"Hörümçək toru"nun
açılması...
Aşıq Ələsgər-200
Aşıq Ələsgər öz zamanında böyük saz, söz ustası olmaqla bərabər, onun qabaqcadan dediyi bəzi diləklər həyata keçib.
Kəlbəcər rayonunun Qılınclı (Çay Qılışlı və ya Aşağı Qılışlı) kəndində qonaq olan Aşıq Ələsgər bəxti açılmayan gözəl bir qıza "Şirindir" rədifli şeirini söyləyir. Tezliklə qız ərə gedir. "Hörümçək torunun açılması" adlı yazı bu hadisədən bəhs edir.
***
Üç gün davam edən toyun sonuncu gecəsi daha gur, daha qalabalıq keçdi. Sürülər arxaca yığılıb hər şey yer-yurd olandan sonra ətraf binələrdəki sahibkarlarla, bəylərlə bərabər, sərkarlar da, çobanlar da toy məclisi keçirilən binəyə cəm oldular. Kişilər toy mağarının yuxarı hissəsində gəvənin, xalının üstündə, arvad-uşaqlar isə mağarın aşağı hissəsində kilimin, palazın, üstü qırçınlı döşəkçələrin üstündə əyləşmişdilər.
Aşıq Ələsgər mağarın baş tərəfində üst-üstə qoyulmuş, iki mütəkkəyə söykənib oturmuşdu. Sağında özündən toybəyinin yaşca böyük olan babası, solunda isə Aşıq Ələsgər yaşda tökmə, dolu bədənli, şeşə bığlı, buxara papaqlı bir kişi əyləşmişdi.
Aşıq Ələsgərin şəyirdi bəyin tərifini söyləyirdi.
Məclisdə sayılan kişilərin adı bir-bir çəkilib xələt yığılandan sonra Aşıq Ələsgər ayağa durub bəylə gəlinə bir daha xoşbəxtlik arzuladı, Abbas Tufarqanlının sözləri ilə toybəyinin tərifini yekunlaşdırdı:
Kəmərin qurşasın Əli bu bəyin...
Bəytərifi qurtarandan sonra Aşıq Ələsgər dünən gecədən yarımçıq qalmış "Alı xan və Pəri xanım" dastanının davamını başladı. İlk xoruz banından bir az keçmiş Ustad dastanı başa vurub "Müxəmməs" havası ilə duvaqqapma oxudu.
Aşıq Ələsgər şəyirdi ilə onlara ayrılmış alaçığa daxil olanda artıq dan yeri sökülürdü. Onlar yuxudan duranda sürülər çeştə gəlirdi.
Çay-çörək yedilər. Aşıq Ələsgər də, şəyidi də elat camaatı ilə xudahafizləşib atları yedəklərinə alaraq, üzüaşağı endilər, meşənin başına çatdılar. Buradan bir qədər də aşağı düşsələr, meşə yoluna girəcəklər, uca dağlar, güllü yamaclar görünməz olacaqdı. Arandan topa-topa gələn bulud layları zirvələrdəki dumana qarışır, yamaclara doğru sallanırdı. Baxışlarını bir də dolandırıb Qoçdaşa - əsrarəngiz gözəlliklər məskəninə, elat camaatının yurd yerinə, biçənəklərə göz gəzdirdi. İlahi gözəlliyi seyr edən aşıq ürəyində Allahın qüdrətinə şükürlər oxudu.
Bayaqdan bəri təbiətin gözəlliyinə heyranlıqla baxan Aşığın ürəyi onsuz da atlanırdı. İndi də bu çəmənliyə kəpənək kimi qonan qızların gözəlliyi bu ilahi tablonu tamamladı.
Ustad meşənin başında ildırım vurmuş palıd ağacının yıxılmış gövdəsinin üstündə üzü Qoçdaşa tərəf əyləşdi. Barmaqları sazın simləri üzərində gəzişdikcə kövrək, yanıqlı "El havası"nın şirin sədaları ətrafa yayıldı. Ustad dolmuş ürəyini boşaldıb sazı şəyirdə verdi. Şəyird yır-yığış etdi. Yenidən atları yedəklərinə alıb piyada üzü aşağı - meşəyə girdilər. Quzey Çirkin kəndinə çataçatda yol dolaylandı. Atlara süvar olub kəndin qırağındakı yolla Tərtər çayına doğru endilər. Hacı Ələmşah körpüsünü keçib Çay Qılışlı kəndinə daxil oldular. Hər tərəfi bağ-bağça olan yolla irəlilədilər. Avlaq gilaslar saçaq-saçaq olub budaqlardan sallanmışdı. Gilənarın yanağı təzəcə allanırdı. Göy, sarı, ağ rəngə çalan almalar rişə tapdıqları budaqları ağırlaşdırmışdı. Daha çox əyilən budaqlara haça vurmuşdular. Məhlələrin qıraqlarındakı gavalı meyvələrinə baxan Aşıq "əsl göy alu bunlardır" fikrini beynində dolandırdı.
Çay Qılışlıda Möhsün kişinin həyətinə çatdılar. Gecəni onlarda qonaq qaldılar.
***
Sabahlar üzünüzə xeyirliklə açılsın. Sabah açıldı. Süfrəni həyətdəki ərik ağacının dibində açdılar. Samovar çayı dəmləndi. Beçə balı, camış qaymağı, inək südü, qoyun pendiri süfrəyə düzüldü. Nahar başa çatar-çatmaz Möhsün kişi ağıldakı quzuların ağzını açıb hörüşə ötürməyə çıxdı. Məhəmmədlə şəyird bağa keçib yol üçün alma-armud yığmağa getdilər. Şahnaz süfrəni yığışdırmağa gəldi.
Əvvəlcə süfrədən qalan çörəyi siniyə yığıb evə apardı. Nənə üzünü Ələsgərə tutub dedi:
- Qadan ürəyimə gəlsin,
ay oğul. Bu qız uşaqlıqdan anadan yetim qaldı. Bu qızın qəviliyəti,
mərfəti bu mahalda heç kimdə yoxdu. Di gəl ki,
bəxti açılmır
ki, açılmır.
Aşıq Ələsgər dillənməmiş
Şahnaz süfrənin
qalığını yığışdırmağa
yenidən qayıtdı. Odur ki, Ustad nənəyə cavab vermədi, ancaq uşaqlıqdan tanıdığı bu ədəbli, həyalı
qızı yenidən
gözaltı süzdü.
Şahnaz orta boylu, ağ
əndamlı, zərif
bədənli bir qız idi. Buxağı,
çənəsi ağ almadan daha xoş görünüşlü
və ətirli idi. Yanaqlarında ağ rəngin
üstündən sanki
incə işləmə
ilə sarı, qırmızı boya çəkilmişdi. Kip, balaca dodaqlarının rəngi yanağının
rəngi ilə buxağının rəngini
tamamlayırdı. Burnu orta
ölçüdə, burun
pərləri balaca idi. Sol burun
pərinin tuşunda yanağında məskən
salmış balaca qara xal camalına
xüsusi bir gözəllik verirdi.
Qaşları bir cüt aypara kimi sifət cizgilərini tamamlayır,
uzun kiprikləri gözünün gözəlliyini
bir az
da artırırdı.
Qoşa hörüklərinin biri sağdan, biri soldan dizlərinə qədər uzanmışdı.
Geyimi də səliqəli və təmiz idi.
Aşığı fikir götürdü. Bu cür gözəllik, kamal, mərifət sahibinin qapısını
gərək elçilər
yağır edəydilər.
Bəs niyə bu evin
qapısını döyən
yoxdur?
Şahnaz yenidən qayıdıb süfrənin qıraqlarını
qatlayıb bükdü
və götürdü. Aşağı əyiləndə qızın
saçlarından bir
dəstə nazik tel ayrılıb sağ yanağı üstə düşdü.
Ayrılmış tellər qıvrılmış,
sanki düyünlənmiş
bir şəkil almışdı. Qız geri
dönüb gedəndə
Aşıq Ələsgərin
gözü yenə də onun saçlarına
sataşdı. Hər iki
hörüyünün ucu
sədəf boyda qotazlı sarı rəngli nazik iplə bağlanmışdı.
Hörüklərin ucları qıvrılıb
üzü yuxarı qayıtmışdı. Sanki
saçın ucları
hörüklərdən yapışıb
üzü yuxarı qalxmaq istəyirdilər.
Qız yeridikcə hörüklər
yırğalanırdı.
Aşığın qızın hörüklərinə,
kürəyinə zillənmiş
baxışları xəyallandı. Qız Aşığın gözlərində
dalğalanıb yox oldu, qızın şəklinin yerini qara tünd qırmızı fonda görünən
bir çərçivə
tutdu. Çərçivənin
içi qara rəngdə, seçilməyən,
tanınmayan bir fonda görünürdü.
Öz aləminə qapılmış
Aşıq bu naməlum çərçivəyə,
bu qaranlıq fona baxa-baxa huşa getmişdi. Aşığın nəzərində
bu qara fonda görünən
çərçivə tədricən
aydınlaşdı, hörümçək
toru kimi göründü. Sanki çərçivənin içi
torla toxunmuşdu.
Aşıq bu çərçivənin
hörümçək toru
olduğunu yəqinləşdirdi.
Xəyal
aləmindən ayrıldı.
Qızın yanağına ayrılıb
düşmüş tellərin
düyün-düyün görünməsi,
sağdan-soldan iki hörüyünün hörümçək
toru çərçivəsi
təsəvvürü yaratması
Aşığın beynindəki
düşüncələrini dəqiqləşdirdi. Astadan
"hörümçək, hörümçək, hörümçək",
daha sonra "hörümçək toru"
dedi.
Nənə illərdən bəri tanıdığı Aşıq
Ələsgərin bu
halına heyrətlə
tamaşa edirdi. Aşıq Ələsgər
dərin bir xəyal içində sanki üzürdü.
Nəhayət, xəyal aləmindən
ayrılıb ayağa
durdu, üzünü
qibləyə tutub nəsə oxumağa başladı. Həyətə qayıdan Möhsün də, anası da lal-dinməz dayanıb Aşıq Ələsgərə baxırdılar.
Bağdan həyətə dönən şəyirdlə
Məhəmməd də
əllərindəki yükü
yerə qoyub sakitcə qulaq asmağa başladılar.
Aşıq Ələsgər
onlar üçün
anlaşılmaz olan monoloqunu bitirəndən sonra türkün ana dilində dedi: "Allahdan başqa özlərinə
dost (hami) qəbul edənlər özlərinə
yuva qurmuş hörümçəyə bənzəyirlər.
Evlərin ən zəifi
isə, şübhəsiz
ki, hörümçək
yuvasıdır. Kaş biləydilər!"
Biz bu misalları
insanlar üçün
çəkirik. Onları yalnız (haqqı)
bilənlər anlayarlar.
"Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir".
Aşıq Ələsgər bu sözlərdən sonra salavat çevirib ona heyranlıqla baxan bu insanlara
nə dediyini, kimlə nə danışdığını anlatmaq istəsə də, nəsə düşünüb fikrindən
çəkindi.
Aşıq Ələsgər sazı
əlinə aldı, sazı çala-çala
səslə oxumadı,
eləcə sözlə,
ağır-ağır, ləngərli
ifadələrlə sinəsindən
dilinə axıb gələn üç bəndlik şeiri söylədi:
Bir gözəl görmüşəm
Çayqılışlıda,
Boy-büsatı, hər
novrağı şirindi.
Bəstə boylu, ağ
əndamı, gül üzü,
Baxdıqca qaşının tağı
şirindi.
Həsrət baxan doymaz ay qabağından,
Şahmar zülf tökülüb solu-sağından.
Öpən doymaz onun gül yanağından,
Əmmək üçün dil-dodağı
şirindi.
İncik
olub ulusundan, elindən,
Ənkabuttək can asılıb telindən.
Yazıq
Ələsgərə nazik
əlindən,
Mərhəmət eyləsə ağı, şirindi.
Ustad bu şeiri "İrfani"
havasının sirr, sehr dolu sədaları
altında söyləyəndən
sonra sazı sinəsinə bərabər
səviyyədə düpbədüz
saxladı, üzünü
saza yaxınlaşdırdı. Sazın
qolu ilə çanağının birləşdiyi
hissədən üç
dəfə öpdü,
sonra sazı şəyirdə uzadıb
dedi:
- A bala, sazları götür, atları çək gətir, gedək.
***
Payızın orta ayı girhagir
idi. Yazı gömgöy,
yayı yamyaşıl
rəng alan
Göyçə mahalının
əsrarəngiz təbiəti
sapsarı örtüyə
bürünmüşdü. Üç tərəfdən
mahalı əhatə
edən uca dağların zirvələri
ağ bürüncək
geyinmişdi. Göyçə gölü tərəfdən
əsən külək
bir soyuqluq, bir sazaq gətirirdi.
Aşıq Ələsgər Ağkilsə kəndində
evinin gündöyən
səmtində əyləşib
dünyanın gərdisini,
təbiətin dəyişikliyini
götür-qoy edirdi.
Onu çağırdıqlarını eşidib ayağa durdu, doqqaza tərəf yaxınlaşdı.
"A bala, kimsən?
Atdan düş, bəri gəl," - dedi.
Gələn cavan bir oğlandı. Oğlan
Aşıq Ələsgərlə
görüşüb gəlişinin
səbəbini açıqladı:
- Ələsgər əmi,
Möhsün dayım
qızını ərə
verir. Mənə dedilər ki,
oğlan toyunu da, qız toyunu
da Aşıq Ələsgər edəcək.
Gəldim ki, vaxtını
bildirəm.
Aşıq Ələsgər sanki çoxdan gözlədiyi
biri xəbəri indi eşidirdi. Üzündə, gözündə bir ilahi nur, bir
qeyri-adi sevinc işığı parıldadı.
Deməli, onun həm
sözlə, həm də sazla dediyi
duası qəbul olmuşdu.
Deməli, Qurani-Kərimin
"Ənkəbut" ("Hörümçək") surəsindən
bir neçə ayə oxuması, 41-ci ayəni Azərbaycan dilində səsləndirməsi,
dua etməsi, "Şirindir" rədifli qoşmasını söyləməsi
öz işini görmüş, Şahnazı
"hörümçək toru" tilsimindən azad etmişdir. Deməli, onun duası,
alqışı o yetim
qızın bağlanmış
bəxtini açmışdı.
Deməli, Allah- Təala hələ
onun səsini eşidir.
***
Aşıq Ələsgər namaz qıldı, dua oxudu, Allaha şükranlıq
etdi. Yeni bir xeyirli səfərə hazırlıq işlərinə
başladı....
Salman BALAKİŞİYEV,
Göygöl Rayon Təhsil Şöbəsinin müdir müavini
525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.19.