Zahid Xəlilin "Dəmir yumruq dastanı" təqdim olundu
Elmlər Akademiyası Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda 18 Oktyabr - Müstəqilliyin
Bərpası Günü münasibətilə görkəmli
uşaq yazıçısı Zahid Xəlilin "Dəmir
yumruq dastanı" kitabının təqdimatı olub.
525.az xəbər verir ki, tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, müstəqilliyin bərpası günündə
burada həmin günün ideallarına tamamilə cavab verən bir əsərin təqdimatı
və müzakirəsi
keçirilir: "Bu, bizim
görkəmli şairimiz
Zahid Xəlilin "Dəmir yumruq dastanı"dır. Adından
da göründüyü
kimi, "Dəmir yumruq dastanı" Azərbaycan dövlət müstəqilliyi əldə
etdikdən sonra Qarabağda baş verən hadisələr, nəhayət, ölkəmizin
Prezidenti cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən Qarabağda
erməni işğalçıları
üzərində tarixi
zəfərin qazanılmasına
həsr olunub. Bu kitab ideyası
və mövzusu, bütün məntiqi və mənası ilə dövlət müstəqilliyinin inkişaf
etdirilməsinə, bugünkü
günün ideallarına
tamamilə cavab verir. Zahid Xəlil Azərbaycanda
uşaq ədəbiyyatının
yaranması və inkişaf etdirilməsində
böyük xidmətləri
olan şairdir. Zahid Xəlil Sovet hakimiyyəti illərindən
başlayaraq Azərbaycanda
uşaq ədəbiyyatının
inkişaf etdirilməsinə
böyük töhfələr
vermişdir. Müşahidələr göstərir ki, Azərbaycan ədəbiyyatının
digər istiqamətləri
ilə yanaşı, uşaq ədəbiyyatı
Sovet dövründə
daha az siyasiləşmiş,
ideologiyaya daha az yönəlmiş bir ədəbiyyat kimi formalaşmışdır".
Akademik deyib ki, uşaq
ədəbiyyatı sahəsində
on görkəmli şairimizin
içərisində Zahid
Xəlil də Azərbaycanda uşaq ədəbiyyatını formalaşdıran,
inkişaf etdirən, zənginləşdirən, irəli
aparan sənətkarlarımızdandır:
"Zahid Xəlil əsasən şeir yaradıcılığı ilə
məşğul olur,
lakin onun uşaqlar üçün
yazdığı nağılvari
süjetləri əks
etdirən nəsr əsərləri də özünəməxsus dilə,
üsluba, orijinal bədii keyfiyyətlərə
malikdir. Onun tərcümə və uşaq ədəbiyyatının tədqiqi
sahəsində də
xidmətləri var. Yəni
uşaq ədəbiyyatı
anlayışını əhatə
edən atributların
bütün istiqamətində
Zahid Xəlilin böyük əməyi, ciddi fəaliyyəti və uğurları vardır. Uşaq ədəbiyyatına həsr edilmiş ömür uşaqlara həsr edilmiş ömürdür. Uşaqlara həsr
edilmiş ömür
isə ölkənin gələcəyinə həsr
edilmiş ömürdür".
Akademik İ.Həbibbəyli vurğulayıb ki, "Dəmir yumruq dastanı" Qarabağ savaşında - Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfərə həsr olunub. Əsər "Dəmir yumruq dastanı" adlandığı üçün dastan poetikasının prinsiplərinə əsasən şeirlə nəsrin növbələşməsindən yaranıb: "Bu əsəri uğurlu ədəbi hesabat kimi qiymətləndirirəm. Müstəqilliyin bərpası günü bu əsərin müzakirəsi xüsusi əhəmiyyətə malikdir. Təklif edirəm ki, uşaq ədəbiyyatı sahəsi üzrə Abdulla Şaiq adına mükafat təsis edilsin və onun ilk laureatı Zahid Xəlil seçilsin".
Sonra filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti Şöhrət Məmmədova "Zahid Xəlilin yaradıcılığı", Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova "Dəmir yumruq" əsəri vətən müharibəsinin bədii salnaməsi kimi", Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı "Dəmir yumruq" haqqında dastan - uşaqlara zəfər töhfəsi", Uşaq ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Ağazadə "Dəmir yumruq dastanı"nda folklor motivləri mövzularında məruzə ediblər.
Digər iştirakçılardan Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, F.Köçərli adına uşaq kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, şairin qardaşı Tofiq Xəlil, Məzahir Səmədoğlu, İbrahim Yusifoğlu, professor Rafiq Yusifoğlu çıxış edərək, müzakirəsi keçirilən kitabın əhəmiyyətindən danışıblar.
525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.12.