Baba şəhid
Vətən müharibəsi şəhidi
Baba Əhməd oğlu
Qasımov 1989-cu il noyabrın 1-də Astaranın Ərçivan
qəsəbəsində anadan
olub. Birinci Qarabağ müharibəsinin
şəhidi Sahib Kələntərov
adına Ərçivan 2 saylı
tam orta məktəbin
məzunudur. Məzun olduqdan sonra
həqiqi hərbi xidmətə gedib. Həqiqi hərbi xidmətini başa vurub hərbçi olmaq qərarı ilə doğma kəndinə qayıdıb. Evin tək
oğlu olduğu üçün qərarını
bir müddət deyə bilməyib. Sonunda atasıyla danışıb.
Ata oğlunun qərarını
sayğıyla qarşılayıb:
"Bütün övladlar
əzizdir, amma yeganə oğlum idi, dayağım idi. Yanımda olmağını istəyirdim. Arzusuna qarşı
da çıxa bilmədim. İndi də yoxluğuna dözə bilmirəm"
- deyir atası Əhməd kişi.
Atasının razılığını alandan sonra anası
Gülşən xanımdan
razılıq almaq lazım idi: "Kimsənin qəlbinə dəyməzdi oğlum. Atası razılıq versə də, məndən də razılıq almaq istəyirdi. Düzünü deyim, hərbiyə
getməyinə razı
deyildim. Tək oğlan
idi. Üç bacının tək
qardaşı idi.
Amma fikrindən dönmədi.
O qədər dilə
tutdu ki, razılaşdım. Hərbçi olmanın çətinliyini
də, məsuliyyətini
də bilirəm.
Heç
şikayətlənməzdi. Çox razıydı. Çox qürurlanırdı.
Neçə dəfə xidmət
etdiyi hərbi hissələrdən təşəkkür
məktubu almışıq.
Uşaqlıqdan bir yersiz hərəkəti olmazdı.
Fəxr ediləsi övlad olub bizə. İndi də elin-obanın, vətənin fəxri oldu".
Beləcə, yenidən hərbi xidmətə yollanıb. Nümunəvi xidməti ilə hörmət qazanıb. MAXE kimi aprel döyüşlərində iştirak edib. Cəsurluğu ilə diqqət çəkib.
Bir döyüşdə silahında problem yarandığı üçün atəş açmaq olmur. Bir neçə düşmən əsgəri səngərə doluşur. Baba əlbəyaxa döyüşür, məhv edir düşmən əsgərlərini. Göstərdiyi cəsurluğa görə gizir rütbəsi alır.
Sonra XTQ-də xidmət keçir. SAT kurslarını bitirir, bütün çətin tədris-təlimlərində də fərqlənir. "Çətinliklərinə baxmayaraq, çox qürurlanırdı bu kursları keçdiyi üçün. O qədər sevinirdi ki" deyir dostları. Dəfələrlə igidlik göstərib "Canavar" ləqəbli Baba.
Sentyabrın 27-dən XTQ-nin kəşfiyyat taborunda döyüşlərə qatılıb. Oktyabrın 20-nə kimi kəndləri, qəsəbələri, yüksəklikləri azadlığı uğruna savaşıb, Füzulinin, Qubadlının, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Döyüş yoldaşı, gizir Orxan Mikayılovun dedikləri: "Onunla 2017-ci ildə xüsusi təyinatlıların Ballı Qayada təlim kurslarında tanış olmuşduq. Münasibətimiz o vaxtdan yarandı, dostluğa döndü. Ayrı-ayrı ərazilərdə XTQ-də olsaq da, əlaqə saxlayırdıq. Döyüşlərə bir ay qalmış bütün təlimlərdə birlikdə olduq. Təlimlərdən sonra da dayanmırdı, az qala məcbur edirdi hər gün idman edirdik, qaçırdıq. Döyüşlərdə də çox fərqlənirdi. Heç vaxt bizi ac qoymurdu. Ən çətin, təhlükəli vəziyyətlərdə belə gedib ərzaq, su gətirirdi. Həmişə də öndə gedirdi. Mənə deyərdi ki, sənin iki qızın var, Qıza daha çox ata lazımdı, mənim qızımın qardaşları var. O qədər mərd idi yəni. Döyüşdə ən ağır yük onda idi. PK silahına təhkim olunmuşdu. Çox mükəmməl bilirdi silahdan istifadə etməyi. Əvəzsiz döyüşçü idi".
30 ilə yaxın işğalda olan əraziləri 44 günə azad etmək sözəgəlməz qəhrəmanlıqdır. Rayonları, kəndləri qarış-qarış azad etmək canından keçmək deməkdi. Baba da canından keçmişdi. Səngərlərini, silah-sursatlarını qoyub qaçan düşmən əsgərlərini gördükcə "Bu günü görmək üçün yaşamışam mən. Bundan sonra ölsəm də olar" deyirdi Baba.
Şərəfli döyüş yolu keçən Baba Qasımov 2020-ci il oktyabrın 20-də Qubadlının Balahəsənli kəndinin azadlığı uğruna gedən döyüşlərdə şəhadətə qovuşur.
Atası Əhməd kişinin dediklərindən: "Birneçə gün əvvəl zəng vurmuşdu. Evdə kim varsa, hamısı ilə danışmaq istədi. Bir-bir danışdı hər biriylə. Nəsə narahat oldum. Həmin gün də çox narahat idim. Özümə yer tapmırdım. Ürəyim sıxılırdı. Dərman da qəbul etdim. Namaz üstə dua elədim ki, ay allah, mənim ömrümdən al, oğluma ver, ona bir şey olmasın".
Kəndin seçilən ziyalılarından olan Fəxrəddin Məmmədovun çıxışına baxırdım: "Ərçivan igidlər məskənidir. Bu savaşda 9 şəhid verib. Biz o igidlərin birinin hüzurunda durmuşuq - Baba Qasımovun. Ölən birindən o dünyada soruşurlar ki, sən gəldiyin yerə qayıtmaq istəyirsən, deyir "yox".
Şəhiddən soruşurlar deyir "hə". Niyəsinə cavabı "çünki can vermək var" olur. Baba belə oğul idi. İki, üç canı olsa, yenə vətən yolunda keçərdi hamısından".
Şəxsi keyfiyyətlərindən, mənəvi dünyasından, cəsurluğundan danışır döyüş yoldaşları, "Həqiqətən canavar kimi döyüşürdü" - deyirlər.
Çox igidlikləri olub gizir Baba Qasımovun. İgidliyinə, döyüş tapşırıqlarının
yerinə yetirilməsinə
uğurla rəhbərlik
etdiyinə görə,
"Vətənə xidmətə
görə" 3-cü dərəcəli
ordenə layiq görülüb. "Vətən uğrunda",
Füzuli, Qubadlı, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.
Vikipediyada şəhidlərin çoxu
haqqında məlumat
var. Müxtəlif adlar,
soyadlar. Müxtəlif doğum tarixləri... Amma hamısında eyni bir fikir
var:
Azərbaycanın ərazi bütövlüyü
uğrunda vəzifə
borcunu ləyaqətlə
və vicdanla yerinə yetirərkən...
Vəzifə borcunu ləyaqətlə
və vicdanla yerinə yetirmək, Vətənin
ərazi bütövlüyü uğruna yaşamaq, onu qorumaq, onun
uğruna ölmək, şəhidlik zirvəsinə
ucalmaq! Bundan ali nə ola bilər ki?!
Kamalə
ABİYEVA
525-ci qəzet.- 2021.- 22 oktyabr.-
S.15.