Valideyn-övlad
münaqişəsi
Ailə insanın ən yaxşı mühafizə
edən sığınacaqdır. Ailə münasibətləri,
xüsusilə qan qohumluğu ailə fərdlərini bir-birinə
bağlayan ən güclü vasitədir.
Gəl ki, ən çox
və ən böyük münaqişələr
də elə ailə daxilində baş verir. Böyüklər arasında zaman-zaman
psixoloji gərginiklərin
yaşanması normaldır.
Amma valideynlə uşaq arasında baş verən psixoloji gərginliklər, dava-dalaş
əslində, ailədə
uşaqla qurulan münasibətin nə qədər yanlış olduğunun göstəricisidir.
Belə gərginlik adətən uşağın özünü
necə aparması iə bağlı olur. Xüsusilə yeniyetmələrlə münasibətdə hələ
də onlarla uşaq kimi davranmaq, onları məzəmmət etmək
valideyn-övlad münasibətlərini
zədələyən əsas
faktorlardan biridir.
Bəzən çox qarışıq
hal alsa da, əslində, uşaqlarla ünsiyyət
qurmaq böyüklərlə
yola getməkdən daha asandır. Amma biz onlarla
ünsiyyət yaratmağı
yox, onlar üzərində hakimiyyət
qurmağı düşünürüksə,
bu zaman işlər dəyişir.
Uşaq-valideyn qarşıdurmaları ən çox uşaqların valideynlərinə
qarşı davranışları
və ya valideynlərin uşaqları
ilə ünsiyyət
üslubları səbəbindən
yaranır.
Uşaqlar onsuz da yaş
etibarilə böyük
münaqişələrə girən, vəziyyəti daha da qarışdıran,
çıxılmaz hala
salan deyillər. Onlar yalnız uşaqdırlar və onlarla olan problemlərin müəyyən konkret səbəbləri olur:
- Uşaq valideynlərin qoyduğu qaydalara riayət etmək istəmir;
- Valideynlərlə uşaq
arasında ünsiyyət
problemi olur ki, bunun da
səbəbi ünsiyyətdə
daima qarşılıqlı
ittiham ifadələrindən
istifadə olunmasıdır;
- Valideynlərin övladlarından
böyük gözləntiləri
olur;
- Ailədə birdən çox uşaq varsa, uşaqlar arasında bərabərliyin
pozulması onların
bir-birini qısqanmasına
səbəb olur;
- Uşaq telefon, yaxud kompüterlə çox vaxt keçirmək istəyirlər;
Bu kimi standart və səbəbləri bəlli olan problemləri həll etmək uşaqlarla düzgün münasibətin
qurulmasından keçir. Burada vacib
məqam hər zaman valideynin davranışı və onun ailədə formalaşdırdığı ünsiyyət dilinin həssaslığı ilə
bağlıdır.
Uşaq-valideyn münaqişələrində valideynin rolu
Uşaq-valideyn davaları münaqişə
zamanı uşaqları
ilə ünsiyyət
qurarkən valideynlərin
davranışlarından asılı
olaraq dəyişir. Münaqişə
zamanı valideyn üç formada davrana bilər: ya sərt, ya
mülayim, ya da vasitəçi - problemi aradan qaldırmağa çalışan
fərd kimi.
Uşaqlarla münasibətdə sərt davranmağın nəticələri
Sərt davranış şəkli
ölkəmizdə ən
çox görülən
valideyn münasibətidir. Valideyn problemləri
yalnız öz tərəfindən görür
və özü istədiyi kimi həll etmək istətir, uşaqdan isə yalnız tabe olmaq və
itaət etmək gözlənilir. Uşaqlar xaraktercə
bir-birlərindən fərqli
olduqları üçün,
bir ailədə iki uşaqdan biri bu cür
münasibətdə daima
boyun əyirsə, digəri asilik edə bilir. Asilik edən övlad isə bu cür
yanaşmaya sahib olan valideynlər üçün
problemin mənbəyi
hesab edilir. Belə valideynlər töhmət,
cəzalandırmaq, manipulyasiya
yollarıyla uşaqları
özlərinə tabe
etdirməyə çalışırlar.
Bu zaman uşağın
uzlaşmaq, doğru və məntiqli seçimlər etmək bacarığı zədələnir.
O, cəzalandırılmaq qorxusuna
tabe olur. Ya da valideynə qarşı artan qəzəb səbəbiylə
daha çox səhv etməyə meyl göstərir.
Sərt davranış forması uşaq-valideyn münasibətlərini
zədələyən, uşağın
qərar vermək və icra etmək
qabiliyyətini korlaşdıran
üslubdur.
Mülayim davranmağın nəticələri
Mülayim valideynlər uşaqlarla hər hansı bir problem yaşandığı
zaman öz istəklərini uşağa
sakit formada qəbul etdirməyə çalışan valideyndir. Əgər uşaq
valideynin istəklərinə
əməl etməzsə,
bu zaman valideyn uşağın istəyinə uymaq məcburiyyətində qalır.
Sərt davramnaq qədər zərərli üslub olan mülayim münasibət uşaqlarda
valideynə hər istədiyini etdirmək fikrini formalaşdırır.
Uşaq anlayır ki, bir şeyi təkidlə,
uzun müddət istəsə, valideyni onunla razılaşacaq.
Razılaşmasa, uşaq qışqıra,
ağlaya, özünü
yerdən-yerə vura bilər. Nəticədə bu kimi davranışlar valideyni yola gətirmək üçün uşaq düşüncəsinin qurduğu
hiyləgər oyunlardır.
Bu davranışa alışan uşaq vərdişlərinə uyğun
olaraq gələcəkdə
insanlarla uzlaşmaq, komanda formasında hərəkət etmək
yerinə, ağlına
gələn hər qərarı başqalarına
zorla yeritməyə, qəbul etdirməyə çalışacaq.
Uşaqla münasibətdə həm
sərt, həm də mülayim olmağın fəsadları
uşağın ümumi
tərbiyə sistemini
zədələyir, onun
düzgün düşünmək,
məntiqli qərar vermək qabiliyyətini korlaşdırır. Uşaq ya qorxaq və aciz, ya
da başqalarını
düşünməyən narsist kimi formalaşır.
Ən əsası da uşaqlıqda inkişaf etməli olan iradə tərbiyəsi aşılanmır.
Vasitəçi, problemlərin həllinə
yönələn davranış
forması
Digər iki davranış formasından fərqli olaraq, uşaqlarla münasibətdə vasitəçi
davranışı mənimsəyən
valideynlər hər zaman qazanırlar. Bu münasibətdə həm
valideyn, həm də uşaq qazanır. Çünki belə valideynlər
həm öz qaydalarını qoya bilir, eyni zamanda
da, uşağın istəklərini nəzərə
alırlar. Demokratik mühitdə
böyüyən uşaq
da valideynin qoyduğu qaydaların onun xeyrinə olduğunu anlayır və qəbul edir. Çünki bu cür valideynlər problem yaranan zaman onun həllini
uşaqla birlikdə tapmağa çalışırlar.
Uşaqla uzlaşıldığı, ortaq qərar alındığı üçün
problem böyümür, əksinə,
yerində və zamanında həllini tapır. Bu valideynlərlə
uşaqları arasındakı
münasibətlər daha
sağlam olur. Uşaqlar qərar vermək mərhələsində
iştirak etdikləri
üçün özlərini
dəyərli hiss edirlər.
Hər hansı bir problemin həlli prosesində iştirak etmək uşaqların həm ailə münasibətlərini, həm
də zehni bacarıqlarını inkişaf
etdirməsinə yardımçı
olur. İlk növbədə uşaq hər zaman valideynləri ilə birlikdə qərar verməyin məntiqli və doğru olduğunu anlayır. Problem nə olur-olsun, ailəsiylə birlikdə
onun öhdəsindən
gələcəyinə inanır.
Ailəsi tərəfindən
dəyərli olduğunu
hiss edir və valideynlərinə qarşı
sevgisi həqiqi, təmiz olur.
Yaxşı, bəs vasitəçi, uzlaşmaya meyilli valideyn olmağın sirri nədir?
Cəmi
beş addımda
ailədə uşaqlarla
bu demokratik və sağlam mühiti qurmaq mümkündür:
1. Valideyn münaqişəyə səbəb olan problemi uşaqların dilindən eşitməli və onları anlamağa çalışmalıdır.
2. Valideyn uşaqla problem həll edərkən mühakimə üslubundan çıxmalıdır. Qışqırmaq, günahlandırmaq, vurmaq, cəzalandırmaq heç bir problemi həll etmir. Əksinə, uşağın yanlış davranışı varsa, bunun valideyni necə hiss etdirdiyini sakit formada ifadə etmək lazımdır.
3. Uşağı münaqişəyə səbəb olan problemin həlli prosesinə daxil etmək və münaqişə vəziyyətində vasitəçi davranışına üstünlük vermək vacibdir. Bu, övladınızla aranızdakı münasibəti daha da sağlamlaşdıracaq. Problem qarşısında uşaqla qarşı-qarşıya qalmaq əvəzinə, bir komanda şəklində onu həll etməyə çalışmaq valideyn-övlad münasibətində güvəni və sevgini artıran ən vacib faktordur.
4. Valideyn uşaqla dalaşmaq əvəzinə, onunla empatiya qurmağa çalışmalıdır.
5. Bir problemin həlli prosesində uşağın qarşısına seçimlər qoymaq onun münaqişəyə yox, həll prosesinə daha çox maraq göstərməsinə kömək edəcək. Bu, həm də ona təqdim olunan variantlardan birini seçməsi üçün təşviq xarateri daşıyacaq.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 15 oktaybr.- S.10.