Vətənpərvərlik və qəhrəmanlıq haqqında söz çələngi  

 

Elə tədbirlər, elə mərasimlər var ki, iştirak etdiyin vaxtdan xeyli zaman keçsə də, unudulmur, yaddan çıxmır. Yazıçı-jurnalist Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabının təqdimat mərasimi mənim üçün belə yaddaqalan tədbirlərdən biri oldu. Təqdimat mərasimində kitab haqqında söylənilən dəyərli fikirlərin təsiri altında da Qarabağ müharibəsindən bəhs edən kitabı vərəqləyirəm. Vərəqlədikcə düşünürəm ki, müharibə qəhrəmanlıq ədəbiyyatın şah mövzularıdır. Sanki qoşa qanaddır. Bu mövzularda yazılmış əsərlər zaman-zaman oxucuların diqqətini özünə çəkib.

 

Yazıçı-jurnalist Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabı da müharibə, qəhrəmanlıq vətənpərvərlik mövzusuna, bu mövzuda yazılmış əsərlərin təhlilinə həsr olunub. Əgər belə demək mümkünsə, Zemfira xanımın bu əsəri ayrı-ayrı müəlliflərin kitabları haqqında yazılmış kitabdır. Bəlkə , kitab yazmaq çətin deyil, amma kitablar haqqında kitab yazmaq, bu ağır işə çiyin vermək müəllifdən böyük məsuliyyət istedad tələb edir.

 

Teatr asılqandan başladığı kimi, adətən, kitablar da ön sözdən başlayır. "Bədii düşüncədə Qarabağ" kitabına ön sözü filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan yazıb. Yazdığı fikirləri ürəkdən, qəlbdən yazıb. "Bu yeni kitabı ilə müəllif daha bir ilkə imza atır. Zemfira Məhərrəmlinin yazıçı tənqidini, diqqəti çəkən hekayələr povestlər ərsəyə gətirmiş müəllifin bədii mətnləri müşayiət edir tamamlayır. Bir çox mənalarda ədəbiyyatımızın Qarabağnaməsi olan bu kitabı yazıçı tənqidinin "Ədəbiyyatlaşan Qarabağ" səhifəsi adlandırmaq mümkündür."

 

Onu da qeyd edim ki, Zemfira xanım "Bədii düşüncədə Qarabağ" kitabını Azərbaycanın ərazi bütövlüyü uğrunda müqəddəs Vətən savaşında mərdliklə döyüşmüş qazilərimizin adına şəhidlərimizin ruhuna ithaf edib.

 

Müəllif kitabında Qarabağ müharibəsi mövzusunda, ümumiyyətlə, Qarabağ haqqında yazılmış nəsr, nəzm publisistik əsərlərə səyahət edir. Sanki uzun, incə yola Zemfira xanım əsərlər haqqında fikir bildirir, oxucunun mütaliə yoluna işıq salır. Onun işini xeyli asanlaşdırır. Oxucu üçün əsərləri təhlil edir, aydınlaşdırır, bir qurtum su içim kimi asan edir.

 

Zemfira Məhərrəmli kitabın ilk səhifələrində görkəmli Azərbaycan şairi Rəsul Rzanın yaradıcılığına müraciət edir. Şairin Qarabağa həsr etdiyi incə ruhlu şeirlərini oxucuların diqqətinə çatdırır. Rəsul Rza gözəl Şuşanı belə nəzmə çəkir:

 

Sinəsi qabarıq,

nağıllardan gəlmiş

pəhləvandır

Şuşam mənim:

Mərdliklə, gözəlliklə

qoşam mənim...

 

Heç tərəddüd etmədən yazıçı-jurnalist Zemfira Məhərrəmlinin "Bədii düşüncədə Qarabağ" kitabını qəhrəmanlıq və vətənpərvərlik haqqında söz çələngi adlandırmaq olar. Müəllif sanki janrından asılı olmadan vətənpərvərlik, qəhrəmanlıq mövzusunda yazılmış əsərlərdən bir çələng bağlayaraq həm bu günümüzün, həm də sabahımızın oxucularına ərməğan edir. Hərbi vətənpərvərlik mövzusunda qələm çalan ziyalıları bir kitaba toplayıb. Həmin müəllifləri də elə eyni mövzu, eyni amal birləşdirib. Əvvəlki bölmələrdə mətbuat orqanlarında belə bir fikrə rast gəlirdik ki, Qarabağ müharibəsi mövzusunda yazan ziyalılarımız azdır. Yaradıcı adamlar ümumi dərdimiz olan Qarabağı unudublar. Amma Zemfira xanımın kitabını oxuyandan sonra görürük ki, yazılanlar və deyilənlər heç də həqiqəti əks etdirmir. Çünki Qarabağ müharibəsi mövzusunda yazıb-yaradan ziyalılarımız kifayət qədərdir. Və onların yazdıqları da xalqın Qarabağ ağrısını, Qarabağ dərdini özündə əks etdirir. Əks etdirməyə də bilməzdi. Çünki ziyalı da bu xalqın övladıdır, bu xalqın oğludur, bu xalqın qızıdır. Ziyalılarımız illərdən bəri Qarabağ müharibəsindən, erməni faşizminin törətdiyi qanlı-qadalı hadisələrdən yazırdılar. Gənclərə vətənpərvərlik hissləri aşılayırdılar, onları Qarabağ uğrunda döyüşə hazır olmağabu savaşda qəhrəmancasına vuruşmağa çağırırdılar. Yəqin ki, elə bu əsərlərin təsirindəndir ki, gənclərimiz İkinci Qarabağ müharibəsində böyük igidlik və qəhrəmanlıqlar göstərdilər. Təbiidir ki, bu oğulların göstərdiyi qəhrəmanlıqlar yazıçı və şairlərimizin gələcək əsərlərində bədii əksini tapacaq.

 

"Bədii düşüncədə Qarabağ" kitabında Azərbaycanımızın üzdə olan Qarabağ müharibəsindən yazan şair və yazıçılarının əsərlərindən geniş söz açılır.

 

Zemfira xanımın vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərdən zəfər qoxusu gəlir. Belə zəfər qoxulu əsərlər hamımızı yeni-yeni qələbələrə kökləyir. "Bədii düşüncədə Qarabağ" mövzusu müəllifin yaradıcılığında yenilikdir, yeni addımdır. Yeni addımlar isə ilk vaxtlarda həmişə kövrək olur. Sonra zaman keçdikcə bu addımlar daha da möhkəmlənir. İnanırıq ki, Zemfira Məhərrəmli bundan sonra da dəyərli əsərləri ilə oxucu sevgisi qazanmaqda davam edəcək.

 

 

 

Vahid MƏHƏRRƏMOV

 

525-ci qəzet.- 2021.-  19 oktyabr.- S.15.