"İstər fiziki, istərsə də intellektual cəhətdən döyüşlərə hazır idik"

 

 

Bu gün Cəbrayıl rayonu, Xudafərin kəndinin azad olunmasından bir il ötdü. Düz bir il öncə müzəffər Azərbaycan Ordusu qanlı döyüşlər bahasına tarixi Xudafərin körpüsünü erməni tapdağından azad edib şanlı Azərbaycan bayrağını Xudafərinə sancıb.

 

Azadlığının birinci ili ərəfəsində tarixi XI- XIII əsrlərə dayanan, güneyli-quzeyli Azərbaycanı birləşdirən Xudafərinə səfər etmək qürur verici idi. Dövlət Sərhəd Xidmətinin media nümayəndələri üçün təşkil etdiyi səfərdə, şanlı Azərbaycan Ordusunun cəsur, qəhrəman hərbçiləri ilə görüşmək döyüşlər haqqında birbaşa onlardan eşitmək imkanımız oldu. Zəfər tarixini onu yazanlardan eşitmək, azad Cəbrayılın, Xudafərinin keşiyində dağ kimi dayanan sərhədçi qəhrəmanları əyani tanımaq Qarabağ döyüşləri ilə bağlı hadisələri gözümüzdə bir daha canlandırdı.

 

Xudafərində hərbçilərimizdən eşitdiklərimiz hər hansı bir müharibə filmindən səhnələr deyildi. Azərbaycan Ordusunun ölümü gözlərində boğub, 30 illik həsrətə son qoymaq arzusu ilə irəli atılan şəxsi heyətinin düşmənə yaşatdığı real hadisələr idi.  

 

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin zabiti, kapitan Qurbanov Qurban Fazil oğlu Hadrut, Cəbrayıl bir çox ərazilərin, eləcə Xudafərinin azad olunması uğrunda döyüşlərdə iştirak edən qəhrəmanlarımızdandır. Çevik Hərəkət Qüvvələrinin zabiti suallarımızı cavablandıraraq Xudafərin uğrunda gedən döyüşlərdən söz açıb.

 

- Xudafərin uğrunda döyüşlərə hansı istiqamətdən başladınız?

 

- Bizim Vətən müharibəsi zamanı ilkin olaraq komandanlığımızdan aldığımız tapşırıq, Hadrut istiqamətində hərəkət etmək, Hadrutun düşmən tapdağından təmizlənməsi idi. Daha sonra komandanlıq tərəfindən verilmiş növbəti əmrlə istiqaməti dəyişərək Cəbrayıl -  Şükürbəyli, Soltanlı, Xudafərin, sonra isə Zəngilan istiqamətində tapşırığımızı davam etdirməyə başladıq. Ərazidə tapşırığa Cəbrayıl rayonunun Şükürbəyli kəndi istiqamətindən başlamağı qərarlaşdırdıq. Daha sonra hərəkətimizi Soltanlı kəndi ilə davam etdirdik, sonra isə 12 kilometrlik marş keçərək gəlib Xudafərin ərazisində körpünün arxasında olan strateji yüksəkliklərə çatdıq. Burada yüksəkliklərin ələ keçirilməsi, aşağıda olan sərhəd zastavalarının düşmən tapdağından təmizlənməsi, düşmən hərbi qulluqçularının məhv edilməsi tapşırıqlarını yerinə yetirdik. Daha sonra mənə hərbçi yoldaşım Məhəmmədəli Ələkbərovla birlikdə növbəti bir tapşırıq verildi. Hansı ki, O, sonra şəhid oldu. İndi arxada görünən yüksəklikdən hərəkət edərək təkrar Soltanlı kəndi ərazisində yerləşən Çevik Hərəkət Taborunun götürülməsi, daha sonra yerdə qalmış müəyyən say tərkibində heyətin komandandan alınmış tapşırıqlara uyğun olaraq arxada gördüyünüz strateji yüksəkliyə yerləşdirilməsi tapşırığını uğurla həyata keçirdik.

 

 

 

- Müharibə zamanı sizin Taborda, ümumiyyətlə, ordudakı ruh yüksəkliyi döyüş əməliyyatlarınıza necə təsir edirdi?

 

- Onu qeyd etmək istəyirəm ki, tək Azərbaycan Çevik Hərəkət Qüvvələri yox, bütün Azərbaycan Ordusu xalqı Vətən müharibəsini, düşmən üzərində qələbəni 30 ildən çox müddətdə gözləyirdi. Ona görə hərbi qulluqçularımız tam hazır idi. Qeyd etmək istəyirəm ki, bizim Çevik Hərəkət Dəstəsinə seçilmiş hərbi qulluqçular istər fiziki cəhətdən, istərsə intellektual cəhətdən xüsusi hazırlıqlı kateqoriyalı hərbçilərdən seçilir. Müharibədən öncə həmin hərbi qulluqçularla yenə daha çox təlimlər keçirilirdi. Bizə əsasən Dağlıq Qarabağ ərazisinə uyğun dağ relyefli ərazilərdə təlimlər keçirilirdi ki, istər fiziki, istər atış bacarıqları, istərsə bilik cəhətdən daha möhkəm, daha hazırlıqlı olaq. Bu səbəbdən tam hazırlıqlı idik böyük ruh yüksəkliyimiz vardı. Əminliklə deyə bilərəm ki, hər bir hərbi qulluqçu, döyüş yoldaşımız istəyirdi ki, Zəngilana ayaq bassın, Xudafərinə çatsın, Cəbrayılı azad etsin, Şuşaya bayraq sancsın. Onun üçün ruh yüksəkliyi mühüm rol oynayırdı, düşmən tərəfdə isə tamamilə bunun əksi vardı. Onlar bizdən qorxurdular psixoloji cəhədən çökmüşdülər.

 

- Xudafərin azad ediləndə ilk gördüyünüz mənzərə necə idi hansı hissləri keçirirdiniz?

 

- İlk olaraq hər şeyi atıb qaçan düşmənin döyüş sursatlarını gördük. Buranın relyefi çətin olduğu üçün ilk günlər su problemi yaşadıq müvəqəti Araz çayından istifadə etdik. Ərazidəki yeganə bulağın mənbəyini 3 gün sonra tapdıq.

 

Heç bir qələbə şəhidsiz əldə edilmir. Əlbəttə, Çevik Hərəkət Dəstəsindən yaxın döyüş yoldaşlarımız, silahdaşlarımızdan bəziləri şəhid oldu. Torpaqlarımız işğaldan azad olundu, ata-baba yurdumuz 30 ildən sonra düşmən tapdağından təmizləndi, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalandırıldı, lakin bizim düşmənə olan nifrətimiz nəinki azaldı, hətta bir az da artdı. Yoldaşlarımız, yaxınlarımız, əzizlərimiz Vətən müharibəsi zamanı qollarımızda şəhid oldu.

 

- Müzəffər Azərbaycan Ordusunun qalib hərbçisi kimi Azərbaycan xalqına nə söyləmək istəyirsiniz?

 

- Bundan sonra tək Dövlət Sərhəd Xidmətinin əsgəri yox, bütün Azərbaycan xalqı - mühəndisi, həkimi, müəllimi, rəhbər şəxsləri, hüquq mühafizə orqanlarının əməkdaşları və b. ümidvarıq ki, Qarabağda və Şərqi Zəngəzurda öz xidmətlərini yüksək səviyyədə yerinə yetirəcəklər. Bununla da vaxtilə köçkün düşmüş vətəndaşlarımızın ata yurdlarına geri dönüb tam rahatlıqla və yüksək səviyyədə yaşaması təmin olunacaq. Buna əminik!

 

Qeyd edim ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin döyüşlər zamanı göstərdiyi şücaəti və əldə etdiyi nəticələri qeyd etmək istəyirəm. Azərbaycan sərhədçiləri 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla icra ediblər. Müharibənin ilk günündən sərhədçilər Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmiş, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etmiş, Xudafərin körpüsündə, Zəngilanın Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağını sancmış, Ermənistanla sərhəddə “Bartaz” və “Şüküratazstrateji yüksəkliklərini azad ediblər. Dövlət Sərhəd Xidmətinin heyəti Füzuli, Cəbrayıl, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin azad olunmasında qəhrəmanlıq və igidlik nümunələri göstəriblər. 2011-ci ildən etibarən modifikasiyası həyata keçirilən AN-2 təyyarələrinin taktiki tətbiqi nəticəsində düşmənin aşkarlanmış hava hücumundan müdafiə sistemləri, radio-elektron mübarizə vasitələri və digər strateji hədəfləri, döyüş texnikası, çoxsaylı canlı qüvvəsi peşəkarlıqla idarə olunan pilotsuz uçuş aparatları tərəfindən məhv edilib, ümumilikdə 290 düşmən hədəfi məhv olunub.

 

Afaq Rza

 

525-ci qəzet.- 2021.-  19 oktyabr.- S.7.