Dul qadının tənhalığı  

 

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Ruhiyyənin tərcüməçilik fəaliyyəti

 

Ona Südabə xanımın, sonra da ərinin təsiri, gələcəkdə ehtiyacın girovuna çevrilməsinin qarşısını almaqla, yaxşı yol göstərmişdi. Onun dağ kəndində çoxlu talışlar yaşayırdı, anası da mənşəcə talış olduğundan, onunla və bacısı ilə evdə daim talış dilində danışırdı. Musiqili bir dil kimi Ruhiyyənin bu dilə böyük həvəsi var idi. Bir müğənninin bəstələdiyi və oxuduğu çox gözəl "Toluş dili" mahnısı onun bu dilə yiyələnmək həvəsini artırmış, ərə getdikdən sonra isə Hüseynin məsləhəti ilə fars dili professorunun köməyi ilə talış dilinə çox yaxın olan fars dilini əsaslı qaydada öyrənmiş, həmin dildən tərcümələr etməkdə də özünü sınamışdı. Professor ona həm də fars dilinin İranda çap olunmuş iri lüğət kitabını bağışlamışdı. Beləliklə, həmin dildən tərcümələrə girişə bilərdi. O düşünürdü ki, çox sayda olan nəşriyyatlarla əlaqə saxlayıb, onlara fars dilindən bədii əsərlərin və tarixi mövzuda olan kitabların tərcüməsini etməyi öz üzərinə götürə bilər. Həm də bilirdi ki, son onilliklərdə fars kinematoqrafiyası xeyli inkişaf etdiyinə, olduqca məzmunlu və maraqlı filmlər ekrana çıxardığına görə, Azərbaycan tamaşaçıları da "boşqablar" vasitəsilə onlara maraq göstərirlər. Çox sayda ailələrin isə krosna "boşqabı" yoxdur, lakin onlar da İran filmləri ilə maraqlanmağa başlamışlar. Şair Şəhriyar barədə fars dilində çəkilən çoxseriyalı film azərbaycanlı tamaşaçılara olduqca xoş gəlmişdir, çünki bu filmdə uzun müddət ərzində təlqin olunan və əslində, həqiqəti əks etdirən fars şovinizmindən əsər-əlamət yoxdur, əksinə, film iranlıların böyük Azərbaycan şairinə bəslədikləri dərin hörmətin və həqiqi məhəbbətin əsl nümayişinə çevrilmişdir. Bizdə Şəhriyar "Heydər baba" poemasına görə böyük şöhrət tapmışdır. Əgər Pirosmani gürcü rəngkarlığında primitivizmin görkəmli nümayəndəsi hesab olunursa, "Heydər baba"da da Şəhriyar zəngin yaradıcılığı ilə yanaşı, özünə məxsus olan primitivizmin dahiyanə nümunəsini yaratmışdır. Poemada məişət nümunələri, azərbaycanlıların milli adət-ənənələri öz maraqlı əksini tapırsa, şair yeri gəldikcə fəlsəfi fikirləri irəli sürməkdən yayınmır, onlara da geniş yer verir. Farslar isə Şəhriyarın onların doğma dilində yazdığı rübailərə görə, hətta onu fəth etdiyi yüksəkliyə görə orta əsrlərin görkəmli lirik şairi Hafizlə müqayisə edirlər.

 

Ruhiyyə qərara aldı ki, telestudiyaların Azərbaycan dilinə tərcümədə əcnəbi filmlərin göstərilməsinə böyük maraq yarandığına görə, İran filmlərini də fars dilindən tərcümədə yerli tamaşaçılara təqdim etmək olar. Ruhiyyə tərcüməyə və nümayiş etdirilməyə daha çox layiq olan onlarla müasir mövzudakı filmləri həmin televiziya studiyalarına təklif edə bilərdi.

 

Bu imkanlara sahib olduğuna görə də özünün qoruyucu mələyi olan Südabə xanıma və onun məsləhəti ilə ailə qurmaqla onu xoşbəxtliyə çatdırmış Hüseynə minnətdar idi. Vaxtilə əlindən restoranda qab yumaqdan başqa heç nə gəlməyən, pulsuz ucuz nahar yeməyini özünə müqayisəyə gəlməyən qazanc mənbəyi sayan bir qız özünü təhsil qaydasında bir neçə ilə ədəbiyyatdan yaxşı baş çıxaran bir mütəxəssisə, iki dildən doğma dilinə tərcümə etməyə qadir olan bir yaradıcı insana çevrmişdi. Əgər tələbat olsaydı, o, tacik ədəbiyyatı nümunələrinin tərcüməsinə də girişə bilərdi. O, vaxt itirmədən televiziya studiyalarına, nəşriyyatlara xidmət barədəki təkliflərini göndərdi. İki studiyadan və bir neçə nəşriyyatdan müsbət cavab aldı, onu söhbətə dəvət etdilər. O, özünün ali təhsili olmadığını da göstərmişdi, lakin tərcümədə çətinlik çəkməməsi əminliyini də qeyd etməyi unutmamışdı və onlara sayca ona qədər fars dilindən etdiyi hekayələrin tərcüməsini göndərmişdi. Tərcümənin keyfiyyəti onların təəccübünə səbəb olmuş, xidmətindən istifadə etmək və digər məsələlər, o cümlədən, zəhmət haqqı barədəki sövdələşmələri müzakirə etmək üçün onu dəvət etmişdilər. Bunların əyani qaydada həll etməyə ehtiyac olduğunu bildirmişdilər. Və televiziya kanallarının birindən bildirmişdilər ki, söhbətdə iştirak etməyə Bakı Dövlət Universitetindən fars dili professorunu da dəvət edəcəklər.

 

Bir həftə ərzində o, beş yerdə söhbətdən keçməyə dəvət aldı. İlk söhbət üç il bundan əvvəl fəaliyyətə başlayan televiziya kanalının rəhbərliyi ilə oldu. Kanalın direktoru əvvəllər həvəskar aktyor kimi əsasən yumoristik səhnələr göstərən qrupun üzvü olmuşdu, onun oynadığı rol rəhbər işçilərdən bəzilərinin xoşuna gəldiyindən, ona müxtəlif televiziya studiyalarında əyləncəli şoular aparmağa icazə verilmiş, vaxtilə kasıb olan bu oğlan qısa müddətdə elə də bir məzmunu və cəzbediciliyi olmayan psevdoyarışların hesabına varlı bir adama çevrilmişdi. Sonra isə bu kanaldakı köhnə rəhbərlik nədənsə səhvə yol verib, yuxarıların gözündən düşdükdən sonra, kanaldakı mühüm vəzifəni tərk etməli olmuşdu. Onun yerinə şouları ilə bu sahənin biznesinə daxil olmağa imkan tapmış həmin şişman oğlanı qoymuşdular. Gözlənilmədiyi halda onun telekanala rəhbərliyi mütəxəssislərin rəyinə görə olduqca uğurlu alınmış, studiyada vəziyyət əsaslı surətdə dəyişikliyə uğramışdı.

 

Ruhiyyəni o, mehribanlıqla qarşıladı, ona kresloda yer göstərdi. Sonra yanındakı studiyanın bədii rəhbərini və universitetdən dəvət edilmiş professoru təqdim etdi. Onlar qonağın təhsili ilə maraqlandıqda, göndərdiyi sənəddə, onu əcnəbilərdən qəbul edilən CV adlandırdılar, bu suala cavab verdiyini bildirdi, marağı yatırtmaq üçün dedi ki, ali təhsilim yoxdur, ancaq müstəqil təhsilimi diplomu olanlardan heç də aşağı səviyyəli hesab etmirəm. Dilə yaxşı yiyələnmək üçün xeyli əziyyət çəkmişəm, fars dilində çox mütaliə etmişəm. I Daranın, Şapurun Bisütun dağında nəqş edilmiş şücaətləri barədəki mətnlərlə tanışam, Firdovsinin "Şahnamə"sini, Sədinin, Hafizin əsərlərini dəfələrlə oxumuşam. Müasir İran yazıçılarının əsərlərindən tərcümələr etmişəm. Şəhriyarın bəzi rübailərini Azərbaycan dilinə çevirmişəm.

 

Professor sözarası dedi ki, bu yaxınlarda Əbu Dabidəki "Masraq" bimarıstanında xeyli müddət müalicə olunduqdan sonra oradan yenicə qayıtmışdır. Ruhiyyə cavabında dedi ki, Əbu Dabidə Klivlend xəstəxanasının filialı daha yeni müalicə mərkəzi hesab olunur, "Masraq" ona nisbətən köhnə tipli və az müasir xəstəxana sayılır. Həmsöhbəti Ruhiyyənin məlumatlı olduğunu anladı və ondan eşitdi ki, gəlinimiz ərəb qızı olmaqla yanaşı, həkimdir, Əbu Dabi Universitetini çox yüksək qiymətlərlə bitirdiyinə görə, yuxarı dərəcəli həkim kimi tanınır.

 

Sonra bədii rəhbər söhbətə qarışdı, bildirdi ki, biz ingilis, fransız dillərində olan filmlərin tərcümə edilməsini sifariş veririk, lakin tərcümənin keyfiyyəti bizi o qədər də razı salmır. Bu yaxınlarda Akira Kurosavanın "Ran" - yaponca "qarışıqlıq" deməkdir, filminin ingilis dilindən tərcümə etdirsək də, səviyyəsi bizə xoş gəlmədi. Axı əsər Şekspirin "Kral Lir"indən götürülmüş və yapon xüsusiyyətlərinə uyğunlaşdırılmış süjetə malikdir, hər söz, hər dialoq dahi rejissorun bədii niyyətlərini açmağa kömək etməlidir. Tərcümədə isə bu cəhət özünü qətiyyən büruzə vermirdi. Tərcümədə yapon koloriti də öz əksini tapmırdı. Eloiza və Abelyarın ülvi məhəbbətdən xəbər verən məktubları isə rus dilinə olduqca primitiv tərcümə edilmişdir, yazılardakı ruh itirilmişdir.

Ruhiyyə onun qarşısında qoyulan tələbi başa düşdüyündən cavab verməyi lazım bildi:

 

- Mən sizinlə razıyam. Rus dilində də tərcümələrin yüksək keyfiyyətinə o qədər fikir verilmir. Orada böyük istedad sahibləri olan artistlər dublyaja cəlb edildiyindən, onların qabiliyyəti hesabına tərcümədəki zəifliklər bir qədər malalanır, örtülür. Lap "Xaç atası" filmini götürün, orada Mario Pyuzonun ingilis dilindəki dialoqları ilə rus dilində ifadə olunanlar arasında xoşa gəlməyən fərqlərin olduğu gözə çarpır. Yaxud türklərin "Çalıquşu" filmində türk dilindəki zəriflik, Rəşad Nuri Güntəkinin "gülbəşəkər" qoxusu verən dili xeyli kasıblaşmış şəkildə ortaya çıxır. Fars dili qədim dildir, böyük ədəbi xəzinəyə malikdir, ona "yüngül süvari" qaydasında yanaşmaq yolverilməz hesab olunmalıdır, lakin hansısa filmin gözəlliyinin başqa dildə güzgü əksini tapmasına söz vermək də çətindir.

 

Televiziya kompaniyasının direktoru söhbətin gedişindən razı qaldığını gizlətməyə çalışsa da, bildirdi ki, bizim tənqidi münasibətimizin konkret faydası birgə əməkdaşlığımızda özünü büruzə verəcəkdir. Ona görə də konkret məsələlərə keçək, biz ildə ən azı 4-5 fars filmini dublyaj etdirib, tamaşaçılarımıza çatdırmaq istəyirik. Siz bunun öhdəsindən gələ bilərsinizmi, yoxsa biz digər tərcüməçilər də axtarmalıyıq?

 

Ruhiyyə dedi:

 

- Mən özümə rəqibliyə görə başqa tərcüməçilərin dəvət edilib-edilməməsinə rəy verə bilmərəm, versəm də, bu, eqoistik xarakter daşıya bilər. Bu, mənim deyil, sizin səlahiyyətinizdə olan məsələdir. Heç kəs tərcümədə də inhisara malik olmamalıdır, bu sahədə də qoy lap yüz çiçək açsın. Alternativin mövcudluğu daha yaxşı nəyəsə nail olmaq üçün yarış xarakteri daşıyacaqdır, bundan isə həm kanal, həm də geniş tamaşaçı kütləsi fayda götürə bilər.

 

Müddət sizi maraqlandırırsa, mən iki ayda bir filmin tərcüməsini təhvil verə bilərəm, çünki mən eyni vaxtda başqa işlərlə də məşğul olmalıyam.

Sonra direktor maliyyə məsələsinə keçdi, filmin dublyajının böyük xərcə səbəb olmasını göstərməklə yanaşı, qeyd etdi ki, keyfiyyətli iş layiq olduğu qiyməti də almalıdır. O, bir filmin tərcüməsinə çəkiləcək xərcin limitini qeyd etdikdə, Ruhiyyə təklifə narazı olmadığını bildirdi, çünki bu, universitet müəlliminin aylıq məvacibindən üç-dörd dəfə yuxarı idi.

 

Bədii rəhbər ümumi razılığa gəlindikdən sonra İranda son illərdə çəkilmiş üç filmin adını çəkdi və onların Ruhiyyənin e-mailinə göndərəcəklərini bildirdi. Bu filmlər Ruhiyyəyə tanış idi, təəssüf ki, bunlar onun yüksək qiymətləndirdiyi və dünya ekranlarına çıxan bədii filmlər sırasına daxil deyildi. Lakin mebelləri necə yerləşdirməyə görə ev sahibi ilə mübahisə etmək ağılsızlıqdır. O, prezident Ronald Reyqanın arvadı Nensi Reyqanın memuarını oxumuşdu, orada müəllif SSRİ rəhbəri Mixail Qorbaçovun arvadı Raisa Qorbaçovanın hər şeyə burnunu soxduğunu, nəzakətsizliyə yol verdiyini qeyd edirdi. ABŞ-ın birinci ledisi yazırdı ki, Raisaya Ağ Evdəki yataq otaqlarını göstərdikdə, o, heç bir nəzakət qaydalarına məhəl qoymadan, çarpayıların, kiçik tumboçkaların düzgün yerləşdirilməməsinə görə iradını bildirməklə yanaşı, həyasızcasına təkid etdi ki, gecikmədən onların yeri dəyişdirilməli, onun dediyi qaydada yerləşdirilməlidir. Ona görə də Ruhiyyə kanalın rəhbərliyinə öz zövqünə əsaslanaraq hansısa təklif verə bilməzdi. Gələcəkdə isə onların birgə işi qaydaya düşəndə, az-çox yaxşı nəticə verəndə o, öz fikirlərini açıq ifadə edəcək, işin xeyrinə olan öz təkliflərini irəli sürəcəkdi.

 

Professor Ruhiyyənin dünyagörüşünün genişliyindən razı qalmışdı və gələcəkdə də fikir ayrılığının baş verməməsi üçün tarixə müraciət edib, Hindistanda 1929-cu ildə baş vermiş bir hadisəni danışdı. Əvvəlcədən bildirdi ki, Moğollar dövründən uzun müddət ərzində fars dili Hindistanda saray dili rolunu oynamış, hindlilərdə fars poeziyasına məhəbbət heç də "Ramayana"ya, ya "Mahabharata"ya olan hərarətli münasibətdən geri qalmamışdı. Fars şeirlərini hindli ziyalılar orijinalda əzbər bilirdilər.

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 16 oktyabr.- S.22.