalar
hazırlıq vəziyyətinə gətirildi. Otellərin
bir çoxu xəstəxana kimi hazırlandı. Təhvil
verilməsi gələn ilə müəyyənləşdirilən xəstəxanaların
tikintisi tezləşdirilib istifadəyə verildi. Bakıda və regionlarda modul tipli xəstəxanalar
tikildi. Karantin rejimi tətbiq olundu. Prezidentin humanist addımları hesabına heç
kimin işdən ixtisarına yol verilmədən maaşlar
olduğu kimi yerində qaldı. Çox ciddi sosial islahtlar aparıldı,
sosial yardımlar təyin edildi. Bunlar saymaqla qurtaran deyil və
biz bu yerdə belə bir nəticəyə gəlirik ki,
İlham Əliyev İlahi bir qüvvə kimi sanki bu
ağır günlərin xilaskarı rolunu öz öhdəsinə
götürdü. Xalq, millət
bir daha aydın şəkildə gördü ki, onun söykəndiyi,
pənah gətirdiyi, bütün anlarda güvəndiyi bir rəhbəri
var: İlham Əliyev!
Prezident
İlham Əliyev sadaladığım və
xalqımızın yaddaşında bunlardan da min-min artıq
qalan iş gördü. Amma bu fəaliyyətin hamısı
bir əsas məqsədə xidmət edirdi: İşğal
altında olan torpaqlarımızı yağı düşməndən
azad etmək, xalqın, millətin alçaldılmış ləyaqətini
özünə qaytarmaq!
Prezident ölkəyə
rəhbərliyinin ilk günündən Qarabağın
azadlığını müqəddəs bir vəzifə kimi
qəbul etmişdi. Yenə də xalqımızın
yaxşı yaddaşındadır ki, İlham Əliyev
bütün çıxışlarında bir cümləni
mütləq xüsusi vurğulayırdı: "Biz
torpaqlarımızın bir qarışını da
düşmənə güzəşt etməyəcəyik!"
İşğaldan
otuz il keçir və artıq adamların
bəzilərində Prezidentin bu cümləsi təsəlli
kimi qəbul edilirdi. Zahirdən nəzər salanda o adamları
qınamaq da olmurdu: Ermənistan Qarabağda möhkəmlənib,
havadarları yanındadır, problemin həllinə cavabdeh
qurumlar - BMT, ATƏT,
onların yaratdığı Minsk qrupu və s. təşkilatlar
açıq şəkildə ya etinasızlıq edir, ya da
dolayısı yolla işğalçını müdafiə
edir, qəsdən status-kvonu uzadırdılar. Belə
bir şəraitdə Prezidentin "Biz mütləq
Qarabağı azad edəciyik!" nidasına inamsızlıq
edənləri necə qınamaq olardı? Amma İlham
Əliyev özünün "nidası"nı
da ortaya qoydu. Ermənistanın Baş naziri Nikol
Paşinyan Şuşanın Cıdır düzündə
yallı gedir və "Qarabağ Ermənistandır, nöqtə!"
deyə nəinki bizə, habelə dünyaya meydan oxuyur.
Bizim Prezidentimiz isə buna cavab olaraq dünyanın neçə-neçə
dövlət başçısının iştirak etdiyi bir
tədbirdəki çıxışında "Qarabağ Azərbaycandır
və nida!" deyərək Paşinyanın nöqtəsini məhv edir.
Tanrının bizə göndərdiyi bu cəsarət sahibi sən demə, çox ciddi şəkildə Vətən müharibəsinə hazırlaşırmış. Bir az qabağa gedib deməliyik ki, 44 günlük Vətən müharibəsi dövründə onun tez-tez təkrarladığı bir fikir heç vaxt, heç kəsin yadından çıxmayacaq. Torpaqlarımızın azadlığı uğrunda müharibənin vaxtını nəzərdə tutaraq: "Mən özüm bilirdim - nə vaxt, necə!" Bu fikir onu deməyə əsas verir ki, Prezident Vətən müharibəsinə güclü bir hazırlıq görməkdə imiş: Ordumuzu gücləndirdi, kadrları seçdi, Ali Baş Komandan kimi əsgərlərimizin təlim strategiyasını dünyada görünməmiş bir səviyyəyə qaldırdı, qələbəmizi təmin etməkdə misilsiz rolu olan Xüsusi təyinatlıları cəbhəyə hazırladı.
Qarabağın azadlığı uğrunda müharibəyə başlanğıc nöqtəsinə isə Ermənistan özü şərait yaratdı. Tovuz sərhədində erməni təxribatı! Bu təxribatdan dərhal sonra Ali Baş Komandan xalqa müraciətlə qudurmuş, arxayınlaşmış düşmənə qarşı Azərbaycanın müharibəyə başladığını elan etdi. 44 gün davam edən bu müharibənin gedişi-hər günümüzün qələbəsi, ordumuzun rəşadəti, xalqımızın birliyi milli mətbuatımızın bütün qurumlarında Vətən sevgisi ilə işıqlandırıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev bu müharibəni dünya təcrübəsinə uyğun olaraq "Vətən müharibəsi" adlandırdı.
44 günlük Vətən müharibəsinin hər günü qələbə müjdəsilə bitirdi. Bu müjdəni Ali Baş Komandan özü verirdi və yəqin ki, telekanallarımızın efirində o xəbəri qürurla təqdim edən Ali Baş Komandanın sabaha inamla dolu çıxışlarındakı Vətən sevgisini hər kəs bu gün də yaxşı xatırlayır və bu gün də görməkdədir.
Biz bir daha Prezident İlham Əliyevin diplomatik savadına, məntiqinə, yaddaşının, biliyinin fenomenal formatına qayıtmaq istərdik. Onun 44 günlük Vətən müharibəsi dövründə və postmüharibə çağında xarici jurnalistlərə saysız müsahibələri, brifinqləri Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Vətən müharibəsindəki zəfərimiz müqəddəs üçlüyün adına yazıldı: Ordumuz , Ali Baş Komandan, Xalq birliyi. Bu, elə bir birlik oldu ki, heç kim, heç bir qüvvə bir daha bu birliyi sarsıda bilməz...
Oxucu yəqin hiss etdi ki, biz 44
günlük Vətən müharibəsinin təfərrüatına
varmadıq. Çünki bu təfərrüat
mediamızın tarixə çevrilmiş, bu günün və
gələcəyin mükəmməl bir mənbə rolu oynayacaq səhifələrindədir.
Tarix onu da heç vaxt unutmayacaq ki, yağı düşmən
üzərindəki ləyaqətli qələbəmiz
Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin
uzaqgörənliyi, diplomatik səyləri və bir də
heç kimdə olmayan CƏSARƏTİ hesabına meydana gəldi.
Tanrı Ordumuzu,
Xalqımızı, bütövləşmiş Vətənimizi
və bu böyük CƏSARƏT sahibini qorusun!
Nizami
CƏFƏROV
Akademik,
Cahangir
MƏMMƏDLİ
Professor
525-ci qəzet.- 2021.- 13 oktyabr.- S.6-7.