Türk sevdalısı:  ahıskalı alim və şair Yunus Zeyrək

 

 

Türk dünyasının böyük şairi Yunus İmrənin belə bir kəlamı var: "Bir bən var bəndən içərdə". Mən bu sözləri digər bir sevdiyim şairlə - Yunus Zeyrəklə görüşəndə xatırlayırdım. Hər görüşümüzdən, söhbətimizdən bir daha anlayırdım ki, Yunus Zeyrəyin söyləmədikləri söylədiklərindən çoxdur, bildikləri yazdıqlarından artıqdır, içində yaşananlar gerçəkdə etdiklərindən fazladır və bunlar heç vaxt söylənməyəcək, heç vaxt yazılmayacaq. Müdriklərin içində elə mətləblər olur ki, onlar heç zaman səslənmir, sükutla, baxışla, ifadəylə çatdırılır. Yunus bəyin daxili aləmi də belə mətləblərlə, səslənməyən düşüncələrlə, həqiqət axtarışlarıyla, emosional yaşantılarla zəngindir.

 

Mən Yunus bəyi öncə alim kimi tanımışam, qiyabi olaraq, özünü görmədən Ahıska ilə ilgili əsərlərindən bilmişəm ki, belə bir həmkarım, məslək və əqidə yoldaşım var Ankarada. O da eyni şəkildə. Bir müddət onun ancaq alim olduğunu düşünmüşəm. Hesab etmişəm ki, Yunus bəy söyləmək istədiklərini tədqiqatları, məqalələri, çıxışları vasitəsilə deyir. Onun elmi yaradıcılığı isə məni də maraqlandıran mövzulara - qafqazşünaslığa, Ahıska türklərinə, türk folkloruna və ədəbiyyatına, Osmanlı tarixinə və digər bu kimi məsələlərə həsr edilib. Bu kitablar arxiv materiallarının, tarixi sənədlərin əldə edilib öyrənilməsini, faktların müqayisə edilib tutuşdurulmasını tələb edən ağır zəhmət, peşəkar araşdırmalar, düşüncələr hesabına başa gəlib. Yunus bəyin tədqiqatlarının dəyərini artıran amillərdən biri də onun həm klassik filologiyanı, həm müxtəlif dilləri bilməsi, Türkiyə, Azərbaycan, Gürcüstan, Avropa, Rusiya mənbələrini öyrənib tədqiq etməsidir.

 

Yunus Zeyrəyin bir ziyalı, alim, şair kimi həyatının və fəaliyyətinin əsas mənası, mən deyərdim ki, ülvi sevdası - keçən əsrin 90-cı illərinin ortalarından araşdırmağa başladığı Ahıska mövzusudur. Ahıska Yunus Zeyrəyin sadəcə elmi marağı, tədqiqat sahəsi deyil, şəxsi taleyi, həyatının mənası, qəlbinin sevdasıdır. Ahıska türklərinin faciəsinə türk insanının yalnız elmi məntiqlə və soyuqqanlıqla yanaşması mümkün deyil. Ahıskalılar vətəndən uzaqlarda öz milli mənliyini və islam inancını, dilini və mədəniyyətini, sönməz vətən eşqini qəhrəmancasına qoruyub saxlayıblar.

 

Qardaşımız Yunus bəy də Ahıska türklərindəndir. Ərdəhanın Posxof ilçəsinə bağlı Yolağzı köyündə, yəni Ahıskanın Türkiyə sərhədlərində qalmış ərazilərində doğulmuşdur və soydaşlarının sürgün faciəsini öz şəxsi faciəsi kimi yaşayır.

 

 

 

Elm adamı olan Yunus Zeyrək bir müddət Ahıska ilə ilgili siyasi-ictimai fəaliyyətlə də məşğul olub. 2004-cü ildə Uluslararası Ahıska Türk Dərnəkləri Federasyonu Başkanlığına seçilib və 2007-ci ilə qədər bu görəvdə çalışıb. 2011-ci ildə Avropa Şurasında "Ahıska Türklərinin həyatı" mövzulu foto-sərgi açıb. Bu sərgi bir çox yerdə nümayiş etdirilib. Yunus Zeyrək Ahıska türklərinin yaşamaqda olduqları Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Gürcüstan və ABŞ-da araşdırmalar aparıb. Yunus bəyin Azərbaycana olan səfərlərinin birində Saatlı rayonunun Adıgün köyündə onunla görüşüb xeyli söhbətləşmişdik.

 

Yunus Zeyrəyin fəaliyyəti olduqca genişdir və onun mühüm bir hissəsi də "Bizim Ahıska" dərgisinin çıxarılmasıdır. Bu dərgi 2004-cü ildən ömrünün sonunadək Yunus Zeyrəyin zəhməti sayəsində dərc olunub. Bu dərginin hər bir sayını Ahıska türklərinin mədəniyyətini, tarixini, ədəbiyyatını yaşadan, Vətən mücadiləsnə xidmət edən dəyərli əsər hesab edirəm. Mən deyərdim ki, Yunus Zeyrək tək bir "Bizim Ahıska" dərgisinə görə türklük tarixində, Ahıska türklərinin tarixi yaddaşında əbədi qalmağa layiqdir.

 

Əvvəldə qeyd etdiyim kimi, mən Yunus Zeyrəyi öncə alim və hoca kimi tanımışam. Ancaq bir müddət sonra onun yaradıcılığının və əslində, şəxsiyyətinin digər bir tərəfinə - şairliyinə bələd oldum. Səmimiyyətlə deyim ki, qəlbimin dərinliyində onun şair ruhlu insan olduğunu tanışlığımızın ilk anlarından hiss etmişdim. Yunus Hocanı həssas, kövrək, duyğulu və poetik ruhlu insan kimi tanıyırdım və şair ruhunu duyurdum. Şeirlərini ilk dəfə dərgidə, sonra isə kitablarında oxudum və anladım ki, səhv etməmişəm, Yunus qardaşım şair olmaya bilməzdi. Bu, onun xarakterində, həyat duyumunda, düşüncə tərzində idi. Yunus Zeyrəyin şeirləri məhz onun kökündən, qanından, xarakterindən, düşüncəsindən qaynaqlanır və elmi əsərləri ilə bir ahəng yaradırdı.

 

Onun poeziyasının da əsas qayəsi, amalı, məzmunu Ahıskadır, yurd sevgisidir, torpaq həsrətidir. Ahıska Yunus bəy üçün elə bir ali anlayışdır ki, onu yalnız soyuq məntiqlə, beyinlə, idrakla qavramaq mümkün deyil. Ahıskanı Yunus Zeyrək həm də bir şair təxəyyülü ilə duyur, yurd həsrətini qəlbində yaşadır, ruhundan keçirir. Yunus Zeyrəyin şeirləri iman gətirmiş, saleh işlər görmüş, Allaha pənah gətirmiş, zülm çəkmiş insanın duyğuları, yaşantılarıdır. Bu duyğularını, öz şairlik mövqeyini hələ 1979-cu ildə yazdığı "Yakarış" şeirində belə ifadə edir:

 

Sabahın güneşi vurmadan cama,

Kapandım secdene hüsnü an diye;

Nur yağmuru döktün kuru dünyama,

Susuzluk gönlüme bir hüsr?n diye.

 

Allaha yönelmiş güneşin eli,

Tez elden Rabbine ermek emeli,

Aldı bizi gizli gözlerin seli,

Yalvardık, yetiş, ey kapudan, diye.

 

Yunus Zeyrək türk folklorunu tədqiq edib, bir çox şairlərin yaradıcılığını öyrənib və xalq yaradıcılığını, ağız ədəbiyyatına gözəl bələd olub. Maraqlıdır ki, türk poetik duyumu və üslubu Yunus Zeyrəyin bir müddət "ayrı dünyalarda", Almaniyada olduğu dövrdə yazdığı və qəriblik duyğusunu ifadə edən əsərlərində də aşkar şəkildə izlənir. "Ayrı dünya" şeirində bu dediklərimiz maraqlı tərzdə təzahür edir:

 

Nice sayam Almanyanın halini,

Günü ayrı, ayı ayrı, yıl ayrı;

Elvan elvan açmış gibi görünür,

Vatan kokmaz, sümbül ayrı, gül ayrı.

 

Bəli, Yunus Zeyrək şair kimi "qara sevdalı" aşiqdir, lakin vətən, yurd aşiqidir. Yurdda qonaq yox, yurddaş kimi yaşamaq həsrətindədir. "Hər birisi başqa yerdə" qalmış yurddaşlarının doğma elə toplanması, ocaqların tüstülənməsi həsrətindədir:

 

Eski günler ırak kaldı

Her birimiz başka yerde

Ne ev kaldı ne bark kaldı

Her birimiz başka yerde.

 

Felek büktü belimizi

Moskof aldı elimizi

Kimse bilmez halimizi

Her birimiz başka yerde.

 

Amcam nerde dayım nerde

Telef oldu tirenlerde

Aramızda sonsuz perde

Her birimiz başka yerde.

 

Yunus bəy həmişə öz amalına, məqsədinə, elinə-obasına, görəvinə, sözünə sadiq qalmışdır.  Ağır xəstəlikdən müalicə olunduğu dövrdə də elmi fəaliyyətindən, qələmindən aralanmadı. Bu dövrdə onunla tez-tez məktublaşır, ürək-dirək verir, Uca Allahdan Yunus Bəyə şəfa diləyir və inanırdım ki, hər şey yaxşı olacaq... Onun xəstəlik dövrü əslində, bir sınaq oldu, şəxsiyyətin, xarakterin sınağı. Yunus Zeyrək əlacsız xəstəliyə əyilmədi, geri çəkilmədi, elmindən, fəaliyyətindən, mücadiləsindən, dostlarından aralanmadı.

 

Ölüm haqdır, Allahın əmrdir. Ancaq heyif ki, Yunus hocamız Ahıskalı günlərimizi görmədi və doğma yurda tam huquqlu vətəndaş kimi gedərək dərgisi için yazılar, reportajlar hazırlaya bilmədi. Heyif ki, daim həyəcanla sorduğu, ağrısını çəkdiyi Qarabağın azad günlərini, 44 günlük savaşdakı tarixi zəfərimizi, Türkiyə-Azərbaycan birliyinin  möhtəşəm qələbəsini görmədi.

 

Yunus bəy ağır xəstəlik dövründə də yaratmaq eşqiylə dolu idi, layihələr təklif edir, yazı istəyirdi. Onunla birlikdə yeni layihəyə - Ahıska yazarları layihəsinə başlamağı qərarlaşdırmışdıq. Bu layihədən "Bizim Ahıska" dərgisinin son sayında Azərbaycanda Yaşayan Ahıska Türkləri Yazarlar Birliyi haqqında məqaləm çıxdı. Ömür Yunus Bəyə imkan vermədi ki, layihəmizdə iştirakına davam etsin.

 

Ancaq böyük şükranlıqla bildirirəm ki, həmin layihə digər türk sevdalısı, dəyərli ədib, vətənpərvər ziyalı Rəşad Məcid tərəfindən Bakıda, qurucusu və naşiri olduğu "525-ci qəzet"də davam etdi və Yunus Zeyrəyə həsr olunmuş bu yazı da həmin silsilədəndir.

 

Əziz dostum, qardaşım Yunus Zeyrəyin xatirəsi daim qəlbimizdə qalacaq, əsərləri türklük durduqca oxunacaq, öyrənciləri onun yolunu davam edəcək. Allahdan Yunus Hocaya rəhmət, yaxınlarına, doğmalarına səbr diləyirəm. Bizə isə onun əməllərini davam etməli, istəklərini gerçəkləşdirmək qalır. Bir də təsəllim də budur ki, Yunus Hoca haqqında düşüncələrimi onun sağlığında rəhbəri olduğu "Bizim Ahıska" dərgisində çap etdirə bildim.

 

 

Asif HACILI

 

525-ci qəzet.- 2021.- 21 oktyabr.- S.12.