Mən səni sevirəm, Vətən!..
20 oktyabr Zəngilan şəhərinin işğaldan
azad olunduğu gündür...
Təqvimin mübarək, Vətən!
Bu sözləri söyləmək
üçün 60 ildən
çox yaşamalıydım,
əslində, sən
mənim olmayanda da sevdim səni,
27 il həsrətini çəkdim, hər gün səni sevdim və elə hər gün də unutdum, başımı iş-güclə, vərdişlə
qatdım, tez-tez özümü ovutdum, güldüm, qəhərləndim,
amma özümü boğdum ki, sənə çatım,
sənə yetim, sarılam sənə və ... səndə dəfn olunum, bir qarış torpağın olum.
Atam-babam burda doğuldu, mən də elə burada - Zəngilanda, Üdgün obasında dünyaya gəldim. Doğulduğu torpaqda dəfn olunmaq yaradanın bir lütfümü, ilahi?!
Yerində yerin dururmu, de görüm?
Göyündə göyün dururmu, de görüm?
Sonunda neçə ildi -
gecəli-gündüzlü
ulduz sayı,
ay sayı,
Günəş sayı yaşadım, Vətən.
Yaşadım, özgə kimi
yaşadım -
qürbət kimi,
qərib ölkə
kimi yaşadım, Vətən.
Nə yaxşı
ki, Tanrı bu şansı mənə çox görmədi. Sənə yetişməyimə bəlkə də günlər qalıb, Vətən.
... İndi payızdır, yəqin indi köçəri quşlar da uçub gedib, yəqin indi oturaq boz sərçələrin
çinədanı boş
qalıb.
İndi
Narlı dərənin
susuzluqdan çatlamış
od rəngli
turş dənələrini
dişimə sıxmaq
istərdim.
Kəklikotunun dili ağzında yandı, yəqin.
Yəqin indi dağ nanəsinin
tikan-dırnaqları öz
ətinə-bətninə batır.
Yəqin qaratikan kolları ağ-qara şəkil kimi çöllərə
səpələnib.
Yəqin yollar əynini dəyişməyə hələ
vaxt tapmıyıb.
Kirəmit damlı evlərin ayıbı örtülməyib
yəqin - yəqin navalçaları çoxdandı
su başına çıxmır.
Yəqin yadigar yazılan yazıları oxunmur məzarlığın.
Mən səni sevirəm, Vətən!..
***
Mən bir Dağdağan ağacıyam, Vətən!
Kəndimizdə Qocam ölən çinarın üst tərəfində, böyük bir yarğanın qaşında, qayaların arasında dağdağan ağacı vardı, onun meyvəsinə də, budağına da su salmazdıq. Amma qarda, yağışda soyuqdan, istidən daldalanmaq üçün onun köksünə sığınardıq, onun bitdiyi oyuq mağara bizi ildırımdan, tufandan qoruyardı.
Bu şəhərdə onu çoxları heç tanımazlar, sevməzlər. Dağdağan dağlıq bölgələrdə bitir, quraq yerlərdə də uzun müddət susuz yaşaya bilir, bəd nəzərdən, yaman gözdən adamı qoruyur. Gözqaytaran bitkidir. Onu tez-tez qırırlar, düyünlər bağlayırlar. Kölgəsi qalın, dibi sərin olur. Payız vaxtı üstü nazik qabıqla örtülü, kiçik, amma çox dadlı meyvələri yetişir. Əsl yeməli vaxtıdır yəqin.
Mən bir dağdağan ağacıyam, Vətən! Mənim meyvələrim mənim yazılarımdır. Adına yazdığım yazıları sənə təslim etməyə gec qaldım, Vətən!..
Mən bu yazıları məcburi köçkün həyatı yaşadığım başkənddə yazdım. 27 il o kənddən, o qəsəbədən uzaqda - bircə dəfə ürəyim çəkiləndə görmək istədiyim, nə acı ki, burnumun ucu göynəyəndə görə bilmədiyim doğma yurddan uzaqda yazdım. İndi bu yazılarımı dağarcığıma yığıb, doğulduğum kəndə aparmaq istəyirəm.
Mən bu yazıları gözünü qırpmadan könlünü halal işin altına verməyə can çəkməyənlər üçün yazdım, sadə və sadədil torpaq adamları üçün, Kərbəlayı Kərimxanın nəticələri, kötücələri üçün, Qara Məmməd üçün, Həmid üçün, Ağabəyoğulları üçün, Səfqulu üçün, Muzdur Paşanın, Palançı İbişin, Molla Əzizin, Keçəl Hüseynin... nəvə-nəticələri üçün yazdım.
Və Allaha qurban olum ki, O, mənə arzuolunmaz yollardan uzaq durmağıma yardımçı oldu.
Mən səni sevirəm, Vətən!..
Xosrov Natil
525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.11.