Vətən təyinatlı
POLKOVNİK-LEYTENANT
HACI ƏSƏDOVUN ƏZİZ XATİRƏSİNƏ
Yada salın 1991-ci ili. 1986-cı ildən SSRİ-də başlanan yenidənqurma siyasəti çoxmillətli, çoxmilyonlu rus imperiyasının kommunist ideologiyalı dayağını sarsıdıb, demokratik hərəkat qol-qanad, etnik münaqişələr əl-qol açıb, 1988-ci ilin fevralından Azərbaycanda erməni separatizmi baş qaldırıb, 1989-cu ildə Azərbaycan türklərinin Ermənistanın ərazisinə düşən dədə-baba torpaqlarımızda dəfələrlə aparılmış deportasiya siyasətinə duruş gətirə bilmiş hissəsi də deportasiya olunub, 1991-ci ilin avqustunda SSRİ rəhbərliyindən bir neçə nəfərin cəhd göstərdiyi dövlət çevrilişi boşa çıxıb, həmin ay Azərbaycan dövlət müstəqilliyini elan eləyib, noyabrda erməni separatizminin qan əkdiyi Qarabağ torpağının səmasında Azərbaycanın dövlət rəhbərliyindən bir neçə nəfərin, eləcə də Sovet ordusunun bir neçə zabitinin olduğu vertolyot vurulub, dekabrın sonunda beş ildi sərhədlərinin içi də, çölü də çalxalanan SSRİ birdəfəlik çöküb, il beləcə başa çatıb, tarix və təqvim dəyişib, 1992-ci il gəlib...
Belə bir dövrdə dağılmış SSRİ-nin Rusiya Federasiyasının ərazisinə düşən hissəsində hərbi xidmətini davam elətdirən baş leytenant Hacı Əsədov vətəni Azərbaycana, Bakıya məzuniyyətə yollanıb.
Yada salaq Hacı Əsədovu.
Əsədov Hacı Gülməmməd oğlu 1965-ci il dekabr ayının 5-də Bakının Biləcəri qəsəbəsində anadan olub. 1981-ci ildə Biləcəridə 3 nömrəli dəmiryol məktəbinin 8-ci sinfini bitirəndən sonra bütün həyatını hərb işinə bağlayıb, 1981-1983-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey), 1983-1987-ci illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) təhsil alıb. 1987-ci ildən Sovet ordusunda zabit kimi xidmətə başlayıb, SSRİ Silahlı Qüvvələrinin Türküstan Hərbi Dairəsindəki, Uzaq Şərq Hərbi Dairəsindəki hərbi hissələrində vzvod (taqım) komandiri, rota (bölük) komandiri vəzifələrində çalışıb.
1991-ci ilin sonu, 1992-ci ilin əvvəlində Azərbaycana məzuniyyətə gələndə Hacı Əsədov Uzaq Şərq Hərbi Dairəsində rota komandiri idi. SSRİ dağıldığına görə həmin hərbi dairə Rusiya Federasiyası Silahlı Qüvvələrinin tabeliyinə keçmişdi. Yəni məzuniyyətdən qayıdanda Hacı Əsədov daha Sovet ordusunun yox, Rusiya Federasiyasının zabiti idi.
Ancaq onun Rusiya Silahlı Qüvvələrində xidməti uzun çəkmir. Məzuniyyətdən qayıdandan bir qədər sonra - 1992-ci ilin mart ayında Hacı Əsədov yenidən vətənə dönür. Bu dəfə məzuniyyətə yox, xidmətə gəlir - Azərbaycan Ordusunda xidmətə. Həm də özbaşına gəlir. Eləcə hərbi hissəni icazəsiz tərk eləyib, çıxıb gəlir vətənə. Rusiyanın gözüylə baxsaq, bu, fərarilikdi, Azərbaycanın gözüylə baxsaq, fədakarlıqdı.
Öz gözümüzlə baxaq özümüzə. Hacı Əsədov da özünə Rusiyanın yox, Azərbaycanın gözüylə baxmışdı, Azərbaycanın gözünü orduya, ordunun gözünü peşəkar zabitlərə dikən görmüşdü. Bu, elə bir dövr idi ki, Azərbaycanda peşəkar ordu zabitlərinin sayı lazım olduğundan qat-qat az idi.
Yada salaq 1992-ci ilin birinci yarısındakı Azərbaycan
Ordusunu.
Əslində, o dövrün Azərbaycan Ordusu
könüllülərdən - yerli özünümüdafiə
batalyonlarından, bir də həmin batalyonları idarə eləməyə
və bu işi görə-görə özü də
formalaşmağa çalışan Müdafiə Nazirliyindən
ibarət idi.
Azərbaycanda Müdafiə Nazirliyi yalnız
dövlət müstəqilliyinin bərpasından sonra
yaradılmışdı. Sovet
dövründə Azərbaycanda Müdafiə Nazirliyi yox idi,
Azərbaycandakı hərbi hissələrin hamısı
SSRİ Müdafiə Nazirliyinə, onun strukturlarına tabe
idi. Bu hərbi hissələr, necə deyərlər, rus-sovet
hərbi hissələri idi, orda azərbaycanlı zabitlərin
sayı çox az olardı. SSRİ-nin
başqa yerlərində də azərbaycanlı ordu zabitlərinin
sayı az idi, Sovet dövləti sələfi Çar
Rusiyası kimi azərbaycanlıların əlinə silah verməkdən
həmişə ehtiyat eləmişdi, buna görə Sovet
ordusuna çağırılan azərbaycanlıların
çoxu əslində, hərbi xidmətə yox, fəhləliyə
aparılırdı, onlar döyüş batalyonlarından
çox, inşaat batalyonlarında yerləşdirilirdi. Sovet dövründə Azərbaycanda yerli hərbçi
kadrların toplaşdığı əsas mərkəz
çağırışçıları orduya
yığmaqla, səfərbərlik işləriylə məşğul
olan hərbi komissarlıqlar idi. Ona görə
də Milli Ordu yaradılanda peşəkar kadr bazasının əsas
söykənəcəklərindən biri də hərbi
komissarlıqlarda işləyən zabitlər olmuşdu.
Bir də milis (polis) qüvvələri vardı. Daxili
İşlər Nazirliyi Azərbaycanda Sovet dövründə
də olduğundan Vətənin müdafiəsinə
qoşulan, döyüşlərə yollanan milis (polis) dəstələri
daha nizamlı, həm də silahla daha yaxşı
davranmağı bacaran qüvvələrdən
sayılırdı.
Qayıdaq Hacı Əsədova.
Rusiyadakı hərbi hissəni tərk eləyib Vətənə
dönən Hacı Əsədov Milli Ordunun Bakının NZS
qəsəbəsindəki hərbi hissəsinə yollanır,
heç üç gün keçməmiş birbaşa cəbhə
bölgəsinə - Füzuli rayonuna yola düşür. Artıq
Hacı Əsədov Azərbaycan Ordusunun zabitidi, Füzulidəki
702 saylı hərbi hissəyə də briqadanın nümayəndəsi
kimi gəlib. Bakıdan gəlmiş
qonağı, həm də Rusiyadakı hərbi hissəni tərk
eləyib özünü Vətənin müdafiəsinə
yetirmiş peşəkar zabiti Füzuli şəhərindəki
Musiqi İnternatının binasında yerləşən hərbi
hissədə, əlbəttə, hörmətlə
qarşılayırlar. Yaddan çıxarmayaq: hərbi
hissə dediyimiz əslində, özünümüdafiə
batalyonu, könüllü döyüşçülər,
partizanlar qrupudu. Axşam çörək yeyəndə
döyüşçülərdən biri araq şüşəsini
çıxarıb masanın üstünə qoyur: "Araq
içirsən?" "Yox". "Nəşə çəkirsən?" "Yox". "Alə, araq
içmirsən, nəşə çəkmirsən, nə
bakılı oldun sən!" Sonralar Hacı Əsədov
dostlarına danışırmış ki, çörək
yeyə-yeyə fikirləşirdim mən hara gəlib
düşmüşəm...
702
saylı hərbi hissədə briqada kəşfiyyatının
rəis müavini kimi fəaliyyətə başlayan, sonra bir
neçə ayın içində bu hərbi hissənin
tabeliyindəki 839 saylı hərbi hissənin komandir
müavini, komandiri olan Hacı Əsədovun - artıq kapitan
Hacı Əsədovun əsas işlərindən biri
nizam-intizam yaratmaq, özünümüdafiə batalyonunu
nizamlı hərbi hissəyə çevirmək olur. Əsgəri
hərbi salam verməyə vərdiş elətdirməkdən
tutmuş səngər qazmağa, postda yatmamağa məcbur eləməyə
qədər - bu iş irili-xırdalı az qala hər məsələni,
hər məqamı əhatə eləyir.
"Mən neçə dəfə Füzuliyə hərbi
hissəyə gələndə Hacını soruşmuşam,
deyiblər yatıb. Bütün gecəni postları gəzirdi
ki, uşaqlar yatmasın. Yalnız
gündüzlər bir qədər yuxusunu alardı".
O vaxtlar Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzində
çalışmış Azad İsazadə belə deyir.
"Mən Hacı Əsədovun gecələr yatdığını
görmədim. Bunu heç kim görmədi. Bütün gecəni postları gəzərdi,
mövqeləri yoxlayardı. Bir yandan
komandir kimi öz məsuliyyətini dərk eləyirdi, o biri
yandan da peşəkar hərbçi kimi xüsusilə
müharibə dövründə
ayıq-sayıqlığın nə demək olduğunu
hamıdan yaxşı bilirdi". 839
saylı hərbi hissədə Hacı Əsədovla
çiyin-çiyinə xidmət eləmiş keçmiş
döyüşçülərdən biri, o zamanlar hərbi
hissənin yanacaq xidmətinin rəisi olmuş Zahid Cəfərov
belə deyir.
"Mən 702 saylı hərbi hissənin kəşfiyyat
rəisi idim.
Peşəkar hərbçi deyildim, hərbi
biliyim Sovet ordusunda əsgər kimi xidmət elədiyim vaxt
öyrəndiklərimdən ibarət idi. 1992-ci
ilin iyun ayının 22-də kəşfiyyat əməliyyatı
keçirməliydik. Əməliyyatı
necə keçirmək lazımdı, qaydası nədi - bu
işdə mənə Hacı kömək elədi. Əməliyyat çox uğurlu oldu, düşmənin
ehtiyat qüvvələrini, imkanlarını
aydınlaşdırıb üzə çıxara
bildik". Yusif Ağayev belə deyir.
Hacı Əsədov kimi Yusif Ağayev də Azərbaycana
dövlət müstəqilliyinin bərpası və ermənilərin
torpaqlarımıza təcavüzü dalğasında
qayıdıb.
1991-ci ildə Qazaxıstanın Quryev Vilayət
Prokurorluğunda istintaq idarəsinin prokuroru işləyən
Yusif Ağayev Vətənə dönəndən sonra -
1991-1992-ci illərdə Azərbaycan Respublikası Baş
Prokurorluğunun Dağlıq Qarabağ üzrə
mühüm işlər müstəntiqi, 1992-1996-cı illərdəsə
Qarabağ Qarnizonunun ilk hərbi prokuroru olub. Bu vəzifələrdə
çalışa-çalışa silaha sarılıb
döyüşə atılan Yusif Ağayev Hacı Əsədovla
Füzulidə dostlaşıb. Haqqında
danışdığı kəşfiyyat əməliyyatından
bir həftə keçməmiş - 1992-ci ilin iyun
ayının 28-də Xocavənd rayonunun Tuğ kəndi
uğrunda gedən döyüşdə yaralanıb, onu hərbi
hospitala həmin döyüşün
iştirakçılarından olan Hacı Əsədov
çatdırıb. 1993-cü ildə
Ağdam rayonunun Papravənd kəndində gedən
döyüşdə yaralanıb huşunu itirən Yusif
Ağayev ikinci cərrahiyyə əməliyyatından sonra
gözünü açanda da Hacını başının
üstündə görüb.
"Yaralandığımı kimdən eşitmişdi,
necə gəlib özünü yetirmişdi, bilmədim"
deyir Yusif Ağayev.
Yusif
Ağayev Hacı Əsədovu əsl vətənpərvər,
əsl qəhrəman, əsl hərbçi, əsl dost, əsl
qiymətini ala bilməmiş zabit sayır.
Yusif
Ağayev, Zahid Cəfərov, 839 saylı hərbi hissənin
döyüşçülərindən olmuş Camal
Hacıyev və Vüqar Qarayev, Hacı Əsədovun
qardaşı Rafiq Əsədov Bakıda - Azad İsazadənin
psixoloq kabinetində toplaşıb Hacını yada
salırlar.
Söhbət 1992-1994-cü illərdən
düşür. Dövlət müstəqilliyimizin bərpasının
ilk illəri, həm də çox qanlı-qadalı illər.
Torpaqlarımızın bir hissəsinin
işğal olunduğu, bir hissəsinin gah işğal, gah
azad olunduğu, axırda neçə-neçə rayonumuzun,
şəhərimizin bir igidin ömrü qədər
işğal altında saxlanmasına atəşkəs adlı
bəhanənin tapıldığı illər.
Yada salaq o illəri.
Əslində,
bu qan-qadanın çox uzun keçmişi var, ən yaxın
keçmişi 1988-ci ilin fevral ayından - Azərbaycanın
bir şəhər (Stepanakert şəhəri), beş rayonundan (Mardakert, Əsgəran, Martuni,
Hadrut, Şuşa rayonları) ibarət Dağlıq
Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana
verilməsi tələbiylə baş qaldıran
separatçı hərəkatdan qaynaqlanır. 1989-cu
ilin dekabrında Ermənistan Ali Sovetinin və özünü
"Dağlıq Qarabağ milli şurası"
adlandıran qurumun birgə iclasında Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi barədə
qərar çıxarılır.
1991-ci ilin avqust ayının 30-da Azərbaycan parlamenti
dövlət müstəqilliyinin bərpasına qərar verəndən
bir neçə gün sonra - sentyabrın 2-də
Dağlıq Qarabağ erməniləri bölgəni
"müstəqil dövlət" elan eləyirlər. İşğalçı
rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və Azərbaycan
parlamentinin 12 fevral 1991-ci il qərarıyla
ləğv eləyib Goranboy rayonunun tərkibinə verdiyi
keçmiş Şaumyan kənd rayonunun ərazisində elan
olunur. Bunun ardınca müharibə alovlanır,
Dağlıq Qarabağda azərbaycanlıların
yaşadığı kəndlərin işğalı
başlanır. Həmin il noyabrın
26-da Azərbaycan Ali Soveti 1923-cü ildə
yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini
milli ərazi qurumu kimi ləğv eləyir. Parlament
həm də tarixi adları qaytarır - Stepanakerti Xankəndi,
Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırır.
Əsgəran və Hadrut rayonları ləğv olunur, mərkəzi
Xocalı şəhəri olan Xocalı rayonu yaradılır,
Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə,
Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə
verilir.
1992-ci
ilin fevral ayının 26-na keçən gecə Xocalı
şəhəri, mayın 8-9-da Şuşa
şəhəri, mayın 17-də Laçın şəhəri
işğal olunur, Qubadlı rayonuna yaxın kəndləri
çıxmaqla Laçın rayonu ermənilərin əlinə
keçir.
İyunun 14-də keçmiş Şaumyan kənd rayonu
erməni işğalından tam azad olunur. İyulun 4-də Ağdərə
şəhəri, az sonra rayonun
böyük hissəsi işğalçılardan təmizlənir.
Azərbaycan parlamentinin qərarıyla Ağdərə
rayonu ləğv olunur, rayonun ərazisi Kəlbəcər, Tərtər,
Ağdam rayonları arasında
bölüşdürülür. 1992-ci
ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə
yaxın hissəsi azad olunur.
1993-cü ilin fevral ayından ermənilər
keçmiş Ağdərə rayonunun bir hissəsini yenidən
işğal eləyirlər. Martın sonundan aprelin
2-dək Kəlbəcər rayonu işğal olunur,
Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi
yenidən ermənilərin əlinə keçir.
İyunun sonunda ermənilər Ağdərə şəhərini
zəbt eləyirlər. İyulun 23-də Ağdam şəhəri, avqustun 23-də
Füzuli və Cəbrayıl rayonları, avqustun sonlarında
Laçının Qubadlıya yaxın kəndləri, avqustun
31-də Qubadlı rayonu, oktyabrın 29-da Zəngilan rayonu
işğal olunur.
1994-cü
ilin yanvarında Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini
və Horadiz qəsəbəsini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndini azad eləyir...
Azərbaycanın gənc ordusunun gənc zabiti Hacı
Əsədov bütün bu təlatümlərin
ağuşundadı. Bu müddətdə o, cəbhənin eyni
istiqamətində - Füzuli istiqamətindədi. Uğurların sevinci, uğursuzluqların kədəri
içindədi. Füzuli şəhərinin,
Divanalılar kəndinin, Məngələnata yüksəkliyinin
qısa müddətə geri alınmasının, Horadiz qəsəbəsiylə
bərabər azad olunmuş 22 kəndin bir çoxunun həmişəlik
düşməndən təmizlənməsinin
iştirakçılarından, təşkilatçılarından
biridi.
Hər əməliyyat bir aləm hadisədi. Epizodları
yada salaq.
1993-cü ildə Füzuli şəhərinin qısa
müddətə geri alındığı günlərdə
şəhərdə qarətlə məşğul olan bir əsgəri
yaxalayırlar.
Aydın olur ki, öz əsgərimizdi. Yaxası onsuz da gərgin olan hərbçilərimizin
əlinə keçən əsgəri yerində güllələmək
istəyinin qarşısını Hacı Əsədov
alır. Onun bir neçə şilləsi
bir yandan əsgərin cəzası, o biri yandan da qurtuluşu
olur. Hacı Əsədov əsgəri cəzasını
çəkmiş sayıb hərbi polisə, hərbi
prokurorluğa da vermir. 1993-cü ilin avqust
ayıdı. Füzuli şəhəri
istiqamətində döyüşlər gedir. Əhmədbəyli kəndi bizdədi. Bir PDM (piyadaların döyüş maşını)
kəndə doğru gəlir, hərbçilərə
çatıb qəfil dayanır. PDM-in
sürücü-mexaniki başını çıxarıb
boylanır. Kənddə durub hərbi əməliyyatları
idarə eləyən yuxarı rütbəli zabitlərdən
biri PDM-in əyləcinin o cür qəfil basılmasına əsəbiləşib,
atılıb mexanik-sürücüyə qapaz ilişdirir ki,
belə-belə olmuş, dövlətin texnikasını niyə
korlayırsan!
PDM qəfil dayandığı kimi qəfil də çevrilib gəldiyi yola üz tutanda məsələ aydınlaşır. Ermənilərmiş. Ekipaj karıxıb. Elə biliblər Əhmədbəylini də işğal eləyiblər, kənddəki hərbçilər də özlərininkidi. PDM-i arxasındakı iri erməni xaçı ələ verir. Hacı Əsədov dərhal yanında duran qumbaraatan əsgərə PDM-i vurmağı əmr eləyir. Əsgər hədəfi vurur.
Hərbi baxımdan strateji kənd olan Divanalıların əldən-ələ keçdiyi günlərdi. 1992-ci ilin payızıdı. Bizim özünümüdafiə batalyonlarından birinin komandiri maşına oturub kənddəki hərbi postları yoxlamağa gəlir. Maşını kəndin qırağındakı yüksəkliyin ətəyində saxlayır, maşından düşüb piyada üzüyuxarı qalxır. Yüksəkliyi ermənilərin işğal elədiyindən xəbəri yoxdu. Qəfildən düz ermənilərlə qarşı-qarşıya çıxır. Başlayır üzüaşağı - maşına doğru qaçmağa. 10-15 erməni düşüb dalınca. Əsir götürmək istəyirlər.
Ancaq ermənilərin və bizim komandirin xəbərsiz olduğu bir məsələ də var. Hacı Əsədov yüksəkliyin böyür-başında kəşfiyyatçılar yerləşdirib. Özlərini büruzə verməmək üçün səslərini çıxarmırlar. Elə gizləniblər ki, hiss olunmurlar. Batalyon komandirini qovan ermənilər yüksəklikdəki mövqelərindən uzaqlaşıb aşağıya yaxınlaşanda Hacı Əsədovun kəşfiyyatçıları silahları işə salırlar. Salamat qurtaran yalnız batalyon komandiri olur...
(Ardı var)
Azər QARAÇƏNLİ
525-ci qəzet.- 2021.- 16 oktyabr.- S.20;21.