Kartof yeyənlər...
"Bir rəsmin dedikləri" rubrikası
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Ulduz
Hüseynovadır. Ulduz xanımla
dünya şöhrətli
holland rəssamı Vinsent Van Qoqun "Kartof yeyənlər" əsəri haqqında danışmışıq.
***
- Əsərin yaranma
tarixçəsi barədə
nə bilirik?
- Van Qoq 1885-ci ilin
aprelində qardaşı
Teoya məktubunda yazırdı ki, ömrümün sonunacan burada qalacağımı istisna etmirəm, mənim tək arzum budur ki,
kənddə yaşayıb
kənd həyatını
təsvir edim. Elə həmin
məktubunda Van Qoq
"Kartof yeyənlər"
adlanan tablo çəkmək istəyini
qardaşına bildirir.
Amma o, hələ dəqiq bilmirdi ki, nahar,
yoxsa şam yeməyini təsvir edəcək, işıq gün işığı,
yoxsa lampa işığı olacaq.
Əsərin etüdləri üzərində
işə hələ
qışda başlayan
rəssam tablonu 1885-ci
ilin aprel-may aylarında Nyuenendə çəkib tamamlayır.
- Tabloda gördüyümüz
adamlar kimlərdir?
- "Kartof yeyənlər"
tablosunda Van Qoq dostlaşdığı Qrootlar
ailəsini təsvir edib. Qrootlar kəndli idilər.
Ailə ata, ana, oğul
və iki qızdan ibarət idi və onlar
tarlada işləyirdilər.
Kasıb
olduqları üçün
əsas yeməkləri
kartof idi. Rəssam tez-tez onlara qonaq gedərdi. Onun həmin dövrə aid bir çox etüd və rəsmlərində də
bu ailənin üzvləri təsvir edilib. Onu da qeyd edim ki, Van Qoqun
yaşadığı kənddə
rəssama münasibət
birmənalı deyildi.
Kəndin katolik keşişinin
ondan xoşu gəlmirdi və rəssama poza verməyi günah sayan keşiş yerli sakinləri bundan çəkindirməyə
çalışırdı. Ona görə də, Qrootların bu tablonun çəkilməsinə
razılıq verməsi
rəssamın uğuru
sayıla bilər.
Rəssamın ailə ilə necə yaxın olması ilə bağlı İohann Nater yazır ki, Qrootun qızının
1885-ci ildə dünyaya
gətirdiyi oğlan uşağı kürən
olduğundan bütün
kənd düşünürdü
ki, uşaq Van Qoqun nigahdankənar oğludur.
Van Qoq bu tablosunda
sivilizasiyanın təsiri
altında yaşayan insandan fərqli həyat tərzi sürən insanlar haqqında təsəvvür
yaratmaq istəyirdi və qardaşı Teoya yazdığı məktubda bildirirdi ki, bu tablo
vasitəsilə göstərmək
istəyirdi ki, bu adamlar lampa
işığında kartofu
torpaq qazdıqları
əlləri ilə yeyirlər, onlar ağır əməklə
məşğuldurlar və
öz yeməklərini
halallıqca qazanıblar.
- Bəlkə də zəhmətin təcəssümü
olan əlləri daha aydın göstərmək üçün
lampa əllərə
belə yaxın təsvir olunub.
- Bəli, tamamilə doğru vurğulayırsız.
Kəndli ailəsinin əziyyətə,
zəhmətə qatlaşdığını
rəssam əllərinin
qaba olması ilə göstərib.
Lampanın daha aşağıda
təsviri həm evin köhnəliyini, həm də ailənin çox zəhmətkeş ailə
olduğunu göstərir.
- Evdə olmalarına baxmayaraq, ailə üzvləri ev
üçün qalın
sayıla biləcək
paltarlardadırlar. Yəqin bu
da evin soyuq
olmasından xəbər
verir.
- Rəssam əsəri qış aylarından işləməyə
başlayır. Ona görə
də fəsli ön plana çıxarmaq
üçün personajların
geyimini əsas götürür və onları qalın geyimdə təsvir edir. Günəş işığının düşməməsi, geyimin
qalın olması məhz havaların soyuq olmasına işarədir.
- Kofe süzən qadın daha qəmgindir, deyəsən.
- Nəzərə alsaq ki, ailə imkanlı
ailə deyil, onda qadının küskün, qəmgin təsirli təbiidir. Anadır axı, çox düşünür.
- Əsərin rəng
koloriti barədə nə deyə bilərsiniz?
- Ümumi olaraq qeyd edə bilərəm
ki, Van Qoq bütün əsərlərində
işıq-kölgə, rəng
koloriti, simmetriyanın
dəqiq olması kimi detallara çox önəm verən rəssamlardan idi. Bu tabloya
da diqqət yetirsək, soyuq rənglərin ahəngdarlığının
ön planda olduğunu görərik.
Əsərin tünd rəngli
olması onun haqqında ümümi fikir deməyə imkan verir.
- Tablo haqqında tənqidçilər nə deyirdi?
- Tablo rəssamın dostu Rappard tərəfindən tənqid olunur və bu, rəssamın xətrinə dəyir. Vinsent dostuna yazırdı ki, sizin mənim işlərimi bu tərzdə tənqid etmək hüququnuz yoxdur, mən həmişə nəyisə etməyi bacarmayanda onu necə etməyi öyrənməyə çalışıram və onu edirəm.
Van Qoq "Kartof yeyənlər"i özünün ən uğurlu tablosu adlandırmasına baxmayaraq, bu tablonu yenidən işləmək istəyirdi. Bizə gəlib çatan eskizlərdən görünür ki, rəssam lampa işığı effektini gün işığı ilə əvəz etmək istəyib.
- Tablo hazırda harda saxlanır?
- Əsər Hollandiyanın Amsterdam şəhərində, Van Qoq muzeyində qorunub saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəsmin bizə nə dediyini Van Qoq haqqında bioqrafik kitabın müəllifi olan İohan Naterin fikrinə istinad edərək vurğulamaq yerinə düşərdi. İohan Nater deyirdi ki, Van Qoqun kəndlilərin yoxsulluğunu və ağır taleyini təsvir edən tablolarında sosial protest hiss edilmir, fermer əməyi ideallaşdırılır, sadə kənd həyatına nostalji hissləri duyulur.
Tabloda olan personajların hər biri tənha və təcrid olunmuş görünür, onlar arasında canlı ünsiyyətin olmaması da aydındır. Onlar bir-birlərinə baxmırlar. Təcrid olunmanın bu tutqun atmosferində bir birləşdirici detal var: lampa. Van Qoqun məhəbbət simvolu olan işıq saçan lampa bu tənhalıqda onlara təsəlli verir.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.20.