Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər
ölməz, Vətən bölünməz!
Həyat
nə qədər şirin olsa da, ölüm heç bir insan
övladının qaça bilməyəcəyi tale
yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də deyirlər
buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər
kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
ötən ilin sentyabr ayında başlanan və 44 gün
davam edən Vətən müharibəmiz 30 ilə yaxın
erməni işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə
yazıq ki, bu müharibəmiz də qurbanlarsız
ötüşmədi. Azərbaycanın üç minə
yaxın qəhrəmanı torpaqlarımızın azadlığı
uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə
igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz:
shahane.mushfiq@gmail.com
***
Fəqan
Vahid oğlu Məmmədov 1998-ci il iyunun 27-də Zaqatala
rayonunun Yeni Suvagil kəndində anadan olub.
2004-2015-ci
illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd
tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Kinorejissorluq fakültəsində təhsil
alıb. Nişanlı idi.
Milliyyətcə
çaxur olan Fəqan kinoşünas idi, 2019-cu ildə həqiqi
hərbi xidmətə yollanmışdı. Çavuş
rütbəsi daşıyan Fəqan manqa komandiri idi. Vətən
müharibəsinə qədər Azərbaycan Silahlı
Qüvvələrinin N saylı hərbi hissəsində xidmət
edirdi.
Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri olan Fəqan Məmmədov
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Ağdamın azadlığı
uğrunda gedən döyüşlərdə iştirak edib.
O,
oktyabrın 6-da Ağdam döyüşləri zamanı
döyüş tapşırığını yerinə yetərərkən
qəhrəmancasına şəhidlik zirvəsinə
ucalıb.
Cəbhənin
Ağdam istiqamətində gedən döyüşlərdə
Azərbaycan ordusunun əsgərləri Ermənistan Ordusunun əsgərlərini
mühasirəyə alıb və Ermənistan ordusunun hərbçiləri
ağ bayraq qaldırıb. Fəqan Məmmədov onlara
yaxınlaşmaq istədikdə isə Ermənistan ordusunun əsgərləri
əl qumbarasından istifadə ediblər. Bu zaman Fəqan
özünü sipər edərək döyüş
yoldaşlarını xilas edib. Atası da I Qarabağ
savaşının iştirakçısı olan şəhidimiz
Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa
tapşırılıb.
O, 2021-ci
ilin yanvarında xidmətini başa vurub təhsilini davam etdirməyi
düşünürdü. Ən böyük arzusu isə
Qarabağ müharibəsi ilə bağlı
çoxseriyalı film çəkmək olan şəhidimizin
öz qəhrəmanlıq hekayəsi film mövzusuna
çevrildi.
Fəqan
Məmmədov şəhadətindən sonra "Vətən
uğrunda" və "Ağdamın azad olunmasına
görə" medalı ilə təltif edilib.
***
Samir
Möhlət oğlu Qəfərli 1 noyabr 1994-cü ildə
Ucar rayonunun Bərgüşad kəndində anadan olub.
2001-ci ildə
Ucar rayon Bərgüşad kənd Şəhid Ağamusa
Mustafayev adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə
daxil olub. 2012-ci ildə həmin məktəbi bitirən Samir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin kulturologiya fakültəsinə qəbul olub.
Muzeyşünaslıq, arxiv işi və abidələrin
qorunması ixtisası ilə təhsilini davam etdirib.
Təhsilində
bir müddət fasilə yaranan Samir 2016-cı ildə təhsilini
yenidən davam etdirib və 2019-cu ildə həmin universiteti
bitirib. Təhsil aldığı müddətdə Samir Qəfərli
Xəzər TV-də yayımlanan "Ata ocağı"
serialına çəkilib.
2019-cu
ilin oktyabr ayında hərbi xidmətə yollanıb.
Azərbaycan
Ordusunun əsgəri olan Samir Qəfərli 2020-ci il
sentyabrın 27-dən başlanan Vətən müharibəsində
iştirak edib. Sonuncu dəfə ailəsi ilə 15 oktyabrda əlaqə
saxlayıb və hər şeyin yaxşı olduğunu deyib,
nigaran qalmamağı tapşırıb. Cəbrayılın,
Qubadlının azad edilməsi uğrunda gedən
döyüşlərdə vuruşub. O, 30 oktyabr 2020-ci ildə
Laçın istiqamətində gedən döyüşlərdə
döyüş tapşırığının yerinə
yetirilməsi zamanı şəhid olmuşdur. 31 oktyabr 2020-ci
ildə Ucar rayonunun Bərgüşad kəndində 18
yaşındaykən itirdiyi mərhum anasının yanında
torpağa tapşırılıb.
Samir Qəfərli
şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Qubadlının azad olunmasına görə"
və "Laçının azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Süleyman
Loğman oğlu Bağırov 1992-ci il fevralın 1-də
Sabirabadın Sarxanbəyli kəndində doğulub. Həmin
ildən valideyinləri ilə birlikdə Şirvan şəhərinə
köçüb. Bağırovlar ailəsinin 3 oğul
övladından ilki olan Süleyman, 1999-cu ildə Şirvan
şəhərindəki şəhid Məftun Osmanov adına
20 nömrəli məktəbin 1-ci sinifinə daxil olub.
S.Bağırov, eyni zamanda, şahmat məktəbində təhsil
alıb.
2005-ci ildə
14 yaş oğlanlar arasında Nizami Gəncəvinin xatirəsinə
həsr olunmuş 3-cü respublika şahmat turnirində 1-ci
yeri tutub. Davamında, 2005-ci ildə 12 noyabr Konstitusiya
gününə həsr olunmuş şahmat
yarışında və Xocalı faciəsinə həsr
olunmuş şahmat turnirində 1-ci yerə layiq
görülüb. 2010-cu ildə 20 nömrəli məktəbi
bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinə
daxil olub. O, tələbəlik illərində universitetin Tələbə
Gənclər Təşkilatının üzvü olmaqla
yanaşı, həm də ictimai əsaslarla bir neçə
televiziya kanalları ilə əməkdaşlıq edib.
2010-2014-cü illərdə Rəssamlıq fakültəsi, Sənətşünaslıq
ixtisası "Təsviri sənət tarixi və nəzəriyyəsi"
ixtisaslaşması üzrə təhsil alıb.
2015-ci ildə
universiteti bitirdikdən sonra Ağdam rayonunun N saylı hərbi
hissəsində həqiqi xidmətə başlayıb. Burada
da Azərbaycan Silahlı Qüvvələri arasında baş
tutan şahmat turnirində 1-ci yerə layiq görülüb.
O, xidməti dövründə hərbi təhsilə cəlb
edilib, C.Naxçıvanski adına Hərbi Liseydə oxuyaraq
leytenant rütbəsini qazanıb.
Süleyman
ilk dəfə hərbi xidməti dövründə
motoatıcı olaraq müxtəlif hərbi təlimlərdə
iştirak edib. Sərrast atıcı hədəflərin
düzgün nişan alınmasında və əməliyyatların
yerinə yetirilməsində əsl hərbçi fəallığı
göstərib.
2016-cı
ildə Azərbaycan tarixinə 4 günlük müharibə
kimi daxil olan Aprel döyüşlərində iştirak edib.
Şəhid general-mayor Polad Həşimov Süleymanın
komandiri olub.
S.Bağırov
ordu sıralarında təxris edildikdən sonra Şirvan şəhərindəki
marketdə administrator vəzifəsində
çalışıb. Eyni zamanda, aktiv gənc olduğu
üçün Şirvan Gənclər Evində
könüllü şəkildə aktiv fəaliyyət
göstərib.
Leytenant
Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsinə 29 sentyabr tarixində
könüllü olaraq qoşulub. O, Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb və oktyabrın 8-də Füzuli
döyüşləri zamanı qəhrəmancasına şəhidlik
zirvəsinə ucalıb. Noyabrın 13-də Şirvan şəhərinin
Şəhidlər xiyabanında dəfn olunub.
2019-cu
ilin 15 dekabr tarixində Mehriban xanımla ailə quran şəhidimizin
şəhadətindən sonra dünyaya gələn qız
övladı vətənə əmanət qalıb.
Süleyman
Bağırov şəhadətindən sonra "Vətən
uğrunda" medalı ilə təltif edilib.
***
Vüsal Əli
oğlu İbişov 1999-cu ilin iyun ayının 19-da
Ağsunun Gəgəli kəndində doğulub. Atası Əli
Əlləzi oğlu İbişov Azərbaycan dili və ədəbiyyatı
müəllimi işləyib, Həqiqət Musayev adına Gəgəli
kənd ümumi orta məktəbin direktoru, anası Xatirə
Şakir qızı İbişova isə evdar qadın olub.
Vüsal
2006-2017-ci illərdə Sahib Mütəllimov adına Gəgəli
kənd tam orta məktəbində təhsil alıb.
Məktəbi
bitirdikdən sonra Beyləqan korpusu N saylı hərbi hissədə
kəşfiyyatçı kimi hərbi xidmət keçib.
2019-cu ilin aprelində hərbi xidməti başa vurduqdan sonra Gəgəli
kəndinə qayıdıb. Sonra isə Bakıda inşaat
şirkətlərinin birində işləməyə
başlayıb.
Pandemiya başladıqdan sonra kəndə
qayıtsa da, 2020-ci ilin sentyabrın 21-də yenidən
könüllü hərbi xidmətə yollanıb. Müharibədə
Suqovuşan və Ağdərə istiqamətində
döyüşlərdə kəşfiyyatçı kimi
iştirak edən Vüsal oktyabrın 18-də Ağdərə
istiqamətində yaralı əsgər yoldaşını
xilas etməyə çalışarkən düşmənin
snayperdən açdığı atəş nəticəsində
şəhidlik zirvəsinə ucalıb. O, Ağsu rayonu Gəgəli
kəndi Zeyvə nənə qəbiristanlığında dəfn
olunub. Gəgəli kəndində onun xatirəsinə müxtəlif
abidələr ucaldılıb.
Vüsal
İbişov şəhadətindən sonra "Vətən
uğrunda" medalı ilə təltif edilib.
***
Afər
Yafət oğlu Orucov 1996-cı il martın 13-də Quba
rayonunun Aşağı Atuc kəndində anadan olub.
Azərbaycanın
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu
olan Afər Orucov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzulinin və Şuşanın
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb və noyabrın 7-də Şuşa
döyüşləri zamanı qəhrəmancasına şəhidlik
zirvəsinə ucalıb.
Afər
Orucov şəhadətindən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə"
və "Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Ramil
Nuralı oğlu Quliyev 1981-ci il yanvarın 28-də Kürdəmir
rayonunun Qarasu kəndində anadan olub. 1987-ci ildə Elşad
Qurbanov adına orta məktəbdə təhsilə
başlayıb. Orta məktəbi bitirdikdən sonra 1999-cu ildə
hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa
vurduqdan sonra 2001-ci ildə gizirlik kursunda oxuyub. Kursu bitirdikdən
sonra kiçik gizir kimi xidmətə başlayıb.
O, 21 il 3
ay vətənə xidmət edib. Nümunəvi xidmətinə
görə müxtəlif zamanlarda “10 il qüsursuz xidmətə
görə”, “15 il qüsursuz xidmətə görə”,
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi"
yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100
illiyi" yubiley medalı və "Qüsursuz xidmətə
görə" 1-ci dərəcəli medalı ilə təltif
olunub.
Azərbaycan
Ordusunun baş giziri olan Ramil Quliyev 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Sentyabrın 30-da Füzuli döyüşləri
zamanı qəhrəmancasına şəhidlik zirvəsinə
ucalıb. Kürdəmir rayonunun Qarasu kəndində dəfn
olunub.
Ailəli
olan şəhidimizin vətənə əmanət 2 oğlu və
1 qızı qalıb.
Ramil
Quliyev şəhadətindən sonra "Vətən uğrunda",
"İgidliyə görə", "Füzulinin azad
olunmasına görə" və "Qubadlının azad
olunmasına görə" medalları ilə təltif
edilib.
***
Afiq Fərhad
oğlu Qulamlı 24 dekabr 1996-cı ildə Xırdalan şəhərində
doğulub. Orta təhsilini 2003-2014-cü illərdə
Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə
aldıqdan sonra hərbi xidmətə yollanıb.
2015-ci ildən
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan
Afiq 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən
Aprel döyüşlərində iştirak edib.
Hərbi
xidməti başa vurduqdan sonra müxtəlif işlərdə
çalışıb, mülki fəaliyyət göstərib.
2020-ci
ilin 14 iyulunda Tovuz döyüşləri zamanı general-mayor
Polad Həşimovun şəhid olmasından sonra
başlanan səfərbərliklə
21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına
çağırılıb.
Afiq
Qulamlı 2020-ci il sentyabrın 27-dən başlanan Vətən
müharibəsində iştirak edərək Füzulinin, Cəbrayılın,
Xocavəndin azadlığı uğrunda gedən
döyüşlərdə vuruşub. 19 oktyabr 2020-ci ildə
Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində
döyüş tapşırığının yerinə
yetirilməsi zamanı şəhidlik məqamına yüksəlib.
Afiq
Qulamlı şəhadətindən sonra "Vətən
uğrunda" və "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Aqil Əli
oğlu İsmayılov 1996-cı il iyulun 18-də Şərurun
Çomaxtur kəndində anadan olub. 2002-ci ildə
Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinfinə daxil
olur. 2009-cu ildə 8-ci sinifi bitirərək Çəmşid
Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil olub.
2018-ci ildə
"leytenant" hərbi rütbəsi ilə xidmətə
başlayır. 1 il pilotluq kursları keçdikdən sonra
Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) daxil olmaq
üçün "Təməl komando kurslarına"
qatılır. Aqil üçün ən ağır kurs
Gürcüstan Dağ komando kursu olur, lakin 500 nəfər
iştirakçıdan müvəffəqiyyətlə xidmətini
tamamlayan 40 zabitdən biri olaraq kursu bitirir.
Leytenant
Aqil İsmayılov Xüsusi kəşfiyyat
taqımının xüsusi kəşfiyyat qrup komandiri,
çevik kəşfiyyat taqımının çevik kəşfiyyat
qrup komandiri kimi xidmət edib, bir çox kursları fərqlənmə,
sertifikat və döş nişanı ilə bitirib.
2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Murovdağ istiqamətində gedən
döyüşlərdə savaşıb və sentyabrın
28-də Murovdağ döyüşləri zamanı şəhidlik
zirvəsinə yüksəlib. Şərur rayonunda dəfn
olunub.
Aqil
İsmayılov şəhadətindən sonra "Vətən
uğrunda" və "Hərbi xidmətlərə görə"
medalları ilə təltif edilib.
***
Alim Mirzə
oğlu Yoldaşov 10 mart 1997-ci ildə Biləsuvar rayonunun Nəsimikənd
kəndində anadan olub. Nəsimikənd kənd tam orta məktəbində
orta təhsilini alıb.
Alim
Yoldaşov Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən
başlayan Vətən müharibəsində iştirak edib və
düşmən hücumunun qarşısını alarkən
qəhrəmancasına şəhidlik məqamına
ucalıb. O, 28 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd
məzarlığında dəfn olunub.
Alim
Yoldaşov şəhadətindən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə"
və "Cəsur döyüşçü"
medalları ilə təltif edilib.
***
Amil Bədrəddin
oğlu Rüstəmov 1995-ci il dekabrın 10-da Tovuzun
Bayramlı kəndində anadan olub.
Azərbaycan
Ordusunun əsgəri olan Amil Rüstəmov 2020-ci il
sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri
tərəfindən Ermənistan işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün başlanan Vətən müharibəsi
zamanı Qubadlının və Şuşanın
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb və noyabrın 8-də Şuşa
döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda
dəfn olunub.
Amil
Rüstəmov şəhadətindən sonra "Vətən
uğrunda", "Qubadlının azad olunmasına görə"
və "Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Atəm
Vaqif oğlu Əliyev 1982-ci il dekabrın 16-da
Ağdaşın Abad kəndində doğulub.
1989-1996-cı
illərdə Abad kənd tam orta məktəbində,
1996-2000-ci illərdə isə Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə təhsil
alıb. 2000-2004-cü illərdə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali
hərbi təhsil alıb.
O,
nümunəvi xidmətinə görə müxtəlif illərdə
"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi"
yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə
görə" 3-cü dərəcəli medalı, "Azərbaycan
Ordusunun 100 illiyi" yubiley medalı və "Qüsursuz xidmətə
görə" 2-ci dərəcəli medalı ilə təltif
olunub.
Polkovnik-leytenant
Atəm Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Murovdağ istiqamətində gedən
döyüşlərdə savaşıb. Oktyabrın 2-də
Murovdağ döyüşləri zamanı qəhrəmancasına
şəhidlik məqamına yüksəlib. Uzun müddət
nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 24-də Ağdaş
rayonunun Abad kəndində dəfn olunub.
Ailəli
olan şəhidimizin bir oğlu və bir qızı Vətənə
əmanət qaldı.
Atəm Əliyev
şəhadətindən sonra "Vətən uğrunda"
və "Kəlbəcərin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Aydın
Bayramov Mətləb oğlu 2 avqust 1997-ci ildə Qəbələ
rayonunun Əmirvan kəndində anadan olub. Orta təhsilini Əmirvan
kəndi Yadigar Vəliyev adına tam orta məktəbdə
alıb.
2015-ci hərbi
xidmətə gedib, Qusar rayon hərbi hissəsində kəşfiyyatçı
kimi başa vurub.
2016-cı
ildə Aprel döyüşlərində kəşfiyyatçı
kimi iştirak edib.
Azərbaycan
Ordusunun əsgəri olan Aydın Bayramov 2020-ci il sentyabrın
27-də başlanan Vətən müharibəsidə
Murovdağ, Talış kəndi, Ağdərə istiqamətində
gedən döyüşlərdə vuruşub. O, oktyabrın
9-da Ağdərə rayonu istiqamətində gedən
döyüşlər zamanı şəhidlik məqamına
yüksəlib. Qəbələ rayonu Əmirvan kənd qəbirstanlığında
dəfn olunub.
Aydın
Bayramov şəhadətindən sonra "Vətən
uğrunda" medalı ilə təltif edilib.
***
Bağır
Əsəd oğlu Ələkbərov 1995-ci il fevralın
10-da Naxçıvanda doğulub. 2001-2012-ci illərdə Culfa
rayonunda 3 nömrəli tam orta məktəbdə təhsil
alıb.
2013-2014-cü
illərdə Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən
artıq həqiqi hərbi xidmətə başlayıb və
hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin
Naxçıvan şəhərində yerləşən N
saylı hərbi hissəsində "gizir" hərbi
rütbəsində snayper olaraq davam edib. Xidmətdə
olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə
göndərilib.
2018-ci il
mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində
baş verən hərbi əməliyyatlarda savaşıb.
Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların
nəticəsində Günnüt, "Ağbulaq" strateji
nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan
Silahlı Qüvvələri tərəfindən
işğaldan azad edilib. Bağır Ələkbərov da hərbi
əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin
sıralarında olub və döyüş
tapşırığını yerinə yetirib.
Gizir
Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı Tehran Mənsimov
tərəfindən idarə olunan qrupun heyətində olub.
Füzulinin və Hadrut qəsəbəsinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb və 15 yaşayış məntəqəsinin
işğaldan azad edilməsində rolu olub. O, oktyabrın 15-də
Hadrut döyüşləri zamanı qəhrəmancasına
şəhidlik zirvəsinə ucalıb və
Naxçıvanda dəfn olunub.
Bağır
Ələkbərov şəhadətindən sonra "Vətən
uğrunda", "İgidliyə görə",
"Şuşanın azad olunmasına görə",
"Füzulinin azad olunmasına görə" və
"Xocavəndin azad olunmasına görə" medalları
ilə təltif edilib.
***
Babək
Meyvəddin oğlu Ramaldanov 1982-ci il avqustun 9-da Bakıda anadan
olub. Əslən Qusar rayonundandır. Milliyyətcə ləzgidir.
1989-1997-ci
illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə,
1997-2000-ci illərdə isə Cəmşid
Naxçıvanski adına Hərbi Liseydə təhsil
alıb. 2000-2004-cü illərdə Heydər Əliyev
adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM),
2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin
Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. Onun
dayısı Azərbaycan Silahlı Qüvvələrinin
zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.
Babək
Ramaldanov nümunəvi xidmətinə görə müxtəlif
illərdə "Azərbaycan Silahlı Qüvvələrinin
90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı
Qüvvələrinin 95 illiyi" yubiley medalı,
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli
medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley
medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli
medalı, həmçinin, bir sıra fəxri fərman və
təşəkkürnamələrlə təltif olunub.
Polkovnik-leytenant
Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Cəbrayılın və
Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb və oktyabrın
16-da Füzuli döyüşləri zamanı şəhidlik
zirvəsinə yüksəlib. II Şəhidlər
xiyabanında dəfn olunub.
Ailəli
olan şəhidimizin Ramaldan və Süleyman adında 2
oğlu yadigar qalıb.
Babək
Ramaldanov şəhadətindən sonra "Azərbaycan
Bayrağı" ordeni, "Vətən uğrunda" və
"Cəbrayılın azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Bayram İlqar oğlu Babaşov 1993-cü il iyulun 9-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.
2009-2012-ci illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb.
Baş leytenant Bayram Babaşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib.
Ailəli olan şəhidimizin bir övladı Vətənə və xalqa əmanət qalıb.
Bayram Babaşov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
***
Bəxtiyar Saleh oğlu İslamov 1997-ci il iyunun 11-də Şirvan şəhərində anadan olub.
O, 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Bəxtiyar İslamov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şirvan şəhərində dəfn olunub.
Bəxtiyar İslamov şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 21 oktyabr.-
S.14-15.