Poetik diktatura  

 

 

Təkcə peşəkar şairlər deyil, bir çox krallar, şahlar, prezidentlər, dövlət və partiya rəhbərləri də şeir yazıb. Onlar nə üçün poeziyaya "könül veriblər?" Şöhrət üçün? Xeyr, onlar şanlı-şöhrətli olublar. Sərvət üçün? Xeyr, onlar zəngin olublar. Əlbəttə, bu suallara konkret cavab vermək çətindir. Onların arasında ilk gənclik dövründə və ömrünün son illərində şeir yazanlara daha çox təsadüf olunur. Beləliklə, bu şeirlərin çoxunda gənclik optimizmi ilə ahıllıq pessimizminin kəsişdiyini görürük.

 

Stalinin, Andropovun, Primakovun "poetik yaradıcılığı" haqda bir çoxlarının təsəvvürü var. Amma çox güman ki, Marksın, Hitlerin, Mussolinin arabir şeirə "üz tutmasını" çoxları bilmir. Qəribə bir təzad: İraq lideri Səddam da şeir yazıb, onu edam etdirən Buş da. 

 

Marksın şeirləri öz pafosu, Engelsin poeziyası yumoru ilə seçilir.

 

16 yaşlı yeniyetmə Soso Cuqaşvilinin (Stalinin) ilk şeirini Gürcüstanın böyük ədibi İlya Cavcavadze "İveriya" qəzetində dərc etmişdir. Amma həmin yeniyetmə sonralar şair yox, böyük bir dövlətin başçısı oldu. Bəli, 20-ci əsrin qanlı diktatorlarından biri Stalin inqilabçı olmazdan əvvəl şeir yazırdı, şair olmaq istəyirdi. Mən oxuculara onun "Səhər" şeirini təqdim edirəm.

 

Yəqin ki, bir çoxları İran İslam Respublikasının ilk ali dini lideri Ruhulla Musəvi Xomeyninin həm də ədəbi (poetik) yaradıcılıqla məşğul olduğundan xəbərsizdir. Onun "Eşq badəsi" ("Badey-ye eşk") adlı məcmuəsindən bir şeirini tərcümə etmişəm.

 

Dediyimiz kimi, İraq prezidenti Səddam Hüseyn də ədəbi yaradıcılıqla məşğul olub. Onun bir sıra nəsr nümunələri (dörd romanı) nəşr olunub. Amma diktatorun özünə yaxın dairələr "ədibin" bədii "yaradıcılıqla" məşğul olduğunu qətiyyətlə rədd edir və bildirirlər ki, həmin əsərləri onun üçün "ədəbi muzdurlar" yazıb. Oxuculara təqdim edilən şeir ilk dəfə "New York Times"də dərc olunub. Həmin şeiri məhz Səddam özü yazıb. Belə ki, şahidlərin deməsinə görə, İraq lideri son nəzm nümunəsini edamdan bir az əvvəl qələmə alıb.

 

Qəddarlıqda heç də öz ideya sələfləri Hitler və Mussolinidən geri qalmayan Serb Respublikasının ilk prezidenti, Bosniya serblərinin lideri Radovan Karaciçin "modern" şeirləri də diqqəti çəkir.

 

Sovet İttifaqının bir sıra rəhbərləri, məsələn, Baş katib Andropov və SSRİ Ali Sovetinin son Sədri Lukyanov (Osenev Anatoli təxəllüsü ilə) şeir yazıb. Rusiyanın keçmiş Baş naziri Primakov da poeziyaya biganə olmayıb. Qəribədir, Andropovu böyük əksəriyyət sərt xarakterli dövlət xadimi kimi tanıdığı halda, Baş katib, sən demə, həssas qəlbə malik imiş. Xüsusən, onun xəstə arvadına yazdığı şeirlər diqqəti çəkir. Beləliklə, "Poetik diktatura" adlandırdığım bu silsilədə yüksək çinli dövlət xadimlərinin və siyasətçilərin şeirlərini öz tərcüməmdə təqdim edirəm.

 

 

Karl Marks

(1818-1883)

 

Yaşaya bilmərəm sakitlikdə mən,

Əgər bütün ruhum odda yanırsa,

Yaşaya bilmərəm sakitlikdə mən,

Yuxulu yaşamaq deyildir asan.

 

Tanrının ən gözəl hədiyyəsini -

Sənəti dərk etmək istəyirəm mən.

İdrak ilə hissin birgə gücüylə

Dünyanı qucamaq keçir könlümdən.

 

Əzablı, çox uzaq bir yolu seçib

Birlikdə, əzmlə irəli gedək.

Bu qısa həyata qane olmadan

Yeni zirvələri birgə fəth edək.

 

Utancaq tənbəllik boyunduruğu

Səadət, xoşbəxtlik vəd etmir bizə.

İnsan cəsarətlə, bir də ki, səylə

Hökmranlıq edər bu sonsuz  ərzə.

 

Fridrix Engels

(1820-1895)

 

1842-ci ilin yazında, Berlində hərbi xidmətdə olarkən, sonralar universitetdə oxuyarkən mərhum Şellinqin mürtəce fəlsəfəsinə qarşı mübarizə aparan Fridrix Engels, öz kiçik qardaşı Edgar ilə birgə ateist ruhlu bir parodiya yazdı. "Cəsarətli cəhddən və ya iman Zəfərindən möcüzəvi bir qurtuluşun Müqəddəs kitabı" adlanan satirik ruhlu mənzumənin yazılmasına səbəb görkəmli gənc hegelçi Bruno Bauerin (1809-1882) Bonn Universitetindən uzaqlaşdırılması idi. 1840-cı illərin əvvəllərində Prussiyada bir çox qabaqcıl ziyalıların əziyyət çəkdiyi mürtəce mühit yaranmışdı. Poemada (əslində, buna əhatəli satirik şeir də demək olar) fantastik bir şəkildə - "ateistlərin" söyülməsi ilə yanaşı, gənc hegelçilərin pravoslav ilahiyyatına və irticaya qarşı mübarizəsi göstərilir.

 

O dövrdə Engels hələ Karl Marksla şəxsən tanış deyildi. İlk dəfə onlar bir-birlərini bir müddət sonra "Yeni Reyn" qəzetinin redaksiyasında görəcəklər və ilk görüş sərin olacaqdı. Sonrakı dövrdə onlar yaxından tanış olacaq və bu tanışlıq sarsılmaz dostluğa çevriləcəkdi.

Həmin satirada Engels özünün inqilabi ehtirasını, qəzəbini də çox obyektiv və dəqiq təsvir edir:

 

Kim onun arxasınca

(Bruno Bauerin arxasınca - F.M.).

Çöl tufanıtək qaçır?

O, Trierin qara oğludur,

Əsəbi ruhla qaçır.

Yox o, qaçmır, lap uçur.

İti, qartal baxışı

Parıldayır hiddətlə.

Qollarını uzadıb

Cumur yalnız irəli,

Sanki göy qübbəsini

Yerə çəkəcək, bəli.

Sıxaraq yumruğunu

Bu güclü, qoçaq adam

Tələsir bir cin kimi-

Özü də yorulmadan...

 

"Qara oğul" deyərkən Engels gələcək dostu Marksı nəzərdə tuturdu. Rənginin qaralığına görə Marksı çoxları "Mavr" adlandırırdı.

Şeir müəllifi özünün "həddindən artıq radikallığını" da unutmur:

 

Bəs kimdir o soldakı

Bibər rəngli şalvarda,

Sinəsində bir acı

ürək döyünür onun,

həm də uzundur qıçı.

O, Osvald-montanyardır!

O, hər yerdə qəzəbli,

Hər yerdə barışmazdır.

Bir iş də virtuozdur:

Gilyotino. Bu da azdır.

Dilində bir kəlmə var,

O kəlməsə bir nida:

Formez vos bataillons!

aux armes, citoyens!

("Vətəndaşlar, silaha doğru!

Birləşin batalyonda!"

("Marselyoza")

 

(Montanyar - Böyük Fransa inqilabı zamanı yaranmış siyasi partiya, mənası - yüksəklikdə, dağlarda yaşayanlar).

 

Müəllif həmin yazıda cəhənnəmə vasil olanların "iblisə" qarşı qiyam qaldırmasını da təsvir edir. Sən demə, dünyanın ən müdrik insanları cəhənnəmə toplaşıbmış.

 

Cənnətdə gəzən zaman

Rəbbin qatı düşmanı,

Bir həyəcan bürüyür

O yeraltı dünyanı.

Üsyanın alovları,

Sarır hər yanı təmiz.

Qiyamçılar qışqırır:

"Üzə çıx, görsən, İblis!"

 

Bir dəstə üsyançıya

Hegel rəhbərlik edir,

Volterin başı üstdə

nəhəng zopa titrəyir.

Danton dəlidir sanki,

Edelman ondan dəli.

Napolen qışqırır:

"Ehey, haydı, irəli".

 

O dövrdə Almaniyada bədii ədəbiyyat, yaxınlaşan inqilabı hazırlamaq vasitəsi hesab olunurdu. Sənətkar sözü ideoloji mübarizənin ən vacib sahəsi idi. Buna görə də, belə hesab olunurdu ki, bir inqilabçının formalaşması ədəbiyyatdan, sənətdən kənarda baş tuta bilməz. K.Marks və F.Engels klassik alman fəlsəfəsi ilə yanaşı, həm də klassik alman ədəbiyyatının yaratdığı şəxsiyyətlərdir.

 

İosif  Stalin

(1879-1953)

 

Səhər

 

Çəhrayı bir qönçə açdı

Bənövşənin yaxasında.

Əsən mehlə oynayaraq

Zanbaq "çıxdı" yuxusundan.

 

Buludların üstdə uçan

Quşcuğaz da cilvələndi.

Bülbül kollar arasından

Həzin-həzin nəğmə dedi:

 

"Çiçəklən, ey Gürcüstanım,

Qoy sülh olsun nəsibimiz.

Gənc dostlar, yaxşı oxuyun,

Yurda şöhrət gətirin siz!"

(Qromov E.S. "Stalin: İskusstvo i vlastğ". M., 2003, S. 27; RQASPİ, F. 558, D. 669, L. 46-47).

 

Benito Mussolini

(1883-1945)

 

Sonet

 

Sahillər gülürdü məsum rənglərdə,

Bir də ki, məxməri otlar içində.

Baharsa onlara su zanbağında

Sərin su verirdi parlaq biçimdə.

 

 

Sahillər gülürdü. Lap uzaqlardan

O gəldi, özüylə nəğmə gətirdi.

Çiçəklər şehlərlə yuyulan zaman

Almaztək parlayıb səpdi ətrini.

 

Sahillər gülürdü, baharsa yenə

Oxudu sehrli nəğmələrini.

Nağıla bənzəyən yaşıl vadidə

Sevinclə oxudu, atıb qəmini.

Dahi Bokkerini, zərif musiqi

Səsləndi, dilləndi - düşündük səni.

 

Adolf Hitler

(1889-1945)

 

Mən tez-tez

 

Sərt gecələrdə əsrarlı cığırlarla

Meşənin içində gizlənmiş

Votan ağacına sarı gedirəm

Gedirəm lalların ittifaqını yaratmaq üçün

Misteriya qanında nəfəs alaraq

Taleyin faciəsini daşıyaraq

İnləyən qəpələrin parçaladığı

Gecənin zülmətində batmaq üçün.

Və bizi

Yuxulardan oyadanların hamısı

Heçnəyə çevrildilər həmin gecə

İşıq onların qəlbini polad atəşdə əritdi,

İşıq onların bədənini parçaladı

Və şəhərlərin külünü örtən solğun parıltı

Stalamitlərin göz yaşları kimi

Birdəfəlik zülmətə gömüldü.

Və Layiqli düzlükdən ayırıb saxta Yalanı 

Mən hər sözün tuta bildim məğzini, duydum həyatı:

Belə ki, ədalət alicənabların nəfinədir.

- Votan yalnız onlara verir ən ali mükafatı.

 

(Adolf Hitler.

1915-ci il. Birinci cahan müharibəsi səngərlərində)

 

Xo Şi Min

(1890-1969)

 

("Məhbus dəftəri"ndən)

 

"Budur qapı açıldı - külək doldu içəri,

Boylandıq kameradan - baxdıq

səmaya sarı.

Siz ey göyün üzündə uçan azad ruhumuz,

Məhbəsdə nələr olur - bunu bilirsiz barı?"

 

"Biz Payız bayramını keçiririk məhbəsdə,

Külək ilə Ay bizə yalnız kədər gətirir.

Mən bu payız Ayını görmək istəməsəm də,

Ürəyim də, gözüm də göylərdə onu gəzir".

 

"Soyuq payız gecəsi - nə yorğan var, nə döşək,

Yatağıma girmişəm, uyumaq istəyirəm.

Böyük yarpaqlar üstdə Ay işığı parlayır,

Böyük Ayı bürcüsə boylanır şəbəkədən".

 

Mao Tszedun

(1893-1976)

 

Solğun buludların lap arxasında

 

Qıy çəkib cənuba uçur tənha qaz.

İyirmi mindirmi getdiyimiz yol,

Cəsarətli deyək onlara yalnız,

Görək kim çatacaq Böyük Divara.

Lüpanşan üstündən zirvə yüksəlir,

Bayrağı yellədir qərb küləkləri...

Əldə tutduğumuz bu kəndirlə biz

Yəqin ram edərik çal əjdahanı.

 

Ruhulla Xomeyni

(1902-1989)

 

BAHAR DİLƏKLƏR

 

Mən yenə qazmadayam, həmişə olduğutək,

Qəlbim sevgiylə dolu,  oxşamıram ahıla.

Bağçalar gül açanda sanki gəncləşir ürək,

Daha payızı unut, uzaqdadır o hələ.

 

Sən qəfəsdə boğulan o quşa bir nəzər sal,

İndi fır-fır fırlanır, çəkir onu göy üzü.

Uçub getdi şimala coşan fırtına, külək.

Mübarək yağış isə yudu çəməni-düzü.

 

Bir gün pərdə enəcək, yazın gözəl camalı

Gözləri qamaşdırıb, ötəcəkdir bulud tək.

 

Yuri Andropov

(1914-1984)

 

(həyat yoldaşıma)

 

Yazarkən düşündüm, mənim əzizim,

Biz əllidə deyil, iyirmi beşdəyik.

Düzdür, saçımıza qar yağıb bizim,

Amma şeir yazmaq mənlikdir, mənlik...

 

Eybi yox, şairlər gülsünlər mənə,

Üstəlik, paxıllıq edənlər nə çox.

Mən ki bu soneti yazıram sənə,

Sənə - arvadıma, yad qadına yox.

 

Mənim canım-gözüm, illərdir sənlə

Uzun bir yoldayıq, daşlı-kəsəkli...

Geriyə yol yoxdur, əzizim, dinlə

Bizimçün bir "yox" var, bir də ki,  "bəli".

 

Biz birgə olmuşuq, olsaq da harda,

Bir yerdə çəkmişik iztirabları.

Sadiq dostlar ilə çisəkdə, qarda

Keçib adlamışıq çətin yolları.

 

Yevgeni Primakov

(1929-2015)

 

Həkim, nə yaxşı ki, Siz yaxındasız,

Söhbət təbabətdən getməyir indi-

Vallah, gözünüzün mavi olması

Nələrisə deyir - demək çətindir.

 

O gözlər aladır, bir az da yaşıl,

Bütöv bir qammadır, təkrəngli deyil.

Orada mən səhra görürəm, bir də

Qafqazda yaşanmış neçə uzun il...

 

Yenə xəstələrə bir-bir baş çəkib,

Geriyə döndünüz, baxdınız mənə.

Bir az kədər çökmüş o gözlər yenə,

Yenə çoxrənglidir əvvəlki təki.

 

Ümid bəxş etdiniz, həkim, Siz mənə,

Söhbət təbabətdən getməyir əsla.

Hamının həyatı qəlizdir indi,

Gözünüz mavidir, mavidir, əla...

 

Anatoli Lukyanov

(1930-2019)

 

Ömür bax bu cürdür. Küt bir kitabdır.

O da var, bu da var. Orda nələr yox!

Mövzu var, fikir var. Münaqişə var.

Sevgi, ümid, iman... çoxdur, yaman çox.

 

Yalan hiddətlənmir. Vəhşət çəkinmir. 

Nə utanan qalıb, nə də qızaran.

Bax! Sükut çökübdür. Dayanıb ürək?

Hər şey qaydasıyla gedir, həzarat.

 

Səddam Hüseyn

(1937-2006)

 

Gedin

 

Qoy ruhunuz tərk etsin sizi, orda varam mən,

Onsuz da biz eyniyik, ruh tək əzizdir adın.

Qəlbimə hamıdan çox axı, tək sən bələdsən,

Mən bağ olsaydım, orda sən şeh tək parlayardın.

 

Çətin anda sən məni mehinlə sakit eylə,

Əgər qorxu gələrsə, ruhuma güc verərsən.

Doğma Bəəz çiçək açır yaşıl budaqda hələ,

Dərman yox, qızılgül sağaldıb bizi bəzən.

 

Düşmən min hiylə ilə tələ qurubdur bizə,

Onlar əyri çevrədən buraya açıblar iz.

Fəqət onların başı boşdur, sözləri hərzə,

Bununçün məhkumdurlar onlar ölümə gec-tez.

 

Pas metalı yeyən tək, dağıdıb bu zülməti,

Günahkarı məhv edər öz günahı anbaan.

Düşmənlə vuruşmaqdan heç kəs bezməyib qəti,

Bizim döyüş ruhumuz sönə bilməz heç zaman.

 

Şərəfini ən ağır döyüşlərdə qoru sən,   

Ruh üçün bundan yaxın, bundan doğma yox nəsə.

Bu yadları düşmənlər gətirib, sən bilirsən,

Biz onları ağladıb əzərik bir nəfəsə.

 

Biz açıb sinəmizi qarşılarıq qurdları,

Belə qanlı döyüşdə ölüm də düşməz yada.

Allahın köməyiylə biz bu cəbhəni yarıb

Ağır zərbə vurarıq qəvi düşmənə, yada.

 

Yadlar qalib olarmı, xalq sevmirsə onları?

Bir taleni yaşadıq xalqla - bu, bəsdir mənə.

Çətin gündə firqəmiz yarar qaranlıqları,

Mən isə öz canımı qurban edim  Vətənə.

 

Belə bir çətin anda seçim etmək  çətindir,

İndi tökülən qanın dəyəri yoxdur, anla.

Amma biz diz çökmərik, mənim xalqım mətindir,

Biz düşmənə qarşı da döyüşmüşük  vicdanla.

 

Səfərmurad Niyazov (Türkmənbaşı)

(1940-2006)

 

Rifahla yaşasın qoy türkmən xalqım

 

Rəhminlə şad eylə xalqımı, Allah!

Daim çiçəklənsin türkmən xalqım.

Sənə baş əyirəm, mən ana torpaq,

Daim çiçəklənsin türkmən xalqım,

Qoy mənim yolumla getsin irəli!

 

Göylərə yüksəlsin, qoy sənin başın,

Xoşbəxt ömür sürsün hər vətəndaşın,

Qoy gülsün-sevinsin torpağın, daşın,

Daim çiçəklənən türkmən xalqım,

Əsrdən - əsrə səadət daşı.

 

Quştək qanad açsın o yaşıl bayraq,

Günəş də bu xalqdan qoy açsın qucaq,

Nağıllar, dastanlar aparsın soraq

Daim çiçəklənsin türkmən xalqım,

Onu hifz eləsin qadir Allahım.

 

Bir vaxt nə düşündü ahıl, ixtiyar,

Fəraqi pisədi hərbi o ki var,

İndi azad, gözəl bir ölkəmiz var,

Daim çiçəklənsin türkmən xalqım,

Bizi qadir Allah hifz etsin daim.

 

Ocaq bir olarsa gurdur türkmən,

Aslandır, comərddir, ərdir türkmən,

Səmalar oğludur, sirdir türkmən,

Daim çiçəklənsin türkmən xalqım,

Günəşə yüksəlsin türkmən xalqım.

 

Radovan Karaciç

(1945-1992)

 

Mən artıq tükənməkdəyəm-

əsəbdən əsən dodaqlarda tüstülənən

siqarek kimi,

məni hər yerdə axtarırlar,

mənsə bu dünyanı tərk etməyin

uğurlu bir şansı sayaraq

doğan şəfəqi gözləyirəm,

Xilaskarın mənə verdiyi

heyrətamiz bir imkandan imtina edərək -

ağlın çıxartdığı

gözlənilməz təsəvürə söykənərək

səhər bombasını

tənha dama atmaq istəyindən daşınaraq

gözləyirəm

sübh şəfəqini.

 

Corc Buş (kiçik)

(1946)

 

Güllər qıpqırmızı, bənövşələr masmavi,

səninçün darıxmışam, yorğan altda gizlənən kiçiciyim.

Güllər qıpqırmızıdır, mənsə çox kədərliyəm,

yaraşıqlı fransızın səni öpməsini seyr edirəm matdım-matdım.

İtlər və pişiklər də darıxırlar səninçün,

Barney hələ də qəzəblidir sənin əlindən indi,

o, sənin ayaqqabını yedi.

Mənim əzizim, uzaqlıq böyük maneə imiş,

deyim ki, sənə.

Növbəti dəfə macəra istəsən

sadəcə enərsən təyyarə gəmisinə.

 

 

Firuz MUSTAFA

 

525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.22-23.