Musiqişünaslığa yeni töhfə
Musiqişünaslıq bir elm kimi çoxəsrlik
tarixə malikdir. Hələ orta
əsrlərdən başlayaraq
musiqi elmi müəyyən risalələrdə,
traktatlarda, elmi konsepsiyalarda tədqiq olunaraq dəqiq elmi mülahizələrlə
nəticələnib. 13-cü əsrin mütəfəkkiri
Səfiəddin Urməvinin
"Kitabül-əl-ədvar" və "Risaleyi-Şərəfiyyə"
əsərləri, 14-cü əsrdə Əbdülqadir
Marağayinin, 15-ci əsrdə
Mirzə bəyin traktatları, 19-cu əsrdə
Mir Möhsüm Nəvvabın
"Vüzuhul ərqam"
risaləsi, 20-ci əsrdə
dahi Üzeyir Hacıbəylinin "Azərbaycan
xalq musiqisinin əsasları" elmi konsepsiyası fikirlərimizə
əyani misaldır. Təbii ki, bu dəyərli
elmi əsərlərdən
çox nümunə
göstərə bilərik.
Onu da qeyd etməliyik
ki, görkəmli mütəffəkirlər Pifaqor,
Aristotel, Nəsrəddin
Tusi də musiqinin bir elm kimi mövcudluğuna dair çox dəyərli fikirlər söyləmişlər. Əlbəttə, bütün bunlar nəinki geniş bir məqalənin, hətta, böyük bir tədqiqat işinin mövzusudur.
Məhz bu özüllər əsasında inkişaf edən musiqişünaslıq
elmi, peşəkar musiqişünasların yetişməsi
ilə davam etdirilmişdir.
Azərbaycanda 20-ci əsrin musiqişünaslıq
məktəbi dahi Üzeyir Hacıbəylinin
adı ilə bağlıdır. Çünki onun "Azərbaycan
xalq musiqisinin əsasları" elmi əsəri müasir musiqişünaslığın başlanğıcı və
təməli oldu.
Pedaqoji fəaliyyəti ilə də Üzeyir bəy yeni musiqişünas
nəslini yetişdirdi.
Xurşud Ağayeva, Fatma Zeynalova, Xanlar Məlikov, Məmmədsaleh İsmayılov
və bu kimi tanınmış musiqişünaslar məhz
Üzeyir bəydən
dərs alıblar. Zaman keçdikcə onlar da öz ardıcıllarını
yetişdirdilər.
20-ci əsrin 80-ci illərində
təhsil alaraq musiqişünaslıq ixtisasına
yiyələnən Cəmilə
Həsənova da öz sələflərinin
layiqli davamçısı
oldu. Belə ki, Cəmilə
xanımın tutduğu
yol və araya-ərsəyə gətirdiyi
tədqiqatlarını Azərbaycan
musiqişünaslığının dəyərli töhfələri
hesab edə bilərik. Bu yerdə
oxucularımıza Cəmilə
xanım haqqında qısa bir məlumat
verək:
Cəmilə İsmayıl qızı
Həsənova (İsmayılova)
1961-ci il sentyabrın 10-da Bakı şəhərində anadan
olub. 1968-1979-cu illərdə
Bülbül adına orta ixtias musiqi məktəbində
təhsil alıb.
1979-1984-cü illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında
təhsilini musiqişünaslıq
ixtisası üzrə
davam etdirib. 1993-cü ildən bu günə kimi Bakı Musiqi Akademiyasında "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi"
(indiki "Azərbaycan
ənənəvi musiqisi
və müasir texnologiyalar") kafedrasında
pedaqoji fəaliyyətlə
məşğuldur. 1993-cü ildə dosent, 2016-cı ildə professor elmi adına layiq
görülüb. Bakı Musiqi
Akademiyasının dissertantı
olmuş, dissertasiya müdafiə edərək,
1999-cu ildə sənətşünaslıq
namizədi, 2012-ci ildə
sənətşünaslıq elmləri doktoru elmi dərəcəsini alıb. Elmi tədqiqatlarının əsas mövzusu Azərbaycan musiqisinin məqam nəzəriyyəsi
və bəstəkar yaradıcılığı ilə
bağlıdır. Bir sıra
monoqrafiyaların, dərs
vəsaitlərinin, metodik
tövsiyələrin, tədris
proqramlarının, yerli
və xarici jurnallarda, dövrü mətbuat səhifələrində
çap olunmuş elmi və pnblisistik
məqalələrin müəllifidir.
Respublika
və beynəlxalq elmi konfranslarında məruzələrlə çıxış
edib. Heydər Əliyev Fondunun,
Azərbaycan Bəstəkarlar
İttifaqının və
"Musiqi dünyası"
elektron nəşrlər
mərkəzinin layihələrinin
iştirakçısı olub.
1999-cu ildən Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü
və hazırda məsul katibidir.
Cəmilə xanım haqqında bu məlumat onun 2021-ci ildə "Elm və təhsil" nəşriyyatında işıq
üzü görən
"Musiqi həyatımız"
kitabındadır. Bu məlumata
onu da əlavə
etməliyik ki, Cəmilə Həsənova
Ü.Hacıbəyli adına
BMA-nın 100 illiyi ilə əlaqədar olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə
təhsil ocağının
kollektivinə verilən
fəxri adlar içərisində "Əməkdar
müəllim" adını
alıb. Bu münasibətlə
BMA-nın kollektivini o
cümlədən, Cəmilə
xanımı da ürəkdən təbrik
edirik. Nəzərə
alsaq ki, bu il Cəmilə
xanımın həyatının
və çalışdığı
müqəddəs tədris
ocağının yubiley
ilidir, onda onun "Musiqi həyatımız" adlı
məqalələr toplusunu
həm özünə,
həm də BMA-na yubiley hədiyyəsi
də hesab edə bilərik. Əslində isə bu kitab musiqi həyatımıza
çox dəyərli
bir töhfədir.
Bu kitabın yaranma
səbəbini isə
müəllif belə
izah edir.
Əziz
oxucum! Bu kitabı
"Musiqi həyatımız"
adlandırmaqda məqsədimi
izah etmək istədim. Mənim həyatım ölkəmizin
musiqi həyatı ilə o qədər sıx bağlı olmuşdur ki, bütün bunları danışmaq istədim.
Adətən hər bir kitabda müəllif haqqında bioqrafik məlumat olur. Bu məlumatı mən
rəsmi rəqəmlərlə
deyil, həyatımda musiqinin yerini anlatmaqla vermək istədim.
Musiqişünas - musiqi sənəti
üzrə tədqiqat
aparan, musiqinin tarixi-nəzəri, bədii-estetik
xüsusiyyətlərini izah
edən, öz qələmi ilə musiqi həyatında iştirak edən şəxsdir. Diqqətinizə təqdim olunan
bu kitabda uzun illər boyu dövrü mətbuatda, elmi nəşrlərdə, internet səhifələrində
çap olunmuş müxtəlif səpkili məqalələrim toplanıb.
Bütün bunlar mənim
musiqi həyatımın
əsas məqamlarıdır.
Sizinlə bölüşmək istədim.
Əslində, Cəmilə xanımın
oxucularla bölüşmək
istədiyi fikirlər
onun dəyərli tədqiqatlarıdır. O tədqiqatlar
ki, onlardan musiqi ictimaiyyəti, musiqi tədrisi sahəsində çalışanlar
və təhsil alanlar bəhrələnə
bilərlər.
Bu yerdə kitabın mövzuları haqqında:
Cəmilə Həsənovanın "Musiqi
həyatımız" məqalələr
toplusu bir neçə bölmədən
ibarətdir. 40 çap
vərəqi həcmində
(546 səhifə) olan
bu kitabda müxtəlif illərin zəhməti öz əksini tapır. Məqalələr bölmələrə uyğun toplanılıb.
Birinci bölmə
-"Yubileylər, portretlər,
müsahibələr" adlanır. Burada ilk məqalələr
dahi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi ilə əlaqədardır.
Bunlardan
"Üzeyir Hacıbəyli
dühası ilə yaradılan musiqi dünyamız", "Üzeyir
Hacıbəyli və
Azərbaycan Bəstəkarlar
İttifaqı" məqalələrini
qeyd edə bilərik. Bu məqalələrdə Üzeyir
bəy irsi, bu dahi şəxsiyyətin
ümumazərbaycan mədəniyyətinin
inkişafındakı rolu,
əhəmiyyəti, onun
musiqi sənətinin elmi, ifaçılıq, pedaqoji tədqiqatçılıq,
bəstəkarlıq istiqmətlərindəki
fəaliyyəti maraqlı
yazı üslubu ilə oxuculara təqdim olunur. Üzeyir bəydən sonra görkəmli sənətkar
Bülbül haqqında
"Bülbül Azərbaycan
professional vokal sənətinin
banisidir" məqaləsini
oxuyuruq. Növbəti məqalə "Qara Qarayevin portret cizgiləri" adlanır.
Bu məqaləni müəllif müsahibə
şəklində qələmə
alıb. Belə
ki, Qara Qarayevdən dərs alan Vasif Adıgözəlov,
Tofiq Bakıxanov, Əziz Əkbər Əzizli, Sevda İbrahimova, Arif Məlikov, Musa Mirzəyev,
Xəyyam Mirzəzadə,
Fərəc Qarayev kimi bəstəkarların
fikirləri, xatirələri
məqalənin əsas
qayəsini təşkil
edir. Bu da
mühüm əhəmiyyət
kəsb edir. Çünki adı çəkilən
sənətkarlar məhz
Qarayevi bir insan, bir müəllim,
bəstəkar və şəxsiyyət kimi çox dolğun təqdim edə bilərlər. Odur ki, müəllifin bu məqaləni müsahibə
üslubunda qələmə
alması yazının
əhəmiyyətini daha
da artırır və sanki Qarayevi
bir daha tarixləşdirir.
Həmin bölmədə "Fikrət Əmirov - Azərbaycan musiqisinin korifeyi", "Üzeyir bəyin yetirməsi - Əşrəf Abasov-90", "Ömür karvanı -Soltan Hacıbəyov-80", "O, əsl xeyirxahlıq məktəbi idi - Süleyman Ələsgərov-80" və daha neçə-neçə görkəmli bəstəkar və musiqişünaslar haqqında məqalələri qeyd edə bilərik. Bu məqalələrdə dünənin və bu günün musiqi həyatı bütün təfərrüatları ilə öz əksini tapır. Məqalələrin xronoloji ardıcıllığı da sənətkarların sanki musiqi tariximizdəki müəyyən edilmiş yerlərinə uyğun toplanılıb.
Kitabın ikinci bölməsi - "Festivallar,
təqdimatlar, nəşrlər, tamaşalar"
adlanır. Adından da bəlli olduğu kimi, musiqi həyatımızda bunların hər biri önəmli hadisədir. Bu
hadisələrin tarixə çevrilməsində isə
yazılı ədəbiyyatın mühüm
əhəmiyyəti var. Bu
baxımdan Cəmilə xanımın məqalələri də
çox önəmlidir. Onlardan
"Qarabağ xanəndələri"
layihəsi, "Emin Sabitoğlunun
"Bankir adaxlı" musiqili
komediyası", "Firəngiz Əlizadə "İntizar" operası" - tariximizi
canlandıran əsər", "Azərbaycan Bəstəkarlar
İttifaqı - 70 yubiley-festivalından" və digər məqalələrin
adını çəkə bilərik. Bu
məqalələr həm nəşr olunma
tarixinin göstərilməsi, həm də
müəllifin mövzuya yanaşması
ilə həqiqətən də tarixdir. Musiqi həyatımızın silinməz tarixi. Bu tarixi
mənbədə Cəmilə xanımın elmi
məqalələrinin də siyahısı təqdim olunur. Müəllifin elmi
və publisistik məqalələri onun istedadının, savadının və böyük zəhmətinin bəhrəsidir.
Belə ki, pedaqoji və
ictimai fəaliyyətinin gərgin
olmasına baxmayaraq, Cəmilə xanım
bir musiqişünas-alim
kimi musiqi həyatımızda
baş verən hadisələrə də
öz qələmi və yaradıcı əməyi ilə
münasibət bildirib. Bütün
bunlar da yeni işıq üzü
görən "Musiqi həyatımız"
kitabında öz əksini tapır. Bu da
musiqişünasın musiqi həyatımıza
yeni bir töhfəsidir.
Səadət
TƏHMİRAZQIZI
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.- 2021.- 15 oktaybr.- S.14.