Sabaha ümidimizi artıranlar
Hər il tələbə
qəbulu müsabiqəsində
xüsusilə fərqlənərək,
ən yüksək nəticə əldə edənlər gəncliyimizin
intellektual elitasını
təmsil edirlər. Onların təcrübəsi həm
cəmiyyətdə, həm
də məktəblərdə
güclü təsirə
malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək,
onları həvəsləndirmək,
inkişaflarına və
potensial imkanlarının
gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən
daim diqqət mərkəzində saxlanılır.
Prezident
İlham Əliyevin Sərəncamı ilə
hər il
Azərbaycanın ali məktəblərinə daxil
olaraq yüksək bal
toplayan tələbələrə
Prezident təqaüdü
verilir. Azərbaycan gəncliyinin intellektual
elitasına göstərilən
bu diqqət maddi stimuldan çox, güclü mənəvi dəstək,
ruhlandırıcı amil
rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir.
Bu il Prezident
təqaüdünə layiq
görülən şəxslər
ölkənin 28 müxtəlif
şəhər və
rayonlarını təmsil
edirlər. Təqaüdçülər
arasında isə 59 nəfər regionlarda fəaliyyət göstərən
məktəblərdən (o cümlədən, 16 nəfər
kənd məktəbinin
məzunlarıdır), 9 nəfər
keçmiş işğal
altında olan rayonlara aid məktəblərdən,
1 nəfər valideyni
əlil olan ailədən, 3 nəfər
bir valideyni olmayan ailədən, eləcə də müəllim, hərbçi,
həkim, sürücü,
mühəndis, satıcı,
fəhlə, təqaüdçü
və s. ailələrindən
olan məzunlar var. Siyahıda olan 22 nəfərin valideynlərindən
ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.
Təqaüdçülərdən 43 nəfər Bakıda yerləşən məktəblərin
məzunlarıdır. Daha sonra
Sumqayıtda yerləşən
məktəblərin məzunlarından
15, Gəncədə yerləşən
məktəblərin məzunlarından
5, Abşeron, Kəlbəcər,
Naxçıvan və
Şəmkirdə yerləşən
məktəblərin məzunlarından
3 nəfəri bilik öncülləri siyahısında
görmək olar.
Prezident
təqaüdçülərindən 33 nəfər Bakı Ali Neft Məktəbinə, 25
nəfər Azərbaycan
Tibb Universitetinə,
15 nəfər Bakı
Dövlət Universitetinə,
12 nəfər ADA Universitetinə,
8 nəfər Azərbaycan
Dövlət İqtisad
Universitetinə, 4 nəfər
Dövlət İdarəçilik
Akademiyasına, 2 nəfər
Birgə Azərbaycan-Fransız
Universitetinə (UFAZ), 2 nəfər
xüsusi təyinatlı
ali təhsil müəssisəsinə, 1 nəfər
isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub. Prezident təqaüdünə layiq
görülən tələbələrdən
biri də Anar
Abdullayevdir. A.Abdullayev 2003-cü ildə Gəncə şəhərində
anadan olub. Orta təhsilini Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyində alıb. Qəbul imtahanlarında 682,7 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi
ixtisasına qəbul olunub. Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamına
əsasən, ölkə
üzrə Prezident təqaüdünə layiq
görülən 102 tələbədən
biridir.
A.Abdullayev deyir ki, qəbul imtahanlarında 682,7 bal toplayıb: "İmtahanların nəticələri
elan edildikdən sonra Prezident təqaüdçüsü olacağımı
təxmin edirdim. Bununla belə, Azərbaycan Prezidentinin Sərəncamında
adımı görəndə
çox sevindim, böyük qürur hissi yaşadım. Dostlarımın, yaxınlarımın, qohumlarımın zəng edərək təbrik etməsi məni fərəhləndirdi. Həmişə imtahanlardan yüksək nəticə toplamağı,
yüksəkballı ixtisasa
qəbul olmağı
qarşıma məqsəd
qoymuşdum. Abituriyent
jurnalında ən yüksək bal Bakı Ali Neft Məktəbinin İnformasiya
təhlükəsizliyi ixtisasının
keçid balı olub. Mən də qarşıma hədəf qoydum ki, bu balı toplamalıyam.
682 bal topladım və Prezident təqaüdçüsü oldum.
Həm də ölkə üzrə ən yüksək keçid balı
olan ixtisasa qəbul olundum. Beləliklə, bu hədəfimə
də çatdım".
Onun sözlərinə görə,
orta məktəbi həmişə çox yaxşı oxuyub: "Dərslərimə yüksək
səviyyədə hazırlaşmışam.
Əsas müəllimlərin verdiyi
tapşırıqları yerinə
yetirsinlər. Müəllimdən çox şey asılıdır. Şagirdin vəzifəsi
müəllimlərin dediklərinə
düzgün riayət
etmək, tapşırıqları
tam yerinə yetirməkdir.
Artıq
tapşırıq yerinə
yetirmək lazım deyil, müəllimlər nəyi məsləhət
görürlərsə, onları
etmək kifayətdir.
Önəmli məqamlardan biri
də öyrəndiklərini
vaxtaşırı təkrar
etməkdir. Bu cür
olarsa, yüksək bal toplamaq mümkündür. Abituriyentlərə məsləhətim odur ki, buraxılış
imtahanına ciddi şəkildə hazırlaşsınlar.
Çalışmaq lazımdır
ki, ilk imtahandan toplanılan bal yüksək olsun. Buraxılış imtahanından
toplanılan bal yüksək olanda 2-ci imtahan üçün motivasiya yaranır. Abituriyentlərə xüsusilə məsləhətim
odur ki, imtahan zamanı gərgin olmasınlar, həyəcanlanmasınlar".
Prezident təqaüdünə layiq
görülən tələbələrdən
Cəmilə Yusifova
2004-cü ildə Şirvan
şəhərində anadan
olub. Şirvan şəhər 1 nömrəli tam orta məktəbin məzunudur.
İmtahanlarda 685,3 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi
ixtisasına qəbul olunub. Azərbaycan Prezidenti İlham
Əliyevin Sərəncamına
əsasən, ölkə
üzrə Prezident təqaüdünə layiq
görülən 102, BANM üzrə
33 tələbədən biridir.
Onun dediyinə görə, Bakı Ali Neft Məktəbində təhsil
almaq ən böyük arzusu olub. Məncə, Bakı Ali Neft Məktəbi Azərbaycanda
ən prestijli ali məktəbdir.
Bu Ali Məktəb tələbələrə
çox fürsətlər,
imkanlar yaradır:
"Mənim qardaşım
- Yusifov Əli də 4 il əvvəl,
2017-ci ildə BANM-ə qəbul
edilib. O, burada Proseslərin avtomatlaşdırılması
ixtisasında təhsil
alıb. Daha sonra BANM-in dəstəyi
və yaratdığı
imkan sayəsində təqaüdlə Malayziyanın
Petronas Texniki Universitetinə daxil olub. Hazırda orada Neft-qaz
sahəsi üzrə təhsil alır".
C.Yusifova
qeyd edib ki, informasiya təhlükəsizliyi sahəsinə
hər zaman çox böyük həvəsi olub: "Abituriyent olduğum müddətdə informasiya
təhlükəsizliyi ilə
çox maraqlanırdım.
Bu marağım o qədər böyük idi ki, hətta
internetdən Python proqramlaşdırma
dili öyrənirdim.
Qardaşım da mənim
BANM-də təhsil almaq arzumu bilirdi.
İxtisas seçimində də hər zaman mənə dəstək olub".
Prezident təqaüdçüsünün dediyinə görə, qəbul imtahanlarına çox ciddi şəkildə hazırlaşıb. İmtahanlarda
yüksək nəticə
göstərməyi qarşısına
hədəf qoyub:
"Günümün 90 faizini
test tapşırıqları etməklə keçirirdim,
təkrarlar edirdim. Düşünürəm ki, hazırlıq
dövründə öyrəndiklərinin
yadda qalması üçün ən vacibi mütəmadi təkrar etməkdir.
İmtahana hazırlaşana qədər çox həyəcanlı deyildim.
Bu həyəcan imtahan
zamanı yarandı, lakin suallarla tanış olduqdan sonra artıq həyəcan keçdi. Sualların asan olduğunu
gördüm, ona görə də suallara daha rahat
cavab yazdım".
Gələcək planlarından, hədəflərindən
söz açan C.Yusifova vurğulayıb ki, Bakı Ali Neft Məktəbində təhsilini başa vurduqdan sonra xaricdə təhsilini davam etdirmək niyyətindədir: "Bakı
Ali Neft Məktəbində
mühit, müəllimlər,
dərs keyfiyyəti yüksək səviyyədədir:
"Dərslərdən, müəllimlərimdən
çox razıyam. Hər gün deyirəm ki, yaxşı ki, Bakı Ali Neft Məktəbinə qəbul olmuşam, yaxşı ki, buranı seçmişəm.
BANM-də yüksək
keyfiyyətli və beynəlxalq səviyyədə
təhsilimi başa vurduqdan sonra xaricdə təhsil almaq və Vətənimiz
üçün peşəkar
kadr olmaq istəyirəm. Hazırda gələcəklə
bağlı hədəfim
budur. Peşəkar kadr olaraq Azərbaycana qayıdıb,
burada öz işimi qurub ölkəmə xeyir vermək niyyətindəyəm".
Qəbul imtahanlarında göstərdiyi yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Bakı Ali Neft Məktəbini seçən Röya Qasımovanın da adı var. O, C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunu kimi ali məktəblərə qəbul imtahanlarında Qubadlı rayonu üzrə ən yüksək nəticəni qazanıb. Röya buraxılış və II ixtisas qrupu üzrə qəbul imtahanlarından ümumilikdə 683,2 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarəedilməsi ixtisasına qəbul olunub.
R.Qasımova bildirib ki, Prezident təqaüdçüsü olduğunu eşidəndə çox sevinib. Bu xəbəri ilk olaraq ailəsi ilə bölüşüb, valideynləri də çox fərəhləniblər: "Qəbul imtahanından yüksək bal toplayacağımı gözləyirdim, amma Prezident təqaüdçüsü ola biləcəyimə inanmırdım. Prezident təqaüdünə layiq olan, yüksək bal toplayan 102 şagirddən biriyəm. Qürurlu və sevincliyəm ki, Prezidentimiz məni də bu mükafata layiq görüb. İlk olaraq dövlət başçımıza həm özüm, həm də ailəmiz adından minnətdarlığımı bildirirəm. Prezident təqaüdçüsü adını qazanmaq mənim üçün çox qürurvericidir. Dövlət başçımızın xüsusi diqqətinə layiq olmaq, ali etimadını doğrultmaq üçün bundan sonra da var gücümlə çalışacağam. Gələcəyin ixtisaslı kadrları, peşəkarları sırasında yer alacağam".
Onun sözlərinə görə, pandemiya səbəbindən müəyyən çətinlik olsa da, ailəsi və müəllimləri ilə birgə bu çətinliyə sinə gərməyi bacarıb. Onun əsas motivasiyası isə İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbə olub: "Mən məcburi köçkün idim. 25 oktyabr 2020-ci il tarixində Qubadlının işğaldan azad olunması ilə bu ad mənəvi anlamda üstümüzdən götürüldü. Şükürlər olsun ki, artıq biz qaçqın, məcburi köçkün deyilik. Qubadlımız da, Qarabağımız da artıq azaddır".
S.QARAYEVA
525-ci qəzet.- 2021.- 14 oktyabr.- S.8.