Şikayətlənmək üçün əsas yoxdur  

 

- Salam, Abbas müəllim!

 

- Əleyk.

 

- Necəsiniz?

 

- Şikayətlənmək üçün əsas yoxdur...

 

Bu ibrətamiz mükaliməni ilk dəfə 1972-ci ildə Respublika Milli Elmlər Akademiyasının indiki Hüseyn Cavid prospektindəki binasının foyesində eşitmişəm. İllər keçəcək, görkəmli Xalq yazıçısı və ədəbiyyatşünas Elçin görkəmli alim Abbas Zamanovun "Sabir bu gün" kitabına (1985) yazdığı müqəddimədə həmin mükalimə haqqında düşünüb-daşınmalı olacaqdı: "Abbas müəllimin bu cavabı mənim üçün həmişə mənalı, hətta rəsmi səslənir. Çətinliklər də olsa (bu çətinliklər isə olub), yetmiş illik bir həyat yolunda keşməkeşlər də olsa (əlbəttə, bunsuz mümkün deyil), bəzən həyat sərt üzünü göstərsə də... "şikayətim yoxdur".

 

Yuxarıdakı mükaliməni isə bir çox yerdə dəfələrlə eşitmişdim. Bunlardan bəzilərini unutmaq çətindir. 1979-cu ilin dekabr ayında Abbas müəllimlə birlikdə görkəmli romantik şairimiz Məhəmməd Hadinin anadan olmasının 100 illik yubileyində iştirak etmək üçün Bakıda Filarmoniyanın binasına daxil olduq. Foyedə ilk qarşılaşdığımız Xalq yazıçısı Süleyman Rəhimov oldu. Dağ qamətli Süleyman Rəhimovla bəstə- boylu Abbas Zamanovun söhbətində də "şikayətlənmək üçün əsas yoxdur" kəlamı təkrar edildi. Görkəmli yazıçımız sanki Abbas müəllimin vərdiş etdiyi bu cavabı birinci dəfə idi ki, eşidirdi. Mənalı-mənalı ona baxdı. Sifətinə nurlu bir təbəssüm qondu. Lopa bığları yüklənmiş qalın dodaqlarından ikicə kəlmə söz qopdu: "Doğrudan da!.."

 

...Abbas Zamanov 10 oktyabr 1911-ci ildə Şərur mahalının Maxta kəndində dünyaya göz açıb. Əvvəl molla məktəbində, sonra vaxtilə ustad Cəlil Məmmədquluzadənin dərs dediyi Baş Noraşen (indiki Cəlilkənd - İ.H.) məktəbində təhsil alıb.

 

Azərbaycanda peşəsindən, hansı sahədə çalışmasından asılı olmayaraq el-oba hörməti qazanmış nüfuzlu adamlara "müəllim" deyə müraciət etmək bir adət olduğu məlumdur. Əgər Abbas Zamanov başqa sahədə çalışsaydı belə, yenə onun adının qarşısında "müəllim" kəlməsi işlənərdi. Çünki o, bütün varlığı ilə mənsub olduğu xalqa tə-mənnasız xidmət göstərən bir ziyalı, bir neçə nəslin unudulmaz ustad  müəllimi olmuşdur. Ancaq bununla yanaşı, Abbas Zamanov bir müəllim kimi orta məktəbdə də dərs deyib, ali məktəblərdə də. Və həmişə zəngin ədəbiyyatımızı və mədəniyyətimizi ürəklə təbliğ edib. Uzun illər Azərbaycan Dövlət Universitetində baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. Hazırda elm və ali təhsil cəbhəsində fəaliyyət göstərən bir çox alimlərimiz ondan əsl müəllimlik, böyük vətəndaşlıq və alimlik dərsləri alıb.

 

Abbas Zamanovun xatirələrində oxuyuruq: "İkinci Dünya müharibəsindən sonra darülfünunun filologiya fakültəsində işə başlamışdım. Müəllimlikdən uzun müddət ayrıldığım üçün, bir növ, yadırğamışdım... Bunu müəllim yoldaşlarımdan birinə açıb dedikdə, o, professor Əli Sultanlının mühazirələrinə qulaq asmağı məsləhət gördü. Mən də belə etdim... Auditoriyada yüzdən artıq tələbə vardı. Mövzu Şekspirdi... O, sadəcə olaraq, mühazirə oxumurdu. Bu zaman professor da, tələbələr də Hamletin faciəsi ilə yaşayırdılar... Əgər onun dediklərini stenoqrafçı yazsa idi, heç bir düzəliş etmədən çapa vermək olardı.

 

Adətən, dərsin bitdiyini xəbər verən zəng səsini tələbə razılıq hissi ilə qarşılayır. Professor Əli Sultanlının mühazirələrində isə mən bunun əksini gördüm. Zəng səsi mühazirəni dərin bir aludəliklə dinləyən tələbələrdə təəssüf  hissi doğururdu".

 

Professor Əli Sultanlı haqqında ürəkdolusu söz açan Abbas müəllimin özü də belə müəllimlərdən biri idi. Yarım əsrdən artıq Azərbaycan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı tarixindən oxuduğu mühazirələr yaddaşlara yazılıb. Abbas müəllimdə Əli Sultanlı natiqliyi olmasa da, iki mühüm cəhət onun mühazirələrinin fərqləndirici  əlaməti kimi diqqəti cəlb edib: yeni arxiv sənədləri, nadir tapıntılar barədə məlumat vermək və vətəndaşlıq mövqeyi. Bundan başqa, Abbas müəllim Bakı Dövlət Universitetinin ictimai-mədəni həyatında da əsas-aparıcı simalardan biri kimi çox iş görmüşdür.

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəkir Nəbiyevin vaxtilə yazdığı xatirələrdən: "Təqribən 30 il əvvəl biz Azərbaycan Dövlət Universitetində tələbə ikən filologiya fakültəsində müntəzəm olaraq keçirilən ədəbi yığıncaqların, görkəmli yazıçılarla görüşlərin, müxtəlif yubiley iclaslarının təşkilində müəllimlərimizdən Abbas Zamanov xüsusilə fəal iştirak edərdi. Abbas müəllim həmin görüşlərin bir çoxu haqqında özü təşəbbüs irəli sürər, sonra isə, necə deyərlər, qolunu çırmalayıb işə girişər, görüşün yüksək səviyyədə keçməsi üçün əlindən gələni əsirgəməzdi. Vaxtilə Sabiri yaxından tanıyan, onun şagirdlərindən olan... xəstə təqaüdçünü bu məclislərdən birinə gətirib... xatirələrini söyləmək üçün o, nə qədər səy göstərmişdi. Qocaman yazıçılarımız M.S.Ordubadini, A.Şaiqi, Həmidə xanım Məmmədquluzadəni, görkəmli maarif xadimi Cəmo Cəbrayılbəylini... bizim nəsil ilk dəfə universitetin akt zalında, filologiya fakültəsinin 107 nömrəli böyük auditoriyasında... həmin görüşlərdə şəxsən tanımaq imkanı qazanmışdır..."

 

Həmin illərin acılı-şirinli xatirələri professor Abbas Zamanovun özünün yaddaşında da dərin iz salmışdır: "1955-ci ilin yanvar ayı idi. O zaman mən universitetin filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin rəhbəri idim. Cəlil Məmmədquluzadənin vəfatının ildönümü günündə Həmidə xanımla tələbələrin görüşünü təşkil etmək, xatirələrini dinləmək istəyirdik. Bu münasibətlə onun evinə getməli oldum. Sən demə, xəstə imiş. Vaxtilə gördüyüm əzəmətindən əsər-əlamət belə qalmamışdı. Lakin indi də təfəkkürünü, məntiqini itirməmişdi. Sakit-sakit danışır, tez-tez ərini xatırlayırdı:

 

"Cəlil "Anamın kitabı"nı bütün əsərlərindən çox sevirdi..."

 

Təxminən bir ay sonra şəhərə xəbər yayıldı ki, Həmidə xanım vəfat etmişdir. Ertəsi gün onu Fəxri xiyabanda - ərinin yanında dəfn etdik".

 

İndiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin müəllimləri və tələbələri iyirmi ildən çox Abbas müəllimin müşayiətilə Fəxri xiyabana getmiş, ustad Mirzə Cəlil Məmmədquluzadə ilə Həmidə xanımın qoşa məzarını ziyarət etmişlər.

 

Azərbaycanda Sabir Poeziya Günlərinin də təşəbbüskarlarından və əsas təşkilatçılarından biri Abbas Zamanov olmuşdur. Naxçıvanda Məhəmməd Tağı Sidqinin, Gəncədə Məhəmməd Hadinin məzarlarını Abbas Zamanov aşkar edib dəqiqləşdirərək ictimaiyyətə tanıtmışdır.

 

Professor Abbas Zamanovun adı, şöhrəti, alim nüfuzu keçmiş Sovetlər İttifaqında və xarici ölkələrdə də bəlli idi. O çətin, mürəkkəb və qovğalı illərdə xaricdə yaşayan azərbaycanlılarla çoxcəhətli elmi-mədəni əlaqələrin yaranmasında Abbas müəllim əvəzsiz xidmətlər göstərmişdir. Sovet hakimiyyətinin ən çətin dövrlərində Avropadakı Azərbaycan mühacirətinin vətənlə əlaqəsi daha çox onun vasitəsilə mümkün olmuşdur. Ədəbiyyat və mədəniyyətimizin xarici ölkələrdə təbliği sahəsində professor Abbas Zamanov bir elmi-tədqiqat institutunun kollektivi qədər iş görmüşdür. Təkcə onu qeyd etmək kifayətdir ki, alimin çətin dövrlərdə illər uzunu göndərdiyi kitablar əsasında Türkiyədəki Ərzurum Atatürk Universitetində xüsusi bir kitabxana yaradılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Qarayevin yazdığı kimi, "O, yeganə alimimizdir ki, universitetlərdən birində adına ayrıca otaqlar var və üzərində "Abbas Zamanovun bağış kitablığı" sözləri yazılmış bu otaqlardakı mənəvi sərvət təkcə onun öz şəxsi hesabına göndərdiyi hədiyyə kitablarından ibarətdir".

 

Vaxtilə Ərzurum Atatürk Universitetində çalışmış Azərbaycan ədəbiyyatının Türkiyədəki görkəmli tədqiqatçısı, "Qardaş ədəbiyyatlar" dərgisinin sahibi və naşiri olmuş Yavuz Akpınar Bakıdan Abbas Zamanov vasitəsilə aldığı kitablar hesabına bu kitabxananı yaratmışdır. Ərzurum Atatürk Universitetindəki "Abbas Zamanov kitabxanası"nda üç mindən çox kitab vardır. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin asan olmadığı Sovet hakimiyyəti illərində yaradılan kitabxana kimi professor Abbas Zamanovun dəyanəti və fədakarlığı sayəsində və Yavuz Akpınarın Azərbaycan sevdasındakı dönməzlik nəticəsində meydana çıxmış kitabxanadır. "Abbas Zamanov kitabxanası" nəinki dünən, hətta bu gün də Türkiyədəki əsas Azərbaycanşünaslıq mərkəzlərindən biridir. Qardaş Türkiyə Cümhuriyyətinin dörd bir yanından: Ankaradan və Adanadan, İstanbuldan və İzmirdən, Tokatdan və Qarsdan da gəlib bu "Abbas Zamanov Azərbaycanşünaslıq mərkəzi"ndən istifadə edirlər. XX əsrin altmış-səksəninci illərində çətin şəraitdə bu zəngin elm xəzinəsinin necə yarandığını Abbas Zamanovla Yavuz Akpınarın məktublarından görmək olur. Abbas Zamanovun 21 aprel 1971-ci ildə Türkiyədə Ərzurum Atatürk Universitetində cavan məslək dostu Yavuz Akpınara göndərdiyi məktub elmi mərkəz, yaxud kitabxana yaratmaq, qarşılıqlı əlaqələri genişləndirmək qayğılarının o zamankı gedişatını və mahiyyətini başa düşməyə imkan verir. Abbas Zamanovun Türkiyədəki məsləkdaşı Yavuz Akpınara yazdığı məktublardan birində deyilirdi:

 

"MÖHTƏRƏM YAVUZ AKPINAR BƏY ƏFƏNDİ!

 

3.IV.71 tarixli məktubunuzu aldım. Ürəkdən təşəkkür edirəm.

 

Muzeyimizdə yeni yubiley sərgilərinin təşkili ilə əlaqədar olaraq başımız qarışmış, bu səbəb üzündən Sizə vaxtında kitab göndərilməmişdir.

 

Bu gün Sizə beş paket kitab göndərildi. Bundan sonra da kitab mübadiləmiz  fasiləsiz davam etdiriləcəkdir.

 

Əgər imkanınız olsa, lütf edib, doktor Məhərrəm Ergin bəy tərəfindən hazırlanmış "Dədə Qorqud" elmi nəşrlərini, həmçinin, eyni müəllifin "Təməl əsərləri" seriyasından yayımlanmış "Dədə Qorqud" kitabını tapıb muzeyimizə göndərmənizi xahiş edirəm.

 

Bu kitablar bizə muzeyin "Dədə Qorqud" guşəsində nümayiş etdirilmək üçün lazımdır. Əgər bunları bizə göndərsəniz, muzeyimizə  faydalı yardım etmiş olarsınız.

 

Biz də Sizin sifarişlərinizi məmnuniyyətlə yerinə yetirməyə hazırıq.

 

Heydər İşıqlı bəy əfəndiyə salam söyləmənizi rica edirəm.

 

Hörmətlə

 

Muzeyin  müdiri, doktor Abbas Zamanov. Bakı, 21 aprel 1971-ci il

 

Bu məktubu imzalayarkən şair Nəbi Xəzri muzeyə gəldi və ondan Sizə salam yetirməyi rica etdi. A.Z."

 

Eyni qayğıkeş və məsuliyyətli münasibəti professor-doktor Yavuz Akpınarın böyük ustad kimi qəbul etdiyi, gerçək bir səmimiyyətlə "Abbas əmi" adlandırdığı Abbas Zamanova yazdığı məktublarından da duymaq olur. Aydın görünür ki, digər ölkələrə yazdığı məktublarında olduğu kimi, Yavuz Akpınarla yazışmalarında da Abbas Zamanov Türkiyə ilə təkcə kitab mübadiləsini təşkil etməklə kifayətlənməmiş, Azərbaycan elmi-ədəbi və mədəni mühitindən əhəmiyyətli xəbərləri Türkiyə ictimaiyyətinə çatdırmış, ölkədən alınan kitabları və ədəbiyyat məlumatlarını, Ərzurum vasitəsi ilə əldə etdiyi Cənubi Azərbaycan ədəbiyyatı materiallarını Bakıda yaymışdır. Yavuz Akpınarın 2 mart 1979-cu ildə Türkiyədən Abbas Zamanova göndərdiyi aşağıdakı məktub bütün bunlara şahidlik edir:

 

"Muhterem efendim, Abbas bey.

 

Selam eder, sihhat və afiyette olmanızı yüce tanrıdan niyaz ederim.

...15.12.1978 tarihli mektubunuzda bahs edilen kitapları aldım. Penah Halilov bəyin SSSR Halkları Edebiyyatı Tarihi de geldi. Çok sağ olunuz. Bir kaç gün önce de içinde Resul Riza bəyin şiir kitaplarının bulunduğu bir paket aldım.

 

Nevainin Mecallisü-Nefaisi için sizi istemeyerek çok zahmete soktum. Bizim Fakültede beş arkadaş bu eserin edisyon kritikli baskısını hazırlayıp neşr ettirmek istediyimiz için, bu hususda size israrla yazdım. Eseri temin edemezseniz, üzülmeyiniz. Biz eserin en kıymetli el yazmalarının mikrofilmlərini bulmuşuz. Ona yakın nüshadan karşılaştırma yapıyoruz. Biz arzu ediyoruz ki, Suyime Hanımın neşrini de mukayise yapalım.

Cenubdan 15-20 gün kadar sonra haberler alabileceyim. Çünki o zaman Üniversite açılıyor. Oraya gitmiş olan cenublu telebeler o zaman geri dönecekler. İsmarladığım kitapların da o zaman gelmesi tabiidir.

 

Sizden 29.12.1978 tarihinde de K.Talıbzade, E.Tude, F.Mehdi, T.Bayram və F.Qocanın kitaplarının içinde olduğu bir paketi almıştım. "Ulduz" ve "Azerbaycan Kadını" mecmualarını da muntazam alıyorum.

 

Sizin yaşınızda bir insana bu kadar çok zahmet verdirdiğim için kendimden utanıyorum. Beni bağışlamanızı, başka çarem olmadığı için hoş görmenizi hasseten istirham ediyorum.

 

Türkiye-Sovyetler Birliği arasında imzalanmış olan dostluk və kültürel mübadele anlaşması çerçivesi içerisinde Bakuya gelmek için müracaat etmiştim. Henuz bir cevap çıkmadı.

 

Size bu mektubumla beraber fakültemizin rahmetli Ahmet Caferoğlu için çıkardığı iki ciltlik fevkalede sayıyı ve benim Şehriyar hakkındakı yazımın ayrı baskılarını gönderiyorum.

 

...Baqi, selamlar...            Yavuz Akpınar".

 

Yavuz Akpınarın məktubunda adı ehtiramla çəkilən türk dünyasının məşhur şəxsiyyətlərindən biri kimi tanınmış, Əhməd Cəfəroğlu (1889-1975) əslən Gəncə şəhərindən olub, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Türkiyəyə mühacirət edərək ömrünün sonuna kimi orada yaşamışdır. O, İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirmiş, Almaniya universitetlərində ali təhsilini daha da inkişaf etdirmiş, Almaniyada ikən professor Fridrix Gizenin rəhbərliyi ilə "Gəncə dialektində 75 Azərbaycan bayatısının dil baxımından təhlili mövzusunda dissertasiya müdafiə edərək türkologiya üzrə doktor elmi dərəcəsi almışdır. İstanbul Universitetinin "Türk dili" kafedrasına 1946-cı ildən həyatının sonuna qədər Əhməd Cəfəroğlu rəhbərlik etmişdir. Görkəmli türkoloq alim Türkiyədə və xarici ölkələrdə Azərbaycan dili və ədəbiyyatı, türk dili və ədəbiyyatına həsr edilmiş 30 sanballı kitab və yüzlərlə məqalə nəşr etdirmişdir. Türkiyədə XX əsrin 40-cı illərindən sonra yetişmiş dilçilərin və ədəbiyyatçılarının əksəriyyəti Əhməd Cəfəroğlunun yetirmələridir. Bütün varlığı ilə Azərbaycana bağlı olan Əhməd Cəfəroğlunun doğma vətəni ilə əlaqələrinin yaradılmasında vətəndaş alim Abbas Zamanovun böyük xidmətləri vardır, SSRİ-Türkiyə münasibətlərinin ən gərgin dövründə 1968-1971-ci illərdə Abbas Zamanov Əhməd Cəfəroğluna çəkinmədən məktublar yazmış, Azərbaycanda çap olunmuş çoxsaylı kitablar göndərmişdir. Görkəmli alim Əhməd Cəfəroğlu ilə onun "hörmətli Abbas Zaman" və ya "Abbas Zaman bəy əfəndi" adlandırdığı vətəndaş Azərbaycan ədəbiyyatşünası Abbas Zamanovun möhkəm dostluğu və əqidə birliyini, həm də Abbas müəllimin cəsarəti və uzaqgörənliyini əyani şəkildə təsəvvür etmək üçün onların yazışmalarından iki məktubu oxuculara çatdırmağı faydalı hesab edirəm.

 

Abbas Zamanovun Əhməd Cəfəroğluna məktublarından:

 

Hörmətli Bəyəfəndim!

 

30 iyun tarixli məktubunuzu dünən aldım. Bir neçə gün əvvəl göndərdiyiniz bir bağlama kitab da çatmışdır. Çox sağ olunuz. Əziz ağabəyim, Məlik bəy Avcı və Miracı haqda olan yazılarınız və xüsusilə "Azərbaycan yurd bilgisi"nin mərkəzi kitabxanasında vardır. İndi isə əlimin altında olmaları, əlbəttə, gözəl oldu.

 

Salamlarınızı sahiblərinə çatdırdım. Şad oldular... Mir İbrahim Həmzəyevi də yaxından tanıdım. Yaxın bir insan və sənətkar kimi xətrini çox istədiyim adamlardandır. O da mənim xətrimi istər. Naxçıvan teatrının baş rejissoru və baş rolları ifa edən aktyorudur. Arvadı Zəroş xanım onunla birlikdə çalışır və baş qadın rollarını ifa edir. Hər ikisi respublikanın xalq artistidr.

 

Professor Əli Nihad bəydən məktub aldım. Göndərdikləri kitablar hələlik alınmamışdır. Yəqin yaxın günlərdə gəlib çatar. Rica edirəm, Əli Nihad bəyə salam söyləyəsiniz. Məktubuna cavab yazacağam. Azərbaycan Ədəbiyyatı tarixinin 3-cü cildini yaxın günlərdə alarsınız. Sizə lazım olan kitabları göndərməyə hazıram. İstədiyiniz kitabların adlarını çəkinmədən yazınız. Kitab mübadiləsi xalqlar arasında mənəvi əlaqənin ən gözəl formalarından biridir. Bu sahədə xidmət etmək mənim üçün səadətdir.

 

Ən şirin arzularla əllərinizi sıxıram!

 

Hörmətlə: imza  /Abbas Zamanov/

Bakı, 12.VIII.1970

 

Əhməd Cəfəroğlunun cavab məktublarından biri

 

Hörmətli Abbas Zaman,

 

Azərbaycan Nizami Muzeyinin müdiri

 

Çox möhtərəm məsləkdaşım!

 

Bu gün şairimiz Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi münasibətilə aranızda olmaq səadətinə nail alacaqdım. Fəqət, dəvətnamə gec gəldi və bu səbəbdən yanınızda ola bilmədim.

 

Lütf edib göndərdiyiniz kitabları və Şir Ali risalələrini aldım. Ürəkdən təşəkkür edirəm. Bundan sonra da nəşr olunan əsərlərinizi məndən əsirgəməyəcəyinizə ümid edirəm. Xüsusilə şair Əhməd Cavad haqqındaki əsəri, Azərbaycan dilinə aid nəşr etməkdə olduğunuz məcmuənin göndərilməsini arzu edirəm.

 

Məqalələrimin nəşrində tamamilə sərbəstsiniz. İstədiyiniz dildə və şəkildə nəşr etdirə bilərsiniz. Sizə minnətdaram.

 

22.10 tarixli məktubunuzu da aldım. Öz kitablarımdan 2 bağlama yenə göndərdim. İstədiyiniz hər bir kitabı muzeyinizə göndərməyə hazıram. Sizə xidmət mənim üçün böyük bir şərəfdir.

 

Ürəkdən salamlar və sevgilərimi göndərirəm.

 

İstanbul Universiteti Türkiyat İnstitutu müdiri,

 

Prof.Dr.Əhməd Cəfəroğlu

 

İstanbul, 19.11.1968

 

Abbas Zamanovun hər həftə dünyanın müxtəlif ünvanlarına yola saldığı məktublar və bağlamalar, barat və qəzetlər ayrıca bir poçt idarəsinin "yükünə" bərabərdir. "Abbas Zamanovun poçtu" Azərbaycanın Şərqlə Qərb arasında ən etibarlı və davamlı elm və mədəniyyət körpüsü olmuşdur. İren Məlikova (Fransa), Turxan Gənceyi (İngiltərə), Əhməd Şmide (Almaniya), Əhməd Cəfəroğlu, Yavuz Akpınar, Seyfəddin Altaylı (Türkiyə), Əbdüllətif Bəndəroğlu, Əta Tərzibaşı (İraq), Cavad Heyət (İran) və sair kimi görkəmli ziyalılar həmin "körpü"dən keçərək Azərbaycana gəlmək, çətin şəraitdə ölkəmizlə əlaqə yaratmaq imkanı qazanmışlar. Çoxəsrlik Azərbaycan mədəniyyətinin nailiyyətləri də həmin körpü - Abbas Zamanov körpüsü vasitəsilə dünyaya yayılmışdır. Bəlkə də bu, yeganə poçtdur ki, dəqiq, müfəssəl ünvan göstərmədən hər hansı məktubu öz sahibinə çatdıra bilmişdir. Dünyanın istənilən nöqtəsindən vətəndaş alimə göndərilən məktubların üzərində sadəcə olaraq aşağıdakıları yazmaq kifayət olmuşdur: Bakı-6. Abbas Zamanov. Görkəmli alimə gələn məktubların üzərinə əgər Bakı-6 A.Z. sözləri yazılsaydı belə, ünvanına çata bilərdi. Bu, professor Abbas Zamanovun beynəlxalq elmi-ədəbi aləmdə nəinki tanındığını, həm də görkəmli azərbaycançı alim səviyyəsində qəbul olunduğunu isbat edir. Aldığı məktublarda onun elmi xidmətləri haqqında yazılanlar, yaxud da yazışmalar vasitəsilə aparılan müzakirələr Abbas Zamanovun dünyanın müxtəlif ölkələrinin elmi dairələrində böyük nüfuz qazandığını nəzərə çarpdırır. Məşhur İraq-türkmən ədəbiyyatşünası Əta Tərzibaşı 27 may 1975-ci ildə Abbas Zamanova yazmışdı ki, "Elmi əsərlər-6"da çıxan məqaləniz xoşuma getdi. Hələ son qismi daha maraqlı idi".

 

Böyük Britaniyanın Edinburq universitetinin professoru Turxan Gəncəyi Abbas Zamanova yazdığı məktublarında ona "mənim əziz və möhtərəm müəllimim Abbas Zamanov" deyə müraciət etmişdir. Dünyada məşhur olan türkoloq Əhməd Cəfəroğlu Abbas Zamanova "əziz, dəyərli məsləkdaşı" səviyyəsində üz tutmuşdur.

 

(Ardı var)

 

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2021.- 16 oktyabr.- S.16-17.