Naşirlərin birliyi niyə alınmır?

 

 

Bu günlərdə "Hədəf" şirkətlər qrupunun qurucusu baş direktoru Şəmil Sadiq öz feysbuk hesabında Azərbaycan Nəşriyyatlar İctimai Birliyinin Sumqayıtda kitab sərgisi keçirəcəyini elan edib. Qeyd edək ki, bu, 15 naşirin birgə qərarı nəticəsində planlaşdırılıb.

 

Şəmil Sadiqin paylaşımından bir neçə gün sonra "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu öz sosial şəbəkə hesabında qeyd edib ki, Milli Kitab Sərgisi 4-6 noyabr tarixlərində Sumqayıtın Kimyaçılar sarayında baş tutacaq.

 

Qeyd edək ki, hər il Beynəlxalq Kitab Festivalına qoşulan "Qanun" nəşriyyatı bu il, müstəqil olaraq, Bakıda Milli Kitab Sərgisi təşkil etdi bir çox nəşriyyatlar bu işdə ona dəstək oldular, sərgidə iştirak elədilər.

 

Şəmil Sadiq sərginin ünvanını açıqlayanda naşirlərin ortaq məxrəcə gəlmədiyi daha məlum oldu. ANİB-in təşkil etdiyi I Sumqayıt Kitab Sərgisi 30-31 oktyabr tarixində Sumqayıt Dram Teatrında baş tutacaq. Şahbaz Xuduoğlunun təşkil etdiyi Milli Kitab sərgisi isə, 4-6 noyabr Kimyaçılar sarayında keçiriləcək.

 

Şahbaz Xuduoğlunun Sumqayıtda planlaşdırılan sərgidə Bakıdakı sərgidə olduğu kimi fərqli addımı insanlarda müxtəlif suallar doğurdu:

 

"Naşiri bu dəfə narahat edən məqam idi?"

 

Şəmil Sadiq sosial şəbəkə hesabında Şahbaz bəyin qərarına belə reaksiya verib: "3 gün öncə ANİB olaraq elan etdik ki, Sumqayıtda yaxın günlərdə kitab sərgisi keçirəcəyik. bu qərar 15 nəşriyyatın birgə verdiyi qərardır. Amma dünən Şahbaz bəy yazdı ki, Milli Kitab sərgisini edirik Sumqayıtda. bunu düzgün hesab etmirəm. Əgər hamımızın dərdi kitabdırsa, bir-birimizə dəstək verməliyik".

 

Şəmil Sadiq 525.az-a açıqlamasında bildirib ki, nəşriyyatların birləşməyi daha çox inkişafa səbəb olar: "Artıq iki-üç həftədir ki, sərgiylə bağlı müzakirə gedir. Hətta dörd gün əvvəl bununla bağlı elan da vermişəm. Bir çox tədbirlər nəzərdə tutulduğundan, kitab sərgisinin vaxtı ilə əlaqədar son qərarı dünən vermişik. Nəşriyyatların hər birinə dəvət göndərilib 26 nəşriyyatın iştirakı nəzərdə tutulub. Kimin kimlə problemi var, bilmirəm, amma nəşriyyatlar müstəqildir. Hamımızın arzusu odur ki, vahid şəkildə sərgini həyata keçirək. Hər nəşriyyatın öz alıcı kütləsi var. Alıcıların bir-birimizin stendinə yaxınlaşması daha yaxşı vəziyyət yarada bilər".

 

Milli Kitab sərgisi ilə I Sumqayıt Kitab Sərgisinin tarixləri müxtəlif olduğundan problemli məqam paralel sərgilərin təşkil olunmağı deyil. Məsələ Şahbaz bəylə ANİB-in həmfikir olmamağıdır. Belə hallar "Qanun"la digər naşirlərin arasında birliyin pozulmağına yol açır. Bu da ümumi nəşriyyat sisteminə, kitabçılıq ənənəsinə mənfi təsir göstərir. Hər halda, Şahbaz bəy bu qərarı təsadüfən verməyib. Onun da özünə görə haqlı səbəbləri var.

Şəmil Sadiqin bu statusundan sonra Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirib:

 

"Sizin seçdiyiniz Dövlət Dram Teatrının binası sərgi üçün uyğun deyil. Yer kiçikdir. Əgər bütün naşirlər ora toplaşsa, 6 kvadratdan da az yer çatacaq. Amma Kimyaçılar sarayı genişdi, Milli Kitab Sərgisinin konsertini rahatlıqla orda həyata keçirə bilərik. Sənətçiləri, əlilləri, rəssamları dəvət edək. Yalnız kitabla kifayətlənməyək, sənətin bütün sahələrini əhatə edək. Bu sərgini Sumqayıt üçün unudulmaz edək. Bilirəm ki, Mədəniyyət Nazirliyi o yeri sizə pulsuz verir. Amma orda istədiyimiz sərgini keçirmək olmayacaq. Gəlin birləşək! Biz birlikdə güclüyük".

 

Şahbaz Xuduoğlunun cəhdi daha yaxşı sərgi həyata keçirməkdir. Görünür, Dram Teatrındakı vəziyyət onu qane etməyib. Naşirlər arasında birliyin pozulmamağı naminə ANİB "Qanun" ortaq məxrəcə gələ bilərdilər. Fərqi yoxdur, çıxış yolu olur olsun, polemikanın qarşısının alınması zəruri idi.

 

ANİB-in üvü olan "Çapar" jurnalının təsisçisi Yusif İlhamoğlu 525.az-a açıqlamasında məsələyə belə münasibət bildirdi: "Mən Şahbaz Xuduoğlunun Bakıda təşkil etdiyi kitab sərgisinə qatılmışdım onunla heç bir problemim yoxdur. Hətta vaxtım olsa, Şahbaz bəyin Sumqayıtda təşkil etdiyi sərgiyə qatılacağam. Amma düşünürəm ki, yer məsələsində problem yoxdur. Təxminən, 6-7 yüz kvadrat yer verilib. 25-30 nəşriyyatı çox rahatlıqla ora yerləşdirmək mümkündür. Şahbaz bəy paylaşımında qeyd edib ki, o, status yazandan sonra biz vaxtı dəyişib sərgini daha əvvələ təyin etmişik. Əgər Şahbaz bəy Milli Kitab sərgisini ANİB-in təşkil etdiyi sərgidən əvvələ təyin edə bilirsə, deməli, biz yenidən vaxtı dəyişib daha əvvələ təyin edə bilərik. Burada heç bir problem, qərəz görmürəm. Şəmil Sadiq 4 gün əvvəl Sumqayıt sərgisiylə bağlı elan vermişdi. Mədəniyyət nazirliyinin bizə dəstək olması çox normal haldır. AMİB hələ yeni yaranıb. Əgər sərgi üçün yer pulsuz verilirsə, buna yalnız sevinmək lazımdır. Şahbaz Xuduoğlunu I Sumqayıt Kitab Sərgisində görsək, çox sevinərik".

 

Mədəniyyət nazirliyinin Kitab dövriyyəsi nəşriyyatlarla şöbəsinin aparıcı məsləhətçisi Xəyal Məmmədov 525.az-a açıqlamasında bildirib ki, nəşriyyatların bir platformada birləşməsi nazirlik tərəfindən arzuolunandır: "Qanuna əsasən, nəşriyyatlar öz fəaliyyətlərində tam sərbəstdilər. Biz hər iki sərginin vahid formada keçirilməsi üçün Şahbaz Xuduoğlu ilə Şəmil Sadiqlə danışdıq. Bildiyiniz kimi, Şahbaz bəy sosial şəbəkə hesabında müraciət edib ki, gəlin sərgini bir yerdə keçirək. Bu, artıq onların müstəqil qərarıdır. Bizim arzumuz odur ki, nəşriyyatlar həmrəng olsunlar biz onlara daim dəstək olaq. Əsas məqsəd nəşriyyatın inkişafıdır".

 

Xəyal Məmmədovun da qeyd etdiyi kimi, əsas məqsəd oxucu kütləsinin genişlənməsi, onların kitab əldə etmək imkanlarının artırılmasıdır. Nəşriyyatların birləşməsi, vahid sərginin keçirilməsi cəmiyyətə daha çox oxucu qazandırar və həqiqətən, kitab bayramı ab-havası yaradar.

 

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 21 oktyabr.- S.8.