Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər
ölməz, Vətən bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz:
shahane.mushfiq@gmail.com
***
Elçin Bayram oğlu Alıyev 16 iyul 1975-ci ildə
Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 1982-ci ildə
Qubadlı rayonunda 1 saylı orta məktəbin 1-ci sinfinə
gedib, 1992-ci ildə həmin məktəbin məzunu olub.
1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinə qəbul olub. 1993-cü ildə Ali Hərbi
məktəbə yerdəyişmə edib. 1993-cü ildə Bakı Ali Birləşmiş
Komandanlıq Məktəbinin Tank Artilleriya fakültəsinin
1-ci kursuna qəbul olub. 1997-ci ildə
Taktiki Yerüstü Artilleriya Komandiri və Artelleriya
Silahlarının İstismarı üzrə mühəndis
ixtisasları alaraq bitirib.
1997-2005-ci
illərdə N saylı hərbi hissədə
Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat
rəisi, 2006-2010-cu illərdə N saylı hərbi hissədə Artilleriya rəisinin köməkçisi,
2010-2011- ci illərdə N
saylı hərbi hissədə
Artilleriya rəisinin baş köməkçisi, 2014 sentyabr -
2015 yanvar tarixə qədər H.Əliyev adına Azərbaycan
Ali Hərbi məktəbində müəllim, 2015 yanvar - 2017
aprel tarixində isə N saylı hərbi hissədə
Artilleriya bölməsinin rəisinin baş köməkçisi
vəzifəsində xidmət edib.
2016-cı ilin Aprel
döyüşlərində Lələtəpənin azad
olunmasında öndə gedən igidlərimizdən biri olub.
2017-ci il aprel ayından öz arzusu ilə həqiqi hərbi
xidmətdən ehtiyata buraxılıb.
Təqaüdə
çıxmasına baxmayaraq, mayor Elçin Alıyev Vətən
müharibəsi başladıqdan sonra 1 oktyabr 2020-ci ildə N saylı hərbi hissədən
könüllü müharibəyə yollanıb. Döyüş yolu əvvəlcə Ağcabədi
rayonunda əsgərlərə təlim keçməklə
başlayır. Sonra isə əsgərləri
ilə birgə Füzuliyə döyüşə qatılır.
Hadrutda, Xocavənddə, Qubadlıda, Şuşada gedən
döyüşlərdə fəal iştirak edən igidlərdən
biri olur.
Müharibə zamanı ayağından yaralanmasına
baxmayaraq, döyüşə davam etmişdi. 7 noyabr 2020-ci
ildə belindən zədə alır. Bir
gün yaralı vəziyyətdə döyüşür.
9 noyabr 2020-ci ildə Şuşada gedən
döyüşlərdə qəhrəmanlıq göstərərək
şəhidlik zirvəsinə ucalıb. II
Fəxri xiyabanda dəfn olunub.
7 il öncə Ramiyə adlı xanımla ailə
həyatı quran şəhidimizin Rəhim adlı bir
övladı vətənə əmanət qalıb. O, ailəsiylə
son dəfə noyabrın 2-də danışır. Onlara hər
şeyin yaxşı olduğunu, az
qaldığını, qələbə qazanıb evə
dönəcəyini deyir.
Elçin
Alıyev şəhadətindən sonra "Vətən
uğrunda" ,"Döyüşdə fərqlənməyə
görə", "Fuzulinin azad olunmasına görə",
"Qubadlının azad olunmasına görə",
"Şuşanın azad olunmasına görə"
medalları və 3-cü dərəcəli "Rəşadət"
ordeni ilə təltif edilib.
***
Elgün
İlham oğlu Paşayev 1994-cü il
martın 4-də Sabirabad rayonunun Qalaqayın kəndində
anadan olub. O, Füzuli rayonun yuxarı Zərgar kəndindən
olan Zobcuq 2 sakinidir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan
Elgün Paşayev Füzuli rayonunun Şükürbəyli kəndində
yerləşən N saylı hərbi hissədə sanitar təlimçisi
olaraq xidmət göstərib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzulinin azadlığı uğrunda
gedən döyüşlərdə savaşıb və
sentyabrın 27-də Füzuli döyüşləri
zamanı qəhrəmancasına şəhidlik zirvəsinə
yüksəlib.
2015-ci ildə
Zəhra xanımla ailə həyatı quran şəhidimizin
6 yaşlı qızı Paşayeva Mələk və 4
yaşlı oğlu Paşayev İlham onun nişanəsi
olaraq vətənə əmanətdir.
Elgün
Paşayev şəhadətindən sonra "Vətən
uğrunda", "Xocavəndin azad olunmasına görə"
və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Bəhruz
Fazil oğlu İbrahimov 1983-cü il
mayın 22-də Füzuli rayonunun Govşatlı kəndində
anadan olub. 1991-ci ilin sentyabr ayında Füzuli
rayon Gövşad kənd tam orta məktəbə daxil olub,
2002-ci ildə Beyləqan rayon Milabad qəsəbəsində məktəbi
bitirib.
2002-ci il iyul ayında Beyləqan RHK tərəfindən
həqiqi hərbi xidmətə çağrılıb.
2004-cü il hərbi xidmətini başa
vuraraq ehtiyata buraxılıb. 2007-ci ildə Azərbaycan
Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində
MAHHXHQ kursuna daxil olub. 2007-ci ilin oktyabr
ayından N saylı hərbi hissədə sürücü vəzifəsində
xidmət edib. 2012-ci ilin noyabr ayından
etibarən N saylı Hərbi Qospitalda sürücü vəzifəsində
xidməti davam etdirib. 2019-cu ilin aprel
ayının 8-də N saylı hərbi hissəyə
sürücü vəzifəsinə təyin olunub. 30
iyul 2020-ci il tarixdən N saylı hərbi
hissədə baş sürücü vəzifəsində
xidmət edib.
Xidməti müddətində qüsursuz hərbi xidmətinə
görə nizam intizam, döyüş və ictimai-siyasi
hazrlığı ilə nümunəvi hərbçi olub. Çox sayda fəxri fərmanları
medalları var. 2016-cı il aprel
döyüşlərində göstərdiyi fədakarlığa
görə rəhbərliyin və yoldaşlarının rəğbətini
qazanıb.
Verilən
tapşırıqların öhdəsindən layiqincə gəldiyi
üçün "Qüsursuz xidmətə görə"
3-cü dərəcəli medalı,
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
90 illiyi (1918-2008)" yubiley medalı, "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 95 illiyi
(1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100
illiyi (1918-2018)" yubiley medalları ilə təltif edilib.
Azərbaycan
Ordusunun kiçik çavuşu olan Bəhruz İbrahimov
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb və
sentyabrın 30-da Füzuli döyüşləri zamanı
şəhid olub.
Aygün Fərhadova ilə ailəli olan şəhidimizin
üç övladı yadigar qaldı.
Şəhid qardaşı Mübariz İbrahimov deyir ki,
uzun illərdir doğma yurdlarına qayıdacaqları
günü gözləyiblər. Bəhruz da bu arzu ilə
yaşayıb: "Uşaq yaşlarından erməni
vandalizmini görmüşdü, ona görə də hərbçi
olmağa qərar verdi. Həqiqi
hərbi xidməti bitirdikdən sonra ailə quran Bəhruz,
daha sonra müddətdən artıq hərbi xidmətçi
kimi Vətənin keşiyində dayandı. O, 10
yaşında ayaqyalın çıxdığı
Füzuliyə qəhrəman hərbçi kimi tank
üstündə qayıtdı. Doğma
rayonumuzun azad edilməsində böyük şücaət
göstərdi".
Bəhruzun sonuncu danışığı övladı
Farizlə olub.
Ona ata nəsihəti verərək, dərslərini
yaxşı oxumağı, Vətənə layiqli övlad
kimi yetişməyi tövsiyə edib.
Bəhruz
İbrahimov şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə",
"Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
İlkin Abdulla oğlu Məmmədov 26 noyabr 1990-cı
ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan
olub. 1997-ci ildə Kürdmahmudlu kənd tam orta məktəbin
1-ci sinfinə qəbul olur. Ailəlikcə
Abşeron rayon Saray qəsəbəsinə
köçdüklərinə görə 11-ci sinfi orada bitirir.
İdmana böyük həvəsi olduğuna görə
kiçik yaşlardan məşqlərə başlayan
İlkin 2000-ci ildə karate üzrə Respublika
çempionatında 3-cü yeri tutub. 2009-cu ildə həqiqi
hərbi xidmətə çağırılır. İdman sahəsində tanındığına
görə Azərbaycan Silahlı Qüvvələrinin N
saylı hərbi hissənin Xüsusi təyinatlı bölməsində
xidmət edir.
2012-ci ildən Hərbi Dəniz Qüvvələrində xidmətə qəbul edilir.
MMA döyüş növü üzrə beynəlxalq dərəcəli hakim statusunun sahibidir.
İlkin 2020-ci il avqust ayından N saylı hərbi hissədə xidmət edir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə ilk gündən silaha sarılaraq bir neçə döyüş əməliyyatlarında fəal iştirak edir. Düşmənin xeyli canlı qüvvəsini məhv etməsində xüsusilə fərqlənir. 2 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri ətrafında döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.
İlkin Məmmədov şəhadətindən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
***
Mirsədi Mircəfər oğlu Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub. 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində "təmirçi çilingər və avtomobil sürücüsü" ixtisası üzrə təhsil alıb.
Mirsədi Bağırlı 2018-ci ildə Tərtər Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin əvvəlcə Zaqatala rayonunda, sonra isə Xızı rayonunda yerləşən N saylı hərbi xidmət edib. 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində Gizir Kurslarında təhsil alıb. 2020-ci il yanvarın 28-dən "gizir" hərbi rütbəsində hərbi xidmətini başa vurub. 2020-ci il martın 30-dan isə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən N saylı hərbi hissəsində ÇHD-nın xüsusi təyinatlı qrupunun sıralarında snayperçi olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
2020-ci ilin 17-18 avqustunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Mirsədi Bağırlı şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Ayaz Nizami oğlu Abasov 1998-ci il dekabrın 20-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhidlik məqamına ucalıb.
Ayaz Abasov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Anar Saday oğlu Hüseynli 1994-cü il avqustun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2000-2011-ci illərdə S.Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb.
O, 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Hüseynli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb və noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub.
Anar Hüseynli şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Xəqani Mənsur oğlu Cəmilli 1995-ci il fevralın 22-də Yevlax rayonunun Varvara kəndində anadan olub. 2001-2012-ci illərdə T.Səmədov adına Varvara kənd tam orta məktəbində təhsil alıb.
2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun giziri olan Xəqani Cəmilli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 4-ü Yevlax rayonunun Varvara kəndində dəfn olunub.
Xəqani Cəmilli şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
***
Xansu Elsevər oğlu Qurbanov 2000-ci il sentyabrın 23-də Naxçıvan şəhərində Elsevər Qurbanov və Yəmən Abbasovanın ailəsində anadan olub. 2006-2017-ci illərdə Naxçıvan şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil alıb.
2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Xansu Qurbanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhidlik məqamına ucalıb. Naxçıvan şəhərində dəfn olunub.
Xansu Qurbanov şəhadətindən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Xeyrulla
Mais oğlu İbrahimov 1971-ci il aprelin 19-da
Bakı şəhərində anadan olub. 1978-1985-ci illərdə
Suraxanı rayonunda 116 nömrəli tam orta məktəbdə,
1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.
1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya
Komandanlıq Məktəbində "Artilleriya"
ixtisası üzrə ali hərbi təhsil
alıb.
O, 1992-ci
il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər
Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi
rayonunda yerləşən N saylı hərbi hissəsində
Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi - Divizion
Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun
5-dən 1993-cü il noyabrın 1-nə qədər isə
Hacı Zeynalabdin qəsəbəsində yerləşən N
saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun
Komandiri vəzifəsində xidmət edib.
1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsi
zamanı Laçının, Tərtərin, Cəbrayılın,
Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi
uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il
martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli
istiqamətində gedən döyüşlərdə
yaralanıb.
1993-cü
il noyabrın 1-dən 1993-cü il yanvarın 18-nə qədər
Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan
Müdafiə Qoşunlarının (HHM) sərəncamında
olan Xeyrulla İbrahimov, 1994-cü il yanvarın 18-dən 1997-ci
il mayın 14-nə qədər Gəncə şəhərində
yerləşən N saylı hərbi hissədə Artilleriya
Divizionunun Komandiri, 1997-ci il mayın 14-dən 1998-ci il
noyabrın 1-nə qədər isə həmin hərbi hissədə
Haubitsalı Artilleriya Divizionunun Komandiri vəzifəsində
xidmət edib. 1994-cü il iyunun 24-də
"Baş leytenant" hərbi rütbəsi, 1997-ci il iyunun
30-da isə "Kapitan" hərbi rütbəsi verilib.
1998-ci il noyabrın 1-dən 1999-cu il iyunun 29-na qədər
Abşeron rayonunda yerləşən 4-cü Ordu Korpusunda
Artilleriya rəisi vəzifəsində xidmət edən
Xeyrulla İbrahimov, 1999-cu il iyunun 29-dan 2000-ci il iyunun 26-na qədər
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi
Akademiyasında dinləyici olub. 2000-ci il
iyunun 30-da "mayor" hərbi rütbəsi verilib.
Xeyrulla
İbrahimov 2000-ci il iyulun 26-dan 2003-cü
il sentyabrın 30-na qədər Ağcabədi rayonunda yerləşən
N saylı hərbi hissədə Komandir müavini, 2003-cü
il sentyabrın 30-dan 2004-cü il aprelin 1-nə qədər həmin
hərbi hissədə Komandirin MTT üzrə müavini - MTT
bölmə rəisi vəzifəsində xidmət edib.
2004-cü il iyunun 30-da
"polkovnik-leytenant" hərbi rütbəsi verilib.
2003-cü
il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına
əsasən Azərbaycanın müstəqilliyinin və ərazi
bütövlüyünün qorunub saxlanmasında xüsusi
xidmətlərinə, öz xidməti vəzifələrini və
hərbi hissənin qarşısında qoyulmuş
tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə
görə "Hərbi xidmətlərə görə"
medalı ilə təltif olunub.
Növbəti
7 il ərzində Xeyrulla İbrahimov hərbi
hissələrin Komandiri vəzifəsində xidmət edib. O, əvvəlcə
2004-cü il aprelin 1-dən 2009-cu il iyulun
25-nə qədər Goranboy rayonunda yerləşən N
saylı hərbi hissənin, sonra isə 2009-cu il iyulun 25-dən
2011-ci ilə qədər Naxçıvan şəhərində
yerləşən N sayı hərbi hissənin Komandiri olub.
Könüllü olaraq 2011-ci ildə Azərbaycan
Silahlı Qüvvələrinin sıralarından ehtiyata
buraxılıb. 20 il davam edən qüsursuz xidməti
ərzində "Kobra" ləqəbini qazanıb.
2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsində
könüllü olaraq Müdafiə Nazirliyinə müraciət
edən ehtiyatda olan polkovik-leytenant Xeyrulla İbrahimovun
müraciətinə dərhal baxıldı və o, 4-cü
Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində müharibəyə
yollandı.
Azərbaycan
Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov Vətən
müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın,
Qubadlının və Xocavəndin azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb,
Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin,
dayan məntəqələrinin məhv edilməsi zamanı fərqlənib.
Ermənistan Ordusunun rəhbərliyi tərəfindən
döyüş meydanında "Kobra" ləqəbi ilə
tanınan Xeyrulla İbrahimovun öldürülməsi pul
ödənişi belə təyin edilmişdi. O,
oktyabrın 26-da Xocavənd döyüşləri zamanı
şəhid olub. II Şəhidlər
xiyabanında dəfn olunub.
1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı, Anar və Vasif adında iki oğlu yadigar qaldı.
Xeyrulla İbrahimov şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
İlkin Bəkir oğlu Ələsgərli 1992-ci il oktyabrın 14-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. 1999-2010-cu illərdə S.Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb.
2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Daha sonra xidmətini "gizir" hərbi rütbəsi altında davam etdirirdi. 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Ələsgərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub.
İlkin Ələsgərli şəhadətindən
sonra "Vətən uğrunda", "İgidliyə
görə" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-
2021.- 14 oktyabr.- S.14-15.