Türkiyədəki Ədəbiyyat Festivalında Azərbaycan da təmsil olunur

 

Türkiyənin Kahramanmaraş şəhərində II Beynəlxalq Şeir Ədəbiyyat Festivalı keçirilir.

 

525.az xəbər verir ki, beş gün davam edəcək festival oktyabrın 18-də başlayıb. Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsi tərəfindən təşkil edilmiş Şeir Ədəbiyyat Festivalına 15 ölkədən tanınmış şairlər dəvət edilib. Azərbaycanı bu Festivalda tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin (BeyTüM) sədri Xəyal Rza təmsil edir. Xəyal Rza bildirib ki,  Türkiyə daxil 100-ə yaxın şairin qatıldığı festivalın açılış mərasimi Mehmet Akif Ersoy Kültür Mərkəzində təşkil edilib. Açılış mərasimində dövlət məmurları, tələbə şagirdlər iştirak ediblər. Şəhidlərin xatirəsinə sayqı duruşundan dövlət himnindən sonra Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın festival iştirakçılarına salamlama təbrik məktubu səsləndirilib. "Çünki söz sağaldır" söyləyən Türkiyə Prezidentinin bu fikri festivalın sloqanı seçilib.

 

Tədbirdə Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngör çıxış edib. Sonra festival çərçivəsində elan edilimiş müsabiqədə müxtəlif nominasiyalar üzrə qalib gəlmiş tələbə şagirdlərə mükafatlar təqdim edilib.

 

Festivalın ikinci günü şeir gecəsində ilk söz Xəyal Rzaya verilib. Yerli televiziya kanalında canlı yayımlanan gecədə tanınmış şair 30 illik Qarabağ həsrətindən, 44 günlük Vətən müharibəsindən, şanlı Zəfərimizdən bu zəfərdə Türkiyə xalqının, Türkiyə dövlətinin mənəvi dəstəyindən söz açıb. Şuşa, Vaqif Poeziya Günləri, onun tarixi haqqında məlumat verən Xəyal Rza orada səsləndirdiyi "Evsiz qapı" şeirini oxuyub. Festivalın üçüncü günündə müxtəlif təhsil ocaqlarında şairlərə görüş təşkil edilib. Xəyal Rza tələbələr üçün şeirlərini səsləndirib imzalı kitablarını hədiyə edib.

 

Oktyabrın 22-də festivalın təntənəli bağlanış mərasimi təşkil ediləcək.

 

525-ci qəzet.- 2021.- 21 oktyabr.- S.8.