Rəqəmsal həyat və rasional düşüncə kasadlığı  

 

 

Mənə restoranlarda narahatlıq hissinin əvəzinə, evdə, divanda ayaqlarımı uzadıb çayımı içib dinc başımla dincəlmək daha maraqlı gəlir. Buna görə dostlarımdan mesaj, zəng gələndə dik atılıram: İndi harasa çağıracaqlar, əlli cür bəhanə uydurmalı olacağam. Çox dirəşsə, durub hazırlaşmalı, metroya minib şəhərə çıxmaq məcburiyyətində qalacağam. Sonra mənim üçün əziyyət başlayır: restoran seç, otur, onlarla çeşid arasından yarım saat yemək, içki seçməyə çalış, o qədər səs-küyün içində, səbrin çatırsa, iki kəlmə söz deyib söz eşitməyə çalış. Axırda da bütün bunların üstünə pul ödə, sonra da qalxıb evə qayıt. İki insanın ayda bir dəfə görüşüb dərdləşə bilməsi üçün bu qədər dəmdəsgaha ehtiyac var, anlamıram. Amma dost-tanış itirməmək, sosial həyatı sağlam davam etdirmək üçün bu məşəqqətə ayda bir-iki dəfə dözmək şərtdir. O gün yenə belə bir hadisə baş verdi. Ha işim var, ha məşğulam desəm , o görüşə getməli oldum.

 

Dostum mənə hansısa çoxbilmişin iki misrasını göndərdi: "İnsanlar əslində dedikləri qədər məşğul deyillər, sadəcə sizə vaxt ayırmaq istəmirlər". Gör dünyanın harasıdır, instaqramda qarşılarına çıxan bir-iki cümləylə əlinə bir dəfə kitab almayan adamlar insan sərrafı ola bilir. Sağ olsun texnologiya, hər şeyi ayağımıza qədər gətirib.

 

Nəysə, bu mesajdan sonra birtəhər tərpəndim yerimdən. Üst-başıma əl gəzdirib həvəssiz çıxdım evdən.

 

 

 

Nəhayət, restorandayıq. Sən bunu , mən onu yeyim, bunu ortaya sifariş verək çəkişməsindən sonra zəhərlənəcəyimizə qərar verdik. O məqamda hələ qabaqda bunun hesab ödəmək-ödətdirməmək çəkişməsi var, deyə düşündüm. Təzəcə içimdəki narazılıq əriyib yox olur, yavaş-yavaş, yaxşı ki arada məni zorla evdən çıxardırlar deyə, düşünməyə başlayıram ki, telefonuna zəng gəldi. Beş-on dəqiqə telefonla danışdı. Təzəcə söhbətə qızışmışdıq ki, danışa-danışa bir əl telefonunu yoxladı, sonra kiməsə səs atdı, sonra instaqramda ortaq bir tanışımızın şəklini göstərib onun haqqında məlumat verdi. "Özün necəsən? Həyat necə gedir?" deyirdim ki, mənim telefonuma bildiriş gəldi. Açıb baxıram ki, yanımda oturub məni paylaşdığı şəklə "tağ" edib. Üstünə yazıb ki: "Qaçaq tapıldı".

 

Görəsən, kimin nəyinə lazımdır bizim harda işlə məşğul olduğumuz, kiminlə görüşüb, yediyimiz? Əgər bu şeydən pul qazanmayacağıqsa, məcburdur hər addımımızı, ağlımıza gələn hər fikri sosial şəbəkələrdə paylaşmaq? Orada anladım niyə insanlarla birlikdə olmağın məni bu qədər darıxdırdığını. Mənə elə gəlir ki, bütün bu şeylər insanlar arasındakı söhbətin ləzzətinə soğan doğrayır. Sanki həqiqətən görüşmək üçün yox, başqalarına varlığımızı sübut etmək üçün bir araya gəlmişik. Həm fikri-zikri telefonunda qalan insanla mən danışa, bölüşə bilərəm, axı? Əlbəttə, görüşməyə də həvəssiz olacağam, danışmağa da.

 

Qəribə burasındadır ki, əvvəl insan texnologiyanı formalaşdırdı, sonra isə texnologiya insanları formalaşdırmağa başladı. İnsanlar da belə formalaşdılar. Bu vəziyyətdən yəqin ki, çoxumuz narazıyıq. Amma bunu dəyişdirmək şansımızı itirmişik. Əgər biz yenidən texnologiyanı formalaşdırmaq istəsək, bu dəfə kapitalizm bizə imkan verməyəcək. Bax bu reallıq da bizim texnologiyanın içində sıxışıb qalmağımıza səbəb olur. Yəni ki, texnologiyanı formalaşdıranda insanın məqsədi insanlığa xidmət etmək idi. Artıq texnoloji inkişaf, telefonlara, ağıllı cihazların hər birinə işimizi asanlaşdırması üçün yüklədiyimiz və quraşdırdığımız proqramlar bizdən kapitalist sisteminin davamlılığını və dözümlülüyünü artırmaq üçün istifadə etməyə başlayıb. Bu proses konkretvaxt başlayıb, bilmirəm. Amma əgər məqsəd bu olmasaydı, telefonumuzdakı hər on proqramdan səkkizi bizdən səsimizi yazmağı və şəxsi məlumatlarımıza giriş haqqı tələb etməzdi. Bütün bunlar bəs etmirmiş kimi, hər gün koordinatlarımızı paylaşaraq həyatda olduğumuzu, var olduğumuzu isbat etmək yarışına giririk sanki: paylaşıramsa, varam! Bu məlumatları alan texnologiya qarşımıza bizə uyğun, duyğu durumumuza və ehtiyaclarımıza görə almaq ehtimalı daha yüksək olan məhsulları gözümüzə soxur. Necə olur ki, bu tələyə düşürük? Hər gün daha çox bir-birimizdən qopur, telefonlarımızdan yapışırıq.

 

İngilis əsilli psixoloq Ervinq Qofmanın "Mənlik anlayışı və insan təbiəti" başlıqlı fərziyyəsinə görə, insanların öz mənliklərindən başqa daimi sosial və qarşılıqlı əlaqədə olduqları ata, müəllim, həyat yoldaşı, tələbə kimi bir çox kimlikləri də var. İnsanlar ictimai münasibətlərində bu şəxsiyyətlərin tələb etdiyi rollara uyğun davranırlar. Tək qaldıqda isə öz təbii - həqiqi şəxsiyyətlərinə qayıdırlar. Başqa sözlə, ictimai ünsiyyətdə olduqları hər yer insanlar üçün bir səhnədir. Qofman insanların cəmiyyətdə oynadıqları bu rollara - kimliklərə "Dramatik kimliklər" adını verir.

 

İndi bu fərziyə ilə yeni dünyaya baxsaq, görərik ki, kiçik insanlar əvvəllər yalnız məhdud sosial çərçivədə fərqli kimliklərini səhnəyə qoya bilirdilərsə, indi sosial şəbəkələr insanlar üçün böyük bir səhnədir. Şurlu, ya şüursuz, bugünkü sosial şəbəkə istifadəçilərinin psixoloji vəziyyəti budur. İnsanların virtual səhnələrdəki rəqabəti isə real həyatdakından daha da acınacaqlıdır. Sənin ağzın-burnun əyri çıxsa da, rəfiqən özü gözəl düşdüyü üçün o şəkli paylaşır. Digər tərəfdən, izləyiciləri artdıqca insanlar özlərini sosial media fenomeni kimi hiss etməyə başlayır, heç kitabını oxumadıqları, fəlsəfəsindən xəbərdar olmadıqları klassiklərin bir cümləsini yayır, daha çox "like" almaq üçün əvvəlcədən kənara qeyd etdikləri hikmətli sözləri sosial şəbəkədə aktivliyin ən yüksək olduğu saatlarda şəkillərinin altına əlavə edib paylaşırlar. Daha az "like" gələn köhnə şəkillərini gizlədirlər. Beləcə, insanların virtual kimlikləri də formalaşır. Bu gedişat da insanların daxilindəki narsizmi qidalandırır. Xüsusilə gənclərin sosial bacarıqları, dözümlülükləri azaldıqca eqonarsizm artır.

 

Bir sözlə, görüşəndə telefonları kənara qoyub bircə saat ləzzətli söhbət edə bilmədiyimiz insanlarla vaxt itirməyə dəyməz.

 

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2021.- 14 oktyabr.- S.6.