"MƏDƏNİYYƏT"DƏ HADİSƏYƏ ÇEVRİLƏN "SƏTİRLƏR"  

 

 

Azərbaycan teleməkanında çox az kanallar var ki, vaxtım imkanım olanda baxıram; onlardan biri (bəlkə birincisi!) "Mədəniyyət" kanalıdır. Kanalın ayrı-ayrı verilişləri proqramları bəzən o qədər maraqlı olur ki, diqqət çəkir, gözümü-qulağımı ayıra bilmirəm. Bu yaxında gənc jurnalist dostum Turan Uğurun müəllifi olduğu Xalq şairi Ramiz Rövşənə həsr etdiyi "Sətirlər"ə maraqla baxdım. Sözün düzü, "Sətirlər"ə bundan əvvəl bir neçə dəfə baxmaq imkanım olmuşdu ekranda Xalq artisti Mehriban Zəkini görən kimi veriliş diqqətimi çəkmişdi. Elə simalar var ki, onları görəndə televizor ekranı doğmalaşır, mavi ekrandan uzun müddət küsdüyünü, incidiyini, hətta zəhlən getdiyini belə unudursan, düşünürsən: madam ekranda Mehriban kimi zəkası, istedadı, səsi, sözü, təbəssümü, geyimi, oturuşu-duruşu, estetik gözəlliyi ekrana yaraşıq verən "biçimli" bir xanım görünürsə, deməli, orda həm klassik, həm müasir sənət var! Orda incəsənət var! orda həqiqi televiziya jurnalistikası var! "Sətirlər"dən aldığım xoş ətirli təəssürat həm bu amilə görədir.

 

Bunu da mütləq qeyd etməliyəm ki, televiziya jurnalistikası çox çətin sahədir, mütəxəssislər bilir ki, onun informasiya, analitik publisistika və bədii publisistika kimi müxtəlif spesifik janr qrupları var; nəzərə alsaq ki, bura ayrı-ayrı verilişlər, proqramlar, sənədli filmlər və s. daxildir, o zaman televiziya jurnalistikasının nə qədər geniş imkanlara malik olduğunu görərik. Ekran üçün hazırlanan hər bir ədəbi verilişin təbii ki, məzmun və forması olmalıdır; bu, bir klassik strukturdur, yanaşma müxtəlif ola bilər. Bu baxımdan son illər "Mədəniyyət" kanalında jurnalistika yaradıcılığı sahəsində  sezilən yeni formal əlamətləri dəyərləndirməliyik. "Sətirlər"ə Turan Uğurun tematik müəllif verilişi də demək olar; orijinallıq təkcə adla bağlı deyil, həm də mövzu, forma və məzmundadır. Baxdığım verilişlərin mövzu əhatəsi, dünya və Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin həyat və yaradıcılığından yazdığı ssenarilər və ya mətnlər maraqlıdır; onlar Mehriban Zəkinin ifasında gah danışır, gah pıçıldaşır, gah da həzin nəğməyə dönüb zövqünü oxşaya-oxşaya sənin hiss və düşüncələrini, arzularını, ümidlərini yetişdirir, böyüdür, beləliklə, sən incə ruhlu, müəyyən mənada diqqətli və hazırlıqlı tamaşaçıya dönürsən. "Sətirlər" sənə Viktor Hüqodan danışır, Artur Rembonu təqdim edir, Antuan Sent-Ekzüperinin "qağayı" dünyasını göstərir, Servantesin "Don Kixot"unu tanıdır, Robindranat Taqorun fəlsəfəsini anladır... "Sətirlər"də Xan qızı Natəvanın xanım-xatın şeirlərini eşidirsən, Əhməd Cavadı, Anna Axmatovanı, Folkneri, İsmayıl Şıxlını, Aqata Kristini, Orxan Vəlini, Rəsul Rzanı, Mikayıl Müşfiqi, Məmməd Arazı, Anarı, Məmməd İsmayılı, Əli Kərimi, Şamil Xurşudu, Almas İldırımı, Əziz Nesini... görürsən, bir daha duyursan, tanıyırsan, "VƏTƏN QOXULU MİSRALAR"ın sehrinə düşürsən... və əmin olursan ki, Turan Uğurla bərabər çalışan yaradıcı heyət - rejissor Bəhram Yaqublu, redaktorlar, mənim dostum Azər Qismət, Flora Xəlilzadə, operatorlar Cavid Şərifov, Emin Tağıyev və adlarını unutduğum digər yaradıcı insanların gərgin əməyi sayəsində "Mədəniyyət"də HADİSƏ baş verib.

 

Jurnalistika peşə olmaqla yanaşı, özü bir hadisədir. Düşünürəm ki, əgər televiziyanın sənədli-bədii janr qrupuna aid verilişlərində müəlliflərin həyat materiallarını mənimsəmək bacarığı istedadı yoxdursa, deməli, orda hadisədən, jurnalistikadan danışmaq olar. Turan Uğur gəncdir, lakin onun bacarıq istedadı məndə şübhə doğurmur inanıram ki, o, hələ bundan sonra da mədəniyyətimizin, ədəbiyyatımızın yaddaşını ləyaqətlə qoruyacaq, mənəvi həyatımız üçün mühüm olan daha sanballı verilişləri ərsəyə gətirəcək. Mən ona "Sətirlər"in digər yaradıcı heyətinə daha böyük uğurlar diləyirəm.

 

 

Kamran NƏZİRLİ

 

525-ci qəzet.- 2021.-  19 oktyabr.- S.13.