Yazıçı Əfqanın "Cənnətməkan"ı:
türk hökmdarın siyasətnaməsi
Azərbaycan ədəbiyyatının dəyərli
imzalarından biri - Əməkdar incəsənət
xadimi Əfqan həm ömrünün və həm də yaradıcılığının
zirvəsindən izləyir
dünyanı. Bu zirvədən
baxanda, öz zəhmətilə yaratdığı
qiymətli xəzinə
dəyərində olan
əsərlərinə nəzər
yetirəndə, yəqin
ki, sevinir və illərini hədər keçirmədiyinə
görə çox məmnun olur. Bir əsrə yaxın müddətdə
bu dünya ilə baş-başa yaşamaq, özü bir gözəl dünya yaratmaq və ömrün ixtiyar çağına qədər nüfuzunu, hörmətini qorumaq elə-belə iş deyil!
"Bəy İnal", "Qartal əfsanəsi",
"Gülyanaq","Katib", "Həsrət də bir vüsaldır",
"Şahlar Şahı",
"Cənnətməkan" romanları; "Qozbel",
"Məhəbbət ətirli
qərənfilim", "Dünya
gözəlliyindir", "O, daş deyildir" povestləri, "Gecikmisən"
(1961), "Gözəllik sorağında"
(1962), "Sən tək
deyilsən" (1963), "Sarı
əlcək" (1965) hekayə
topluları, "Sarı
əlcək", "O, mənim
oğlumdur", "Qız
atası", "Gülməyən
adam", "Dağ seli", "Tamah dişi", "Cənnət
alması" pyesləri
Əfqanın Azərbaycan
ədəbiyyatında qurduğu
sarayın bürcləri,
hücrələri, otaqlarıdır.
Hər əsərlə oxucunu fərqli aləmlərə
aparır yazıçı
təxəyyülü. Bu yazımda yazıçının
"Cənnətməkan" aləmində görüb
öyrəndiklərimdən söz açmaq istəyirəm. Bəli, məhz
öyrəndiklərimdən.
Bədii əsərlər əksər
hallarda oxucunun vaxtını dəyərləndirmək,
zövq alaraq keçirmək məqsədilə
üz tutduğu mənbə olur. Bu əsər isə öyrədərək, inkişaf
etdirərək zövq
almağa səbəb
olur. Ədəbiyyatın əsl təyinatı
da elə bu deyilmi?
Tarixi roman janrında,
eləcə də əxlaqi-didaktik zəmində
yazılmış "Cənnətməkan"
bir insana öncə müəyyən
ailənin, sonra millətin, sonra isə bəşəriyyətin
nümayəndəsi müstəvisində
yanaşır. Əsəri oxuduqca yazıçının
bu romanı qələm götürüb
yazdığını deyil,
əsrlərin o tayında
baş verənləri
öz gözləri ilə görüb danışdığını təsəvvür edirdim.
"Qabusnamə", "Əxlaqi-Nasir", "Sirlər
xəzinəsi", "Siyasətnamə"
tipli əsərlərin
müasir dövrümüzdə
də yazıldığını
"Cənnətməkan"ı oxuyanda öyrəndim.
Roman 15 hissədən ibarətdir:
1.Yol uzun, döngəsi çox
2.Yazıya pozu yoxdur
3.Tarixdən bir səhifə
4.Çarıq
müharibəsi
5.Millətin qazancı
6.Sultan Mehmetə ikinci məktub
7.Şah səbri
8.Bağdad kimindir?
9.Ərk qalası
10.Güzəran aynası
11.Kəpəzin göz yaşı
12.Güzgülü pəhləvanlar
13.Müəllim sözü
14.Göydə Allah, yerdə
qeyrət
15.Türkün gözəl gəlini
Romanın kiçik hissələrə
bölünməsi oxu
prosesini axıcı və maraqlı edir. Əsas xətt olaraq
Şah Abbas Cənnətməkanın dövlətçilik
siyasəti, fəaliyyəti,
yürüşləri, idarəetmə
üsulları, ideyalarından
danışılsa da,
yeri gəldikcə mövzuya uyğun danışılan situativ
hekayətlər, rəvayətlər
əsərə folklor
enerjisi, xalq ədəbiyyatı kaloriti
əlavə edir.
Əsərdə diqqətimi çəkən
iki məqam məndə fərqli və maraqlı təəssürat yaratdı.
1. Türk olmağın fəxrini, qürurunu yaşayan yazıçı
təkcə Azərbaycan
türklərindən deyil,
geniş müstəvidə
bütün türklərin
tarixinə, uğur və uğursuzluqlarına
toxunur.
Haqqında danışdığı hökmdarları
ilk olaraq bir türk kimi təhlil edir. Onların verdiyi
qərarların, etdikləri
əməllərin, fikirlərin
türk dünyasına
əks-sədasını, təsirini
araşdırır.
"Mehmet Fateh iki sahili bir
edib, gündoğardan
günbatara körpü
salıb. Bu, şöhrət
tarixidir, vəzir.
İstanbul onun yadigarı
kimi yaşayır.
Əsl türk oğlu türk olub. Türk millətini ucaldıb.
Sübut
edib ki, türk milləti böyük millətdir.
Mehmet Fateh millətin qazancıdır, vəzir.
Kaş Üçüncü Mehmet
də ulu babası kimi millətin qazancı olaydı. Arzum budur...
Səfəvi şahları taxta çıxarkən millətə
qazanc olacaqları haqda and içirlər. Bu, müqəddəs anddır.
Şah İsmayıl Xətaidən bəri bütün şahlar and içiblər: "Göydə
Allah, yerdə Quran!" Bu anda şahidlik ediblər. Şah Abbas da diz çöküb, Quranı öpərək
and içmişdi".
Bütün türk dünyasının
gücünün yalnız
birlikdə olmasını
yazıçı rəğbət
və ehtiramla yaratdığı baş
qəhrəmanının fikirləri
vasitəsilə göstərməklə
əslində öz mövqeyini də bəlirləmiş olur:
"Şah Abbas
qalxıb bir xeyli gərdiş elədi. Kim bilməsə də, Hətəm bəy bilirdi ki, Şah Abbas
nə sünni-şiə
davası edir, nə də sərhəd davası.
Hökmdarın sinəsini parçalayan
bütün türk dünyasının dərdi
idi. O dərd ki, bütün Təbrizi, Ərdəbili,
Gəncəni, Çuxursəddi,
Ərzincanı dağıtmışdı.
Bu dərdin adı
yenə hikkə idi. Sultan Mehmet
hikkəsindən əl
çəksəydi, Şah
Abbas ən seçmə süvarilərini
Vyananın astanasında
ilişib qalmış
Osmanlı paşalarının
köməyinə göndərərdi.
- Vəzir, bəlkə...
türkün ən dəhşətli bəlası
ötənlərdən dərs
götürməməsidir".
Əsərin baş qəhrəmanı
Səfəvi hökmdarı
Şah Abbasdır. Oxucu onun
düşüncələrini, ideallarını, məqsəd
və planlarını
vəziri ordubadlı Hətəm bəylə, eləcə də tarixi hadisələri qələmə almasını
istədiyi ərdəbilli
İsgəndər Münşi
ilə dialoqlarından
anlayır. Şah Abbasın
xarakter olaraq çox ağıllı,
uzaqgörən, ədalətli,
qurucu bir hökmdar olduğunu elə tarixdə məhz belə bir hökmdar kimi qalmaq niyyətindən
və əməllərindən
görürük. Əcnəbi rəssama bir insanın yalnız əməlləri ilə öz şəklini yaratdığını deməsi
çox mətləblərdən
xəbər verir.
"Şah Abbas suala sualla cavab
verir:
- Sən adamın hansı sifətini çəkirsən?
- Əlbəttə, gördüyümü.
- Bəs görmədiyin?
Rəssam susub, fikirli-fikirli qımışır.
Şah Abbas sözünə davam edir:
- Bəli, mürəkkəb,
çox mürəkkəb
sualdır. Çünki adamın necəliyini
sifətindən çox
əməli müəyyən
edir. Axirət günü də
adamdan hansı əməlin sahibi olduğunu soruşurlar.
Kiminlə söhbət etdiyini
anlayan əcnəbi rəssam şahın sözünü iki eləmədən nəzakətlə
vidalaşıb gedir..."
Türk
millətinin istiqbalını
düşünərək tarixini öyrənmək və əbədiləşdirmək
cəhdi də Şah Abbasın ağıllı qərarlarından
növbəti biri olmuşdu:
"Şah Abbas vəzirin sözünü
bitirməsini gözləmədən
təzə hökmünü
verdi:
- Mənə bir savadlı, gözüaçıq,
daş yaddaşlı,
vicdanlı, müdrik bir münşi lazımdır. Bizim nöqsanımız odur ki, tarixi
qələmə almaq
əvəzinə, yazılanı
pozuruq. Bu tarix yazılmalıdır.
"Yazılan qalır,
yaşayır", - deyiblər.
Avropada əli qələm tutan tarix yazır.
Keşişlər də tarix yazırlar. Bizdə olduğu kimi "duva" yox, tarix! Qurd ağzı
bağlamırlar, dil-ağız
bağlamırlar, yol açmırlar... Tarixi olmayan
millət ölümə
məhkumdur, vəzir.
Bu tarix məndən,
səndən çox
gələcək övladlarımıza
lazımdır. Tarixi yazan
Allah adamı olmalıdır.
Düzü düz yazmalıdır! Bəyə, xana, sultana, əmirə,
heç kəsə -
hətta şaha da əyilməməlidir.
Bircə
Allah qarşısında hesabatda
olmalıdır".
2. Əsərdə mənə
ikinci maraqlı gələn cəhət
"Cənnətməkan"ın sanki Nizamülmülkün
"Siyasətnamə"si üslubunda və məramında yazılmasıdır.
Əfqan
da Nizamülmülk kimi, yaşanmış olaylardan, keçmiş tarixdən və xalq hikmətindən istifadə etməklə dövrün bəlalarını,
siyasi mənzərəni
izah və tədqiq edir. "Siyasətnamə" kimi bu roman da
sanki xüsusən hökmdarlara dərs verən kitabdır.
Ədalətli dövlət, hökmdar
və xalq münasibətlərinin şəffaflığı,
məmurların fəaliyyətinin
tənzimlənməsi, rüşvətxorluğun,
tamahkarlığın, qanunsuzluqların
pislənməsi, aradan
götürülməsi və
bir çox idarəetmə məsələləri
"Siyasətnamə"də, "Cənnətməkan"da da
həm tarixi faktlar üzərindən araşdırılır, həm
də rəvayətlər
ilə maraqlı şəkildə "həll
olunur". Yaxşını, pisi, ziyanı
və xeyiri göstərən bir güzgü rolunu oynayan bu əsərlər
nəinki hökmdarlar
üçün, elə
hər bir oxucu üçün qiymətli vasitədir.
"Cənnətməkan"ı oxuyan milliyyətini, dinini, dilini, tarixini, ailəsini, xalqını sevməyi, qorumağı, dəyərləndirməyi
öyrənir. İdeal hökmdar obrazı olan Şah Abbas
xalqın arzu edib görmək istədiyi bütün keyfiyyətlərə sahibdir:
ilk dərdindən biri
xalqdır, ədalətlidir,
məzlumun haqqını
zalımda qoymayan, elmə-biliyə, müəllim
adına ehtiramla yanaşan, nadanlığa, cəhalətə,
zülmə rəvac verməyən, xeyirxah insandır.
Bu əsərlə qocaman yazıçı sanki Azərbaycanı bütün
oxucularına - azərbaycanlılara,
xüsusən, türk
soydaşlarına dönə-dönə
tapşırır və
Şah Abbasın dili ilə öz
istəklərini ifadə
edir:
"Şeyx Səfi məqbərəsini gəzərkən
Şah Abbas bir arzusunu da
bildirdi:
- Torpaqlarımızı azad
edəndən sonra gərək bütün ölkəni abadlaşdıraq. Elə
edək ki, sonrakı nəsil bizi məzarımız üstündə zurna-balabanla xatırlamasın. Görülən
işlər özü bizə xatirə olsun!
Aygün
YAŞAR
525-ci qəzet.- 2021.- 14 oktyabr.- S.13.