Xalq rəssamı Kamil Əliyev sərgi və konfransla anılır

 

Oktyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərgi açılacaq.

 

Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, sərgi Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunub.

 

Sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan 18 xalça nümayiş etdiriləcək. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından rəssamın yaradıcılığına aid 3 xalça, habelə sənətkarın ailə arxivindən üç xalça və 5 eskizekspozisiyada yer alacaq.

 

Xalça sənətinə peşəkarlıqla yiyələnən rəssam klassik xalça kompozisiyalarını yaradıcı şəkildə dəyişərək təkcə bu sənət üçün deyil, həmçinin digər tekstil növləri və keramika üçün də ornamentlər yaradıb. Portret xalçaları Kamil Əliyevə xüsusilə dünya şöhrəti gətirib. O, portret janrını hazırda xalçaçılıq sahəsində böyük tələbat olan istiqamətə çevirməyə nail olub.

 

Kamil Əliyev uzunçox məhsuldar yaradıcılıq həyatı boyunca siyasiictimai xadimlərin, klassik şair və mütəfəkkirlərin, tanınmış mədəniyyət nümayəndələrinin obrazlarını xalça üzərində parlaq şəkildə canlandırıb.

 

Xalq rəssamı Kamil Əliyevin fərdi sərgiləri ölkəmizlə yanaşı Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və digər şəhərlərin nüfuzlu muzey və qalereyalarında keçirilmişdir. Onun müəllifi olduğu xalçalar dünyanın məşhur muzeyləri və şəxsi kolleksiyalarında saxlanılır.

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan sərgi noyabrın 21-dək davam edəcək.

 

525-ci qəzet.- 2021.- 21 oktyabr.- S.9.