Əlvida, Elnur!
Koronavirusdan dünyasını dəyişən tanınmış
telejurnalist dəfn olundu
Oktyabrın 19-da koronavirusdan vəfat edən tanınmış
telejurnalist, Azərbaycan
Cüdo Federasiyasının
mətbuat xidmətinin
rəhbəri, baş
katibinin müavini Elnur Əşrəfoğlu
dəfn olunub. O, Saray qəbiristanlığında torpağa
tapşırılıb. Dəfn mərasimində
mərhumun yaxınları
ilə yanaşı, idman ictimaiyyəti və jurnalistlər iştirak edib.
Qeyd edək
ki, bir müddət
əvvəl koronavirusa
yoluxmuş Elnur Əşrəfoğlu "Yeni
Klinika"da müalicə
alırdı. O, ECMO aparatına
qoşulmuşdu. Tanınmış jurnalist srağagün vəfat edib.
"MİSTER
NO PROBLEM DÜNYASINI DƏYİŞDİ"
E.Əşrəfoğlunun vəfatı ilə əlaqədar Beynəlxalq
Cüdo Federasiyasının
rəsmi saytında yazı yayımlanıb. "Mister No
Problem dünyasını dəyişdi"
başlıqlı yazıda
E.Əşrəfoğlunun bir jurnalist və
Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi
kimi fəaliyyətindən
ətraflı bəhs
edilib.
Yazıda BCF-nin media komandasının üzvü Pedro Lusyenin Elnur haqda xatirələrinə
yer verilib və o, gülərüz,
pozitiv insan kimi xarakterizə edilib.
"Yayımla bağlı çətinliklər var...
O deyirdi ki, problem yoxdu, həll olunar. Zəif internet var? Problem
yoxdur, həll edilər. Otelin restoranı gecə uzun iş rejimindən
sonra bağlıdır?
O deyirdi ki, problem yoxdur, həll olunar. Elnur həmişə yanımızda olurdu və hər dəfə eyni cavabı verirdi. O, təşkilati işlərlə
bağlı yaranan problemləri həll edirdi" - deyə yazıda bildirilir.
ƏFLATUN
AMAŞOV:
"ELNURUN
YOXLUĞU ÇOX AĞIRDIR"
Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov özünün
feysbuk səhifəsindəki
paylaşımında yazıb:
"Neçə vaxtdır,
ümüdlə gözləyirdim. Gözləyirdim ki, möcüzə olacaq. Olmadı! Olmadı!
Amansız COVİD Elnuru da aldı
əlimizdən, kisəmizdən
götürdü. Sarsıldım. Çox sarsıldım. Yaxşı jurnalistin
yetişməsi çətin
prosesdir. Yaxşı idman
jurnalistinin yetişməsi
sahənin spesifikliyi baxımdan daha çətindir, məncə.
Elnur yetişmişdi, püxtələşmişdi.
Elnur Əşrəfoğlu adlı
imza sahibiydi Elnur. Elnur həm də
sadə, səliqəli,
böyük-kiçik yeri
bilən, qayğıkeş
bir insan olaraq da yetişmiş,
formalaşmışdı. Bütün bunlara və sadalamadığım bir çox insani keyfiyyətlərinə görədir
ki, yoxluğu çox ağırdır.
Hədsiz ağır.
Jurnalist Elnur Əşrəfoğlunun
doğmalarına, əzizlərinə,
dostlarına və həmkarlarına dərin
hüznlə başsağlığı
verirəm.
Allah rəhmət eləsin. Nur içində
yatsın!"
"NƏ
BELƏ BİR YER GÖRMÜŞƏM, NƏ DƏ BAYRAQLI
MAŞINA MİNMİŞƏM..."
2003-2006-cı illərdə Azərbaycanın İstanbuldakı
Baş konsulu vəzifəsində çalışan
İbrahim Nəbioğlu
isə Elnur Əşrəfoğlu ilə
bağlı illər öncəki xatirəsini bölüşüb. O, bu barədə özünün
feysbuk hesabında yazıb:
"2003-cü ilin avqust
ayının sonları
idi. İstanbula yenicə
Baş konsul təyin olunmuşdum. Qərargahı İstanbulda olan
Türk Silahlı Qüvvələrinin 1-ci Ordu
komandanlığına təbrik
ziyarətinə gedirdim.
Türk Ordusunun önəmli komandanlarından biri, Orgeneral (Ordu generalı) Yaşar Büyükanıt yenicə
1-ci Ordu Komandanı təyin olunmuşdu.
Azərbaycan Dövləti adından
Yaşar Paşanı
təbrik ziyarəti üçün Bosforu Avropadan Asiyaya keçirdim.
Yolda qardaşım zəng vurdu ki, Elnur
İstanbuldadır, sənin
nömrəni istədi,
mən də verdim dedi. "Yaxşı elədin"
dedim, "Zəng eləsin, mütləq görüşəcəm", - əlavə elədim.
"Yox, sən zəng vur, abırlı adamdır axı, birdən narahatlıq vermək istəməz", - qardaşım
israr etdi.
Elnur mənim keçmiş iş yoldaşım idi, bir-birimizi çox istəyirdik. Amma qardaşımla daha çox yaxınlıq edirdi. Məndən yaşca kiçik olduğu üçün
yəqin...
Elnura zəng vurdum maşından. Sabah İstanbuldan hansısa idman yarışı üçün hansısa ölkəyə uçacağını dedi. "Olduğun yerdə qal, indi maşın gəlib səni tapacaq" söylədim...
1-ci Ordu Komandanlığı İstanbulun Anadolu yaxasında - Asiyadakı tarixi Selimiye Kışlasında yerləşir. Türk Hərb Tarixinin önəmli hadisələrinə səhnə olan bu əfsanəvi məkana ayaq basmaq, oranın havasını tənəffüs etmək hər bir insan üçün əlçatmaz bir xəyaldır. Telefonumu sürücüyə verib Yaşar Paşanın üst mərtəbələrdə yerləşən möhtəşəm otağına çıxdım...
Görüşdən sonra Yaşar Paşa nəzakətlə məni yola salanda yavəri bizə yaxınlaşıb yavaşca nəsə dedi. Fanatik futbol həvəskarı olan Yaşar Büyükanıt mənə tərəf dönüb gülümsəyərək "Sizin önəmli spor spikeriniz kapıdaymış" dedi və əlavə etdi: "Buraları gezdirmişler" (Selimiye Kışlasına girmək normal şərtlərdə nəinki çətindir, mümkün deyil).
Binadan çıxanda Elnur sevinclə mənə sarılıb dedi: "Dünyanın çox ölkəsində olmuşam, nə belə bir yer görmüşəm, nə də bayraqlı maşına minmişəm..."
Sürücüm Mehmet Elnurun dalınca gedəndə xidməti maşındakı Azərbaycan bayrağını (xaricdəki diplomatik missiyaların başçılarının xidməti maşınlarında sağ tərəfdə təmsil etdiyi ölkənin bayrağı dalğalanır) çıxarmayıb ki, gecikməsin, ehtiyat zolaqdan sürsün avtomobili. Elnur da Selimiyeye gələndə yolboyu polislər ona salam verib, maşına öncəlik tanıyıblar.
Axşam Üsküdarda, Bosforun sahilindəki balıq restoranlarından birində Elnurla gecəyarısına qədər dadı damağımızda qalan bir axşam yeməyi yedik, doyunca söhbət etdik.
Bu dəqiqə, bu sətirləri yazarkən onun gülən üzü gözümün önündən getmir.
Çox kədərliyəm. Sarsılmışam.
Əlvida, əziz dost!
Torpağın bol olsun!"
525-ci qəzet.- 2021.- 21 oktyabr.- S.16.