Günahkarlar, yoxsa xilaskarlar?  

 

 

Külək əsdikcə taxıl dənələri ilə birlikdə sovrulan göbələk, dini baxışlar, yoxsa qara itlə qırmızı pişik bu qədər əzab-əziyyətə səbəb olmuşdu?..

 

...1692-ci ildə Amerika ərazisindəki Salem koloniyasında gənc qızların qəflətən qəribə hərəkətlər etməsi mühafizəkar puritan cəmiyyətində qorxu yaratdı. Yaşlı qadın Titubanın sehr cadularla bağlı söhbətləri qız uşaqlarının diqqətini cəlb etmişdi. Hər gün onun yanına toplaşıb bu söhbətlərə qulaq asan uşaqlar zaman keçdikcə özləri sehrbazlıq oyunları oynamağa başladılar. Kiçik qızların falçılıq oyununa aludə olub bir müddət sonra qeyri-adi davranmaları uzun müddət davam edən "ifritə ovları"nın başlanması ilə nəticələndi. Puritan qaydalarının əksinə, rəqs edən, heyvan səsləri çıxaran, torpağa atılıb yuvarlanan qızlar koloniyada əcinnələrin olduğu şübhəsini yaratdı. Bununla da, "Salem əcinnə məhkəmələri" başladı. Onların hansısa qara qüvvələr tərəfindən idarə edildiyinə inanan cəmiyyət səbəbkarları axtarmaq üçün işə başladı. Qızları sıxışdırandan sonra üç qadının adını ala bilən məhkəmə onları ruhlarla əlaqə saxlamaqda günahlandırıb mühakimə etdi. Əfsuslar olsun ki, ifritə ovundan doymayanlar bu üç qadının zindanda tək qalması ilə razılaşmadılar. Qızlar arasında getdikcə artan paranormal hərəkətlər daha çox insanın mühakimə edilməsi ilə nəticələndi. Hakimlər məhkumlardan "digər" ifritələrin kimliklərini öyrənmədən onlardan əl çəkmir, özünü xilas etməyə çalışan insanlar isə başqalarının adlarını vermədən bu məsələdən yaxa qurtara bilmirdilər. Buna görə , iki yüzdən artıq insan "Salem əcinnə məhkəmələri"nin qurbanına çevrildi. 14 nəfəri qadın olmaqla 19 insan edam edildi, təxminən, 6 nəfər həbsdə öldü. Həbs edilənlər arasında 4 yaşında kiçik bir qızla yanaşı, hamilə qadınlar da var idi. Bu hadisələrdən uzun müddət keçdikdən sonra bəzi qızlar hər şeyin zarafat olduğunu, oyun oynadıqları üçün yalan dediklərini etiraf etdilər. Ancaq həmin vaxt taxıla düşmüş zəhərli göbələyin bütün bunlara səbəb ola biləcəyi fikri daha məntiqəuyğundur. Koloniya əhalisinin böyük bir qismi əkinçiliklə məşğul olurdu yaxınlıqda yerləşən taxıl sahələrində zəhərli göbələk aşkar edilmişdi. İnsan sağlamlığına ciddi ziyan vuran bu göbələk olmayan şeylərin gözə görünməsinə, yəni qarabasmalara hallüsinasiyalara səbəb olur. Küləkli hava ilə yaşayış yerlərinə gələn zəhərli göbələk tozunun belə hadisələrə vəsilə olması fikri hər qədər məntiqli səslənsə , təsdiqlənməyib. Səbəbindən asılı olmayaraq, "əcinnə məhkəmələri"nin yüzlərlə insana əzab verməsi həyatlarının qalan hissəsinə qorxu ilə davam etməsi həqiqəti dəyişmir.

 

Bu hadisələrin Amerikada cərəyan etməsi hər şeyin amerikasayağı inkişafına səbəb oldu. Bəs bütün bunlar Azərbaycanda baş versəydi? Salemin gənc qızları rütubətli meşələrdə ocaq başına toplaşıb bir stəkan suda yumurta ağı ilə gələcəklərini görməyə çalışıbsa, biz onlardan geri qalarıqmı? Hər il Novruz bayramında su üstünə şam əridib tökən, təndirə yumurta-qələm qoyan, sapa taxılan nişan üzüyünü stəkanın divarlarına çırpmaqla evlənəcəyi yaşı öyrənməyə çalışan qadınların hamısını əcinnə hesab etsək, geriyə kimimiz qalacaq ki? Salem yerinə Bakı, ya Şəki əcinnələri gələcək nişanlısının kim olacağını görmək üçün ilaxır çərşənbə gecəyarısı ayna önünə keçəndə özü yerinə başqasını görsə, qopan həngaməni təsəvvür etmək belə çətindir. Bəlkə də, bizim gözəl insanlarımız da ifritə ovuna başlayarlar, lakin onları cəzalandırmaq üçün yox, onlardan kömək ummaq üçün. Övladlarını yarımcan edənə qədər döydürüb içindəki "cini" çıxarmağa çalışarlar, amma onların qorxudan bu hala düşdüyünü, əslində, aynada görünən tərpənişin pəncərədən düşən ağac kölgəsindən başqa bir şey olmadığına inanmazlar. Bizim insanlarımız hər zaman öz problemlərini həll etmək üçün çalışmaq əvəzinə həmin cadugərlərin ciblərini doldurarlar. Üstündən mürəkkəbə batmış qarışqa keçən kağızı yandırıb külünü yeyərlər, amma fikirlərindən dönməzlər, olmayacaq şeylərə ümid bəsləyib ağlasığmaz hərəkətlər edərlər. Xarabaya dönmüş evlərindən çıxıb əllərindəki son pulu taksiyə verərlər, saatlarla yol gedib "baxıcının" saray kimi evinə çatarlar. Hoqqabazın ağzından çıxanlara diqqətlə qulaq asıb geri qayıdarlar. Evin mansarındakı hansısa bükülü əsgini tapıb onlara cadu edildiyinə inanarlar, həyətdən tapdıqları kilidi irəli getməklərinə yeganə maneə hesab edərlər, amma gözəl insanlarımız əcinnə sevdalarından əl çəkməzlər. Qısası, bizim humanist qəlbimizdə ifritələr üçün də kifayət qədər yer var. Ölkəmizdə cadugərlərin yetişməsi üçün kifayət qədər münbit zəmin və onları kef içində yaşadacaq avamlar var. Amerikalıların vahiməyə düşüb kökünü kəsməyə çalışdıqları ifritələr "bizimkilər" üçün hər dərdə dəva qılan xilaskarlardır. Əgər Salemdə peyda olan əcinnələr Azərbaycanda bu qədər sevildiklərini bilsəydilər, bir yol tapıb mütləq bura gələrdilər. Şeyx Nəsrullahlara uyan xalqımız əcinnələrimi boş göndərər?...

 

 

Gülşən NAİL

 

525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.14.