Nəvəm necə böyüdü
HÜSEYNİN 7 YAŞINA
4 YAŞI
OLANDA
- Əliş baba!
- Can!
- (bığımı göstərir) Bu, nədir?
- Bu, bığdır.
- Hardan almısan?
- Mağazadan...
- Neçəyə almısan?
- Beş manata.
- Niyə almısan?
- İstədim ki,
bığım olsun.
- Bığ yaxşı şeydir?
- Pis deyil...
- Onda birini də
mənə al.
- Niyə ki?
- İstəyirəm mənim
də bığım
olsun.
- Sənə olmaz.
- Niyə?
- Çünki uşaqların
bığı olmur.
- Niyə?
- Olmur da...
- Almırsan?
- Yox..
- Onda sən yatanda
bığını oğurlayacam.
- Oğurlaya bilməzsən.
- Niyə, Əliş baba?
- Ona görə ki, onu qopartmaq
olmur. Onu ora Allah baba
yapışdırıb.
- Aaaa, bəs bayaq dedin ki
mağazadan almısan!..
-
........... (məni gülmək tutur)...
6 YAŞI
OLANDA
(Qardaşım vəfat edəndən və anamın yanında dəfn olunduqdan 1 həftə sonra)
- Əliş baba!
- Hə, bala.
- (qardaşımın boş çarpayısını
göstərir) Bəs
Şahin əmi hanı?
- ...Şahin əmi
gedib.
- Hara gedib?
- Göyçaya - anasının
yanına...
- Niyə gedib, Əliş baba?
- Anası çağırdı,
o da getdi.
- Anası niyə çağırdı?
- Çağırdı
ki, bir yerdə
olsunlar
- Heyif, onda bir də
qayıtmaz.
- (kövrəlirəm)
Hə, bir də qayıtmayacaq.
- Anası buraxmayacaq?
-...Hə,
buraxmayacaq.
- Niyə buraxmayacaq, Əliş baba?..
- Çünki onu çox istəyirdi.
- Anan səni də çox istəyir, Əliş baba?
- Hə, istəyir...
- Onda səni də çağıracaq?
- Hə, çağıracaq...
- Nə vaxt çağıracaq,
Əliş baba, darıxanda?
- (qəhər boğazıma
dirənir) Vaxtı çatanda...
- (təlaşla) Əliş
baba, onda sən də qayıtmayacaqsan?
-...........
- Əliş baba,
gözünə nə
oldu, çöp düşdü?
-
........... (özümü
və göz yaşımı saxlaya bilmirəm, deyəsən,
ağlayıram)
- Ana, ana, gəl! Deyəsən, Əliş
baba ağlayır...
YENƏ 6
YAŞ...
- Ana!.. ay ana!..
- Nə olub, Hüseyn?
Nədən qorxmusan?
- İndi televizorda bacıya oxşayan bir uşaq gördüm...
(hiss olunur ki, qəhər boğazına dirənib, bir himə bənddir).
- Lap yaxşı. Bəs sənə nə
oldu ki?
- Ana, üzünü görmədiyim
bir xala deyirdi ki, anası
o uşağı atıb
küçəyə (daha
özünü saxlaya
bilmir - hönkürür).
- Yaxşı, sakit ol, al su iç...
Sən kişisən axı.
Kişi ağlamaz... Sakitləş və de görüm
nədən qorxmusan?
- Uşağın gözləri
bacının gözləri
kimi yumulu idi, amma gülürdü
(7 aylıq bacısını
nəzərdə tutur)...
Onu götürüb harasa apardılar (hıçqırır).
Ana, anası onu
niyə atıb?
Bəs
Allah babadan qorxmur?
- Yəqin qorxmur da, bala. Qorxsaydı öz
balasını çölə
atardımı? (Artıq anası da kövrəlib, çalışır ki,
uşaq bunu hiss eləməsin).
- Ana,
Allah baba onun anasına nə eləyəcək?
- Özü nə məsləhət bilirsə,
onu da edəcək,
Hüseyn.
- Mən istəyirəm ki, Allah
baba onun öz gözlərini yumsun, bir də
aça bilməsin! (yenə kövrəlib
ağlayır)
- Gəl, biz Allah babanın işlətinə qarışmayaq,
Hüseyn. Özü lazım bildiyini edəcək..
- Ana, bəs o uşağı hara apardılar?
- Uşaq evinə... Orda ona baxacaqlar, yedirdəcəklər, o da
başlayacaq böyüməyə.
- Bəs onun anası
kim olacaq?
-
...........
- Anası olmayacaq onun, ana? Bəs
onu kim
öpəcək, kim gəzdirəcək?
- (Anası üzünü yana çevirib gözlərinin yaşını
xəlvətvə silir)
Ona yaxşı xalalar baxacaq, xalalar öpəcək onu, gəzdirəcəklər...
- Bəs böyüyəndə
ondan soruşanda ki, anan kimdir,
nə deyəcək?
- Deyəcək ki, kim məni
böyüdübsə, o da
mənim anamdır.
- Belə olur, ana?
- (Köks ötürür) Olanda olur... Yaxşı, get üzünü
yu...
- (Çevrilib vanna
otağına tərəf
bir neçə addım atır. Qəfildən
dayanıb geri çevrilir) Ana, bir mehriban xala var
ey... Hamı deyir ki, o, balaca uşaqlara yaxşı baxır, onları çox istəyir. Onun adı nədir?
- Onun adı da
elə özü kimi
Mehribandır.
- Hə, yadıma düşdü -
Mehriban xala. Ana o qoymaz da bu
uşaq da anasız qalsın, hə?
- Əlbəttə, Hüseyn. O, bütün
balaca uşaqların dostudur.
- Nə yaxşı! Onda bütün uşaqlar da onun dostudur,
hə?
- Hə, əlbəttə!
- Mən də onun dostu olacam,
ana, yazmağı öyrənən kimi ona məktub yazacam.
- (Anası onu öpür) Bu gün gördüm ki, sən artıq böyümüsən, əziz
balam...
İLK
DƏRS GÜNÜNDƏ HÜSEYNƏ BABA
XEYİR-DUASI
Gözəl balam!
Bu gün sinif otağına ayaq basıb şagird - yəni öyrənən adı qazanacaq, qarşıdakı illərdə bu dünyanı sənə daha yaxından tanıdacaq çox şeylər öyrənəcək, çox sirlərə vaqif olacaqsan. Bu uzun yolda sənə uğurlar arzulayıram. Qoy yolun həmişə işıqlı, əqlin iti, öyrənmək istəyin tükənməz olsun!
İndiki nəsil məsləhəti, tövsiyəni xoşlamasa da, sənə 2 baba nəsihəti ərməğan edirəm. Onları qulağında sırğa eləsən, böyüyəndə babanı minnətdarlıqla xatırlayacaqsan.
1. Hər vaxt, hər şəraitdə vicdanının səsini eşitməyə çalış, hər gün, hər an onunla dialoqda ol, onunla məsləhətləş. Unutma ki, vicdan Ulu Tanrının bizim içimizdə közərən və İblisə aman verməyən işartısı, insan xislətinin özülüdür və deməli, vicdana tapınmaq - elə Allaha tapınmaq deməkdir.
2. Bütün elmlərə vaqif ol, amma ilk növbədə Vətəni sevmək elmini öyrən, "bu Vətən mənə nə verib?" yox, "mən bu Vətən üçün nə etmişəm?" deyənlərdən ol, Vətəni özünə yox, özünü Vətənə borclu bil! Bu Vətəni bizə Allah ərməğan edib və biz onu sevməsək, onu qorumasaq, Allah bunu bizə bağışlamaz!
Bu dünyada sadəcə adam kimi baş girləyən yox, İNSAN olmağın yeganə düsturu budur!
Uğurlar, Hüseyn
bala!
Qoy, bəxtin, taleyin sənə yar olsun!
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2021.- 14 oktyabr.- S.16.