Şikayətlənmək
üçün əsas yoxdur
(Əvvəli ötən şənbə
sayımızda) - keçid
Azərbaycan-İraq
əlaqələrində xüsusi mərhələ
yaratmış mərhum Əbdüllətif Bəndəroğlu
"hörmətli ustad" deyə üz tutduğu professor
Abbas Zamanova "Bakıdakı bir türkmən təmsilçisi"
kimi yüksək qiymət vermişdir. Fransadan
Azərbaycana göndərdiyi məktublarında
tanınmış şərqşünas İren xanım
Melikova "çox möhtərəm" Abbas müəllimin
xidmətlərindən faydalandığı üçün
ona təşəkkürlərini
çatdırmışdı. Professor
Abbas Zamanovun yazışmalarında Cənubi Azərbaycan ədəbiyyatı,
mühacirət ədəbi irsi, milli ədəbiyyatın təbliği,
tanıdılması, ədəbi-mədəni əlaqələrlə
bağlı aktual məsələlər müzakirə
olunmuşdur. Abbas Zamanov Şərq-Qərb
müstəvisində Azərbaycan elminin, ictimai fikrinin, ədəbiyyatı
və mədəniyyətinin böyük elçisi vəzifəsini
böyük məsuliyyətlə və şərəflə
həyata keçirmişdir. Alman dostu
Əhməd Şmideyə məktubundakı
"Xalqımın ədəbiyyatını sevənlərə
xidmət mənim üçün səadətdir" -
sözləri Abbas Zamanovun həyat və fəaliyyət
amalını müəyyən etmişdir.
Abbas müəllimin fəaliyyət dairəsi
genişdir. Bunların arasında ədəbiyyatşünaslıq
sahəsində geniş elmi fəaliyyəti xüsusi yer tutur.
Abbas Zamanov XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının
ən görkəmli tədqiqatçılarından biridir.
O, nəinki Azərbaycanda, demək olar ki, beynəlxalq aləmdə
görkəmli sabirşünas alim kimi
tanınmışdır. Azərbaycan ədəbiyyatşünaslığı
sahəsində yeganə elm adamıdır ki, "Sabir və
müasirləri" adlı əsərinə görə
namizədlik dissertasiyası əsasında o, birbaşa elmlər
doktoru alimlik dərəcəsinə layiq
görülmüşdür. Mirzə
Ələkbər Sabir irsinin tədqiqi, nəşri və təbliği
sahəsində onun çoxillik ardıcıl və səmərəli
xidmətləri sayəsində Azərbaycanda
sabirşünaslıq müstəqil elm sahəsi səviyyəsinə
yüksəlmişdir. "Sabir gülür",
"Sabir bu gün", "Sabir xatirələrdə",
"Müasirləri Sabir haqqında" kitabları gərgin
axtarışlardan və dərin elmi mühakimələrdən
yoğrulmuşdur. Bakı, Peterburq və Tiflis
arxivlərində yüzlərlə qovluğun titul səhifəsində
Abbas Zamanovun familiyası və imzası həkk olunmuşdur.
Həmin qovluqlardakı qiymətli ədəbi,
tarixi sənədlər kimi, Abbas müəllimin arxivlərdə
keçən günlərini, onun axtarışlarının əhatə
dairəsini əks etdirən bu titul səhifələrinin
özü də xüsusi bir tarixdir.
Təkcə
M.Ə. Sabirə həsr olunmuş sanballı tədqiqatlar
deyil, Cəlil Məmmədquluzadədən, S.S.Axundov,
Ü.Hacıbəyov, Ə.Haqverdiyev, A.Divanbəyoğlu,
Ö.F.Nemanzadə, Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə,
Səməd Vurğun və onlarla başqaları kimi
adlı-sanlı ədəbiyyat xadimlərindən bəhs edən
qiymətli elmi məqalələri də ədəbiyyatşünaslığa
dair qiymətli mülahizələrlə yanaşı, həm
də təzə arxiv materiallarından yoğrulmuşdur. Abbas Zamanovun elmi əsərlərinin mənbəşünaslıq
baxımından bazası çox zəngindir. Görkəmli
alimin min bir zəhmətlə toplayıb çap etdirdiyi
"Müasirləri Sabir haqqında" məqalələr və
xatirələr kitabı, kitabdakı böyük
axtarışlar nəticəsində yazılmış
"İzahlar" geniş mənada Azərbaycan
sabirşünaslıq elminin əsas istinadgahıdır.
Mətnşünaslıq professor Abbas Zamanovun elmi fəaliyyətinin
ayrılmaz tərkib hissəsidir. Mirzə Cəlil, M.Ə.Sabir,
Hüseyn Cavid haqqındakı xatirələrin bir qismini o, əsrin
əvvəllərinin dövri mətbuatından tapıb
üzə çıxartmış, bu görkəmli şəxsiyyətlərin
müasirlərinin dilindən eşidib yazıya
köçürmüşdür. Ə.Qəmküsar,
E.Sultanov və S.M.Qənizadənin əsərlərinin tərtibi
və ilk nəşrləri Abbas müəllimin adı ilə
bağlıdır. O, M.Ə.Sabirin "Hophopnamə"sinin
də əsas naşirlərindən biridir. Onun Kamran Əliyevlə birlikdə
Bakıda nəşr etdirdiyi "Mollanəsrəddinçi
şairlər" kitabı mətnşünaslığın
mühüm nailiyyətlərindəndir. Turxan Gəncəyi
İngiltərədən Abbas Zamanova göndərdiyi məktubda
"Mollanəsrəddinçi şairlər"
kitabının əhəmiyyətindən bəhs edərək
yazmışdı: "Bu həftə "Mollanəsrəddinçi
şairlər" kitabını aldım. Həqiqətən,
bu, böyük bir işdir. Bu şairlərin
unudulmuş təxəllüslərindən kimlər
olduqlarını təsbit etmək ədəbiyyat tariximiz
üçün son dərəcə faydalı və
lazımlı, vacib bir işdir. Zaman
keçdikcə bunları təsbit etmək çətinləşə
bilərdi".
Böyük demokrat Cəlil Məmmədquluzadənin
haqqında yazılmış məqalələrin və xatirələrin
toplanılıb 1967-ci ildə kitab halında nəşr edilməsi
professor Abbas Zamanovun təşəbbüsü ilə həyata
keçirilmişdir. O, Mirzə Ələkbər Sabirin görkəmli tədqiqatçısı,
Cəlil Məmmədquluzadənin isə böyük təəssübkeşi
idi. Ədibin Bakıdakı, Şərur
rayonunun keçmiş Baş Noraşen kəndində, Cəlilkənddəki
muzeylərində onun təqdim etdiyi çoxsaylı qiymətli
sənədlər saxlanılır. Cəlil Məmmədquluzadə
adına Naxçıvan Muxtar Respublika
Ədəbiyyat Muzeyində Abbas müəllimin göndərdiyi
sənədlər və materiallardan ibarət xüsusi fond
yaradılmışdır. Əməkdar elm xadimi Abbas Zamanov
bu fikirdə idi ki, Cəlil Məmmədquluzadənin əsərləri
və "Molla Nəsrəddin" jurnalı olmasaydı, XX əsrin
əvvəllərinin ictimai-siyasi və ədəbi-mədəni
mühiti xeyli dərəcədə boş görünərdi.
M.Ə.Sabirin Abbas müəllimin tərtibində ərəb
əlifbası ilə Azərbaycan dilində nəşr
olunmuş "Hophopnamə"si Şərq ölkələrində
böyük maraq doğurmuşdur. Məktublarından
görünür ki, Türk-müsəlman aləminin
ayrı-ayrı ölkələrindən Abbas müəllimə
bu kitabla bağlı çoxsaylı sifarişlər və rəylər
gəlmişdir. Vaxtilə bu qəbildən olan
sifarişlərdən birinə - "Hophopnamə"nin
göstərilən nəşrindən bir nüsxəsini min
tümənə almaq istəyən Təbrizin
tanınmış ədəbiyyatşünası Hacı Məhəmməd
Naxçıvaninin oğlu Əli Təbriziyə
yazdığı cavab alimin milli ədəbiyyata bəslədiyi
yüksək vətəndaş münasibətini
açıq-aydın ifadə edir. Məktubda deyilirdi:
"Sabiri sevənlərə biz "Hophopnamə"ni təmənnasız
göndəririk. O ki qaldı, min tümən məsələsinə,
deməliyəm ki, mənim aləmimdə dünyanın
bütün daş-qaşı bir yerə toplansa, yenə də
"Hophopnamə"nin qiymətini ödəməz".
Böyük vətəndaş alim Abbas Zamanov milli ədəbiyyatşünaslıq
elminin görkəmli nümayəndəsi idi. O, böyük iradəsi və
yüksək vətəndaşlıq mövqeyi ilə zəmanəsinə
qalib gəlmişdi. Dünyanın nəhəng
dövlətlərindən biri olan Sovetlər İttifaqı
zamanında Abbas müəllim qədər açıq və
qəti vətəndaşlıq mövqeyini ifadə etməyi
bacarmaq hər ziyalının işi deyildi. Professor Abbas Zamanov üçün Azərbaycan
amalı şəxsi həyatından da ucada
dayanmışdır. O, XX əsrdə Sovet dövlətində
yaşayıb-yaratmış ən görkəmli azərbaycanşünas
alimlərindən biri olmuşdur. Keçən
yüzilliyin ikinci yarısında Kremldə yer almış erməni
qruplaşmasının təsiri ilə Naxçıvan Muxtar
Respublikasının Ermənistana verilməsi məsələsi
ictimai rəyi formalaşdırmaq üçün mühitə
sızdırılanda Abbas Zamanovun etiraz səsi bütün
ölkəyə yayılmışdı. Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin
indiki İstiqlal küçəsindəki binasında 29 mart
1960-cı il tarixdə akademik Məmməd Arif Dadaşzadənin
sədrliyi ilə Xalq şairi Səməd Vurğunun vəfatının
ildönümünə həsr olunmuş xatirə gecəsində
Abbas Zamanov söz alıb çıxış edərək,
mövzuya heç dəxli olmadığı halda fürsətdən
istifadə edib qəti şəkildə demişdir:
"Naxçıvan qədim Azərbaycan
torpağıdır. Qara niyyətlərinizdən əl
çəkin, daşnaklar! Naxçıvan
heç zaman ermənilərin olmayacaq!"
Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
tapşırığı ilə bu məsələ Bakı
Dövlət Universitetinin partiya bürosunun iclasında
müzakirə olunarkən etdiyi çıxışdan
peşman olduğunu bəyan etdiyi təqdirdə yüngül
cəza veriləcəyi xəbəri ona çatdırılsa
da, Abbas Zamanov mövqeyini dəyişmədiyini bildirmiş və
buna görə də Kommunist Partiyası sıralarından
çıxarılmağı və universitetin müəllimliyi
vəzifəsindən azad olunmağı mərdliklə qəbul
etmişdi.
Bundan
başqa, professor Abbas Zamanovun 1968-1971-ci illərdə
Bakıda Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı
muzeyinin direktoru vəzifəsində çalışarkən
"mürtəce pantürkist" damğası vurularaq xalq
düşməni elan olunmuş böyük ədib və
ideoloq Əli bəy Hüseynzadənin Fransanın paytaxtı
Paris şəhərində yaşayan oğlu,
tanınmış rəssam Səlim Turanın rəsm əsərlərinin
orijinalını Bakıya gətirdib, muzeyin açıq sərgisində
nümayiş etdirməsi də zamanına görə
böyük cəsarətin ifadəsi idi.
Ölkəmizdəki ən zəngin elmi məxəz və
ədəbi-tarixi xəzinələrdən biri də Abbas
Zamanovun şəxsi arxividir. Nadir əlyazmalarından tutmuş,
yalnız xoşbəxt təsadüf nəticəsində
yeganə nüsxəsi mühafizə edilib qalan kitablara qədər,
müxtəlif qitələrdən alınmış minlərlə
məktub, qəzet, jurnal, şəkil və teleqramlaradək
bu qeyri-adi arxivdə saxlanılan sənədlər təkcə
bir nəfər vətəndaş alimin deyil,
bütövlükdə Abbas Zamanov dövrünün tarixi
oçerklərini yaratmaqda əvəzedilməz mənbələrdir.
Ədəbiyyat və mədəniyyətimizin,
ayrı-ayrı ədəbi-tarixi şəxsiyyətlərin həyat
və yaradıcılığının bir çox naməlum
səhifələri dövlət arxivlərində deyil, məhz
Abbas Zamanovun şəxsi arxivində saxlanılmaqdadır.
Və bu arxivə "dopusk", xüsusi icazə
almaq dövlət arxivlərindən heç də asan deyildi.
Bunun üçün Abbas müəllimin və onun təkcə
vəfalı ömür-gün yoldaşı yox, həm də
ləyaqətli "əməl dostu" olan Asya
xanımın etibarını qazanmaq kimi məsuliyyətli bir
vəzifənin öhdəsindən gəlməyi bacarmaq
lazım idi.
Ümumiyyətlə, Abbas Zamanov görkəmli bir ədəbiyyatşünas
kimi tədqiq etdiyi yazıçılara qiymət verərkən
onların əsərlərinin ideya-bədii dəyəri ilə
əməllərinin vəhdətinə xüsusi diqqət
yetirmişdir.
Bu mənada 1979-cu ildə Bakıda nəşr
edilmiş "Əməl dostları" kitabı həm də
Abbas Zamanovun ədəbiyyata yanaşma metodunun düsturu kimi
başa düşülə bilər. Abbas
Zamanov özü də adlı-sanlı alim kimi dəyərli
tədqiqat əsərləri ilə yanaşı, həm də
əməl dostluğu ilə yaddaşlara hopmuşdur. Abbas Zamanov XX əsrdə
yaşayıb-yaratmış böyük əməlpərvər
alim-vətəndaş kimi tanınmışdır.
Yaş etibarilə sonrakı nəsli təmsil etməsinə
baxmayaraq, o, özündən bir qədər əvvəl
yaşayıb-yaratmış görkəmli
yazıçıların həyatına, mühitinə,
yaradıcılıq dünyasına o qədər can
yanğısı ilə, qədirşünaslıqla daxil
olmuşdur ki, bir çox kiçik, incə, lakin maraqlı və
əhəmiyyətli detalları üzə çıxarıb
elə şəkildə təqdim etməyi
bacarmışdı ki, oxucu əsərlərini oxuyarkən
onun da sanki həmin dövrdə Cəlil Məmmədquluzadə
və Mirzə Ələkbər Sabirlə birlikdə
yaşayıb-işlədiyini,
düşünüb-çalışdığını
güman edir. Beləliklə, "Sabir və
müasirləri" kitabının müəllifi Abbas Zamanov
həm də böyük satirik sənətkarımız Mirzə
Ələkbər Sabirin müasiri kimi görünür, Cəlil
Məmmədquluzadənin əməl dostlarından birinə
çevrilir.
Böyük vətəndaş alim Abbas Zamanov
üçün dostluq anlayışı məslək
dostluğu səviyyəsində qəbul edilmişdir. Abbas Zamanovun müasirləri
içərisində professor Əziz Şərif, Xalq
şairi Rəsul Rza, məşhur teatrşünas Cəfər
Cəfərov, akademik Məmməd Cəfər Cəfərov,
professor Həmid Məmmədzadə ilə münasibətləri
məslək dostluğundan, əqidə
bütövlüyü nümunəsindən
yoğrulmuşdur. Əziz Şərif - Abbas
Zamanov, Rəsul Rza - Abbas Zamanov dostluğu mənəvi
münasibətlərin sədlərini aşaraq, ədəbiyyat
tarixi hadisəsinə çevrilmişdir. Bu
görkəmli sənətkarların məslək
dostluğunu Azərbaycan ədəbiyyatı tarixində Cəlil
Məmmədquluzadə ilə Mirzə Ələkbər
Sabirin, Hüseyn Cavid və Abdulla Şaiqin əqidə
qardaşlıqları ilə müqayisə etmək olar.
Abbas Zamanovla Əziz Şərifin dostluğu Azərbaycan
ədəbiyyatı, elmi və mədəniyyətinin Moskvada
və ümumən Rusiyada geniş miqyasda
tanıdılmasına ayrıca bir institut qədər xidmət
göstərən səmərəli bir fəaliyyətə həsr
olunmuşdur. Bu məslək dostluğu
insanlararası münasibətlərdə əqidə
bütövlüyünə, insan etibarına, kişilik
ölçüsündə böyük dostluğa örnəkdir.
Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər
Sabirin, Molla Pənah Vaqifin və başqalarının əsərlərinin
Moskvada rus dilində müfəssəl nəşrləri
Əziz Şərif - Abbas Zamanov dostluğunun bəhrələridir.
Eyni zamanda, Əziz Şərifin Bakıda çap edilmiş
"Keçmiş günlərdən", "Molla Nəsrəddin"
necə yarandı", "Atam və mən",
"Tapıntılar" və sair əsərlərinin
korrekturasından tutmuş redaktəsinə, çapına və
yayılmasına qədərki bütün məsələlər
Abbas Zamanovun bilavasitə iştirakı, rəhbərliyi və
nəzarəti ilə, böyük məsuliyyətlə həyata
keçirilmişdir. Abbas Zamanov və Əziz
Şərif dostluğundan ədəbiyyatımız və mədəniyyətimiz
çox şey qazanmışdır.
Xalq şairi Rəsul Rza ilə professor Abbas Zamanovun
dostluğu Azərbaycanda Sovet dövrünün çətinlikləri
şəraitində Azərbaycançı milli elmin və
düşüncənin inkişafına, daha da genişlənməsinə
şərəflə xidmət etmişdir. Rəsul Rza - Abbas Zamanov - Cəfər
Cəfərov elmi-ədəbi cəbhəsi, onların
qarşılıqlı və səmərəli əməkdaşlığı,
üçlü Başkanlıq prinsipi üstündə
qurulmuş dostluğu XX əsrin ikinci yarısı Azərbaycan
elmi-mədəni mühitində fəal vətəndaşlıq
mövqeyinin və ümummilli mənafelərin müdafiə
olunmasına şərait yaratmışdır. Abbas
Zamanov hər iki ideya-məslək dostunun Azərbaycan ədəbiyyatında
və elmindəki mövqelərini həmişə müdafiə
etmişdir. Xalq şairi Rəsul Rzanın "Rənglər"
şeirlər silsiləsi kimi böyük sənət
şedevrlərinin mübahisə və müzakirə obyektinə
çevrildiyi zamanlarda Abbas Zamanov Bakıdan Londonda yaşayan
dostu, professor Turxan Gəncəyiyə yazmışdı ki,
necə olur ki, "başqaları "Rənglər"i
öz dillərinə tərcümə edib başa
düşürlər, amma biz onları başa
düşmürük?!" Professor Turxan Gəncəyinin
Abbas Zamanova yazdığı məktublarda Xalq şairi Rəsul
Rzanın yaradıcılığına, xüsusən "Rənglər"
silsiləsinə dair çox əhəmiyyətli, cəlbedici
məqamlara rast gəlirik. Turxan Gəncəyinin məktublarında
oxuyuruq: "Rənglər"i Britaniya muzeyi kitabxanasından
tapdım. İndi əlimdə bir foto surəti
var. ...Mən bu əsəri son günlərdə dəfələrcə
oxudum. Çox sevdim. Modern
Azərbaycan ədəbiyyatında bu qədər qüvvətli,
mühüm və dərin bir şeir yoxdur - deyə bilərəm.
...Anar
sağ olsun, mənə Bakıda atasının üç
cildlik şeirlərini bağışlamışdı. Bu cildlərdə bu şeirlər (yəni "Rənglər"
- İ.H.) yoxdur. Nazim Hikmət "Rənglər"
silsiləsi haqqında deyirdi ki, "bu poemada (silsilə
şeirlər nəzərdə tutulur - İ.H.) Rəsul Rza özünü ötüb
keçib".
Beləliklə, Abbas Zamanov - Rəsul
Rza dostluğu Azərbaycan ədəbiyyatının qüdrətli
bir nümayəndəsinin nəinki xarici ölkələrdə
təbliğinə, hətta müdafiə olunmasına, onun
haqqında geniş miqyasda yüksək ictimai rəyin
formalaşdırılmasına müsbət təsir göstərmişdir.
Abbas Zamanov da Kommunist partiyası sıralarından və
işdən çıxarıldıqda onunla ünsiyyətini
kəsməyən, ona axıradək dayaq duranlardan biri də
Rəsul Rza olmuşdur. Xalq yazıçısı Anara görə, müharibə
cəbhələri səngərlərinin sınaqlarında
möhkəm bünövrəsi qoyulan və həyatın
çətin dolaylarında bərkiyib möhkəmlənən,
həmişə ədəbi-ictimai fikrin inkişafına xidmət
edən Abbas Zamanov - Rəsul Rza - Cəfər Cəfərov
münasibətləri məsuliyyətli, etibarlı və
uzunömürlü əqidə dostluğuna örnəkdir.
Bu görkəmli şəxsiyyətlərin məslək
dostluğu Anarın baxışlarında yaxış mənada
ənənəyə çevrilən və ədəbi prosesə
işıq salan elm və sənət dostluğunun ibrətamiz
nümunəsi kimi təqdim olunur: "Cəfər Cəfərovla
əvvəlcədən dost və həmkar olsa da, İkinci
Dünya müharibəsinin ağır günləri, Krım
cəbhəsində qəzetdə birgə
çalışmaları onları daha da
yaxınlaşdırmışdı. Və fəxr
edirəm ki, Abbas müəllimin belə çətin cəbhə
sınaqlarından çıxmış dostlarından biri də
atam Rəsul Rza idi. Bu dostluq da ömürləri
boyu davam etdi və atam dünyasını dəyişəndə
Abbas müəllimin bu itkiyə necə
acıdığını, onun hıçqırıqlarını,
göz yaşlarını heç vaxt unutmaram. Rəsul Rzanın xatirəsinə həsr etdiyi
"Kişi şair" yazısında Abbas müəllim bu
dostluğun müxtəlif mərhələləri haqqında
son dərəcə qiymətli və səmimi etiraflar
etmişdir.
Bu
dostluğun istisini mən də daima hiss edirdim: Abbas müəllim
"Adamın adamı" pyesimin Şəki tamaşası
haqqında mətbuatda ürək sözünü deyəndə
də, böyük Mirzə Cəlilə həsr olunmuş
"Qəm pəncərəsi" filmim haqqında fikir
söyləyəndə də. Bu, yalnız
görkəmli mütəxəssisin rəyi deyildi, həm də
ailəmizlə olan ənənəvi
mehribanlığının, doğmalığının ifadəsi
idi. Onu da heç vaxt unutmaram ki,
yazıçılarımızın IX Qurultayında bəzi
dost saydığım adamlar dönük çıxıb mənə
arxadan bıçaq vuranda Abbas müəllim mərd-mərdanə
məni müdafiə etdi".
Ustad Mirzə
Cəlil Məmmədquluzadənin uca sənətilə
bütöv məsləkini həyat üçün də, ədəbiyyat
üçün də örnək hesab edən, böyük
satirik Mirzə Ələkbər Sabirin "Molla Nəsrəddin"
meydanlarındakı mərd-mərdanə ədəbiyyat
döyüşlərini bütün qüdrətilə elmdə
ifadə edən, Xalq şairi Rəsul Rzanı "Kişi
şair" kimi səciyyələndirən Abbas Zamanov
özü də elmdə və cəmiyyətdə tutduğu
işıqlı və dəyişməz mövqeyi ilə
Kişi alim olmağın nümunəsini göstərmişdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin dövlətçilik xəttinə və parlaq
şəxsiyyətinə xüsusi ehtiram bəsləyən vətəndaş
alim Abbas Zamanov görkəmli dövlət xadimi Moskvadan Azərbaycana
qayıtdıqdan sonra Ulu öndərlə görüşmək
üçün 1990-cı ilin noyabr ayında professor Yusif
Seyidovla birlikdə Naxçıvana gəlmiş, çox səmimi
və dərin məzmunlu söhbətlər etmişdir. Həmin görüşdən
aldığı təəssüratlar əsasında Abbas
müəllimin dediyi aşağıdakı sözlər Azərbaycan
xalqının böyük xilaskarının taleyini və xidmətlərini
çox dolğun şəkildə ifadə edir:
-
Böyük dövlət xadimi Heydər Əliyev
Naxçıvanın dağları kimi məğrur və əyilməzdir.
O, hər zaman Azərbaycan xalqı üçün gərəkli
və əhəmiyyətli şəxsiyyətdir.
Tarixi görüş zamanı vaxtilə Abbas Zamanovun
kommunist partiyaları sırasından çıxarılarkən
onun şəxsi taleyi ilə əlaqədar məsələlərin
necə həll edilməsi barədə açıq söhbətlər
olmuşdu. Azərbaycanın bir çox görkəmli şəxsiyyətləri
ilə birlikdə vətəndaş alim Abbas Zamanovu da Sovet
ideologiyasının caynağından görkəmli dövlət
xadimi Heydər Əliyev xilas etmişdir.
Bütün
bunlarla bərabər, burasını da xüsusi qeyd etməyə
ehtiyac var ki, hazırda müxtəlif ölkələrdə
yaşayıb-yaradan görkəmli alimlərin şəxsi
arxivlərində, respublikamızdakı, demək olar ki, əksər
muzeyləri və kitabxanaların fondlarında, əksər
ziyalılarımızın qovluqlarında Abbas müəllimin
göndərdiyi yüzlərlə məktublar və
teleqramı vardır. Yusif Vəzir Çəmənzəminli,
Salman Mümtaz, Əziz Şərif və başqaları kimi
nadir ziyalılarımızın ənənəsinə sadiq
qalaraq o, ünvanına gələn bütün məktublara
cavab yazmış, aldığı və yola
saldığı məktubların səliqəli kataloqunu tərtib
etmiş, böyük əksəriyyətinin surətini
çıxarıb saxlamışdır. Bu sətirlərin
müəllifinin arxivində də Abbas müəllimin
göndərdiyi bir neçə məktublar vardır. Abbas Zamanovun bənzərsiz dünyasını
bütün incəliklərinə qədər səciyyələndirən
həmin məktublardan bəzi məqamları oxuculara
çatdırmağı faydalı hesab edirəm.
"Göndərdiyin "Kitablar aləmində"
(eyniadlı jurnal nəzərdə tutulur - İ.H.) məni həm
sevindirdi, həm də kədərləndirdi. Çünki
unudulmaz dostumuz, qardaşımız Firidun Hüseynovun son
yazısı "İntibah carçısı" məqaləsi
burada dərc olunmuşdur. "Molla Nəsrəddin"
haqqında mollanəsrəddinanə məqaləsi... Bu məqaləni oxuyarkən Firidun təmkinliyi,
Firidun konkretliyi, Firidun söz demək ustalığı ilə
bir daha üz-üzə gəldim.
Firidun
nadir insan, nadir dost, nadir alim, nadir şəxs idi, daha
doğrusu, nadir şəxsiyyət idi. İndi
onun yeri hər gün görünür. ...Sevdiyi, sədaqətlə
xidmət etdiyi Vətən torpağı halaldı ona... Daha
yaza bilmirəm...
Bakı, mart, A.Z".
Görkəmli şair Hüseyn Cavidin, professor Əziz
Şərifin cənazələrinin Naxçıvana gətirilməsində
dövlət səviyyəsində həyata keçirilən
tədbirlərlə yanaşı, Abbas Zamanovun da özünəməxsus
xidməti vardır. O, hər iki tarixi dəfn mərasimində yaxından
iştirak etmiş, vida sözü söyləmişdir. Sonrakı məktublarında isə dönə-dönə
Cavidin və Əziz Şərifin məzarının
götürülməsi, abadlaşdırılması məsələləri
ilə ciddi surətdə maraqlanmışdır. Arxivimdə
həmin münasibətlə mənə, filologiya elmləri
doktoru, professor Yavuz Axundluya müraciətlə
yazılmış məktublar vardır. Yaşının
ixtiyar çağında bəzən bir ayda eyni mövzuda
üç-dörd məktub yazıb yola salmışdır.
Çox vaxt iki-üç cümlədən
ibarət olan məktublar elm və mədəniyyətimizə
qayğıya, dostluq borcuna sədaqətə nümunədir.
Böyük
müəllimimiz, vətəndaş alim, görkəmli tədqiqatçı,
professor Abbas Zamanov haqqında 2003-cü ildə Bakıdakı
"Çinar-çap" nəşriyyatında çap
etdirdiyim "Müasirləri Abbas Zamanov haqqında"kı
məqalələr və xatirələr kitabında Azərbaycan
tanınmış elm adamlarının Abbas Zamanovun şəxsiyyəti,
fəaliyyəti və xidmətlərinə dair qiymətli məqalələr
toplanmışdır.
Bir dəfə Abbas müəllim professor Əziz Şəriflə
Naxçıvana gəlmişdi. Görüşdüyümüz
vaxt hal-əhvaldan sonra professor Yavuz Axundlu məxsusi olaraq Abbas
müəllimin kefini soruşdu. Yenə də ənənəvi
cavab səsləndi: "Şikayətlənmək
üçün əsas yoxdur". Əziz Şərif
acıqlandı: - Yox bir, hələ əsas da olacaq!
Həqiqətən belədir. Keçilən məsuliyyətli
və şərəfli ömür yolu bunu qəti şəkildə
təsdiq edib.
Böyük
vətəndaş alim, professor Abbas Zamanovun 1 aprel 1993-cü
ildə dünyasını dəyişməsi ilə əlaqədar
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,
görkəmli dövlət xadimi Heydər Əliyevin
Naxçıvandan Bakıya göndərdiyi
başsağlığı teleqramındakı
aşağıdakı dəyərli fikirlər bu vətənpərvər
və fədakar elm xadiminin xidmətlərinə verilən
yüksək qiymətin ifadəsidir: "Böyük alim, Azərbaycan
elminin, ədəbiyyatının, mədəniyyətinin
inkişafında öz fədakar əməyi ilə əvəzsiz
rol oynamış Abbas Zamanovun xidmətləri unudulmazdır. Ədəbiyyatımızın bir çox ölkələrdə
tanınması və təbliğ olunması onun adı ilə
bağlıdır. Şübhə yoxdur
ki, Abbas Zamanovun yaratdığı əsərlərdən
milli mədəniyyətimiz gələcəkdə də
istifadə edəcəkdir".
Azərbaycan
Respublikasının Prezidenti İlham Əlyievin "Abbas
Zamanovun 100 illik yubileyi haqqında"kı 5 oktyabr 2011-ci il
tarixli sərəncamında "milli ədəbiyyatşünaslığın
bir məktəb kimi formalaşdırılması və
inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər
göstərmiş,.. xalqımızın
bədii-ictimai fikir tarixinin tədqiqi, eləcə də mədəni
irsimizin və mənəvi sərvətlərimizin təbliği
işinə mühüm töhfələr vermiş"
böyük vətəndaş alim barəsində dövlət
səviyyəsində səslənən fikirlər, habelə
alimin elmi irsinin nəşri və xatirəsinin əbədiləşdirilməsi
sahəsində həyata keçirilmiş tədbirlər
ölkəmizdə milli ziyalılığa, elmə və
alimə bəslənilən yüksək ehtiramın və
qayğıkeş münasibətin əməli göstəricisidir.
Bakıda və Naxçıvanda keçirilən
genişmiqyaslı simpoziumlarla, Naxçıvan MR Ali Məclisi
Sədrinin sərəncamı əsasında Naxçıvan
şəhərində yeni salınmış məhəllələrdən
birində adına verilmiş abad
küçə ilə müşayiət olunan və davam etməkdə
olan tədbirlər, haqqında çap edilən kitablar və
elmi məqalələr professor Abbas Zamanovun simasında
müstəqil Azərbaycan dövlətinin elm siyasətinin
konkret nəticələridir.
Görkəmli elm xadimi, vətəndaş alim Abbas Zamanovun anadan olmasının 110 illiyini də Azərbaycanın elmi ictimaiyyəti geniş qeyd etmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu münasibətlə keçirilmiş geniş elmi sessiyada ölkəmizin tanınmış elm adamları, onu yaxından tanıyanlar Abbas müəllim haqqında qiymətli elmi fikirlər və xoş xatirələr söyləmiş, məqalələr çap etdirmişlər.
Əməkdar elm xadimi, görkəmli vətəndaş-alim və böyük Azərbaycan ziyalısı Abbas Zamanovun elmimizin və ictimai fikrimizin inkişafı sahəsində səmərəli fəaliyyətini, Vətənə xidmət nümunəsi olan şərəfli ömür yolunu göz önünə gətirərkən və bu unudulmaz, parlaq şəxsiyyətin xatirəsinin müstəqil dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyinin şahidləri olaraq düşünürsən:
Doğrudan da, şikayətlənmək üçün heç bir əsas yoxdur, əksinə, böyük müəllimimiz, vətəndaş-alim Abbas Zamanovun xidmətləri haqqında düşünərkən daxilən qürur duymağa, iftixar hissi keçirməyə dəyər!
2011-2021
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.16-17.