O yerlər
min xəyal eylər!..
Heç
yadımdan çıxmır...
Nə hindəki toyuqların qapısını açmaq
oldu, nə də zəncirdəki iti...
Oturacağına, yük yerinə
əlimizə düşən
ev əşyaları
yığdığımız minik maşınını
tərpətmək də
mümkün olmadı...
Maşınla çıxmaq üçün
həyət darvazasını
açmaq istəyəndə
artıq tankların səsi eşidilirdi...
Özü də lap yaxından...
Hər anın
öz hökmü vardı. Gecikmək olmazdı...
Evimizin sağındakı
asfalt yola çıxmaq olmazdı, ora daha açıqlıq
idi. Ona görə sol tərəfdə
yazdan-yaza sel gələn çayın
yatağı ilə -
"dərə" adlandırdığımız
yerlə getməli olduq. Dərə bitən kimi
kolxoz bağına çıxdıq. Ağacların
altı ilə getmək daha rahat idi - hər
halda yarpaqlar hər şeyi gizlədirdi. Amma bağa keçən
kimi təzəcə aralandığımız evimizin
yerində torpağın
göyə sovrulduğunu
gördüm. Ayaqlarımı saxladım. Dünyaya
göz açdığım
doğma ev,
iməklədiyim, ayaq
açdığım, yeriyib-yüyürdüyüm
həyət, hər qarışı mənə
əziz olan doğma həyət...
Qardaşım "bizim ev deyil, ətrafa düşən mərminin
göyə sovurduğu
toz-torpaqdır", - dedi.
Düz deyirdi, amma mərmilərin düşdüyü ətrafdakı
yerlər də doğma idi axı...
Axırıncı çıxan biz deyildik, bizdən arxada da tək-tük gələnlər var idi, amma axırıncılardan
biri idik. Erməni quldurlarının
tank və zirehli texnika ilə kəndə soxulduğunu eşidən kimi minik maşını olanlar da ailə
üzvlərini götürüb
çıxdılar. Kəndin
təpələrin arxasında atəş
tutmayan hissəsində
yaşayanların kiçik
vosmoyka avtobusa yığışıb tərpəndiklərini
hamımız gördük.
Təkcə yaşı 90-ı haqlamış Bayram dayı minməmişdi.
"Əşi, erməniyə
neyləmişəm, mənə
neyləyəcək", - deyib son anda avtobusa minməkdən imtina eləmişdi.
Atam bacımın,
qardaşım isə
anamın qolundan tutmuşdu. Mən isə onlardan
bir neçə addım qabaqda gedirdim. Atılan mərmilər hündür
ağacların qol-budağını
doğrayıb başımıza
tökürdü. Müharibənin
başladığı il yarım olsa da, belə
bir aqibəti gözləmirdik. Düzdür, atışma, qrad və mərmi səsləri hər gün eşidilir, Milli Ordunun səngərdə
növbə çəkən
əsgərləri isə
onlara cavab verirdi. Bu müddətdə
bir-iki dəfə də "erməni saqqallıları" kəndə
soxulmağa cəhd göstərmişdilər, ancaq
əsgərlər sayıq
tərpənərək onları
geri oturtmuşdular.
Amma dan üzü tezdən belə hücuma keçəcəklərinə
heç kəs inanmırdı. Onlar kəndə
soxulanda camaatın çoxu hələ yataqdan durmamışdı.
Elə bundan istifadə edən quldurlar qonşu kənddə bir ailədən olan 21 nəfəri girov götürmüşdülər.
Bizim dalımızca gələn
hərbçilərdən biri mərmi qəlpəsinə tuş
gələrək həlak
olmuşdu. Bağın, ağacların arası
ilə xeyli irəlilədikdən sonra
"Dəyirmanın boynu"ndan
qonşu sovxozun tut bağlarına girdik.
İyulun əvvəli idi,
barama mövsümü
başa çatdığından
toxmacarlığa su buraxılmışdı. Bəlkə də bir neçə
gün idi ki, "Saracıq yeri"ndəki tut bağı
acgözcəsinə suyu
canına çəkirdi.
Çox
yerdə su göllənib durmuşdu,
ayağını yeri
basanda bolluca su içmiş çəkillikdə topuğa
qədər suya batırdın.
Atəş səsləri ara vermirdi, elə bil hamı
səsini içinə
çəkmişdi. Ətrafdakı kəndlərin sakinlərinin
bu təhlükədən
nə vaxt və necə sovuşub uzaqlaşdıqlarını
başa düşmək
olmurdu. Yalnız
toplar gurlayır, ağacların budaqları
qırılıb yerə
tökülür, biz isə
ailəliklə çəkillərin
arasına dolmuş su gölməçələrinə
ayağımızı qoya-qoya
gedirdik. Çəkillikdən azca kəndə
tərəf olan zoğal ağaclarının
arasında ağlayan uşaq səsi gəlirdi. Təxminən 9-10 yaşlarında olan bir qızcığaz
ətrafına qaratikan
kolu yığılmış
zoğal ağacının
altında dayanıb sakit səslə ağlayırdı. Görünür, yaxınlıqdakı kənddən
hamı canını götürüb qaçanda
hansı səbəbdənsə
onu unutmuş, qızcığaz isə tək qalıb bağa enmişdi. Qaratikan kollarını aralayıb
qızı qucağıma
götürən kimi
səsini kəsdi.
Hiss olunurdu ki, qorxub, heç nə danışmırdı. Bir az gedəndən
sonra onu boynuma mindirdim. Yer palçıq olduğundan
yerimək rahat deyildi. Arxadan gələn anam: "Uşağı yerə qoy, əlindən tut, özü yeriyəcək"
dedi. Yorulduğumdan uşağı yerə
qoydum. Əlindən tutan kimi özü yeriməyə başladı. Deyəsən, bayaqkı qorxusu da yavaş-yavaş çəkilirdi.
Tut bağının içi
ilə xeyli getdikdən sonra ən yaxın Saracıq kəndinə çatdıq. Kənddə hamı təpələrin
üstünə, yollara
çıxıb yuxarı
kənddən gələnləri
qarşılayır, yardım
göstərir, evlərinə
aparırdı. Bizimlə gələn
qız bağdan açıqlığa çıxan
kimi öz kəndlərindən olan qadınları tanıdı
və onlara tərəf getdi. Biz
kəndin baş tərəfindəki təpəyə
qalxıb Gorazıllı
kəndində yanan evləri, kəndin arasında dolaşan tankları müşahidə
etdik. Hamı təlaş, həyəcan
içində idi.
Uzaqda, xeyli uzaqda kəndimizin qayanın döşündə
yerləşən evlərinin
izləri görünürdü. İyulun
2-si bizim Qaradağlı
kəndində son günümüz
oldu...
...O vaxtdan nə az, nə
çox, 10 min 300 günə
yaxın vaxt keçib. Bu günün hər saatı, hər dəqiqəsi Vətən, yurd həsrəti
ilə yaşanıb.
Aradan ötən bu illər ərzində kəndimizin neçə-neçə
sakini son nəfəsində
"Yarğan" bulağının
bir ovuc suyunun dadını, bir udum dağ
havası, bir ovuc torpağın ətrini hiss etmək həsrəti ilə əbədiyyətə qovuşub.
Hər gecə kəndimizi
görmək arzusu ilə yuxuya getmişik, gündüzlər
onun xəyalı, xatirəsi ilə yaşamışıq.
Amma kimin ağlına gələrdi ki... Ötən ilin payızında Azərbaycan Milli Ordusunun qəhrəman əsgər və zabitləri inanılmazı
gerçək, mümkünsüzü
mümkün etdilər.
28 il əvvəl bir gündə boşaldılan torpaqlar onların canı və qanı bahasına addım-addım,
qarış-qarış, səngər-səngər geri qaytarıldı. Bu, həqiqətən də çox böyük hadisə və çox böyük qələbə idi.
Məhz bu qələbə sayəsində uzun illərdən bəri yurd həsrəti ilə qovrulan insanlar öz doğma ocaqlarına qayıtmaq imkanı qazanıblar.
Mənfur düşmən o yerləri
nə günə salıb? Hər cığırı, hər kolu-kosu bizə doğma olan o yerlərin sinəsinə dağ çəkib, minbir əziyyət, zəhmətlə
başa gələn evləri vird-viran eləyib, bulaqları qurudub, bağları, meşələri sonuncu kötüyünədək məhv
edib. Axar-baxarlı,
gəlib-gedənləri, yolu
düşənləri öz
gözəlliyi ilə məftun edən kənd tanınmaz hala düşüb.
Mənə çox əziz olan evimiz, həyətimiz də heç təsəvvürə gəlməyən bir xarabalığa çevrilib. Babamın əlləri ilə əkdiyi alça, alma, ərik, şaftalı, gilas, əncir ağaclarından ağaclarının, yay və qış armudlarının biri də qalmayıb. Uşaqlığımın ən əziz xatirəsini özündə yaşadan, kölgəsində oynadığımız, budağından yüyrüyümüz asılan tut ağacı, qardaşımla futbol oynadığımız kiçik meydança, yayda Bakıdan bizə gələn bibim uşaqlarının səs-küyünün, hay-harayının ətrafı başına götürdüyü həyətdən əsər-əlamət qalmayıb. 28 metr dərinlikdən çıxan quyunun diş donduran soyuq suyu, nənəmin çörək bişirdiyi təndir, çəpərimizin kənarı boyu uzanan üzüm şəlləri... Elə bil heç yerli-dibli olmayıb.
Dəyişib, çox şey dəyişib.
Hər qarışına uşaqlığımın, gəncliyimin
xatirələri səpələnmiş nə o ev var, nə də o həyət. Bizi o evə bağlayan, bizə o evi doğmalaşdıran ata-anam
da yoxdur. Barı
görən o böyük
həyətdə onların
xatirəsini, nəm-nişanını yaşadan
bircə daş, bir ağac, bir kol tapmaq
olarmı? Bizi o yurda bağlayan
ata ocağından hansısa bir iz qalıbmı?
...Füzulidən Hadruta gedən yolun üstündə sonuncu bir kənd var. Ərgünəş dağının
ətəklərində, bir əli ilə Cəfər qayasına söykənən,
ayağını Qozluçayın
suları yuyan bir kənd...
O kənd bizim kəndimizdir!..
Süleyman QARADAĞLI
525-ci qəzet.- 2021.- 16 oktyabr.- S.12.