“Gənc tədqiqatçılarla
yaşlı alimlər arasında qarşılıqlı
hörmətə əsaslanan münasibət
yaradılmalıdır”
Bu günlərdə AMEA-nın Riyaziyyat və Mexanika
İnstitutunun baş direktoru, Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 75
illik yubileyini qed etdi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə o, 1-ci dərəcəli “Vətənə xidmətə
görə” ordeni, eləcə də AMEA-nın prezidenti,
akademik Ramiz Mehdiyev tərəfindən AMEA-nın Fəxri fərmanı
ilə təltif olundu.
Bu yubiley günlərində professor Misir Mərdanovla
görüşüb fəaliyyətinin müxtəlif məqamları,
elmimizin inkişafı naminə göstərdiyi xidmətlər,
əldə etdiyi nailiyyətlər və apardığı tədqiqatlar
barədə söhbət etdik.
- Misir
müəllim, riyaziyyat sahəsində 150-yə yaxın elmi
işin müəllifisiniz. Riyaziyyat elmində
uğur qazanmağınızı kimə borclusunuz? Hansı riyaziyyatçı-alimi özünüzə
müəllim hesab edirsiniz?
- İlk növbədə, mənə riyaziyyat fənnini
tədris etmiş müəllimlərimə borcluyam. Yeddi illik təhsilimi
Ermənistanın Salah kənd məktəbində, orta təhsilimi
isə Polad kənd orta məktəbində almışam.
Riyaziyyata marağım orta məktəbdə
riyaziyyat müəllimim olmuş Mürsəl Budaqov sayəsində
yaranıb. M.Budaqov İrəvan Pedaqoji Universitetinin
Riyaziyyat fakültəsində ali təhsil
almış və Polad kənd orta məktəbində
riyaziyyat müəllimi işləmişdir.
Sonralar Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti,
BDU) Riyaziyyat fakültəsində təhsil aldığım
müddətdə riyaziyyatı dərindən mənimsəməyimdə
və bu elmə marağın formalaşmasında, eləcə
də namizədlik dissertasiyamın ərsəyə gəlməsində
böyük əməyi olmuş müəllimlərim –
AMEA-nın müxbir üzvü, professor Qoşqar Əhmədov,
professor Kazım Həsənovun adını vurğulamaq istərdim.
Riyaziyyat sahəsində əldə etdiyim
uğurlara görə bu üç şəxsə borcluyam.
Onların əziz xatirəsi mənim qəlbimdə
yaşayacaqdır.
- Rəhbərlik
etdiyiniz Riyaziyyat və Mexanika İnstitutu əməkdaşların
sayına görə AMEA-nın kiçik elmi müəssisəsi
olsa da, keyfiyyət göstəricilərinə görə
yüksəkdir. Bu, hansı amillərlə
bağlıdır?
-
Bildiyiniz kimi, AMEA-nın ilk institutlarından biri olan Riyaziyyat və
Mexanika İnstitutunun 2 il öncə 60
illiyi qeyd olundu. Bu illər ərzində quruma
riyaziyyat sahəsində böyük uğurlara imza
atmış şəxslər rəhbərlik edib.
İnstitutun ilk direktoru Azərbaycanda müasir ali
riyaziyyatın banisi, ölkəmizdə riyaziyyat üzrə
ilk dəfə elmlər doktoru elmi dərəcəsini
almış akademik Zahid Xəlilov olmuşdur. Zahid Xəlilov,
həmçinin AMEA-nın prezidenti olmuş, SSRİ məkanında
“Funksional analiz” adlı ilk kitabının müəllifi kimi
böyük şöhrət qazanmışdır. Sonralar isə
instituta riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini
almış ilk azərbaycanlı İbrahim İbrahimov,
AMEA-nın prezidenti olmuş akademik Fəraməz Maqsudov,
AMEA-nın vitse-prezidenti olmuş, uzun müddət bu institutda
fəaliyyət göstərmiş Akif Hacıyev, eləcə
də AMEA-nın müxbir üzvü İlham Əliyev rəhbərlik
etmişdir.
Riyaziyyat və Mexanika İnstitutunun indiki səviyyəsinə
gəlib çatmasında adlarını qeyd etdiyim elm
adamlarının əvəzsiz xidmətləri olmuşdur. Məhz bu
şəxsiyyətlərin fəaliyyətləri sayəsində
institut öz nüfuzunu qoruyub saxlaya bilmişdir.
Hesab edirəm
ki, institutun elmi göstəricilərinin yüksək
olmasının əsas səbəblərindən biri də hələ
1930-40-cı illərdən institutun əməkdaşlarının
Rusiyanın Moskva Dövlət Universiteti, SSRİ Elmlər
Akademiyasının V.A.Steklov adına Riyaziyyat İnstitutu, eləcə
də Ukrayna və Belarusun elmi tədqiqat müəssisələri
ilə sıx əlaqələrinin mövcud olması, orada
aspirantura təhsili alması, o cümlədən bu elmi
qurumların nümayəndələri ilə birgə
açıq seminarların, beynəlxalq konfransların
keçirilməsi ilə bağlıdır.
-
Riyaziyyat elminə bəxş etdiyiniz ən dəyərli əsəriniz
hansıdır?
- 1970-ci
illərdən başlayaraq riyaziyyatın həmin dövr
üçün yeni bir sahəsi olan optimal idarəetmənin
riyazi üsulları istiqaməti üzrə elmi tədqiqatlara
başlamışam. Qeyd edim ki, Azərbaycanda bu
istiqamət üzrə ilk sistemli tədqiqatlara AMEA-nın
müxbir üzvü Qoşqar Əhmədov
başlamışdır. Məhz Q.Əhmədovun
rəhbərliyi ilə 70-ci illərin əvvəlində
SSRİ məkanında sözügedən istiqamət ilə
bağlı ilk beynəlxalq elmi konfrans keçirilmişdir.
Bundan sonra, ölkəmizdə optimal idarəetmənin
riyazi üsulları istiqaməti daha da inkişaf etməyə
başlamışdır. Bu istiqamətdə
bir neçə ciddi elmi nəticələr əldə
etmişəm. Namizədlik dissertasiyamı
da optimal idarəetmənin riyazi üsulları üzrə
hazırlanmış, “Məhdudiyyəti olan inteqro-diferensial tənliklər
sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin
bəzi məsələləri” adlı dissertasiya işimi
1973-cü ildə müdafiə etmişəm. Namizədlik dissertasiyamda əsas yenilik idarəedici
funksiyaya gecikmə daxil olan hala baxılmış və əvvəlki
işlərdən fərqli olaraq gecikmələr üzərinə
əlavə şərtlər qoyulmadan, eləcə də
neytral tipli gecikən arqumentli tənliklərlə təsvir
olunan optimal idarəetmə məsələsi
üçün neytrallıq tənliyə xətti daxil
olmadıqda Pontryaginin maksimum prinsipinin isbat olunması ilə
bağlıdır.
1980-ci illərin əvvəllərində, dosent elmi
adını aldıqdan sonra riyaziyyat sahəsində çox
ciddi elmi nəticələr almışdım. Onlardan məxsusi
idarəedicinin optimallığı ilə bağlı olan nəticə,
“SSRİ Elmlər Akademiyasının məruzələri”
jurnalında çap olunmuşdur. Həmin
nəticə o zamanki sovetlər birliyində nüfuzlu alimlər
tərəfindən yüksək qiymətləndirilmişdi.
Daha sonra isə müxtəlif məhdudiyyətləri
olan optimal idarəetmə məsələləri
üçün Pontryaginin maksimum prinsipinin yeni, daha səmərəli
isbat metodunu təqdim etdim. Həmin metodun
köməyi ilə bu sahədə daha ciddi elmi nəticələr
aldım və həmin nəticələri nüfuzlu
jurnallarda çap etdirdim.
Aldığım nəticələr əsasında
1989-cu ildə Kiyevdə Ukrayna Elmlər Akademiyası Riyaziyyat
İnstitutunda “Gecikmələri və məhdudiyyətləri
olan optimal proseslərin tədqiqi” mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişəm. 1989-cu ildən Azərbaycan
Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin
rəisi və nazir müavini vəzifələrində,
1992-ci ildən BDU-nun tədris işləri üzrə
prorektoru, 1996-cı ildən BDU-nun rektoru, 1998-ci ildən Azərbaycan
Respublikasının təhsil naziri vəzifələrində
işləmişəm, 2013-cü ildən isə Riyaziyyat və
Mexanika İnstitutunun direktoru vəzifəsində
çalışıram.
Etiraf edim ki, prorektor, rektor və təhsil naziri işlədiyim
müddətdə elmi fəaliyyətlə məşğul
olmaq üçün kifayət qədər vaxtım olmasa da,
tədqiqatlarımı davam etdirirdim, məqalə və
monoqrafiyalarım nəşr olunurdu. Lakin Riyaziyyat və
Mexanika İnstitutunun direktoru təyin olunduqdan sonra elmi fəaliyyətlə
daha ciddi məşğul olmağa başladım. Ötən
8 il ərzində riyaziyyat üzrə ciddi
elmi nəticələr almışam. Qeyd edim ki, təkcə
2021-ci il ərzində 4 kitabım
işıq üzü görüb, 2 beynəlxalq konfransda
çıxış etmişəm. Son iki il
ərzində riyaziyyatın yalnız optimal idarəetmə
istiqaməti üzrə deyil, digər istiqamətlərinə
həsr olunmuş 20-yə yaxın məqaləm nəşr
olunub.
Ümumilikdə, 600-dən çox elmi məqaləm
çap edilib, onlardan 150-dən çoxu riyaziyyat sahəsinə
aiddir. Eyni zamanda, təhsil sahəsində, Azərbaycanın
görkəmli şəxsiyətlərinin həyat və
yaradıcılığına həsr olunmuş
çoxsaylı kitab və elmi işlərim işıq
üzü görüb. Bununla
yanaşı, çoxsaylı dərslik və dərs vəsaitlərinin
müəllifiyəm.
Rəhbərlik etdiyim institutda 4 ixtisas üzrə
Dissertasiya Şurası fəaliyyət göstərir. Bundan
başqa, hər həftə əldə olunmuş elmi nəticələrə
həsr olunan elmi seminarlar təşkil edilir. Xüsusi olaraq
qeyd edim ki, elmi fəaliyyətimin ölkə rəhbərliyi
tərəfindən yüksək qiymətləndirilməsinə,
ölkəmizin ictimai-siyasi həyatında və elmi-pedaqoji
sahədə fəaliyyətimə görə 1-ci dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif
olunmağıma görə Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. Eyni zamanda, AMEA-nın prezidenti,
akademik Ramiz Mehdiyev tərəfindən AMEA-nın Fəxri fərmanı
ilə təltif olunmağıma görə AMEA rəhbərinə
öz təşəkkürümü ifadə edirəm.
Bundan sonra da Azərbaycan elminin inkişafı
yolunda bütün bilik və bacarıqlarımı sərf
etməyə, aldığım nəticələri
dünyanın tanınmış jurnallarında çap etdirərək
elmimizi daha yüksək səviyyədə təmsil etməyə
çalışacağam.
-
Bildiyimiz kimi, baş redaktoru olduğunuz “Riyaziyyat və Mexanika
İnstitutunun əsərləri” jurnalı AMEA-da “Clarivate
Analytics”in bazasına daxil olmuş ilk jurnallardan biridir. Akademiya institutlarının jurnallarının
nüfuzlu beynəlxalq bazalara daxil olması üçün
hansı göstəricilərə malik olması tələb
olunur?
- Təvazökarlıqdan
uzaq olsa da, bildirim ki, bu elmi tədqiqat institutuna rəhbərlik
etməyə başladığım müddətdən
jurnalların elmi səviyyəsində nəzərəçarpacaq
irəliləyiş əldə olunmuşdur.
AMEA-nın
müxbir üzvü Bilal Bilalovun rəhbərlik etdiyi “Azərbaycan
riyaziyyatı” jurnalı, eyni zamanda “Riyaziyyat və Mexanika
İnstitutunun əsərləri” jurnalı “Clarivate Analytics”in
bazasına daxildir. Bu jurnallarının hər
ikisi, həmçinin “Scopus” bazasında impakt faktora malikdir.
Bundan əlavə, “Akademiyanın əsərləri”
seriyasının riyaziyyat jurnalı AMEA-nın müxbir
üzvü Vaqif Quliyevin baş redaktorluğu ilə çap
olunur. Hazırda əsas məqsədimiz
odur ki, hər üç jurnal tezliklə “Clarivate Analytics”
bazasında möhkəmlənsin və impakt faktor qazansın.
İnstititun əməkdaşlarının gərgin əməyi
sayəsində jurnalların bugünkü inkişafına
nail olmuşuq. Jurnallarımız “Clarivate
Analytics”ə daxil olduqdan sonra redaksiyaya daxil olan məqalələrin
daha ciddi seçilərək nəşr olunması zərurəti
yaranmışdır.
Yeri gəlmişkən,
qeyd edim ki, institutda 4 jurnal çap olunur və bunlardan hər
biri il ərzində iki dəfə olmaqla
ingilis dilində işıq üzü görür.
Əlbəttə, “Clarivate Analytics” bazasına daxil olmaq
çətin prosesdir. Əsas tələblər, ilk növbədə
jurnalların elmi səviyyədə ingilis dilinə tərcümə
olunaraq çap olunması, jurnalların təyin olunan vaxtda
işıq üzü görməsi, jurnalın redaksiya heyətinə
həm yerli, həm beynəlxalq səviyyədə yüksək
elmi nəticələri ilə seçilən alimlərin
daxil edilməsidir. Fikrimcə, qeyd etdiyim tələblərlə
yanaşı, jurnalın baş redaktoru və məsul katibinin
üzərinə daha böyük məsuliyyət
düşür. Qeyd edim ki, jurnalımızın məsul
katibi, institutun şöbə müdiri, riyaziyyat elmləri
doktoru Vüqar İsmayılovun alimliyi, ingilis dili səviyyəsi
və obyektiv fəaliyyətinin jurnalın “Clarivate Analytics”ə
daxil olmasında böyük rolu olmuşdur. Bununla
yanaşı, jurnalın redaksiya heyətinə daxil olan alimlərin
Hirş indeksi, əsərlərinə olan istinadların
sayı, kimi amillər də jurnalın beynəlxalq bazalara
daxil olması baxımından əhəmiyyətlidir. Biz də bu kriteriyalara uyğun fəaliyyət
göstərməyə çalışırıq. Ümid edirəm ki, yaxın zamanda hər 3
jurnalın “Clarivate Analytics” bazasında impakt faktor əldə
etməsinə nail olacağıq.
- Sizin
fikrinizcə, Azərbaycan elmini daha da inkişaf etdirmək
üçün nə kimi addımlar atılmalıdır?
- Elm sahəsində
yüksək nəticələr əldə etmək
üçün ilk növbədə, kadr potenisalının
artırılmasına və yüksəkixtisaslı mütəxəssislərin
yetişdirilməsinə böyük diqqət yetirilməlidir.
Gənclərin nüfuzlu jurnallarda məqalələrinin
nəşr olunmasına, monoqrafiyalarının işıq
üzü görməsinə, dünyanın müxtəlif
ölkələrində keçirilən simpoziumlarda
çıxışlar etməsinə, həmçinin
ölkədə ildə bir neçə dəfə beynəlxalq
konfransların keçirilməsinə xüsusi diqqət
ayrılmalıdır. Etiraf edim ki, gənc kadrların elmə cəlb
olunması istiqamətində problemlər var. Son illər əsasən
qızların elmi fəaliyyətlə məşğul
olmağa həvəs göstərdiyini müşahidə
edirik. Bununla yanaşı, akademiyada fəaliyyət
göstərən gənc alimlər də tədricən ali məktəblərdə pedaqoji fəaliyyətlə
məşğul olmaq üçün ali təhsil
ocaqlarına üz tuturlar. Gəncləri elmə
cəlb etmək üçün əməkhaqlarının
artırılması ilə bağlı təkliflər irəli
sürülməli, onların sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
müxtəlif proqramlar, layihələr təşkil
olunmalıdır. Digər tərəfdən, hesab edirəm
ki, AMEA-da hər il ilin ən məhsuldar və gənc aliminin,
ən yaxşı məqalələrin, monoqrafiyaların
müəyyən olunması üzrə müsabiqələrin
keçirilməsi, beynəlxalq elmi bazalarda məqalələri
çap olunan alim və tədqiqatçılarla bağlı
stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi elmin inkişafında mühüm rol oynaya
bilər.
Bir qədər haşiyəyə çıxaraq demək
istəyirəm ki, ölkəmiz bir çox sahələrdə
olduğu kimi, koronavirus pandemiyası dövründə də
böyük uğurlar əldə etmişdir. Cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə pandemiya ilə mübarizə
çərçivəsində görülmüş tədbirlər
nəticəsində ölkəmiz bu bəladan ən az zərərlərlə çıxmağa
müvəffəq olmaqdadır.
Bundan əlavə, ötən il Azərbaycan üçün uğurlu illərdən biri olmuşdur. Bu yaxınlarda, daha dəqiq desək, noyabrın 8-də Azərbaycan xalqı Vətən müharibəsi nəticəsində 30 il ərzində işğal altında olan əzəli və əbədi torpaqlarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən azad olunmasının ildönümünü qeyd edəcək. Bir il ərzində bu ərazilərdə sürətli quruculuq və bərpa işləri aparılmışdır. Biz hər birimiz cənab Prezidentin apardığı müdrik daxili və xarici siyasəti dəstəkləyirik. Lazım gəldikdə Prezidentimizin ətrafında bir yumruq kimi birləşməyə hazırıq.
- Riyaziyyat sahəsində ən nüfuzlu mükafatlardan biri hesab olunan, “riyaziyyatçıların Nobel mükafatı” adlandırılan Abel mükafatının laureatı olmaq üçün Azərbaycanlı alimlər tərəfindən hansı işlər görülməlidir?
- Hazırda Azərbaycan elmi qonşu ölkələrə nisbətən yüksək templə inkişaf etməkdə davam edir. Əminəm ki, elmi tədqiqat işlərimizi uğurla davam etdirsək, ölkə alimlərinin əldə etdiyi mühüm nəticələr bu kimi nüfuzlu mükafatlara namizəd göstərilə bilər.
- Riyaziyyat üzrə fəaliyyət göstərən gənc tədqiqatçıların elmi potensiallarını artırmaları üçün tövsiyələriniz nələrdir?
- Bunun üçün respublikanın tanınmış alimləri gənc tədqiqatçılarla görüşlər keçirməli, dünya elmində baş verən hadisələrlə bağlı onları maarifləndirməli, riyaziyyatın müəyyən istiqamətləri üzrə əldə olunmuş nəticələr, aparılan tədqiqatlar barədə məlumatlandırmalı, eləcə də onları elmi tədqiqat aparmağa həvəsləndirməlidirlər. Gənclər və yaşlı alimlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibət yaradılmalıdır. Yalnız bu yolla biz yaşlı alimləri əvəz edəcək gənc nəsil yetişdirə bilərik.
Nərgiz Qəhrəmanova
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant
525-ci qəzet.- 2021.- 16 oktyabr.- S.18.