Gənclik xətaları
Esse
Görkəmli fizik İsaak Nyuton hesab edirdi
ki, sevgi körpü qurmaqdır, insanlar isə körpü qurmalı olduqları yerdə divar hörürlər və buna görə
də yalnız qalırlar.
Hər şeyin
bünövrəsi nəinki
uşaqlıqdan, hətta
ana bətnindən qoyulur. Bu, dərin tibbi məsələdir və mənim məsələnin bu tərəfindən söz
açmaq fikrim yoxdur. Genetik olaraq bir çox bacarıqlar, istedad filan da
ötürülür körpəyə,
məsələn, elə
hər hansı musiqi alətində ifa etmək bacarığı, gözəl
səs, musiqi duyumu, elmin bu,
ya başqa sahəsindəki biliklər.
Amma hamilə qadının heç bir qan qohumluğu
olmayan, tamamilə kənar, heç həyatda tanımadığı
insanın heyran olduğu hər hansı bacarığı
onun övladının
gələcək həyatında
dominant əlamət kimi
ortaya çıxa bilər. Bəli, arzulamaq, istəmək,
düşünmək gerçək
həyata təsir edir. Əbəs yerə demirlər
ki, "insanı fikirləri idarə edir" və ya "ağıla gələn başa gələr".
Gənclik insan həyatının əvəz olunmayan, arzulardan qanad çıxaran, cəsarətli,
çılğın, qaynar
və şux dövrüdür. Enerji dolu, fiziki cəhətdən
güclü, sanki qollarında dağı dağ üstə qoymaq gücü hiss edən dəli-dolu gənc, həm də özünü hamıdan ağıllı
hesab edir və səhvlərdən
uzaq olduğunu düşünür. Amma bəzən
elə böyük uğurlara da, xətalara da əsasən bu dönəmdə imza atır. Gənc insan özünün dünyanı kökündən
dəyişdirə biləcəyinə
belə inanır! Bəs insan xarakteri necə formalaşır?
Həyatının hansısa
mərhələsindəsə dəyişirmi, haqlı olduğu məqamlara görə qürur hissi keçirdiyi qədər buraxdığı
səhvlər üçün
də peşman olurmu?..
Deyirlər insan yeddisində nədirsə, yetmişində
də elə odur, nə deyim,
razılaşmamaq olmur
(Dəyişmə məsələsini
başqa bir yazıda xırdalamışam,
bu, yalnız şəxsin öz istəyi və üzərində işləməsilə
mümkündür).
Uzun illər öncə yaxın bir adamın etdiyi kobud hərəkətin ucbatından aramıza yağan qarları zaman əritdiyini və onun da
ta bu yaşda
səhvini anlamış
olduğunu düşünürdüm,
amma təsadüfən
məlum oldu ki, adam
o vaxt dediyini indi də dəstəkləyir!
Yaşı artıb, vəssalam, bax ən pisi də
budur...
Deməli, zaman heç də yaxşı müəllim və ya həkim deyil,
sadəcə biz olanlara
başqa yöndən
baxırıq, eynən
mənim kimi. Bu yaxınlarda bir qohumun qonağıydım,
evdə iki uşaq böyüyür,
iki can parçası
nəvə, biri oğlunun, biri də qızının.
Müşahidəm məni kədərləndirdi,
yaşca böyük olan oğlan hələ heç yeriməyən qıza nəvaziş göstərmək
istərkən balacanın
anası tərəfdən
kobud və əsəbi şəkildə
rədd edildi. Pərt olan uşaq isə lal-dinməz geri çəkildi. Qəti əminəm ki, bu hərəkət uşağın şüuraltında
yazılıb qaldı
və heç bir vaxt unuda
bilməyəcək.
İrqindən, dinindən asılı olmayaraq uşaqları sevmək, onlara olduqca həssas və diqqətli yanaşmaq lazımdır. Bu gün
aldığı travma,
ruhuna vurduğun zərbə sabah
hansısa formada elə bu cəmiyyətə
qayıdacaq. Uşaqların
qəlbi bütün xəbislik və pisliklərdən kənar
olur, onu kirlətmək olmaz! Dünyanı təzələnməyə
vadar edən bu mələküzlülərə
yaxşı nümunə
olmalıyıq... Bu gördüklərim
özümün də
uşaqlıq yaddaşımı
təzələdi...
- Bir imkanlı, yüksək vəzifə
sahibi olan qohumumuz vardı, bir dəfə anamla onlara getdik,
7-8 yaşım olardı,
ev sahibinin
mənimlə həmyaş
qızları olduğundan
gecə də qalmaq istədim. Anam icazə verdi, onlar
rayon mərkəzində yaşayırdılar.
Anam qapıdan çıxandan
evin yuxarı siniflərdə oxuyan ortancıl oğlu mənim orda qalmamağım üçün
əməlli-başlı işə
başladı. Elə
şeylər dedi ki, darıxım, öz xoşumla gedim. İstədiyinə çatdı, bir az keçmiş
mən həqiqətən
anam üçün,
evimiz üçün
darıxmağa başladım.
Oğlan sevincək, çiynindən daş yerə qoymuş kimi tez məni
götürüb anamın
hələ də dayanıb avtobus gözlədiyi dayanacağa
gətirdi və
- Bibi, qız qalmaq istəmədi, darıxdı, ağladı!
- söylədi.
Mən, uşaq
olduğumdan həqiqətləri
illər ötəndən
sonra dərk elədim və qəlbimin qapıları
o insanların üzünə
bağlandı. Çox sonralar, artıq
həyatda gərəkli
mövqe sahibi olandan sonra və
əlimdə olan imkanlar daxilində o ailənin üzvlərinə
dayaq durdum, kömək elədim.
Bu zaman artıq
çox şey dəyişmiş, ailə
ard-arda çox ağır sınaqlarla üzləşmişdi, ta
o gəlhagəl də
yox idi. Bəli, bu, elə taleyin ironiyası idi, onları mənim qapıma gətirmişdi...
Bu gün də içimdə həmin günün acı xatirələri yaşayır,
bəli, uşaqlıq
heç yerə getmir, əzizlərim!
...Sıfırdan başlayaq,
yoxdan doğulaq,
Yuyunaq bakirə
göz yaşlarında.
Sındıraq, dağıdaq təkəbbürləri,
Əfv umaq bir körpə
baxışlarından...
Gedək
uşaqlardan sevmək
öyrənək!
Yaşadığımız dünyada deyilən hər bir söz,
görüb görmədiyimiz
hər bir əşya vəzifə tutumundan daha nəhəng məsələlərin
açarıdır. Əhəmiyyətsiz hesab etdiyimiz bir çox şeylər sadəcə
var deyil, o, həm də yaşlı ağac kimi köklü-köməcli
məsələlərdir. Yaxa qurtara bilmədiyimiz,
adət-ənənə deyib
təpəmizə çıxardığımız
bir çox şeylərin kökü
var. Min illərin üstündən
"uğurla" adlayıb
təəssüf ki, bu günümüzü də zəbt edən gəlin-qayınana,
gəlin-baldız və
s. məsələlərdən necə can qurtarasan? Az bir hissə bacarır, gəlinə ana ola bilən qayınana, qayınanasını
anası qədər sevən gəlin artıq bu tabunu
sındırmış hesab
edilir. Amma bu, azdır, çox az...
Və bu işlərdə təəssüf olsun ki, özünün ailə həyatında psixoloji zədə almış keçmiş
gəlin və indiki qayınana mühafizəkar mövqe sərgiləyir, necə deyərlər, bir növ gördüklərini
tətbiq edir.
Sözsüz ki, ailədə
kişi və qadının öz rolu var,
amma hələ də cəmiyyətdə
də, elə ailədə də qadınla kişinin hüququ bərabər deyil, deməli, patriarxiyanı dəyişmək
iqtidarında deyil insanlar, çünki onun da kökləri
çox dərindədir.
Cəmiyyətdə sanki bir kabus kimi
dolaşır dözümsüzlük,
insanlar bir-birinə çiyni üstdən baxmağı vərdişə
çevirir, hamı ağıl etalonuna dönüb elə bil, "hamıdan gözəl mənəm"
deyərək dost axtarışına
çıxan Tıq-Tıq
xanım sayağı
düşdüyü eqo
gölməçəsində boğulsa da, inadından əl götürmür. Bütövlükdə
cəmiyyət xəstədi,
tək-tək fərdlər
yox...
Bir səhər,
oyanıb görərsən
ki,
yoxdu dəniz..
Əllərində quruyar
dünyanın ən gözəl çiçəkləri...
Həyatda baş verənlər tam bir qanunauyğunluqla baş verir. Hər şey sanki ardıcıl düzülmüş
domino daşları kimidir,
bir toxunuş və vəssalam! Elə "Kəpənək effekti"
kimi. Bu riyazi
terminə əsasən,
hesablama zamanı rəqəmlərin birində
edilən kiçik bir dəyişiklik sonda böyük fərqlər yarada bilər. Proqnozlaşma modelinin yaradıcısı
E.Lorens sübut edir ki, bütün
dəqiq sistemlərdə
əhəmiyyət verilməyən
xırda xətalar olur və elə
bu da iri
xaoslara gətirib çıxarır. Bu fenomenin
mənası isə budur ki, məsələn,
"Bir kəpənəyin
qanad çalması dünyanın yarısını
ağuşuna ala biləcək
bir qasırğanın
yaranmasına səbəb
ola bilər".
Eynən gənclik xətaları kimi...
Unutmayaq,
əsas məqsəd günahsız olmaq yox, Tanrını dərk etmək olan dünyada sevmək ən ali bacarıqdır,
elə Dostoyevskiyə
istinad etsəm: "Birini sevmək, onu Tanrının istədiyi kimi görməkdir!"
Tanrı bəndələrini sevək ki, Tanrı da bizi sevsin...
Şahnaz
ŞAHİN
525-ci qəzet.- 2021.- 22 oktyabr.- S.13.