Pərvindən yeni kitab: "Vəziyyət ruscadır"

 

Bu günlərdə, "CBS PP" nəşriyyatında yazıçı-publisist Pərvinin "Vəziyyət ruscadır" adlı esselər kitabı işıq üzü görüb. Kitabda müəllifin rus nəsrinə aid ardıcıl araşdırmaları yer alıb. Daha öncələr "Ədəbiyyat" qəzetində hər həftə yayımlanan bu silsilə yazılarda rus klassik nümunələrinin vasitəsiylə zaman, ədəbiyyat sənət haqqında düşüncələr ortaya qoyulur. Müəllif özü bu mövzuya müraciətini kitabın müqəddiməsində belə izah edir:

 

"Mən evə girəndə pediator səsinin "ağıllı" yerinə salıb danışırdı: "Qapanmalar qaçılmazdı, siz virusa yoluxub övladınıza keçirə bilərsiz uşaq bu dəhşətli xəstəlikdən dünyasını dəyişsə, özünüzü bir ömür bağışlamazsız..." Fevral soyuğundan betər olan bu tezisdən iliklərim dondu... Onsuz da ömrümü sosial məsafələr içərisində keçirdiyim yerdə dünya da təzə ölçü-biçisi ilə canımı  boğazıma yığmışdı. Hələ üstəgəl, balacalara görə qorxu, çiyinləri çökdürən məsuliyyət! Hər gün artan rəqəmlər, telefonu bəd xəbərçiyə çevirən amansız pandemiya... Belə durumda sözün, sənətin gücünə inam qalırmı?! Adicə iynə vurmağı bacaran tibb bacısı bu məqamda ən faydalı adamdı... Bəlkə susmaq ümumiyyətlə səsini çıxarmamaq daha düzgündür! Öz dərdim özümə bəsdi - deyib üzünü yan tuta bilər oxucu. Hətta istəsə, sözün bolluğundan qəzəblənib daha sərt kəlmə gətirər dilinə... İntəhası mənim təsəlliyə ehtiyacım varsa, necəsə yaşamalı yoluma davam etməli, qorxuları aşmalı, xəstəlik ölüm xofunu unutmalıyamsa, işləməkdən savayı yol qalmır. Bir uzun müddətdi zəngin rus nəsrini yenidən, ardıcıl oxumaq, öyrənmək niyyətim var. Puşkindən başlayıb bu günümüzəcən gələn yolda oxuyub yazmaq yaralarıma məlhəm oldumu görən?! Bilmirəm... Bircə onu bilirəm ki, bu yazıların hər biri mənim üçün söz, qələm adamı kimi master-klass oldu... Rus ədəbiyyatı mütəxəssisi deyiləm, buna iddiam da yoxdur! Sadəcə yeni yaşın astanasında hər il olduğu kimi özümə verdiyim təzə-təzə sifarişləri yerinə yetirməyimdən məmnunam! Növbəti ilin sifarişi olacaq, deyə bilmərəm! Kitabda yer alan yazıları ardıcıl oxuduqca onu da anladım ki, əslində yazmaq ötüb keçən zamanı saxlamaq üçündür... Bəlkə amansızlıqla axıb gedən, dünyanın sürəti ilə yarışa girən çağdaş vaxtdan oğurlaya bildiklərim elə yazılardır! Bu yerdə mən susum, Puşkin, Lermontov, Tolstoy, Nabokov, Bunin danışsın... Qəribədi, mən elə onlar deyəni deməyə çalışırammış... Xalq da "Vəziyyət ruscadır" ifadəsini əcaib, anlaşılmaz, qarışıq durumda işlədib həmişə! Lap indiki kimi - əcaib, anlaşılmaz, qarışıq..."

 

Qeyd edək ki, "Vəziyyət ruscadır" layihəsində müəllif rus-Azərbaycan ədəbi əlaqələri məsələlərini , oxşar mövzularda yazılmış milli nəsr nümunələrimizi təhlil edir.

 

Xəyalə ZƏRRABQIZI  

 

525-ci qəzet.- 2021.- 16 oktyabr.- S.23.