Dünyadan nə gözəl
bir insan getdi...
Ömür, yaşamaq haqqı hər bir bəşər
övladına verilən
paydır, qismətdir. Hər bir
insan həyatda özündən sonra müəyyən izlər,
nişanələr qoyub
gedir. Alimə, elm adamına da
belə bir pay düşür. O ömür
yazıla-yazıla tükənir,
qurtarır, əriyir.
Elm, hikmətlər dünyası isə yaşarıdır, əbədidir.
Amansız, vaxtsız, erkən
ölüm uzun sürən çarəsiz
xəstəlik Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya elmləri doktoru, professor Buludxan Əziz oğlu Xəlilovu sıralarımızdan apardı.
Buludxan Əziz
oğlu Xəlilov
1966-cı ildə indi
düşmən tapdağında
olan Qərbi Azərbaycanın Ağbaba
mahalında doğulub,
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik
illərində "C.Cabbarlı
adına təqaüd"lə oxuyub.
Bu gənc filoloqun
elmə, təhsilə
olan marağı, xüsusi istedad və qabiliyyəti nəzərə alınaraq
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Elmi Şurasının tövsiyəsinə əsasən
Təhsil Nazirliyi tərəfindən Müasir
Azərbaycan dili kafedrasında gənc mütəxəssis kimi saxlanılıb. 1992-ci ildə namizədlik,
1999-cu ildə doktorluq
dissertasiyası müdafiə
edib. Buludxan Xəlilov dilçiliyimizdə
ən gənc yaşlarında qazandığı
təkrarsız uğurlara,
nail olduğu yeniliklərə
görə akademiklər
Ağamusa Axundov, Zərifə Budaqova, Tofiq Hacıyev və Nizami Cəfərovdan sonra, onların rekordunu təzələyən, təkrarlayan
dilçi alimlərdəndir.
O, 26 yaşında fəlsəfə
doktoru, 33 yaşında
isə filologiya elmləri doktoru elmi dərəcəsini almışdı. 2001-ci ildə müsabiqə yolu ilə Müasir
Azərbaycan dili kafedrasında boş olan professor vəzifəsinə
seçilib. 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaranmış "Dədə
Qorqud" elmi tədqiqat laboratoriyasına-mərkəzinə
rəhbər təyin
olunub. 2001-ci ildə
"İlin alimi"
nominasiyasının, 2003-cü ildə "Vektor" Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı
ilə "Azərbaycanın
gənc alimləri"
Beynəlxalq layihəsinin
qalibi olub. 2006-cı ildən filologiya fakültəsinin
dekanı idi.
2004-cü ildən Azad Qələmlər
Cəmiyyəti tərəfindən
Azərbaycan, dili, ədəbiyyatı və
türkologiya elmlərinin
tədqiqi-təbliği sahəsindəki
xidmətlərinə görə
"Qızıl Qələm"
fəxri mükafatına,
2006-cı ildə "XXI əsrin
ziyalı"sı adına
layiq görülüb.
2006-cı ildə dekabrın 26-da Azərbaycanda
təhsil sisteminin inkişafındakı xidmətlərinə
görə "Tərəqqi"
medalı ilə təltif edilib. Professor Buludxan Xəlilovun
elmimizdə saldığı
izlər dərindir, gətirdiyi yeniliklər hörmətə, diqqətəlayiqdir.
Alimin bütün uğurları
onun həm klassik Azərbaycan dilçiliyinin nümayəndələrinin
qoyub getdiyi irslə, həm də XIX və XX əsr dilçilərinin,
korifeylərinin elmi əsərləri ilə dərindən dərinə
tanışlığı sayəsində mümkün
olmuşdu.
Görkəmli Azərbaycan dilçisi
professor Buludxan Xəlilov
özünəqədərki sələflərinin elmi mülahizə və fikirlərinə, təlimlərinə
həssaslıqla, ehtiramla
yanaşmış, onlardan
öyrənmiş və
özünün dilçilik
görüşlərini formalaşdırmışdı. Buludxan Xəlilov Azərbaycan dilçiliyinin fonetika, morfologiya, sosioloji dilçilik, ədəbi dil tarixi, leksikologiya,
üslubiyyat (əslində,
bütün sahələrin
adını çəkmək
doğru olardı) sahələrinin, türkoloji
dilçiliyin, habelə
ümumi dilçiliyimizin,
bədii dilimizin, ayrı-ayrı sənətkarların
(B.Vahabzadə, İ.Şıxlı,
Səməd Vurğun
və b.) dilinin mahir araşdırıcısı
idi. O, bir çox xarici ölkədə bu sahələrin ən mürəkkəb problemlərinə
aid məruzə və
çıxışlar etmiş,
simpozium və konfranslarda dilçiliyimizin
layiqli təmsilçisi
olmuşdu. Onun qələmindən 20-dək monoqrafiya, dərslik, dərs vəsaitləri, 7
tədris proqramı,
200-dən artıq elmi,
elmi-publisistik məqalələr
çıxıb. Elmi əsərləri
Türkiyə, İran,
Qırğızıstan, Yakutiya,
Bolqarıstan və Türkmənistanda çap
olunub.
B.Xəlilov, həmçinin, elmi
kadrların hazırlanmasına da rəhbərlik
edib. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın filologiya
üzrə ekspert Şurasının ən
mötəbər üzvlərindəndi. Professor Buludxan
Xəlilovun elmi əsərlərinə, monoqrafiya və kitablarına yazılmış
resenziya və rəylərdə onun elmi
yaradıcılığı layiqli qiymətini
almışdı. Professor Buludxan
Xəlilov təzə-təzə ömrünün
55-ci baharını yaşamağa
başlayırdı. Lakin bu
yolda xoşbəxtlik onun
üzünə gülmədi. Onun ömür
karvanını amansız xəstəlik, vaxtsız ölüm qəflətən
dayandırdı. Buludxan Xəlilovu - həmişə
cavan alim dostumu, öz əsərləri
ilə Azərbaycan dilçiliyinə başucalığı
gətirən, elmi həyatında onu pillə-pillə zənginləşdirən
bir araşdırıcı kimi baxışlarım axtarsa
da, min-min təəssüf
ki, o aramızda,
sıralarımızda yoxdur artıq. Real və amansız həqiqətlə onun yoxluğu ilə
razılaşmaqdan başqa çarəmiz
qalmır. Ümid yerimiz,
təsəllimiz onun dilçiliyimizə gətirdiyi
dilçilər nəslinin göz
qabağında olmasıdır. Necə ki,
ana dilimiz
yaşayır, dilçiliyimiz
inkişafdadır, professor Buludxan
Əziz oğlu Xəlilov da
yaşayacaq. Allah onun ruhunu şad
eləsin, dilçi həmkarlarımızın,
qohumlarının, dostlarının başı sağ olsun.
İsmayıl
MƏMMƏDLİ,
Professor,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi
dilçilik şöbəsinin müdiri
525-ci qəzet.- 2021.- 16 oktyabr.- S.21.