Əli Əmirlidən ustad dərsləri

 

HƏYAT HƏQİQƏTİ VƏ BƏDİİ HƏQİQƏT

 

İkinci dərs

 

***

 

İkinci dərsimizi şərti olaraq "Həyat həqiqəti və bədii həqiqət" adlandırmaq olar. Tək dramaturgiyada deyil, bədii yaradıcılığın bütün sahələrində həyat həqiqətinin məhz bədii həqiqətə çevrilməsi əsas yaradıcılıq prinsipidir. Çünki biz nə yazırıqsa-yazaq, orda mütləq özümüzü də ifadə edirik. Əgər mən rəssam kimi hər hansı bir mənzərəni çəkirəmsə, o mənzərəni kətan üzərinə köçürəndə mənim emosional vəziyyətim, dünyaya baxışım, bir rəssam kimi təhsilim, nəzəri və praktiki biliklərim, sənətkar üslubum mütləq çəkdiyim rəsmdə öz əksini tapacaq, yəni dediyim kimi,  özümü də ifadə edəcəm.      

 

Hələ orta məktəbdə ədəbiyyat dərsində müəllimlərimiz qəhrəmanla onun prototipi, əsərin müəllifi ilə onun ədəbi "mən"i arasındakı fərqi bizə başa salmağa çalışırdılar. Əlbəttə, müəllimlər nə qədər izah eləyib dediyimiz fərqləri göstərsələr də, əksərimiz roman və ya povestdəki hadisələri danışanı müəlliflə eyniləşdirməyə üstünlük verirdik. Əgər əsərdəki süjet məlum tarixi hadisələrdən və ya tanınan tarixi şəxsiyyətlərdən bəhs edirdisə və həmin tarixi şəxsiyyətlərin adı hallanırdısa,  daha şübhəyə yer də qalmırdı, başqa sözlə, ədəbi surət tarixi şəxsiyyətin özü ilə eyniləşdirilirdi. Bu halda, dediyimiz kimi, əksər oxucular "Hər şey elə belə də olub" qənaətində israrlı olurlar. Belə ədəbi qavramaların səbəbkarı çox vaxt yazıçılar özləridir, çünki yaxşı tarixi roman və ya povest yazmaq üçün ilk növbədə öz yazdığına özün inanmalısan, qələmə aldığın tarixi hadisənin məhz təsvir etdiyin kimi olmasına şübhə etməməlisən. Əgər bu inam olmasa, həqiqətən, tarixi mövzuda,  dediyimiz kimi, keyfiyyətli əsər yazmaq mümkün olmayacaq. Beləliklə, müəllifi onun keçmişi duymaq bacarığı, qələmə aldığı tarixi hadisələr haqqında geniş biliyi və şəxsi yaradıcılıq istəyi, oxucunu isə yazıçının istedadı və bədii qüdrəti ovsunlayır.

 

Nəticədə bizim tarixi hadisələr və ya şəxsiyyətlər haqqında biliklərimiz tarixi sənədlərə və tarix haqqında elmi işlərə deyil, daha çox bədii əsərlərə əsaslanır.

 

Bu yerdə yaxşı tanıdığımız konkret bir əsərə müraciət edək: Azərbaycan dramaturgiya tarixində ən populyar əsərlərdən biri, bəlkə də, birincisi olan "Vaqif" dramında Səməd Vurğun Qacariyyələr sülaləsinin əsasını qoymuş Ağa Məhəmməd şah Qacarı layiq olmadığı qədər aşağılamış, Molla Pənah Vaqifi isə layiq olduğundan çox-çox yüksəyə qaldırmışdı. Uzun bir zaman dövründə  Azərbaycanda az adam tapılardı ki, bu pyeslə tanış olmasın. S.Vurğun pyesi, bildiyiniz kimi, nəzmlə yazmışdı. Elə buna görə də əsərin hər bir sözü, misrası Vurğun poeziyasının qüdrəti ilə hədəfə dəyir, ürəklərə işləyir, yaddaşlarda dərin iz buraxırdı, insanlar bu pyesdən bütöv səhnələri, epizodları əzbər bilirdilər. Şeir yaddaşım olmasa da, Qacarla Vaqifin  məşhur dialoq savaşını mən də əzbər bilirəm. Vaqifin, elə digər personajların dilindən qopan replikalar xalqın məişətində, gündəlik danışığında özünə yer eləmiş, bəziləri zərb məsələ çevrilmişdi. Bu əsərdə qatı  rənglərlə rəsm edilmiş Qacar bütün mənfi xüsusiyyətlərin daşıyıcısı kimi bir neçə nəsil Azərbaycan tamaşaçısının, parta arxasında bu pyesi öyrənən yüz minlərlə məktəblinin nifrət obyektinə çevrilməliydi. Çevrildi də! Halbuki Ağa Məhəmməd şah Qacar dövrünün çox savadlı, ağıllı, qətiyyətli, hədsiz cəsarətli, dini və fəlsəfi biliklərə vaqif, qədərində ədalətli və təbiidir ki, bir orta əsr  hökmdarı kimi qədərində qəddar olmuşdur.

 

Sovet dönəmində "SSRİ tarixi" adı altında Rusiya tarixinin tədris edildiyi bir zamanda nə Azərbaycan tarixi, nə də Şərq tarixi şagirdlərə öyrədilirdi. Deməli, hər bir azərbaycanlı 2500 illik tarixi olan İran dövlətinin başında dayanan milliyyətcə Azərbaycan türkü Ağa Məhəmməd şah Qacarı tarix kitablarından deyil, məhz S.Vurğunun bu məşhur pyesindən tanıyırdı. Bu pyesdə isə Qacar özü özü haqqında: "Bir boynu olsaydı bəşəriyyətin, Onu bir qılıncla vurardım, yəqin!" və ya "Mənim vicdanım da, qəlbim də qandır, Dünya qan üstündə bir xanimandır!" deyir. Bu məqamda Səməd Vurğunu istədiyin qədər qınamaq, tarixi həqiqətləri təhrif etdiyinə görə tənqid etmək də olar, amma unutmayaq, böyük şair tarix kitabı yox, bədii əsər yazırdı və istədiyi obrazı istədiyi şəkildə yaratmaqda azad idi. Əlbəttə, onun məqsədi Vaqifi müsbət qəhrəman kimi sevdirmək, Qacara isə nifrət oyatmaq idi. İnsaf xatirinə deyim  ki, o, istədiyinə, yüzdə yüz nail olmuşdu. Bax bu yerdə həyat həqiqəti ilə bədii həqiqət deyilən nəsnə meydana çıxır. "Vaqif" pyesindəki Qacar heç də tarixi şəxsiyyət olan Ağa Məhəmməd şah Qacar özü deyil, onu müəllif tarixdən alıb bədii surətə, obraza çevirmişdir. Tamaşaçılar və oxucular bunu ya unudur, ya da bilmirdilər. Bu yerdə icazənizlə mən "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" adlı tarixi dramımı yada salım.

 

Etiraf edim ki, bu pyesi yazanda  mən də Qacarı tarixdə necə olubsa, o cür də yaratmaq məqsədi güdmürdüm, mən də onun bədii obrazını yaratmaq istəyirdim. Mənə elə bir Qacar lazımdı ki, tamaşaçılar onun şəxsi faciəsini görüb duyğulansınlar, onu unikal bir insan kimi tanısınlar. Mən də Ağa Məhəmməd şah Qacarı tarixdən alıb mükəmməl, polifonik  bir obraz kimi təqdim etmək istəmişəm. "Gecələr namaza durdum, dua elədim, gündüzlər qan tökməyə məcbur oldum" deyən bu Qacar artıq mənim gördüyüm və ya görmək istədiyim Qacardır: öz əməlləri haqqında düşünən, onu saf-çürük eləyən, haqq nə, haqsızlıq nə, doğru nə, yalan nə sualları ilə özünə əzab verən, eyni zamanda, taxt-taca çox şeyini qurban etməyə və bu yolda ona əngəl olacaq bütün maneələri aradan qaldırmağa hazır adi hökmdar Qacar: "Kişi uşaq əkə bilər, bu, hər cəhətdən savabdır, amma əkdiyi uşağın həyatına qəsd edə bilməz, çünki o uşağın artıq  haqqı var! Mənim başıma tac qoymaq olar, amma onu başımdan götürmək istəyən kəs qəzəbimin alovunda yanıb külə dönər, istər qardaş ola, istər qardaşoğlu, istərsə də heç vaxt doğulmayacaq övlad!"

 

Hətta ağıllı adamlar da bu qarmağa ilişərək müəllifin roman, povest və ya hekayədə tarixi mənzərəni nə dərəcədə həqiqətəuyğun yaratdığını təhlil edir, müzakirəyə çıxarırlar.       

 

Gerçəkliyin yazılı formada bədii əks etdirilməsinin əsas qanunu belədir, başqa sözlə, hər şeyi olduğu kimi yazmaq, həm də bədii şəkildə, mümkün olan iş deyil, buna heç bir dahinin gücü çatmaz, bir halda ki, yazıçının istedadı güclü olduqca onun əsərlərində tarixi həqiqətə daha az yer verilir, əvəzində onun bədii həqiqəti daha qabarıq, daha güclü olur.

 

Bax elə bu yerdə deyim ki, "bədii həqiqət" heç də tarixi həqiqətin üstündən xətt çəkmir, əksinə, o, tarixi tamamlayır, bütövləşdirir,  boşluqları doldurur, tarixin deyə bilmədiklərini, çox vaxt da heç  bilmədiklərini deyir. Axı heç kəs qədim tarixi şəxsiyyətlərin nitqini eşitməyib. Məgər Şekspir Sezarla Kleopatranın dialoqunu eşitmişdi, ya şahidi olmuşdu? Axı onların dialoqunu kağıza köçürən olmamışdı. Yenə də "Vaqif" pyesini götürək! Məgər Qacarla Vaqif görüşüb üz-üzə söhbət eləmişdilər, hətta belə bir görüş olsaydı belə, o məşhur döyüş-dialoqun stenoqramını yazanmı  vardı? Əlbəttə, bu ritorik sualın cavabı məlumdur. Onu da əlavə edək ki, başqa sənət növləri kimi, ədəbiyyat da müəyyən siyasi və ideoloji aberrasiyalara (qəsdən təhriflərə) məruz qalır.

 

Deyək ki, sosializm realizminin ən yaxşı əsərləri, o cümlədən, hər bir Sovet gəncinin bilməli və oxumalı olduğu "Polad necə bərkidi?"  romanından başlayaraq ideoloji aberrasiya gerçəkliyi iki barışmaz yerə ayırır: həyat reallığı və bədii əsərdəki reallıq. Bax elə bu yerdən başlayaraq ədəbi tənqid müəlliflə onun qəhrəmanını bir-birinə qarışdırır. Bu vərdiş hələ də davam edir.

 

Çox təəssüf ki, dramaturgiyamızda, xüsusilə gənclərin ilk qələm təcrübələrində həyat həqiqəti ilə bədii həqiqət arasındakı balans pozulur, ya həyat hadisələri bədii düşüncədən məhrumdur, ya da uydurma bədiilik, başqa sözlə, inandırmayan bədiilik reallığı üstələyir, təhrif edir. Səhnədə gördüklərinə inanmayan tamaşaçı zalı yarımçıq tərk edir.

 

Bəzən yeni yazmağa başlayan dramaturq təbiilik xatirinə çalışır hər şeyi həyatda olduğu kimi versin. O, necə böyük səhv etdiyini anlamır. Bu yerdə tamaşaçı sual edir: "Axı mən hər gün həyatda, reallıqda pulsuz gördüklərimə teatrda da baxacağamsa, onda niyə pul verib bilet almalı, iki saatlıq asudə vaxtımı itirməliyəm?" Haqlı sualdır. Deməli, dramaturq onun bilmədiklərini, görmədiklərini yazmalı, adi hadisəni bədii fakta çevirməyi bacarmalıdır. Seriallarımızın aşağı səviyyəsi də elə bu dediklərimlə bağlıdır: həyat həqiqəti var, bədii həqiqət isə yoxdur. Nəticədə, seriallarımızda adamlar bir-birini təhqir edir, döyür, söyür, öldürür... Adama elə gəlir ki, bir dam altında yaşayan bu adamlar bu məkana məhz dava eləmək, bir-birlərini incitmək üçün yığılıblar.

 

Nə qədər paradoksal görünsə də, bədii həqiqət, bədii reallıq oxucuya daha güclü təsir edir, nəinki həqiqi, olmuş "həyat həqiqəti, həyat hadisəsi". Uydurulmuş hadisəyə görə daha çox göz yaşı axıdılır, nəinki həqiqi "həyat hadisəsinə" görə. Bax elə yazıçını adi adamlardan seçdirən də onun bu qabiliyyəti, sehridir, mistikasıdır. Eyni zamanda, bu, həm də yazıçının cəmiyyət qarşısında  məsuliyyətidir.

 

Yaradıcı insan baş vermiş hadisənin, faktın üzünü köçürən, surətini çıxaran deyil, hətta o, bunu etmək istəsə də, alınmayacaq, o, mütləq bu hadisəyə nəsə bir rəng qatacaq, onun mahiyyətini dəyişəcək, əlavələrini edəcək, beləliklə də, adi həyat hadisəsi bədii əsər faktına, hadisəsinə çevriləcək.

 

"Bədii həqiqət" duyğuların, hisslərin reallığıdır, başqa sözlə, gerçəkliyin, adi real həyatın bizim hisslərimizlə qavranılmasıdır.

 

525-ci qəzet.- 2021.-  19 oktyabr.- S.11.