Ayrılığın və birliyin rəmzi - Azad Xudafərin  

 

AZADLIĞININ BİRİNCİ İLDÖNÜMÜNDƏ TARİXİ TORPAQLARA SƏFƏR

 

 

16 oktyabr saat 04:00-da bir-iki saat yuxumu alaram niyyətilə uzanıb yata bilmədiyim yerimdən səbirsizlənib qalxdım. Bir saat sonra evdən çıxmalı idim. Əslində, səfərə çıxacağım xəbərini alandan bəri onsuz da olmayan yuxum lap ərşə çəkilmişdi. Bu, mənim media mənsubu kimi Qarabağa ikinci səfərim idi. İstiqamət isə bir il öncə düşmən tapdağından azad edilmiş Cəbrayıl rayonunun Xudafərin kəndi idi. Düşünürdüm bu dəfə xəbəri daha sakit qarşılayaram, amma xub. Razılıq əldə edilib, qəzetimiz adından mənim gedəcəyim dəqiqləşən kimi hamıya xəbər salmışdım: Camaat, Xudafərinə gedirəm!

 

Axı bu o Xudafərindir ki, yaşı 28-30-dan az olan bir nəsil onu yalnız Azərbaycan tarixi kitabının vərəqlərində görüb. Tarix boyu hər zaman Azərbaycanın faciəsinə, bölünməsinə və işğalına şahidlik edib əsrlərin körpüsü.

 

Saat 05:00-da gözlərimi anamın narahat baxışları ilə toqquşmaqdan qaçırıb əllərindən, üzündən öpüb, xeyir-duasını alıb, yola düşürəm. Bilirəm, hər nə qədər narahat olsa da, heç vaxt getmə deməyəcəkdi mənə. Çünki nə olursa olsun, öncə Vətən anlayışı ilə böyüdüb bizi. Nəhayət toplaşma yerinə çatdım.

 

Cəbrayıla səfərimizin təşkilatçısı Dövlət Sərhəd Xidməti idi. Avtobusa əyləşdim. Çox keçmədən səfərə qoşulan digər media nümayəndələri də gəldilər, artıq bizi Xudafərinə yaxınlaşdıran yolu qət etmək vaxtı idi. Budur, siyahı üzrə adlar oxunub, vəsiqələr yoxlanıb, 06:14-də avtobus tərpənərək hələ oyanmamış, yollarında təkəm seyrək maşınların göründüyü Bakı küçələrini asta-asta arxada qoyur.

 

Məktəbli vaxtlarımızda tarix kitablarından illərini öyrənib, əzbərləməyə borclu olduğumuz faciələrimizin xronologiyası indi yolboyu bir-bir ağlımdan keçirdi. Gülüstan, Türkmənçay müqavilələri, Birinci Qarabağ müharibəsi, Cəbrayılın, Kəlbəcərin və digər rayonların işğalı, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlar və s.

 

Arabir məndən arxa sırada əyləşən həmkarlarımın qısa dialoqlarını çıxsaq, avtobusun içərisində tam sakitlik idi desəm, yanılmaram. Kimisi pəncərədən yolu seyr edir, kimisi kamerasını hazırlayır, digər biri çatana qədər yuxusunu almaq üçün qollarını çarpazlayıb mürgüləməyə çalışırdı. Bir xeyli yol qət edib Biləsuvar rayonundan uzanan yoldan keçirdik. Bura təkbaşına qəhrəmanlıq tarixinin yeni salnaməsini yazan Milli qəhrəman Mübariz İbrahimovun yurdudur axı, istər-istəməz adam duruxsunur. Bir də ötüb keçdikcə yol kənarlarına yerləşdirilmiş Vətən müharibəsi şəhidlərinin şəkilli lövhələrini gördükcə sanki hamımızın üzündə ifadə donurdu. Şəkillərdəki məsum və cavan şəhid simaları məyusluq və hörmət, qürur və minnətdarlıq hisslərini eyni anda yaşadırdı bizə. Biləsuvar yolundakı qısa fasilədən sonra davam edib Beyləqanı keçir, daha sonra Füzulinin Şükürbəyli kəndini arxada qoyub, nəhayət Horadizə çatırıq. Burada yoxlanış və fasilə üçün yenidən dayanırıq.

 

İlk dəfə bu yerlərə 1 may tarixində Zəngilana gedərkən gəlmişdik. İkinci dəfə gəlişimdə artıq Horadizlə nisbətən tanış idim. Ancaq Zəngilan səfəri zamanı Cəbrayıldan keçdiyimiz üçün az-çox şahid olmuşduq onun yaralı halına. İndi Horadizdə dayanarkən məsafənin azaldığını bilirdim, amma Cəbrayılı yenidən və daha yaxından necə görəcəyim haqda bir fikrim yox idi. Mayda Cəbrayıldan keçərkən hər tərəfi minalanmış və özü kimi uçuq tikililərin yanında bir ev diqqətimi çəkmişdi. Dağıdılmış həmin evin təkcə ön və ona bitişik yan divarı, bir də ikinci mərtəbəyə qalxan pilləkənləri ala uçuq formada ayaqda idi. Evə baxıb, kim bilir, bəlkə də bir zamanlar bu uçuq pilləkənlərdən uşaqlar aşağı-yuxarı qaçışar, evin xanımları yola baxan pəncərəsinə həyətdən güllər dərib qoyar, kişiləri də həyətdə ağaclara qulluq edərdi deyə düşünmüşdüm. O vaxtdan bəri ara-sıra yadıma o ev düşürdü.

 

 

 

Horadiz postunda yoxlanış bitənə qədər bir az ətrafa göz gəzdirdim. Yolun kənarında yeni məlumat lövhələri quraşdırılması işləri gedirdi. Daha əvvəldən isə burada Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Naxçıvana gedən məsafələrin göstərildiyi lövhə vardı. Vallah, adi məlumat lövhəsi adamı necə də uşaq təki sevindirər, təsvir edə bilmirəm. Əlqərəz, saat 10:30-u göstərirdi və biz Horadiz postunu keçib yola davam etdik.

 

Yaxınlaşdıqca Cəbrayılın tarixinin nə qədər qədimlərə dayandığını, tarixən neçə dövlətin, hakimiyyətin tərkibinə daxil edildiyini, tarixin bütün çətin üzlərini, faciələrini görüb hələ də ayaqda durması adama qəribə gəlirdi.

 

Məlumat üçün qeyd edim ki, Cəbrayıl ərazi baxımından qədim Albaniya dövlətinin, sonralar Şəddadilər, Hülakilər, Teymurilər, Qaraqoyunlu və Ağqoyunlular, Səfəvilər və Qarabağ xanlığının tərkibində olub. Hazırda rayonun ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla, 97 yaşayış məntəqəsi yerləşir. Hələ 1897-ci ildə Rusiya imperiyasının əhalini siyahıyaalınmasına görə, o zamanlar Cəbrayıl qəzasının əhalisinin 49.189 nəfəri (və ya 74,1%) yerli türklərdən, 15.746 nəfəri (və ya 23,7%) isə gəlmə ermənilərdən ibarət idi. Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində bədnam qonşularımız tərəfindən işğal edilib. Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid verib. 27 illik işğal tarixini isə şanlı Vətən müharibəsi dəyişdirdi. 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri işğaldan azad edildi.

 

DSX-nin təşkil etdiyi səfər xeyli maraqlı davam edirdi. Yolüstü Cəbrayılda yerləşən Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində dayandıq. Hərbi hissənin yeni açılmasına baxmayaraq, qısa müddətdə hərbçilərimiz üçün yaradılan yüksək şəraiti görüb məmnun oldum. Hərbçilərin rahatlığı üçün hər şey düşünülmüş, bütün tədbirlər görülmüşdü. Bu yerlərə yenidən həyat izləri cəsur hərbçilərimiz sayəsində qayıtmışdı. İndi azad Cəbrayılda yaşam üçün ilk şəraiti də onlar qururlar. Hərbi hissədə əkilmiş ağaclara su verən, yeməkxananın qapısında dayanan pişiyi yemləyən mərhəmətli Azərbaycan əsgərlərini gördükdə bunun bir daha şahidi oldum. İlk dəfə idi hərbi hissədə olurdum. Açığı, ötən ilin iyul döyüşləri zamanı mən də digər minlərlə Azərbaycan gənci kimi orduya könüllü yazılmaqla faydalı olacağıma inanırdım. Cəbrayılda hərbi hissənin yeməkxanasında səhər yeməyi yeyərkən bu haqda bir daha düşündüm. Tam səmimiyyətimlə deyirəm, o gündən bu yana bir dəfə də könüllü yazıldığıma peşman olmamışam, hətta Vətən müharibəsi zamanı gələcək zəngi gözləmişəm. Lakin hərbi hissədə olarkən qorxubilməz, tarix yazan qəhrəmanlarımıza baxdıqca Azərbaycan Ordusuna nə üçün hər kəsin seçilmədiyini dərk etdim. Ömrümdə ilk dəfə əsgər yeməyi yeyirdim və dedikləri qədər dadlı imiş. Bizimlə səhər yeməklərini paylaşan hərbçilərə təşəkkür edib yola davam deyirik.

 

 

 

Avtobus getdikcə yenə də yolun hər iki tərəfində vəhşi erməni imzası olan uçuq-sökük, viran edilmiş evləri, mina xəbərdarlığı plakatlarını və hələ boy verməmiş bir-birindən aralı yerləşən kiçik ağacların şahidi oluram. İrəlilədikcə Cəbrayılın Marallı, daha sonra Sarıcalı və digər kəndlərinin adı yazılmış kiçik lövhələr bir-birini əvəz edirdi. Salamat qalan bircə ev belə yox idi. Ya bütün evlər tamamilə sökülüb yeri şumlanıb, ya da xarabalığa çevrilib. Təkcə Cəbrayıla gedən yolları bircə dəfə keçməklə erməni kimliyini bütün çılpaqlığı ilə görmək mümkündür.

 

Saatlar 12:25-i göstərir, avtobus növbəti dəfə dayanır. Buradan sonra Xudafərinə olan qısa məsafə nahamar yollar olduğu üçün dağ relyefi üçün nəzərdə tutulmuş maşınlarla yola davam etdik. Artıq lap az qalırdı. Dəqiqələr sonra əzəməti ilə keçdiyi tarixi yola işıq saçan Xudafərinə çatacaqdıq. Hamının üzündə xoş bir təbəssüm və həyəcan hiss olunurdu.

 

Budur, torpaq yolla irəliləyən "Pikup"ın pəncərəsindən Xudafərin görünürdü. Qeyri-ixtiyari formada bir çoxumuz "çatdıq, çatdıq!" deyib sevincək olmuşduq. Maşınlardan düşərkən təəccüb içindəydim. Bir anlıq qeyri-ixtiyari donuxub qaldım. İlahi, bir il, sadəcə bircə il öncəyə qədər mən bu yerlərə internetdə baxırdım. Tapdığım bütün şəkilləri acgözlüklə incələyirdim, Xudafərinin tarixindən söz düşəndə hadisələri əzbərdən deyirdim. İndi isə burdayam, şəkilləri yaxınlaşdırıb baxanda körpünün bu hissəsində kollar var, üzbəüzündə evlər olub, qarşıdakı Güney Azərbaycandır dediyim yerlərə ayaq basmışam. Yox, özümü saxlaya bilməyib sevincdən ağladım. Bu yerlərə gəlmək istəyimi ən çox hiss edən anama zəng edib, "Ay ana, mən Xudafərindəyəm!", demək, hətta bağırmaq keçirdi könlümdən. Ancaq nədənsə ilk bir dəqiqəni yerimdəcə donub baxmaqla kifayətləndim. Heç əllərim göz yaşlarımı silməyə də qalxmadı...

 

Nəhayət duyğulardan qopub reallığın ləzzətini çıxarmaq üçün ayıldım. Şəkillərdən əzbər bildiyim yerlərlə bir də əyani tanış olmaq istəyirdim. Xudafərinə ürəyimdə bütöv Azərbaycanın ayrılıq ağrısı ilə gəlmişdim, dostlarımın Naxçıvana gedərkən Güney Azərbaycandan Arazın bu tayına boylanıb keçirdikləri hisslərlə gəlmişdim, uşaqlıq dostumun heç zaman görmədiyi Cəbrayıl haqda arzularını danışmasını götürüb gəlmişdim, hər yerə özümlə apardığım üçrəngli bayrağımla Xudafərində şəklim olsun arzusu və daha nələri ürəyimdə daşıyaraq gəlmişdim. Çantamdan bayrağımı və qəzetimizi götürüb tarix qoxan azad məkanı hiss etməyə başladım. "30 il Qarabağ bizdə olmadı, bu 30 ildə "525-ci qəzet" bizə Qarabağı əvəz etdi", deyirdi Nizami Cəfərov. Mən də səfər etdiyim hər Vətən torpağına, eləcə də Qarabağa özümlə aparıram qəzetimizi. 30 ildir Qarabağ nisgilinə şərik olan, bir ildir Qarabağ sevincinə şahid olan "525"in ən az köçkün düşmüş insanlarımız qədər haqqıdır buraları görmək.

Bir az da bu müqəddəs yerin tarixi və əhəmiyyəti haqqında söz açım. Xudafərin təkcə bir körpü deyil, 8-10 əsrlik tarixi özündə daşıyan şahiddir. Ayrılığın və birliyin, qəddarlığın, ədalətsizliyin, zorla ikiyə bölünən bir millətin ayrılıq simvoludur. Bir milləti ayıran, eləcə də birləşdirə biləcək qüdrətə sahib canlı tarixdir. Hələ 208 il öncə tarixin ən sərt üzünə rast gələn, 28 il öncə isə mənfur erməni xisləti ilə kimliyindən uzaq düşən Xudafərin.

 

 

 

İpək yolunun üzərində yerləşən bu körpü təbii qayalar üzərində inşa edilib. O, həm də unikal memarlıq abidəsi kimi Azərbaycan memarlıq məktəbinin üslubunu özündə daşıyır. Təkcə orta əsr cənubi və şimali Azərbaycan şəhərlərini birləşdirməklə qalmır, həm də vacib hərbi-strateji əhəmiyyət daşıyırdı. Çünki Araz çayının ən dar, qayalıqlarla əhatələnən yerində inşa edilib. Memarlıq tariximizin incisi sayılan Xudafərin körpülərindən bizə yalnız ikisi məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü" adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Qanlı-qadalı döyüşlərə şahid olan abidə onun əhəmiyyəti anlayanların xain planlarının qurbanı olub, zaman-zaman hücumlara da məruz qalıb. Hətta 1797-ci ildə dağıdılan körpünün tağları yenidən restovrasiya edilib. Lakin bu hissələr bişmiş kərpicdən bərpa edilib və indi də körpüyə baxanda qədim hissələrindən aydın şəkildə fərqlənir.

İndi bu yerlərdə sözün əsl mənasında həyəcanım məni üstələmişdi. Bilirdim ki, yazım üçün material toplamalı, şəkillər, videolar çəkməli idim. Bunları necə edəcəyimi hələ gəlmədən öncə planlamışdım da. Ancaq indi çağlayıb axan Arazın səsi, aydın səma və o taylı, bu taylı Vətən torpağını gözlərinlə görməyin yaratdığı şükür etmək hissi hamısını üstələyirdi. İlahi, bu gününə şükür.

 

İndi rahatlıqla gəzdiyimiz, qürurla danışıb öyündüyümüz bu yerlərdə bir il öncə şücaəti ilə tarix yazan, qansa qan, cansa can deyən qəhrəmanlarımızın mübarək nəfəsi də duyulurdu. Onların içində işğal tarixindən sonra doğulub, heç görmədiyi torpaqlar uğrunda gözünü qırpmadan sinəsini sipər edən şəhidlərimiz də az deyil. Bu yerlərin havasını udanda, mənzərəsinə baxanda bir də anlayırsan, şəhid Xudayar Yusifzadənin od-alovun içində olmasına rəğmən nə üçün gülümsəyib "Vətən yaxşıdır!" oxumasını. Anlayırsan ağır yaralananda belə gülümsəyib, "Məndən narahat olmayın, siz davam edin. Burada qalmaq istəyirəm", deyən oğullarımızın hisslərini. Onlar ölümü gözlərində boğub şəhadətə gülərək gedən oğullar idi. Ruhunuz şad olsun, əbədiyyətdəki ən əziz ünvanlarımız!

 

Yanımızda Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsi iştirakçıları, döyüşlərin canlı şahidi olan igidlərimiz də vardı. İnsanın baxdıqca ürəyi dağa dönürdü. Hər biri məğrur duruşlu, iti baxışlı, təmkinli, səbirli oğullar. Döyüşlərdə baş verənlərdən danışarkən gözlərindəki parıltı hiss edilirdi. Bəlkə də bizim üçün dəhşətli gələn səhnələr onlar üçün döyüş əmrinin sadə bir parçası idi. Onlar Xudafərini azad etmək üçün öncə yaxınlıqdakı sıldırım qayalıqlara dırmanmış, zirvələri fəth edərək düşmənin müdafiəsini yarıb dərinliklərinə qədər sıza biliblər.

 

Bəhs etdikləri qayalıqlar lap yaxında idi, izləyərkən əzəməti və relyefinin çətinliyini anlamaq olurdu. Bəlkə də başqa ölkələrdə sadəcə film səhnəsi ola biləcək bu hadisələri kiməsə danışsan inanmaz. İnanılmazı, mümkünsüzlüyü mümkün etmişdi cəsur hərbçilərimiz. Azadlığa qovuşdurduqları Xudafərini indi göz bəbəkləri kimi qoruyur, xidmətlərini yüksək səviyyədə yerinə yetirirlər. Burada dayanan hərbçilərin şücaətini dinlədikcə o tayda görünən tarixi torpaqlarımızın nisgili bir az da olsun azalırdı.

 

Körpünün başlanğıcından az kənarda, qayalıqların ətəyində uçuq-sökük evlərin qalıqlarına baxanda kədərlənməmək olmurdu. Bir zamanlar pəncərəsi Xudafərin mənzərəsinə açılan, xan Arazın səsini nəğmə bilən evlər indi xaraba qalıb. Bir gün qaçacaqlarını anlayan mənfur ermənilər işğal vaxtı burada bir ev belə tikməmişdi. Lakin tikili və abad nə vardısa, hamısını xislətləri tək xarabalığa çeviriblər. Yarı uçuq, ikimərtəbəli, səliqəli, sıra ilə tikilmiş bu evlərin vaxtilə keyfiyyətli inşa edildiyi hələ də ayaqda duran binəsindən bəlli idi. Səkidə oturub bu xarabalığı seyr edirdim. İlahi, görəsən, bu evlər kimin yarımçıq qalan uşaqlığı, kimin başlamadan bitən gəncliyi, kimin xatirələri, kimin ömrünü başa vurmaq istədiyi məkanıdır. Bu təəssüf içində bir də nikbinliyim vardı. Azad edilən torpaqlar, eləcə də Xudafərin üçün indi abad günlər başlayıb. Bütün evlər, ocaqlar əvvəlkindən də yaxşı vəziyyətdə qurulacaq. Bu yerlərə tezliklə yenidən həyat qayıdacaq!

 

Yəqin ki, çoxunuz müharibə zamanı güney torpaqlarımızda həmvətənlərimizin Ordumuz Xudafərinə irəlilədikcə verdiyi dəstək videolarını izləmişdiniz. İndi o tərəfə baxanda iki üç maşının saxlayıb, adamların toplaşdığını və bizə tərəf baxdığını görürəm. Nədənsə, əmin idim ki, yarı yolda dayanıb bu taya baxmaq arzusu yalnız doğmalıq hiss edən insanlarda olar. Üzümdə xoş bir təbəssüm yaranır.

 

Nikbin idim. Çünki biz millət olaraq bir dəfə sərhədləri aşıb qovuşmağı bacarmışdıq. Həm də daha çətin şəraitdə, daha ağır siyası şərtlər altında. Hələ Sovet imperiyası dövründə Xudafərin körpüsü ilə Arazın o tayına keçmək qadağan idi, çünki bu çay iki dövlətin - İran və SSRİ-nin sərhədində yerləşirdi. Lakin ötən əsrin sonlarında Azərbaycanda başlanan güclü azadlıq hərəkatı zamanı həm də "sərhəd hərəkatı" baş verdi. 1989-cu il dekabrın 31-də Araz çayının o tay-bu tayında yaşayan azərbaycanlıları ayıran sərhəd dirəkləri vətəndaşlarımız tərəfindən dağıdıldı. Tarixə dünya azərbaycanlılarının həmrəylik günü kimi keçən hadisə xalqımız üçün 100 ildən çox sürən həsrətin sonu idi.

 

Zaman yetişirdi, artıq bu yerlərlə sağollaşmaq vaxtı çatmışdı. 20 dəqiqə sonra yenidən Bakıya yol alacaqdıq. Lakin bu, onunla son görüşümüz deyildi, bu səbəbdən məyus deyildim. Müharibənin və ayrılığın ən dəhşətli üzünü yaşamış, həyatların yarım qaldığı Xudafərin yaxın zamanda yenidən abad, dilbər guşəyə çevriləcək. Tezliklə bura hamımız üçün sevinərək təkrar-təkrar gəldiyimiz, tarix qoxan məkan olacaq. Arazın şaqqıldayıb axan sualarının kənarından götürdüyüm bir neçə çay daşını cibimə qoyub, kənardan bir də seyr edib hələlik deyirəm doğma məkana. Bir il öncəyə qədər işğal tarixi yaşımdan çox olan bu yerlərə yenidən doğuluşunun birinci ilində gələ bildiyim üçün qürurlu idim. Azadlığın mübarək, ana Vətən!

 

Günəşin şəfəqləri ilə isinən yurdun, suları parlayan Arazın coşğulu səsi, qocaman Xudafərinin əzəməti heç zaman xəyalımdan getməyəcək. Geri dönərkən arxada qalan mənzərəyə baxıb Xalq şairi Məmməd Arazı rəhmətlə anır və bu misralarını dərk edərək xatırlayırdım:

 

Araz dili nə qılıncdı, nə hədə,

Sənin olmaz bizim olan zərrə də.

 

 

Afaq Rza

 

525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.6-7.