Müasir Naxçıvan haqqında Naxçıvannamə

 

 

Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, "Şərq qapısı" qəzetinin Baş redaktoru, 20 ildən artıqdır ki, jurnalistika ilə məşğul olan Mehriban Sultan bir neçə kitabın müəllifidir. Həmin kitabların ikisi alim kimi uzun illər apardığı tədqiqatlarının nəticəsi olaraq monoqrafiyadır. 2017-ci ildə işıq üzü görən "Mənim universitet dünyam" və növbəti "Müasir Naxçıvan" kitabları isə mövzu və janr baxımından müəllifin yaradıcılıq manerasının genişliyini göstərməklə, həm də onun istedadlı jurnalist olduğunu ortaya qoyur.

 

"Müasir Naxçıvan" kitabına ön söz yazmış AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bu kitabı "Şərq qapısı"nın 100 illiyinə böyük töhfə adlandırır; mən isə deyərdim ki, yeni nəşr həm də müasir Naxçıvanşünaslığa böyük hədiyyədir. Bunun ifadəsidir ki, Naxçıvan Dövlət Universitetinin Elmi Şurası həmin kitabın dərs vəsaiti kimi tədris olunmasını tövsiyə edib.

 

Bu hədiyyənin dəyərini kitab boyu görürük. Belə dəyərə görə 13 fəsildən ibarət "Müasir Naxçıvan" kitabını həm də "Müasir dövr Naxçıvanının ensiklopediyası" adlandırmaq olar. Müəllif "Müasir Naxçıvanımızı 100 illik mətbuat salnaməsində tarixiləşdirmək böyük məsuliyyət, qürur və şərəfdir" adlı giriş yazısında bu məsuliyyəti səmimiyyətlə etiraf edir. Burada bir məqamı xüsusilə vurğulamağa ehtiyac duyuram. Kitabda toplanılan yazılar bir tərəfdən dövlətçiliyimizin təşəkkül tapdığı Naxçıvan haqqında müəllifin, həqiqi mənada "Naxçıvannamə"sidirsə, digər tərəfdən qədim diyarımızın tarixiləşdirilərək salnaməsinin yaradılması, gələcək nəslə mətbuat vasitəsilə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir:

 

"Bütün bunlar muxtar respublikada uğurlu mətbu siyasətin təcəssümüdür. Qazanılan uğurlar Naxçıvanı dünyaya böyük vətənpərvərlik sevgisi ilə sevdirmək məramının, Naxçıvan həqiqətlərinin dünyaya düzgün çatdırılmasının, vaxtilə Naxçıvana ərazi blokadasından da ağır zərbələr vuran informasiya blokadasının yaradılması, informasiya təminatının düşünülmüş şəkildə təşkilinin bəhrələridir".

 

Analitik-siyasi təhlilli məqalələrin yer aldığı "Müstəqil dövlətçilik və milli ideologiya işığında" adlı ilk fəsildə elə yazıların başlıqları belə oxuculara hər şeyi deyir. "Siyasi sadiqlik əzmi: Yolumuz inkişaf, sabitlik və rifah yoludur", "Muxtar respublikadakı güclü sosial rifahın, iqtisadi inkişaf və mədəni tərəqqinin başlıca amili - ictimai-siyasi sabitlik" və digər yazılarda muxtar respublikada dövlətçilik prinsiplərinin uğurlu tətbiqi, insana diqqət və qayğı, inkişaf və tərəqqi proseslərinin günlərlə, aylarla deyil, saatbasaat yenilənməsi və digər məsələlər özünün publisistik həllini tapıb. Bu yazılarda oxucu özünü görür; çünki bir naxçıvanlı kimi qədim yurd yerində həyata keçirilən tədbirlər onun gözü qarşısındadır və həm də bu tədbirlərin iştirakçısıdır. İkinci bir tərəfdən, həmin tədbirlər insanların layiq olduğu səviyyədə yaşaması məqsədi daşıyır. Və bu amilin xüsusi vurğulanması müəllifin dövlətimizin bu istiqamətdə gördüyü işlərə minnətdarlığının ifadəsidir.

 

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müasir Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım,  arzularım yerinə yetsin".

 

Məhz görkəmli dövlət xadiminin bu arzularının gerçəkləşməsi Ulu öndərin uzun illər üçün hesablanmış siyasətinin bu gün muxtar respublikada böyük ehtiramla davam etdirilməsi və bütün naxçıvanlılar tərəfindən yüksək səviyyədə dəstəklənməsi yazıların hər bir sətrindən duyulur:

 

"Ümummilli lider uzaqgörən siyasəti ilə Naxçıvanı yaşamaq uğrunda mübarizədən qalib çıxararaq, məhvolma faciəsindən xilas edərək böyük Vətənin qurtuluş və nicatı naminə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu qədim diyarı layiqli, etibarlı əllərə əmanət etdi. 1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov bu illərdə fəaliyyət proqramının görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramını Naxçıvanda dönmədən həyata keçirməkdən ibarət olduğunu dəfələrlə sübut etdi. Ötən illər ərzində bütün sahələrdə qazanılan heyrətamiz uğurlar məhz Ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi kimi tarixə həkk edildi".

 

Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sözlərini xatırlayırsan: "Naxçıvan Muxtar Respublikası əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sabitlik və quruculuq yolundadır. Azərbaycan və ona bağlı Naxçıvan Muxtar Respublikası ona görə inkişaf edir ki, Ümummilli liderimizin yolu ilə gedir".

 

Müəllif həmin dövrdə başlanan yola diqqət çəkərək o yolun quruculuq xəritəsini bütün cizgiləri ilə publisistikanın materialına çevirir. Bu xəritədə həyatımızın elə bir sahəsi yoxdur ki, özünə yer almasın. Tikinti-quruculuq tədbirləri, əhalinin məşğulluğunun təmin edilməsi, yeni suvarma şəbəkələrinin qurulması, müxtəlif istehsal sahələrinin yaradılması, enerji təhlükəsizliyi və digər məsələlər statistik rəqəmlərlə oxuculara çatdırılır. Bu rəqəmlərin arxasında isə doğma yurda bağlılıq, onun sabahına cavabdehlik hissi dayanır. Bu isə idarəetmədə başlıca amildir. Mehriban Sultan bu amili yüksək dəyərləndirərək yazır: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 20 ildən artıq bir müddət ərzində Şərqlə Qərbin qovşağında, Ermənistanla sərhəddə yerləşən, onilliklər boyu mənfur düşmən tərəfindən blokadaya alınan, mühüm geostrateji əhəmiyyətə malik Naxçıvan Muxtar Respublikasına uğurlu rəhbərliyi muxtar respublikamızın ölkə miqyasında siyasi nüfuz, çəki qazanmasına səbəb olub". Biz də bunun şahidiyik ki, dəfələrlə ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvanda gedən inkişaf proseslərinə yüksək qiymət verib. Yeri gəlmişkən onu da qeyd edək ki, bəhs etdiyimiz yazı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2020-ci ildə Azərbaycan milli mətbuatının yaranmasının 145 illiyi münasibətilə keçirdiyi yaradıcılıq müsabiqəsində "Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişafının, turizm potensialının, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində reallaşan tədbirlərin, tarixi-mədəni irsimizin və milli dəyərlərimizin təbliği" istiqaməti üzrə birinci yerə layiq görülüb.  Kitabın "Ümummilli liderimiz Heydər Əliyevin arzularının gerçəkləşdiyi müasir məkan - Naxçıvan" adlı II fəslində müəllif 2021-ci ildə muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirləri (bu tədbirlərin coğrafiyası çox genişdir) və açılışları olan obyektlərdən hazırlanmış materiallar, muxtar respublikaya xarici ölkələrdən gələn qonaqlarla görüşlər və digər yazılar özünə yer alıb. Mehriban Sultan bu yazılarda müasir dövrün unikal inkişaf modelinin müəllifinin məhz Naxçıvan olduğunu oxucuya təqdim edir. Yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin, səhiyyə müəssisələri üçün binaların, yolların, müasir informasiya texnologiyalarının istifadəyə verilməsi, bunlarla bağlı keçirilən tədbirlər, həmin tədbirlərdə Ali Məclis Sədrinin insanlarla görüşləri, onlara tövsiyələrini verməsi qələmə alınıb. Müəllif bu yazılarda statistikadan daha çox görülən işlərin mahiyyətinə varır. Məsələn, hər hansı bir yaşayış məntəqəsində 65-70 şagird varsa, həmin kənddə 100-150 şagird yerlik məktəb binasının tikintisini çox düzgün olaraq gələcək perspektivə hesablanmış tədbir kimi yüksək dəyərləndirir.

 

"Səcdəgahım, qibləgahım Vətəndir" fəslində toplanmış məqalələr dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, sülh və əmin-amanlığımızın əsas təminatçısı olan ordumuz, orduda xidməti Vətənə müqəddəs borc və şərəf hesab edən hər bir Azərbaycan əsgəri haqqında maraqlı yazılar toplanılıb. Muxtar respublikada bir neçə ildir ki, qardaş Türkiyə Silahlı Qüvvələri ilə birlikdə keçirilən təlimlər öz bəhrələrini verməkdədir. Buna toxunan müəllif yazır ki, təlimlərdəki yüksək döyüş hazırlığı və müasir silahlanma yalnız hərbi paraddakı nizami keçiddən ibarət deyil. Bu gün muxtar respublikada peşəkar hərbçi kadrlar yetişib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə qayğısı yüksək səviyyədədir. Elə 2019-cu ilin iyun ayında keçirilmiş "Sarsılmaz qardaşlıq - 2019" təlimi də bunu göstərdi. Birgə təlimin uğurla başa çatması münasibətilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: "Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, "Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür". Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır... Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin Silahlı Qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır". Bu birliyin ifadəsidir ki, həmin təlimlərin keçirilməsi davamlı xarakter alıb.

 

Bəhs edilən fəsildə 2020-ci ilin sentyabr ayının 27-dən ölkəmizin Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücuma başlaması və ərazi bütövlüyümüz uğrunda verdiyimiz şəhidlərin Naxçıvan Beynəlxalq Hava Limanında yüksək ehtiramla qarşılanması, Ali Məclis Sədrinin şəhid və qazi ailələrinin rastlaşdıqları problemlərin həllinə həssaslıqla yanaşması qələmə alınıb. Şəhid ailələrinin və qazilərimizin mənzillərlə təmin olunması, həmçinin, qazilərimizin sağlamlığının qeydinə qalınması və digər tədbirlər bir daha göstərir ki, muxtar respublikada insan amili prioritet vəzifəyə çevrilib.

 

Mehriban xanım Muxtar Respublikamızda mətbuatın inkişafı, təhsilə dövlət qayğısı, mütaliəyə maraq kimi məsələlərə də yeni kitabında geniş yer verib.

 

Məlumdur ki, çoxəsrlik tarixə, dövlətçilik ənənələrinə malik, Avropa və Asiya qitələrinin qovuşduğu, Şərqə açılan qapı, Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvan xüsusi siyasi-strateji əhəmiyyət daşıdığı kimi, informasiya marağı və tələbatı baxımından da dünyanın diqqət mərkəzində olub.

 

Buna ciddi önəm verən müəllifin "Milli mətbuatımız inkişaf yolundadır" adlı yazıda son illər muxtar respublikada bu sahənin inkişafına göstərilən qayğıdan ətraflı bəhs edərək gəldiyi qənaət təqdir olunasıdır: "Naxçıvan Muxtar Respublikasında azad sözə, azad fikrə xüsusi diqqət göstərilməsinin nəticəsidir ki, jurnalistlərin yaradıcılıq imkanları xeyli genişlənmişdir. Ali Məclis Sədrinin muxtar respublikanın mətbuat işçiləri ilə görüşləri zamanı verdiyi tövsiyə və tapşırıqlar mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsində əsaslı rol oynayıb. Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr" mövzusunda keçirilən müşavirə zamanı Ali Məclis Sədrinin müəyyənləşdirdiyi "İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir" prinsipi artıq muxtar respublika mətbuatının mühüm istiqamətinə çevrilib". Sirr deyil ki, bu gün muxtar respublikada jurnalistika ixtisası üzrə yüksək kadr hazırlığına nail olunub. Bu səbəbdəndir ki, artıq informasiya blokadasına qarşı mübarizənin Naxçıvan modeli yaradılıb. Bu, həm də dövlət - media birliyinin qürurverici nümunəsidir.  Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, dövlət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilin inkişafına sərf etməlidir. Dahi rəhbərin həmin arzusunun da muxtar respublikada uğurla reallaşması bu günün faktıdır. İstər orta, orta ixtisas, istərsə də ali təhsil sistemində əldə etdiyimiz uğurlar muxtar respublika rəhbərinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin məntiqi nəticələridir. Müəllif həm də bir təhsil işçisi kimi bu məsələləri geniş şəkildə işıqlandıra bilib. Bunun ifadəsini "Ziyalı ömrü" fəslində görmək olar. "Milli ziyalılıq rəmzi", "Ölüm qibtə etdi ömrünə sənin", "Ədəbi və əbədi yolun qadir yolçusu" və digər oçerkləri həm oçerk qəhrəmanlarının həyat və fəaliyyətini dolğun işıqlandırmaq, həm də publisistikanın tələblərinə cavab vermək baxımından diqqəti çəkir.

 

Ziyalılıq ən yüksək mənəvi keyfiyyətdir. Buna nail olmaq üçün bir sıra amillər var ki, onlardan başlıcası mütaliə zərurətidir. Mehriban Sultanın oxunması zəruri olan kitablar haqqında müxtəlif mətbuat orqanlarında dərc olunmuş məqalələrindən, yeni nəşrlərə yazılmış resenziyalardan ibarət "Mütaliə zərurəti" adlı fəsildə toplanmış həmin yazıların oxucular tərəfindən də maraqla qarşılanacağına şübhə etmirik. Çünki bu yazılarda analitik təhlilin bütün tələbləri gözlənilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli "Oxunması zəruri olan kitablar haqqında" Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitabların siyahısında özünə yer almış kitabların təhlilə cəlb edilməsi mütaliə mədəniyyətinin formalaşması istiqamətində müəllifin düşüncələrinin ifadəsidir. Mehriban Sultan yazır: "Oxunması zəruri olan kitabların siyahısı ilə tanış olduqda buraya daxil edilən bədii əsərlərin tariximizi, mədəniyyətimizi və milli kimliyimizi gənc nəslə öyrətmək, onların həyat yollarının düzgün müəyyənləşdirilməsinə və dünya görüşlərinin zənginləşdirilməsinə xidmət etdiyini aydın görürük. Buraya daxil edilən əsərlərin milli və bəşəri ideyaların, vətəndaşlıq qayəsinin təbliği baxımından nə qədər həssaslıq və dəqiqliklə, müasir və klassik irsə kamil bələdçiliklə seçildiyinə bir daha əmin olursan. Siyahıdakı əsərlər janr, üslub, mövzu rəngarəngliyi ilə də seçilir".

 

Mehriban Sultanın jurnalistlik fəaliyyətində müsahibə janrı xüsusi yerə malikdir. İndiyədək onun  mərkəzi mətbuatda bu janrda çoxlu yazıları işıq üzü görüb, oxucular tərəfindən yüksək dəyərləndirilib. Müəllif yeni kitabında da öz sevimli janrına sadiq qalıb. Kitabın "Həmsöhbət" adlı fəslində akademik İsa Həbibbəyli, mərhum filologiya elmləri namizədi, dosent, Əməkdar müəllim və fərdi təqaüdçü Lətif Hüseynzadə, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və başqaları ilə müsahibələri janrın tələblərinə cavab vermək baxımından yüksək dəyərləndirilə bilər.

 

Yazının əvvəlində qeyd etdim ki, Mehriban Sultan öz qələmini həyatımızın hər bir sahəsində sınayıb, sınayır və qələmə aldığı mövzunun təqdimatında oxucu marağına cavab verə biləcək priyomlardan yerli-yerində istifadə edir; təfərrüata varmır, sözün dəyərini bilir, sözə ehtiramla yanaşır. Onun "Yol qeydləri" adlı fəsildə özünə yer almış yazıları dediklərimizin sübutudur.

 

Mehriban Sultan həm də maraqlı ssenarilər müəllifidir. "Müasir Naxçıvan"da müəllifin yer almış "Ecazkar mavi işıq" və "Vətən sığır ürəyimə" ssenariləri düşündürücüdür.

 

Müəllif həyatda rast gəldiyimiz neqativ halların yanından da elə-belə ötmür. Onları ictimai qınağa cəlb edir. Bu baxımdan "Düşünək, düşündürək..." adlı fəsildə maraqlı publisist yazılar toplanılıb. Bəzi toy məclislərindəki vəziyyət müəllifi bu yazını qələmə almağa sövq edib. Onun gəldiyi qənaət maraqlıdır: "Əziz oxucum! Mənim yazmaya bilmədiklərim, əslində, heç də tipik olmayan, lakin hamımızın tez-tez rastlaşdığı hallardır. Amma nədənsə, ilk addım atmağa cəsarət etmirik. Məgər ana südü kimi halalımız olan, bizim millilik etalonumuz sayılan adət-ənənələrimizə, milli dəyərlərimizə, hörmət üçün hansısa bir rəsmiləşdirmə, qanuniləşdirmə olmalıdır? Buna dövlət, rəhbər nəzarət etməlidir? Ən böyük nəzarət ictimai qınaq, özü-özünə nəzarət, ən ağır ittiham isə vicdanın səsidir. Ən məsul vəzifə vətəndaşlıq borcudur. Bu gün keçmişimizə sahib çıxmağı bacarmasaq, sabah gələcək qarşısında cavab verməli olacağıq. Necə deyərlər, bugünkü toylarımızın səsi sabah çıxacaq". Əsl ziyalı baxışlarının ifadəsi olan bu yazı bir həyəcan təbili səviyyəsindədir.

 

"Əbədiyyət nəğməsi" adlı mənsur şeir, "Zəfər görüşü" adlı birpərdəli pyes, "Ən şirin nemət..." adlı hekayə Mehriban Sultanın həm də ədəbi yaradıcılığından soraq verir. Kitab haqqında bu qısa qeydlərimi başa çatdıraraq onu demək istərdim ki, müəllifin "Müasir Naxçıvan"ı muxtar respublikamız haqqında qələmə alınmış kitablar sırasında ön sırada durmağa layiq bir nəşrdir. Və sözümün əvvəlində də dediyim kimi, tam cəsarətlə "Naxçıvannamə" adlandırılmağa layiq olan kitabı oxuyub başa çatdırdıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin sözlərini xatırlayırsan: "Naxçıvan artıq 1991-92-93-cü illərdə olan Naxçıvan deyil. Naxçıvan indi tamamilə başqadır. Naxçıvanlılar bu haqqı qazanıblar. Naxçıvanlılar özlərinin dəyanəti, dözümlülüyü, qüdrəti, cəsarəti və mənəvi saflığı ilə bu haqqı qazanıblar".

 

Ona görə də, əziz oxucular, istərdim ki, bu nəşrlə siz də tanış olasınız, kitab stolüstü kitabınıza çevrilsin. Belə də olacağına inanıram.

 

 

Muxtar MƏMMƏDOV

 

525-ci qəzet.- 2021.- 15 oktaybr.- S.15;16.