Naxçıvan Kəngərlilərinə bağlı mötəbər nəsil

 

SULTANOV-QULLARAĞASIYEVLƏRİN ŞƏCƏRƏSİNƏ DAİR QEYDLƏR

 

 

 

Qədim türk tayfalarından biri olan kəngərlilərin tarixi hər zaman tədqiqat obyekti olub və indi də belədir. Azərbaycan müstəqillik qazandıqdan sonra bu tədqiqat işi daha da geniş vüsət alıb. Yaşadığımız illərə diqqət yetirsək görərik ki, kəngərlilərin tarixinin öyrənilməsinə tədqiq edilməsinə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da dövlətimizin böyük qayğısı vardır. Kəngərlilərin ən qədim ata yurdları Naxçıvandır dünyanın hər yerinə buradan köçürülmüşlər. Bu haqda dönə-dönə yazdığımızdan bir daha təkrarlamağı lazım bilmirik. Ancaq elə məsələlər var ki, bir daha yazmaq lazım gəlir. Çünki bizə müraciət edənlər çoxdur. Bunları nəzərə alaraq 1828-ci ildən sonra kəngərlilərin müxtəlif familiyalar qəbul etmələri haqqında danışmağı məqsədəuyğun sayırıq.

 

Çar Rusiyası Naxçıvan xanlığını tutandan sonra Qafqazın istilasını başa çatdırdı. Əgər tarixi səhifələsək görərik ki, yeddi babaya bağlılıq Qafqazda irsən yaşamaqdadır. Bu isə imperiya maraqlarına ziddir. Çünki hər hansı xalqın kökü qədimlərə gedib çıxırsa, onu itaətkar eyləmək çətin məsələdir. Nahaq yerə şəcərəyə nəsil ağacı deyilmir. Ağacın kökü qədər torpağın dərinliklərinə işləyirsə, onun ömrü daha uzun olur. Ona görə Çar Rusiyasının çox güclü olan məxfi idarələri kəngərliləri parçalamaq üçün onları müxtəlif soyadları daşımağa həvəsləndirdilər. Babalara verilən hərbi mükafatlar varisləri bir növ ümumi soyadı daşımaqdan təcrid etməyə başladı.  Elə bunun nəticəsidir ki, bu gün arxiv sənədləri əsasında kəngərlilərin nəsil şəcərələrini hazırlayanda bəzən haqsız iradlarla rastlaşırıq. "Bu qədər Kəngərli olar?" - deyənlər tapılır. Ancaq biz müəllif kimi bu işdə olduqca məsuliyyətimizi hiss edir dəqiqliyi gözləyirik. Hələ sənədlərdə olan adların hamısını yazsaq say daha da çoxalar. Kəngərlilərdə hər ailədə azı 7-8 uşaq qeydə alınıb. Yeri gəlmişkən, bir məsələyə toxunmaq istərdik. İndi familiyalarda "bəy" sözünü əlavə etmək az qala dəbə çevrilib. Axı, arxivlər hələ ki durur oradakı sənədlərdə ictimai mənşələr haqqında məlumat vardır. Biz bəy xan olduqlarına görə şəxsiyyətlər haqqında yazmırıq. Sadəcə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvanı zaman-zaman yağılardan qoruyan sərkərdələrdən döyüşçülərdən  yazırıq. Bizim üçün vətən təəssübü daha üstündür. Kəngərlilər heç hamısı xan, bəy olmayıblar. Sıravi, əkinçi, biçinci, heyvandarlıqla məşğul olan kəngərlilər olub. Əsas marağımızı çəkən bir amil - onların mahir cəsur döyüşçü olmaqları  bizi sevindirir.

 

Naxçıvana yağı düşmən hücum edəndə kəngərlilər hamısı atı və qılıncı, sonralar silahı ilə döyüşə hazır olublar. Tiflis arxivlərində belə sənədlər var. Belə birliyi görəndə isə az qala uşaq kimi sevinmişiktariximizin tədqiqinə daha da məsuliyyətlə yanaşmışıq. Əgər kiminsə Naxçıvanın qorunmasında azacıq xidməti olubsa, biz onları yazmaqdan yorulmamışıq. İstəyirik müstəqil dövlətimizin gəncləri zəfər dolu tariximizlə yaxından tanış olub daha da cəsur olsunlar. 

 

 

 

Qayıdaq əvvəlki mətləbimizə. Naxçıvan xanlığının qorunmasında "sultan" hərbi titulunu daşıyan kəngərlilər xanlıqda böyük imtiyazlar daşıyırdılar. Məsələn, I Kalbalı xan özü daşıdığı imtiyazları hərbi rəis II Kərim Sultanaonun varislərinə də aid edən əmr vermişdi. Çünki düşmənlərə qarşı nəinki Naxçıvanda, hətta Qarabağda, Şəkidə, İrəvanda və digər yerlərdə cəsurluqla döyüşən Kəngərli süvariləri Kərim Sultanın "hərbi məktəbindən" keçənlər idi. Bu baxımdan II Kərim Sultanın nəvə-nəticələri sonralar Sultanov, Kərimov familiyalarını daşımağa başladılar. Elə oldu ki, 1920-ci ildən sonra çoxları Kəngərli olduqlarını gizlətməyə başladılar və sonrakı gələn nəsillərdən çox az adamlar əsl həqiqəti bilirdilər. Biz çox sevinirik ki, "Naxçıvan ensiklopediyası" "Kəngərlilərin nəsil şəcərəsi"ni genişliyi ilə nəşr edibdir. II Kərim Sultanın varislərinin daşıdığı familiyaları yada salaq: Kəngərli, Vəkilov (Naxçıvan Vəkilovları), Kərimov, Sultanov, Kərimsultanov, Qarayev, Zamanbəyov və sair. Bu yazımızda kəngərli Sultanov-Qullarağasıyevlərdən söhbət açmaq istəyirik. Elə "Naxçıvan ensiklopediyası"nda bir neçə alim, şair vardır ki, onlar kəngərli olsalar da, Sultanov familiyasındadırlar. Yazıçı Eynəli bəy Sultanovun babaları Kəngərli, atası Qullarağasıyev, özü isə Sultanov familiyasını daşımışdır. Naxçıvan şəhərində Sultanov-Kəngərlilər əsasən şəhərin mərkəzində, indiki Mərkəzi kitabxananın yerində və ətrafında, həmçinin aşağı tərəfdə yaşayırdılar. Hələ keçən yüzilliyin 70-ci illərində o məhəllə dururdu. İndiki Respublika Prokurorluğunun yanındakı beşmərtəbəli binanın yerində məşhur rəssam Bəhruz Kəngərlinin atası Şirəli bəyin də evi orada idi.  Kəngərlilər tarixən bir-birlərinə çox yaxın yaşayıblar. Sultanovlar da Kəngərlilərdir. 1920-ci ilədək əsasən hərbçi, vəkil və polis işçiləri olmuşlar. Bunu əldə etdiyimiz arxiv sənədlərinə görə deyə bilirik. Sovet hökuməti zamanında da həkim, alim, rəssam və digər sənətlərə də sahib olmuşlar. Quruluşlar dəyişsə də, onlar vətənə layiqincə xidmət göstərmişlər. Ən qarışıq zamanlarda belə onlar Naxçıvanı tərk etməmişlər. 1918-20-ci illərə aid sənədləri öyrənəndə İsmayıl bəy Rzaqulu bəy oğlu Sultanovun adına rast gəlirik. Sənədlərdə İrzaqulu bəy kimi yazılır. İrzaqulu bəyin özü Şərur-Dərələyəz qəzasında polis sistemində ən fəal işçilərdən olub.

Naxçıvan şəhərinin 1843-cü ildə tərtib edilmiş kameral siyahısında Qullarağasıyevlərin haqqında olan qeydlər imkan yardır ki, onların ulu babaları haqqında dəqiq məlumat verək. Oradakı rəsmi qeydlər (yaşları sənəddə olduğu kimi yazırıq) belədir: Kəngərli tayfasının Qızıllı qolundan olan Əhməd Sultan Pirmurad Sultan 50 yaşındadır. Həyat yoldaşları Püstə xanım 40 yaşında və Gülpəri isə 30 yaşındadırlar. Oğlu İrzaqulu 12 yaşında, qızı Hürzat isə 5 yaşındadır.

 

1860-cı ildəki siyahıyaalmada yazılıb: Hacı Əhməd Sultan Pirmurad Sultan oğlu 75 yaş (1852-ci ildə vəfat edib); oğlu İrzaqulu bəy 30 yaşında; nəvəsi Mehdi ağa Nəcəf ağanın atasıdır ki, onun haqqında 1886-cı ilin kameral siyahısında məlumat verilib: Quberniya katibi Mehdi ağa İrza ağa oğlu Əhmədsultanov 31 yaşında (şəhər pristavı); qardaşları: 1) İsmayıl ağa 26 yaşında; 2) Pirmurad Sultan 21 yaşında; 3) Hüseyn ağa 12 yaşında; 4) Məmməd ağa 8 yaşında; İsmayıl ağanın oğlu Tofiq Paşa 2 yaşında.

 

Axtarışlar zamanı 1912-ci ildə Naxçıvan şəhərində çəkilmiş bir maraqlı fotoşəkil tapdıq. Bu fotoşəkil bir daha axtarışlarımızı davam etdirməyə təkan verdi.  Məlum oldu ki, şəkildəkilər Sultanov-Kəngərlilərdir: Sağdan İsmayıl bəyin oğlu Tofiq Paşabalaca oğlu Rüfət, sağdan ikinci Nəcəf ağa Mehdi bəy oğlu (1894-cü ildə doğulub), aşağıdakı isə onun qardaşı Əli ağadır (1901). Sonralar Nəcəf ağa İsmayıl bəyin qızı İzzət xanımla ailə qurmuşbu nikahdan 3 övladları olmuşdur. Nəcəf ağanın oğlunun xatırlamasına görə anası İzzət xanım ona deyirmiş ki, oğul, biz kəngərliyik. İsmayıl bəyin (həyat yoldaşı Nazlıbəyim) Tofiq Paşa, İzzət xanım, Rza, Bayram, Lətifə və Hacı adında övladları olmuşdur. Nəcəf ağanın oğlu tibb elmləri doktoru, professor Mehdi Sultanovun məndə (14 noyabr 2006) bir məktubu var. O yazır: "... Bizim Kəngərli nəslindən olmağımızı təsdiq edən hər hansı bir rəsmi sənəd varmı? Babamın fəaliyyəti, orduda qulluq etməsi haqda əlavə məlumatı haradansa almaq mümkündürmü?

 

Hər kəs öz nəsli-nəcabətinin bir neçə qat nümayəndələri haqda məlumatla maraqlanmalıdır. Lakin mənim  yaşa dolub bu məsələləri öyrənmək istədiyim vaxt, qarmaqarışıqlıq vaxtı idi. Hətta 1943-cü ildə atamı milli təhlükəsizlik komitəsinə dəvət edib nə isə xoşagəlinməyən, bəy nəslindən olmağımız haqda söhbət aparmışdılar. Nəticəsi də xoşagələn deyildi. Özübu məsələ ilə bir erməni əməkdaş məşğul olurdu. Atam dilxor evə gəlib mənə bu əhvalatı söylədikdən sonra çox narahat oldum. Mən Naxçıvanda poçtun teleqrafında müdir işlədiyim üçün rabitə idarəsi nəzdində xüsusi bir hərbi bölmə vardı. Mən eyni zamanda o bölmədə siyasi nəzarətçi işlədiyim üçün təhlükəsizlik komitəsində mənimlə söhbət etdikdən sonra narahatçılığa son qoyuldu. Belə bir vəziyyətlə əlaqədar atam mənə nəslimiz haqda məlumatı qırıq-qırıq verdiyi üçün müfəssəl məlumatım yoxdur. Mən isə bu məsələ ilə çox maraqlanıram..."

 

Əlbəttə Mehdi Sultanovun babası və ulu babaları Kəngərli tayfasından, Qullarağasılardan olublar. Hamısı da hərbçi. İstər Səfəvi imperiyasında, istərsə də Rusiya imperiyasında.

 

Məsələn, Naxçıvan şəhərinin 1873-cü il kameral siyahısında Kəngərli siyahısında Qullarağasıyevlər aşağıdakı kimi qeyd ediliblər: 1. Quberniya katibi Mehdi ağa İrza Ağa oğlu Əhməd Sultanov (18 yaşında) 2. Onun qardaşları İsmayıl ağa 14 yaşında. 3. Pirmurad Sultan 8 yaşında, 4. Hüseyn ağa.

 

Burada adı çəkilən Mehdi ağa Nəcəf ağanın atasıdır. Yerindəcə qeyd edək ki, burada Çölü bəy Rəhimağa oğlu Qullarağasıyevin və onun övladlarının da siyahısı yazılıb.

 

Çünki bunlar çox yaxın qohumdurlar. Belə demək mümkündür ki, Nəcəf ağa Sultanov  yazıçı və ictimai xadim Eynəli bəy Sultanov əmi nəvəsidirlər və sair. 

 

1920-ci ildən sonrakı sənədlərdən məlum olur ki, İsmayıl bəy də təqib olunub. 1928-ci ilə aid bir sənəddə İzzət xanımın və Nəcəf ağanın səsvermə hüququndan məhrum edilməsi haqda qeyd vardır. Orada İzzət xanımın yaşının 28 olduğu bildirilir. Deməli, o, 1900-cü ildə Naxçıvanda doğulub.     Bəs Qullarağasıyevlər kimlərdir və onların hərb tariximizdə nə kimi xidmətləri olub?

 

(Ardı var)

Musa QULİYEV (RƏHİMOĞLU)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

kuliyevm@yandex.ru

 

 

525-ci qəzet.- 2021.-  19 oktyabr.- S.12.