Naxçıvan Kəngərlilərinə
bağlı mötəbər nəsil
Hərb tariximizi araşdıran tədqiqatçılar, o cümlədən, rus diplomatı və
şairi V.N.Qriqoryev yazır ki, əvvəllər Naxçıvan xanlığında daimi qoşunlar yox idi, ancaq lazım olanda tüfəngçiləri bir yerə yığırdılar. Bunlar da mühafizə polisi
rolunu oynayırdılar. Süvari dəstələr isə ancaq kəngərlilərdən
ibarət idi. Baş rəisdən
başqa, qalanları xanın qohumlarından seçilən 2
sultan, 4 naib, tələb edilən sayda yüzbaşılar hərbi
süvari dəstəsini təşkil edirdi.
Hər
bir süvariyə ayda 40 manat gümüş pul və 2,5 batman çörək verirdilər. Bütün kəngərlilər şəxsi vergilərdən
azad idilər. 300 nəfər süvarinin
içərisindən seçilmiş 30 nəfər həmişə
xanın yanında olurdu. Onlar hamısı
xüsusi rəisə - Qullarağasıya tabe idilər. Yaxşı xidmətləri üçün xan
onlara yaşadığı kəndlərdə əkin sahələri
verirdi. Qeyd edək ki, Qullarağası hələ
Səfəvilərin hakimiyyəti zamanında
yaradılmış bir hərbi vəzifə idi. Şəxsən şah sarayına məxsus bu
qoşun hissələri Qafqazın Gürcüstan və sair məntəqələrindən
tutulub qul kimi İrana aparılmış gənclərdən
və eləcə də İranda doğulmuş qeyri-müsəlman
millətlərdən təşkil olunurdu.
Araşdırmalar göstərir ki, hələ Səfəvi
hakimiyyəti dövründə belə qoşun növünə
kəngərlilərdən hərbi rəis təyin edirdilər. Məsələn,
farsdilli sənədlərdən məlum olur ki, 1684-cü ildə
Süleyman şah Eynəlxan Sultan Kəngərlini saray
qulamlarına başçı təyin edir (Eynəlxan Sultan Kəngərli
yazıçı-publisist və ictimai xadim Eynəli bəyin
ulu babasıdır. Bu haqda bir az
sonra). Naxçıvan xanlığının fəaliyyət
göstərdiyi dövrdə belə qoşunlar olmayıb.
Amma xanın və sarayının mühafizəsi
üçün Kəngərli süvarilərindən 30 nəfər
həmişə saray qvardiyasını təşkil edib.
Qullarağasılardan olan varislərdən saray
mühafizəçilərinə başçı təyin
edilirdi. Daha dəqiq desək, saray
mühafizə dəstəsinin çoxu Qullarağasılardan
seçilirdi. Bunlar da kəngərlilər
idilər.
1800-cü ildən başlayaraq Qullarağasılar
Qullarağasıyev familiyasını
daşıyırdılar. Hərbçi Qullarağasıyevlər
haqqında ətraflı tədqiqat
aparılmadığından və məqalələr
yazılmadığından demək olar ki, bu nəsil tamamilə
unudulub. Amma hərb tariximizdə bunların
şərəfli xidmətləri vardır. Ona görə də bu haqda ətraflı söhbət
açmağımız yerinə düşərdi.
1859-cu ildə bəy komissiyası Qullarağasılar
haqqında yazır ki, bu nəslin rəisi Pirmurad Sultandır
və 9 ailədir. Şəcərə tarixinə görə,
bunlar əsasən 3 qardaşın varisləridirlər.
Eynəlxan Sultan Kəngərlinin üç oğlunun adı
çəkilir: Nadirxan Sultan, Allahverdi bəy və Nəbi bəy.
Və elə o sənəddə qeyd olunub ki, Eynəlxan
Sultanın oğlu Allahverdi Sultan, onun isə oğlu
Dünyamalı bəydir. Komissiya yekdilliklə
onların bu titulunu təsdiqləyir. Qeyd
edək ki, Allahverdi Sultanın varisləri Allahverdiyevlər, Nəbi
bəyin varisləri Nəbiyevlər və Dünyamalı bəyin
varisləri Dünyamalıyev familiyalarını
daşıyırlar. Bunlar hamısı
Qullarağasıyevlərdir. Kameral siyahılarda
Qullarağası ailələri ayrıca qeyd olunublar.
Maraq üçün deyək ki, Naxçıvan
Elçiyevləri (Sovet dövründə bəzən
Yolçuyev yazılıb) Qullarağasıların mənsub
olduğu Salahlı və Qızıllı qolundan deyillər. Onlar Kəngərli
tayfasının Kəclər qolundandırlar. Onların ulu babaları kapitan Eynəli Sultan
haqqında əvvəllər qəzetimizdə
yazmışıq.
Naxçıvan ölkəsində Bilici kəngərlilər
çoxluq təşkil etdiklərindən hamısına
ümumilikdə tayfa rəisliyini I və II Kərim Sultanlar
etmişlər. Bilici və Kəclər qolu bir yerdə yaşadıqlarından
kəngərli arxiv sənədlərində II Məhəmməd
Kərim Sultanın Kəclər qoluna da rəislik etməsi
haqqında əmrlər vardır və s. Araşdırmalar
göstərir ki, Kəngərli elinin vəkili Məhəmmədkərim
Sultandan başlayaraq onun varisləri seçilmişlər.Bəzi
tədqiqatçılar Kəcləri
"Köçlü" kimi yazırlar. Belə
yazma tamamilə yanlışdır. Ruslar tərcümədə
"Kac" kimi yazdıqlarından, kəngərli tarixinə
nabələd olan yazarlar isə bunu
"Köçlü" formasına (?) salmışlar.
Amma onlarla sənədlər var ki, apaydın
"kəc" yazılıb. Hətta kəngərlilərin
möhürlərində mənsub olduqları nəsillərin
adı şəxsin adından əvvəl yazılıb: Məsələn:
Kəc Kapitan Eynəli Sultan. Nəzərdə
tutmuşuq ki, bir yazımızı bu qola həsr edək.
Çünki Kəclər indi də var və bir az təhrif olunmuş formada yazılır:
"Qəclər və ya Qəcovlular, yəni Qəc
oğulları".
Mətləbimizdən uzaqlaşmayaq. 1843-cü ildə
Naxçıvan şəhərində yaşayan Nadirxan Sultan
və qardaşı Rəhim ağa haqqında kameral
siyahıda məlumat yazılıb: Nadir xan Sultan Eynəlxan
Sultan oğlu 50 yaşında, arvadı Xırda xanım 35
yaşında; qardaşı Rəhim ağa 30 yaşında,
həyat yoldaşları: Anaxanım 25 yaşında, İmmi
xanım 20 yaşında. Rəhim ağanın
Sofiya Bəyim adlı qızı (1 yaşında) olduğu da
qeyd olunub.
Hər iki qardaşın kəngərlilərin
Qızıllı qolundan olduğu yazılıb. Amma əvvəlki
siyahıyaalınmada (1832-ci ildə) Nadir xan Sultanın kəngərli
tayfasının Salahı qolundan olması yazılıb.
Onun 40 yaşının olması və iki həyat
yoldaşının olması haqda məlumat var: 1) Xırda
xanım 25 yaş; 2) Səlbinaz 30 yaş.
Gördüyümüz kimi, Nadirxan Sultanın və
qardaşı Rəhim ağanın ilkin siyahıyaalmada
Salahı, sonra isə Qızıllı qolundan olması
yazılıb.
1832-ci il siyahıyaalmadan başqa, qalan illərdə
onların Qızıllı qolundan olmaları qeyd edilib. Kameral
siyahılarda maraqlı bir qeyd də var: Şahmirzə
Nadirxan Sultan oğlu 50 yaşında, arvadı Qızyetər
40 yaşında.
Bu
qardaşların və onların varislərinin kəndləri
aşağıdakılar olub: Keçili, Külüs,
Mahmudoba, Göynük, Sürəməlik və Nəhəcir.
Arxiv araşdırmalarından məlum oldu ki,
Qızıllılar əsasən Naxçıvanda və
Keçilidə yaşayıblar. Amma
Qullarağasıyevlərə məxsus o kəndlərin də
kameral siyahılarına baxdıq. Burada
yaşayanlar Salahı Kəngərlilər kimi qeyd olunub.
İşi çətinləşdirən məqamlardan
biri XIX əsrin sonlarında Çölü bəyin və
qardaşı Bala bəyin həm Nadir xan Sultanın, həm də
Rəhim ağanın varisləri kimi göstərilməsidir.
1860-cı
ildə Naxçıvan şəhərində tərtib
edilmiş kameral siyahıda belə yazılıb: Nadir xan
Sultan Eynəlxan Sultan oğlu 70 yaşında; qardaşı Rəhim
ağa 35 yaşında (1853-cü ildə vəfat edib);
qardaşı oğlanları 1) Çölü bəy
ağa 7 yaşında; 2) qardaşı Rəhim ağa 5
yaşında. Yəqin ki, oğul Rəhim
ağa atası Rəhim ağanın vəfatından sonra
doğulub ki, adını Rəhim qoyublar. Sonra
mülkədar kəndlərin siyahısında bəzən
Çölübəyi və qardaşı Bala bəyi Nadir
xan Sultanın, bəzən isə Rəhim ağanın varisləri
kimi yazmışlar. Belə
görünür ki, bunun əsaslı rəyini ciddi
axtarışlardan sonra demək olar. Ola bilər ki, Rəhim
ağanın ölümündən sonra onun övladları
Nadir xan Sultanın adına yazılıb.
1873-cü
ilin kameral siyahıyaalınma sənədində belə qeyd
var: Qullarağasılar: Çölü bəy Rəhim
ağa oğlu 25 yaşında, Onun oğlanları: 1) Eynəlxan
Sultan 6 yaşında. 2) Nadir xan Sultan (Böyük ağa
deyiblər həmişə - müəllif) 4 yaşında;
3) Bədəlxan bəy 1 yaşında. Bu sənəddə
ailədəki qadınların adı yazılmayıb,
sayı göstərilib. Yəqin ki,
Çölü bəyin həyat yoldaşı Nazlı
xanım və qızı Maraldır.
Qeyd edək ki, axtarışlar apararkən
yazıçı Eynəli bəy Sultanovun 1915-ci ilə aid
bir arxiv işinə rast gəldik. Sənəd
"Naxçıvan şəhərinin sakini Eynəli bəy
Sultanovun oğluna doğum şəhadətnaməsinin verilməsi
ilə bağlı idi".
Burada Eynəli bəyin öz dəsti-xətti ilə
Zaqafqaziya Şiə İdarəsinə yazdığı ərizə
də vardır. Ərizə 3 avqust 1915-ci ildə
yazılıb. Ünvan Tiflis şəhəri Sumbatov
küçəsi, ev 11 kimi göstərilib.
Yazıçının oğlu Çölü bəy 9 iyul
1899-cu ildə doğulub (Hicri tarixdə göstərilib: 12 rəbiüləvvəl
1316-cı il).
Sonra
Çölü bəyin qardaşı Bala bəy haqqında
yazılıb: Əsl adı Rəhim ağadır,
atasının da adı Rəhim ağa olub, 23 yaşında.
Bu sənəddə adı çəkilən Eynəlxan
Sultan yazıçı Eynəli bəy Sultanovdur. Həmin
siyahıda adı çəkilən Nadir xan Sultan
(Böyük ağa) yazıçının
qardaşıdır. Sənədlərdən
və varislərinin dediklərindən aydın olur ki,
çox varlı mülkədar olub. Araşdırmalar
apararkən Keçili, Külüs, Göynük, Nəhəcir
kəndlərinə gedirdim. Yerli əhali
çox böyük ehtiramla Böyük ağanı
xatırlayırdılar. Göynük kəndində onun
mülkünün yerində ev tikən Tarverdi Bəylər oğlu atasından
eşitdiklərindən söhbət açdı. Onların
çox halal adam olduqlarından ürəkdolusu
danışdı və dedi ki, hələ də bizim ərazidə
"Böyük ağanın badamlığı" adlanan
bağın bir hissəsi qalmaqdadır. Böyük
ağanın oğlu Rəhim ağa Naxçıvan MSSR-in ilk
traktor mexaniki olub.
1920-ci ildən sonra tez-tez ata-oğulu istintaqlara çağırsalar da, həbs etməmişdilər. Amma kollektivləşmə illərində Keçili və Milax qaçaqlarının Sovet hakimiyyətinə qarşı çıxmaqlarını orqanlar Böyük ağa və oğlu Rəhim ağa ilə əlaqələndirirlər. Onlar hər ikisi əvvəlcə İrana mühacirət edirlər ki, bolşeviklər onları həbs etməsin. Rəhim ağa həyat yoldaşına deyir ki, tez geri dönüb sizi də aparacağam. Amma sərhədi Sovet hökuməti möhkəmləndirdiyindən Rəhim ağa gəlib ailəsini İrana apara bilmir. 1937-ci ilin avqustunda Böyük ağanın həyat yoldaşı 64 yaşlı Fizzə xanım (1873) Sadıx qızı Kəngərlini (Sultanovanı), Rəhim ağanın həyat yoldaşı Humay xanım Paşa qızını (1896, Humay xanımın adı yazıçı-jurnalist E.Axundovanın yazdığı "Heydər Əliyev. Şəxsiyyət və Zaman" (I hissə) kitabında da çəkilib: "...Dərsdən kənar vaxtlarda Zəviyyə məhəlləsinin uşaqları Humay xanımın evi kimi məşhur olan ikimərtəbəli imarətin zirzəmisinə yığışırdılar. Maraq üçün deyək ki, bu məşhur imarətin sahibi yazıçı Eynəli bəyin ortancıl qardaşı Böyük ağa (Nadirxan sultan) idi. Humay xanım onun oğlu Rəhim ağanın həyat yoldaşı idi). Rəhim ağanın qızları Şöləni (1922), Həvvanı (1924) və Maralı (1924) Qazaxıstana sürgün edirlər.
Böyük ağa (Nadir xan Sultan) Sultanov Kəngərlinin ailəsi sürgün illərində çox məşəqqətlər çəkmişdir. Uzaq Karaqandada Böyük ağanın nəvəsi, Rəhim ağanın qızı Şölə xanım Məmmədəmin Rəsulzadənin sürgündə olan oğlu Azər ilə ailə qurub.
Onların oğlu Rais indi Bakıda yaşayır. Rəhim
ağanın digər iki qızı 1956-cı ildən sonra
Naxçıvana qayıtmışlar. Varisləri
indi Naxçıvanda yaşayırlar. Varislərin
dediyinə görə, Rəhim ağa Türkiyənin Van
şəhərindən onlara məktub yazırmış.
Həyat yoldaşı Humay xanım Paşa bəy
qızından halallıq istəyirmiş. Yazırmış ki, çox təəssüflənirəm,
qayıdıb Arazı keçə bilmədim ki, sizi də
yanıma gətirim. Məktubu onun
qızı Maral xanım yadigar saxlayırmış. Onun vəfatından sonra məktub yoxa
çıxıb.
Gördüyümüz kimi, kəngərlilərin bir qolu olan Qullarağasıyevlər-Sultanovların da Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvanın müdafiəsində və inkişafında mühüm xidmətləri olmuşdur. Bu gün də varislər eyni amalla doğma Azərbaycanımızın tərəqqisində fəaliyyət göstərirlər. Bütün bunlar hamısı ulu kökə, soya bağlılıqdan irəli gəlir.
Musa
QULİYEV (RƏHİMOĞLU)
AMEA
Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
kuliyevm@yandex.ru
525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.18.