Təkrarsız yazıçı, unudulmaz şəxsiyyət
XALQ
YAZIÇISI HÜSEYN ABBASZADƏNİ XATIRLARKƏN...
Elə insanlar var ki, illər keçsə də, onları unutmuruq, unutmaq istəmirik də. Çünki onların xatirəsi də gözəldi, düşündükcə bir daha qəlbimiz işıqlanır. Bir tərəfdən də, onları unutmaq elə insanlığı, mənəvi dəyərləri unutmaq deməkdi. Həmişə xeyirxahlığı, nurlu çöhrəsi, gülümsəyən gözləri ilə yaddaşımda qalan belə gözəl şəxsiyyətlərdən biri Xalq yazıçısı Hüseyn Abbaszadədir. 2002-ci ildə onu Yazıçılar Birliyinin binasında, foyedə görmüşdüm. Üzü gülər, mehriban, ağayana bir insan idi. O vaxt məcburi köçkün kimi sığındığımız dəmir vaqonla bağlı yazılar yazmışdım. Hüseyn müəllim onları mətbuatdan oxumuşdu. Dedi ki, bu mövzuda az yazılıb. AYB-nin katibi, mərhum Arif Əmrahovla da bu barədə danışmışdı. Sonra məni AYB-yə üzv qəbul etdilər. Onda mən çox gənc idim, bir kitabım da çap edilməmişdi. Bu geniş ürəkli yazıçının "Burulğanlar" romanını oxuyarkən həmin anları dəfələrlə xatırladım...
"Burulğanlar" romanını maraqla, bir yandan da tələsə-tələsə oxudum. Çünki onun qəhrəmanları sanki əlimdən tutub məni özləri ilə güllə kimi "aparırdılar". Mən də həvəslə onlara qoşulub həyəcanla bu qəhrəmanların başlarına gələnlərlə tanış olurdum. Tezliklə sonluğu öyrənməyə çalışırdın ki, görəsən, haqq öz yerini tapacaqmı, bu çətinliklər nə vaxt arxada qalacaq və qəhrəmanım nə vaxt öz xoşbəxtliyinə qovuşacaq? Əsəri oxuyarkən həyatda olduğu kimi, burada da müxtəlif insanlarla tanış olursan. Romanın qəhrəmanı Həmid Xələfov, pəhləvan Balağa, Nurlu, Umur baba, Fəttah, Davud və başqları nə qədər mərd, xeyirxahdırlarsa, Çopur Abdulla kimiləri o qədər xain, qəlbən yoxsul adamlardandı.
Həmidin atası fəhlə idi, o, neft quyusu qazarkən faciəli şəkildə həlak olmuşdu. Həmid onda yeniyetmə gənc idi, Mikayılla İsmayıl adında iki əkiz kiçik yaşlı qardaşları vardı. Həmid tezliklə limanda işə düzəlib evə qazanc gətirməsəydi, anası Rübabə ailənin yükünü çəkə bilməzdi. Limanda çalışarkən Həmidin başqalarından fərqli gücünü, qoçaqlığını görən uzaq qohumu olan Mirhadi onu özüylə Maştağaya pəhləvanların güləşməsinə tamaşa etməyə aparır. Elə bütün hadisələr də, buradan cərəyan edir. Həmid orada iki pəhləvan və iki insanla xüsusilə tanış olur. Onlardan biri kürəyini yerə vurduğu Çopur Abdulla, o biri isə meydanda yenmək istəmədiyi, güzəştə getdiyi Balağa idi. Evlərinə qayıdarkən yolda onların qazalağına güllə atdıran Çopur Əhməd nə qədər kinli, xəbis biri idisə, Balağa o qədər nəcib və xeyirxah insan idi. Həmid Balağanın məsləhəti və qayğısı ilə Çopur Abdullanın təqibindən qorunmaq üçün bir müddət Həştərxanda dayısı Turabın dostu olan Pyotr Anisimoviçgildə qaldı. Burada fəhlə kimi çalışdı. Tezliklə onun gücünü, qabiliyyətini hiss edən tatar dostu Fəttah ona qardaş kimi əlindən gələn köməyi göstərir. Həmid daşoynadan kimi tanınmağa başlayır.
Əsərdə oxucu bu hadisələrin fonunda həmin dövrün çətinlikləri, yeni quruluşun yaranması ilə də tanış olur. Yeni hökumət, qayda-qanunlar yaradılır, Sovet quruluşu öz qanunlarını diktə edir. Umur baba, dayısı Turab bu mübarizədə həlak olurlar. Həmid, nəhayət, Həştərxandan evlərinə qayıdır. O, həmişə anasıgilə dəstək olan Balağanın qızı Nurluya aşıq olur. Ancaq dövr, Balağanın Çopur Abdullanın zavalına gələrək haqsız yerə tutulması onun arzularının üstündən xətt çəkir. Sonra II Dünya müharibəsi başlayır. İki qardaşı, Nurlunun həyat yoldaşı Muxtar müəllim kimi, o da müharibəyə yollanır. Müharibədə Həmid mərdliklə döyüşür, şücaətlər göstərir. Amma bir gün başqa döyüşçülər kimi düşmən tərəfindən əsir götürülür. O, əsirlikdə illərlə axtardığı Çopur Abdullaya rast gəlir. Həmişə öz xislətinə sadiq qalan bu xain, bədxah adamın əsl siması burada daha aydınlığı ilə oxucuya çatdırılır. Çopur Abdulla Vətən xaini olur və əsir düşən döyüşçüləri də, bu çirkin yola dəvət edir. Onun tor tutan gözləri Həmidi tanıya bilmir, onu yola gətirdiyini düşünür. Amma nəticədə özü qazdığı quyuya düşür və bir xain kimi Həmidin əlində alçaqlıqla gəbərir. Həmid düşünür ki, bundan sonra ölsə də, daha dərdi yoxdu. Çünki Balağa kimi neçə ləyaqətli insanı şərləyən, qanına bais olan bir xaindən dünyanı xilas etmişdi...
Müharibədə Mikayıl, Muxtar
müəllim qəhrəmanlıqla həlak olurlar.
Həmid isə bir qolunu itirir. O, ömrü
boyu sevgisinə sadiq qalır, ailə qurmur. Əvvəlcə anası Rübabəni,
sonra isə Nurlunu itirir. Ona yeganə təsəlli olan qardaşı İsmayıl
və onun ailəsi, bir də gənclik dostu saatsaz Davud
qalır...
Qeyd edim ki, bu həvəslə
oxuduğum roman 1984-cü ildə
Dövlət Mükafatına
layiq görülüb.
"Burulğanlar" romanından sonra müəllifin hekayələrini
oxumağa başladım. Oxuduqca yazıçı
qələmi ilə insan qəlbinin necə rəsminin çəkilməsinə tamaşa
elədim. Düşünürsən
ki, belə hekayələri ancaq Hüseyn müəllim kimi insan sərrafları
yarada bilər. Məsələn, onun "Meynə"
hekayəsi günümüzdə
olduğu kimi, həyatın özündən
götürülüb. Burada iki qadın, iki insan üz-üzə
dayanıb. Qışqırıb-bağıran,
hamının, hətta
uşaqların belə
sevmədiyi paxıl Nurcahanla, qayğıkeş
və sakit təbiətli Mərziyə...
Paxılın, anlamazın dili
uzun olur, deyilmi? Nurcahan da, həyətdə qışqırır:
-...Siz bunun iddiasına baxın, ay camaat, görün bir necə qabaqdan
gəlmişlik eləyib,
özünü mələk
kimi göstərir. Siz dediniz,
mən də inandım. Yaxşı olsaydınız, əriniz sizi qoyub getməzdi. İndi bayquş kimi tək qalmazdınız"...
Beləcə, Nurcahan bir vaxt babasının əkib-becərdiyi meynə
ağacının qonşulara
kölgə salan budaqlarını sındırır.
O, insanları, həm
də ağacı incidir, yaşıllığı
məhv edir. Mərziyənin necə üzüldüyünü
görən xeyirxah qonşular onun balkonunu gül-çiçəyə
qərq edib, həyətdə yeni bir meynə ağacı əkirlər.
Bəli, pislik yenə də paxıl Nurcahana qalır...
"Uçurumdan keçən
yol" hekayəsində
isə sözünə
sadiq olmaq, əhdə vəfa etmək kimi yüksək mənəvi
keyfiyyətdən söhbət
gedir. Dostlardan biri uçurumu
görüb geri qayıtmaq istəyir.
Ancaq Nahid iş yoldaşına söz verdiyini xatırlayır və çətinliklə də
olsa sözünə əməl edir. "...Su sürətlə axırdı.
Nahid az
qaldı ki, yıxılsın. O, axının
əksinə doğru
yönələrək daşlı,
çınqıllı sahilə
çıxdı. Rahatlıqla geri
döndü. Səfinin durduğu
yerə baxdı ki, yoldaşına əl eləyib getsin. Səfi uçurumun qırağında
yox idi. O, Nahidin getdiyi cığırla kol-kosdan
tuta-tuta ehtiyatla dərəyə enirdi"...
Beləcə, Nahid sözübütövlüyü,
mübarizliyi ilə dostu Səfiyə örnək olur. Bayaqdan uçurumdan qorxan Səfi qarşıdakı bütün
çətinlikləri gözə
alıb dostunun arxasınca gedir...
İnsan oxuduğu, əzbərlədiyi
əsərdən nəsə
öyrənmədisə, deməli,
vaxtı boşuna sərf edib. H.Abbaszadəni bir oxucu kimi,
sanki yenidən kəşf elədim.
Mütəxəssislər bu əsərlərin
gənclərin mənəvi
dünyasına necə
müsbət təsiri
olduğunu xüsusi qeyd ediblər. Onun müsbət qəhrəmanları
da, özünə bənzəyir. "Burulğanlar" romanında
olduğu kimi, digər əsərlərində
də yaxşılar yamanlardan çoxdu. Tənqidçi, hörmətli Vaqif
Yusifli də, H.Abbaszadənin insani keyfiyyətlərinin əsərlərinə
sirayət etməsini vurğulayıb.
Hüseyn Abbaszadə nəsrimizdə
"General" romanı ilə
xüsusi olaraq yadda qalıb.
Düşünürəm ki,
nə yaxşı belə bir insanı, dəyərli
yazıçını dünya
gözüylə görmək, onunla
görüşmək mənə də, nəsib olub. Ruhu şad
olsun!
Mina RƏŞİD
525-ci qəzet.- 2021.- 21 oktyabr.- S.10.