Reptilianlar - "sürünən insanlar"

 

 

Reptilianlar - xalq arasında bilinən adı ilə desək, kərtənkələ insanlar. Onlara "sürünən insan" ya "drakonian" da deyilir. Bir inanca görə, reptilianlar min illər əvvəl başqa planetlərdən gəliblər insanlarla birlikdə artıb-çoxalıblar. Onların mövcudluğu dədə-babalarımızın gördüklərini qaya üstündə işlədikləri dövrə qədər gedib çıxır. Arxeoloji qazıntılardan tapılanlara diqqətlə baxsaq, bu "sürünənlər" irqinin işarələrini görə bilərik. Yaponiya, Yunanıstan, Misir Cənubi Amerikadakı arxeoloji tapıntılarda kərtənkələ bədənli insan fiqurları o qədər incəliklə işlənib ki, bu irqi dəqiq şəkildə təsvir etdiyini demək olar. Bəzilərində gövdə insana bənzəyib, alt hissə quyruqdan ibarət olub, bəzilərində isə kəllə sümüyü bütövlüklə bədən "insan sürünəni" kimi görünür. Bəs, həqiqətən onlar dünyamızda yaşayıblarmı? hələ yaşayırlarmı?

 

Araşdırmaçılara görə, reptilianlar mağaralarda yaşayıblar zaman keçdikcə mağaralarından çıxıblar. Amma realda onlara aid bir izə rast gəlinməməsi bu mövzunu daha da sirli edirdi. Hətta bir teoremə görə, onlar zamanla çoxaldıqca hormon dəyişikliyi ilə adi insan irqinə çevriliblər.

2010-cu ildə Texas əyalətindəki bir xəstəxanaya sinə ağrısından şikayət edən bir şəxs müraciət edir. Həkimlər xəstəni müayinə edəndə qəribə halla qarşılaşırlar. Eynilə, sürünən heyvanlarda olduğu kimi xəstənin üç otaqdan ibarət ürəyi olur.  Araşdırmaçılar bunun hormon dəyişikliyindən irəli gələn hal olduğunu iddia edirlər. Onlara görə, insan anatomiyasına baxdıqda bu teoremin gerçəkliyini təsdiqləyən başqa əlamətləri görmək olar. 1800-cü illərdən etibarən bir çox insanın bədənində quyruğabənzər çıxıntılar görülməyə başlayıb. Bəzilərinin pullu dərisi, bəzilərinin isə pəncəyə bənzəyən əlləri sadalanan arqumentlərdəndir. Bəlkə , bizlərdəki bu anatomik problemlər elə onlardan qalan izlər idi.

 

 

 

1945-ci ildə bir kəndli öz tarlasını şumlayanda içində məktub olan qədimi bir sandıq tapır. Sandığın içindən çıxan məktubun ilk xristian soyundan olan "Nakamanilər" tərəfindən yazıldığı məlum olur. Qəribəsi budur ki, yazılanların bir qismi sürünən insanlar barədə idi. Nakamanilərin "Arkon" adlandırdıqları bu varlıqlar elə təsvir edilirdi ki, bu təsviri hər kim görsə, mütləq gözünün qarşısında mutasiyaya uğramış insanlar canlanardı. Əlbəttə ki, insanların belə canlı növünün varlığına inanmaları üçün bir səbəbi mütləq olmalı idi.

 

Müasir dövrün ən böyük araşdırmaçılarından olan Deyvik Ayk 1999-cu ildə yazdığı "İnsanoğlu, ayağa qalx" adlı kirabında dünyanı idarə edən bəzi önəmli insanların reptilian olduqlarını yazıb. Onlar müəyyən uğur qazanaraq yol qət edən vacib şəxslər olublar. Başqa bir inanca görə isə, hətta Adəm və Həvvadan daha əvvəl dünya onlara aid idi. Amma hansısa səbəbə görə, çoxu məhv olub, az bir qismi isə öz mağaralarına çəkilib. Bəzi araşdırmaçılar bunun isbatı kimi Adəmin xəlifə olaraq dünyaya gəlməsini göstərirlər. "Xəlifə" sözü "xələf" kökündən gəlir və "sonradan gələn, başqasının yerinə keçən" mənasını verir. Bu səbəblə Adəmin "başqasının yerinə gələn" xəlifəliyi ondan əvvəl dünyada başqa bir insan olduğunu da göstərir. Həqiqətən də bizdən əvvəl dünyanın sahibləri onlarmı idi?

 

 

 

Bir canlı müsahibədə Feysbuk-un qurucusu Mark Zukerberqə reptilian olub-olmaması ilə bağlı sual verirlər. "Sən bunu bilirsən, təbii ki, reptilian deyiləm. Xahiş edirəm, daha keyfiyyətli suallar verin" - deyən Mark başqa suallar istəyir. Mark Zukerberqə belə bir sualla müraciət edilməsi, şübhəsiz ki, insanların ondan şübhələndiklərindən xəbər verir. Amma reallıq budur ki, hər nə qədər qəribə davranışları və sözləri olsa da, bu onun reptilian olduğunu göstərmir.

 

Tanış olduğum araşdırmalar reptilianlar haqqında bir nəticəyə gəlməyimə səbəb oldu. Mən qədim tapıntılardakı təsvirlərə baxanda gördüyümüz kərtənkələ formasındakı insanların, əslində, bir əfsanə olduğu gerçəyini düşünürəm. Antik dövrdə həmin formadakı "bədənlərin" şeytanı simvol etdiyinə inanıram. Əslində, bütün hekayə şeytanın təsviri olan sürünən heyvana, yəni, ilana gedib çıxır. İnsanların pisniyyətli olaraq bildiyi ilan zamanla insan bədəni ilə sintezlə təsvir olunurdu.

 

Reptilianlar dildən-dilə o qədər məşhurlaşıb ki, hazırda bir çox filmlərdə də onları görə bilirik. Bəzi araşdırmaçılar da bundan istifadə edərək milyonlarla insana özlərini reklam etməyi bacarıb. Təəssüf ki, belə məsələlərdə həssas davranaraq hər dəfə inanmağı üstün tuturuq. Çünki həmişə dünyada yalnız olmadığımızı düşünmək istəyirik.

 

 

El ROMAN

 

525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.24.