Prezident Qara Qarayevə
nə dedi?
Möhtərəm
prezident İlham Əliyevin xalq tərəfindən
böyük coşğu ilə sevilməsinin səbəbi təkcə
müdrik bir siyasətçi kimi, bir sərkərdə kimi 44
gün ərzində torpaqlarımızı Ermənistanın
30 illik işğalından azad etməsi, ölkəni
dünyanın söz sahibinə, qüdrətli dövlətlər
sırasına çıxarması deyil, həm də xalqla
görüşlərində həddindən artıq səmimi
olması, insanların ürəklərini boşaltması
üçün şərait yaratması, incə yumoru və
zarafatlarıdı.
Ayın 17-də Füzulinin işğaldan
azad olunmasının
1-ci ildönümü ilə
əlaqədar şəhərin
təməl daşının
qoyulması münasibətilə
keçirilən tədbirdə
çox maraqlı söhbətlər oldu. Tədbir iştirakçılarının
hamısı öz ürək sözlərini
prezidentlə və eləcə də 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə bölüşə
bildilər.
Yeri gəldikcə
həmin görüşdə
baş verən maraqlı hadisələr barədə yazılar yazacam. Bu gün həmin o maraqlı hadisələrdən birini
oxuculara çatdırmaq
istəyirəm.
Görüşdə "Qarabağ" komandasının və eləcə də millimizin futbolçusu Qara Qarayev də iştirak edirdi. Qara 1 yaşında bu şəhəri, daha dəqiq desək, doğulduğu Horadiz kəndini ailəsi ilə tərk edib və 28 ildən sonra azad ölkənin azad olmuş torpaqlarının azad bir sakini kimi doğma yerlərdəydi. Onun sevincini təsəvvür etmək çox çətindi.
Həmin gün "Qarabağ"ın "Sabah"la oyunu vardı. oyun da axşam saat 7-yə 15 dəqiqə qalmış başlamalı idi. Çox həyəcanlı idi ki, qayıdıb oyuna çata biləcək, ya yox. Ürəyinin yarısı doğma Füzulidəydi, yarısı da doğma komandasında. Bu çətin oyunda komandasını tək qoymaq istəmirdi.
Möhtərəm prezident Qara Qarayevlə görüşərkən birinci sözü bu oldu ki, "Qarabağ" hamımızın komandasıdı, komandanı hamımız sevirik və həmişə uğurlar arzulayırıq. Mən də dedim ki, Möhtərəm Prezident, bu gün "Qarabağ"ın oyunu var, axşam saat 7-də, Qara çalışır ki, görüşdən sonra oyuna çatsın, komandasını tək qoymasın.
Prezident güldü, Qaranı da sıxdı özünə və dedi:
- Qurbana zəng edin, deyin ki, prezident deyir ki, Qara gəlib çatmayana kimi oyunu başlamasınlar.
Möhtərəm Prezidentin bu incə yumor və zarafatı Qaranın üzündə çiçəklədi.
Qara özünü oyuna çatdırdı, amma yol yorğunluğunu nəzərə alıb Xoca, yəni Qurban Qurbanov həmin gün onu oyuna buraxmadı.
"Qarabağ" 2:1 hesabı ilə "Sabah"a qalib gəldi. Ayın 21-də Avropa çempionatları
oyunlarında "Qarabağ"
"Kayrat"ı qəbul
edəcək. İnşallah,
Qara həmin oyunda Prezidentin ona və "Qarabağ"a olan sevgisini gözəl oyunu ilə doğruldacaq.
Aqil Abbas
525-ci qəzet.- 2021.- 19 oktyabr.- S.5.