"Kitabi-Dədə Qorqud"un yeni tapılmış boyu
Dilimiz, tariximiz haqqında mülahizələr
Bu günlərdə
akademik Möhsün Nağısoylu təzəcə çapdan çıxmış
"Kitabi-Dədə Qorqud"un "Günbəd əlyazması"
kitabını (Bakı, "Elm və təhsil", 2021, 366 səh.) avtoqrafla mənə hədiyyə etdi.
Monoqrafiyada "Günbəd
əlyazması"nın
mətni dilçilik yönündən tədqiqata
cəlb edilmişdir.
Görkəmli mətnşünas alimin əsəri ön sözdən və iki fəsildən ibarətdir. "Əlyazmanın
tekstoloji təhlili"
adlanan I fəsildə
əlyazma haqqında ümumi məlumat verilib. Burada çox maraqlı
"Əlyazma ilə
"Kitabi-Dədə Qorqud"
eposu və "Oğuznamə"lər arasında
səsləşmələr" yarımfəsli yer alıb. Əsərin "Əlyazmanın filoloji tədqiqi" adlanan ikinci fəslində "Əlyazmanın
səciyyəvi orfoqrafik
fonetik və leksik xüsusiyyətləri"
tədqiqat süzgəcindən
keçirilib. Eyni zamanda,
əsərdə əlyazmanın
tənqidi mətni və fotofaksimilesi (əlyazmanın surəti)
verilib. Müəllif yüksək elmi
səviyyədə yazılan
monoqrafiya üzərində
iki ilə yaxın işləmişdir.
Buna qədər görkəmli
türkoloq və qorqudşünas alim, Xalq yazıçısı,
akademik Kamal Abdullanın rəhbərlik
etdiyi Azərbaycan Dillər Universitetində yeni tapılmış bu boyun müzakirəsinə
həsr olunmuş dəyirmi masa keçirilmişdi. Müzakirələrdə
görkəmli türk
alimlərindən Osman
Fikri Sərtqaya, Əhməd Bican Ərcilasun, Mətin Əkici, Saim Sakoğlu, Azərbaycan alimlərindən Kamal
Abdulla, Möhsün Nağısoylu,
Muxtar İmanov, Ramiz Əskər, Ramazan Qafarlı, Seyfəddin Rzasoy və bu sətirlərin
müəllifi çıxış
etmişdilər.
Əlyazmanı Əski Xorasan vilayətinin Günbəd
şəhərindən (İraqda
Kərkük yaxınlığında
da Günbəd kəndi vardır (Q.P.) olan tanınmış mühəndis Vəli Məhəmməd Xoca bukinist mağazasında üzə çıxarmışdır. Yəqin buna
görədir ki, tədqiqatçılar onu
"Günbəd əlyazması"
adlandırmışlar. "Kitabi-Dədə Qorqud"un bu əlyazması
İstanbulda Yusif Azmun və İzmirdə
Mətin Əkici tərəfindən ayrıca
kitab halında çap olunmuşdur. Bakıda isə əlyazmanı görkəmli türkoloq alimimiz Ramiz Əskər maraqlı ön sözlə, əlyazmanın tənqidi
mətni və fotofaksimilesi ilə dərc etmişdir.
Prof.Dr. Ramiz Əskər və Prof.Dr. Əhməd Bican Ərcilasun
əlyazmanın dili üzərində tədqiqat
apararaq o qənaətə
gəlmişlər ki,
bu əlyazma da Drezden nüsxəsi
kimi Azərbaycan dilində yazılmışdır.
Əlyazma başdan-başa Azərbaycanla
bağlıdır. Əlyazmanın
səhifələrində Təbriz,
Ərdəbil, Həmədan,
Şamaxı, Naxçıvan,
Dəmir Qapı Dərbənd, Qəzvin, Xalxal, Kür, Araz, Qarasu, Samur
kimi adları oxuyanda adam qürur
hissi keçirir.
Mən çıxışımda
yeni tapılan boyun əhəmiyyətindən,
qorqudşünaslıqda hadisə
olduğundan söz açdım. Eyni zamanda qeyd etdim ki, Yusif
Azmunun və Ramiz Əskərin əlyazmanı İstanbulda
və Bakıda 2019-cu
ildə "Kitabi-Dədə
Qorqud"un üçüncü
əlyazması" adı
ilə çap etdirmələrinə haqq
qazandırmaq olmaz.
Bu, üçüncü əlyazma deyil, Dədə Qorqudun bir boyudur. Kiçik bir əlyazmanı abidənin
möhtəşəm Drezden
və Vatikan nüsxələrinə tay tutmaq heç bir məntiqə sığmır.
"Kitabi-Dədə Qorqud"un
"Günbəd əlyazması"nın orijinalı və alimlərimizin bu əlyazmaya dair tədqiqatları ilə tanışlıqdan
sonra araşdırıcılarımızın
diqqətsizliyi aşkar
oldu. Məsələ burasındadır ki, alimlərimiz açıq-aşkar əliflə
yazılan, türkman kimi oxunan bu
sözü türkmən
kimi təqdim ediblər.
Elə buradaca deyək ki, türkmən dilini Azərbaycan dilindən, onun Kərkük dialektindən və "Kitabi-Dədə Qorqud"dan
fərqləndirən əsaslı
fərqlər vardır. İkicə misalla
kifayətlənəcəyik.
1. Türkmən dilində ilkin uzanan saitlər
geniş yayılaraq ingilis dilində olduğu kimi sözün mənasının
dəyişməsinə səbəb
olur; məsələn:
baş-baş, baaş-yara,
gör-gör-göör-gor və s.
2. Ərəb və ingilis dilləri üçün səciyyəvi
olan dişarası s,
z səsləri eynilə
türkmən dili üçün də səciyyəvidir.
İlkin
uzanma və dişarası səslərə
nə Azərbaycan dilində, nə Kərkük dialektində,
nə "Kitabi-Dədə
Qorqud"da, nə də "Günbəd əlyazması"nda rast
gəlinir. Odur ki, türkman
sözünün yazılışının
və oxunuşunun fərqinə varmamaq bir yandan "Kitabi-Dədə Qorqud"u,
digər tərəfdən
İraqda yaşayan soydaşlarımızı istəsək
də, istəməsək
də, bizdən uzaqlaşdırmağa yönəlmiş
olur. Təəssüf ki, burada tariximizə diqqət yetirilməməsi də aydın olur.
Görkəmli alimlərimiz Fərhad
Zeynalov və Samət Əlizadənin bu münasibətlə dedikləri tarixi sözləri burada verməyi münasib bildik: "Drezden nüsxəsində aydın-aşkar
əliflə yazılan
sözün türkman
oxunması xüsusi əhəmiyyətə malikdir.
Məlumdur ki, türkmanlar
- İraqdakı azərbaycanlılar,
kərküklülərdir".
İraqdakı soydaşlarımız özlərini də, bizi də türkman adlandırırlar.
Akademik Şahin
Mustafayevin "Tarixin və bugünün işığında Nadir şah"
məqaləsi bu baxımdan deyilənlərə
aydınlıq gətirir. Müəllif
yazır: "Artıq
XIV-XV əsrlərdə Azərbaycan
və Şərqi Anadoluda yaranan dövlətlər özlərini
"Türkman" dövlətləri
kimi təqdim edirdilər. Xüsusilə Qaraqoyunlu və
Ağqoyunlu hökmdarlar.
Bunu XV əsrin əvvəllərində
Qaraqoyunlu hökmdarı
Qara Yusifin Ağqoyunlu bəyi Qara Yölük Osmana sülh bağlamaq haqqındakı
məktubundan da görmək olur. Qara Yusif barışığın
zərurətini məhz
ortaq etnik mənsubiyyəti - türkmançılığı
ilə əsaslandırırdı:
"Biz hər ikimiz türkman xalqındanıq".
Tədqiqatçı göstərir ki, bu dövlətlərin
mərkəzini təşkil
edən Azərbaycan və Şərqi Anadolu da tarixi
qaynaqlarda "Türkman
eli" olaraq tanıtdırılırdı.
Məsələn, Osmanlı
tarixçisi İbn Kamal XV əsrdə Qaraqoyunlu bəyi Pir Əhmədin Ağqoyunlu Uzun Həsənin sarayına qaçması haqqında
yazırdı ki, o, tərki-diyar edib "Türkman eli"nə qaçdı, vardı Azərbaycanda qərar etdi.
Akademik eləcə də yazır ki, XV əsrdə Azərbaycan türkləri öz vətənlərini "Türkman
eli" məfhumu ilə ifadə edirdilər. İki əsrdən sonra da Nadir şahın Osmanlı sultanına yazdığı
məktubda özünü
"Türkman eli"nin böyüyü
adlandırması bu ənənənin davamçısı
kimi çıxış
etdiyini göstərir.
Günümüzdə Güney və Quzey Azərbaycanda
"Türkman eli" və "Türkman" məfhumları
işlənmədiyi halda,
İraqda yaşayan soydaşlarımız "Türkman"
kimliyini saxlayır. Yaşadıqları əraziləri
isə "Türkman
eli" kimi təqdim edirlər. Onların "Türkmaneli" adlanan qəzet, jurnalları və Televiziya kanalı deyilənlərə dayaq olur.
Akademik Ziya Bünyadovun "Azərbaycan
Atabəylər dövləti"
kitabında da "türkman" məfhumu ilə bağlı bir çox bilgilər vardır. Bircə faktla
kifayətlənəcəyik. Kitabda göstərilir ki, III Toğrul dayısı Qızıl Arslana qarşı çıxır.
Qızıl Arslan III Toğrulun
və İzzətdin Həsənin türkmanlardan
ibarət ordusunu Naxçıvan yaxınlığında
darmadağın edir.
Onlar döyüş meydanından
qaçaraq İzzətdin
Həsənin Kərkük
yaxınlığındakı Kərxın qalasına gəlirlər.
Deyilənlərə klassik şairlərimizin əsərləri
və başqa məxəzlər də dayaq olur:
Ərəbin nitqi bağlandı
dilindən,
Sənə kimdir deyən kim türkmansan.
(Nəsimi)
Getdikcə tükənir ərəbin
kuhi-məskəni,
Bağdad
içrə hər neçə kim
türkman qonar.
(Xətai)
"Kitabi-Dədə Qorqud"da "türkman" etnoniminə tez-tez təsadüf edilir. "Qanlı qoca oğlu Qanturalı" boyunda oxuyuruq: "Bəli, canım baba, eylə istərəm! Pəs varasın, bir cici-bici türkman qızını alasan..."
İraq türkman alimləri daxil, bütün tədqiqatçılar "türkman" etnonimindən danışarkən, onun "ulu türk", "xalis türk", "əsl türk", "qüdrətli türk", "böyük türk" mənasını verdiyini xüsusi vurğulayırlar. İndinin özündə belə, ədəbi dilimizdə və İraq türkman ləhcəsində işlək olan "azman", "qocaman", "orman", "ataman", "şişman - (kök), "keçəman" (böyük kərtənkələ) və s. kəlmələrdə "man"ın ulu, böyük, əzəmətli anlamına gəlməsi dediklərimizi təsdiqləyir.
Görkəmli türk alimi Məhəmməd Fuad Köprülüzadə də "Azəri ədəbiyyatına aid tədqiqlər" əsərində Məhəmməd Füzulidən bəhs edərkən yazır:
"Füzuli İraq türkmanlarındandır və ləhcəsi etibarı ilə azəri ünvanına verdiyimiz lisan dairəsinə mənsubdur. Füzulinin tədqiqinə girişməzdən əvvəl, əvvəla İraq və Azərbaycan türklərinin ləhcəsi olan azəri ləhcəsi ilə, bu ləhcə ədəbiyyatının Füzuliyə qədər keçirdiyi təkamül dövrləri haqqında ümumi məlumat verəcəyiz".
Fuad Köprülüzadə böyük həqiqətdən söz açır. Tədqiqatçılar Azərbaycan ədəbi dili tarixindən bəhs edərkən XV-XVI əsr ədəbi dilimizdə Cənubi Azərbaycan və Bağdad (Kərkük) şivə xüsusiyyətlərinin üstünlük təşkil etdiyini göstərmişlər. Eyni zamanda, İraq-Türkman ləhcəsi Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri sırasına (Naxçıvan, Ordubad, Təbriz, İraq-Kərkük) daxil edilmişdir.
Keçmişimizi güzgü kimi əks
etdirən "əcdadlarımızın zəngin idrak və təxəyyülünün məhsulu
olan" monumental
"Kitabi-Dədə Qorqud" abidəsi
dilimizə və tariximizə diqqətlə
yanaşmağı tələb edir.
Qəzənfər
PAŞAYEV
Respublika
Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2021.- 16 oktyabr.- S.15.