Şeirin Vaqif Bayatlı qibləsi

 

 

Hərdən mənə elə gəlir ki, Vaqif Bayatlını çoxdan tanıyıram. Lap çoxdan, var olduğumuzu göstərən üç böyük nəsnədən - dünya, insanlıq ədəbiyyatdan əvvəl. Bu boyda adamlar bu boyda tənhalıq yaranmamışdan əvvəl.

 

həm mənə elə gəlir ki, mənim adamlarla zənginliyimin adı da Vaqif Bayatlıdır, eləcə boşluğumun da...

 

Çünki Vaqif Bayatlı özü üçün yox, hamı üçün var. Hərəyə bir misra, hərəyə bir bənd, hərəyə bir şeir qədər...

 

Unudulacaq bütün sevdalar,

Unudulacaq bütün nəğmələr,

Unudulacaq unudulmaz hər var,

Ancaq təkcə mən səni

Yenidən sevməkçün hər bahar

Yenidən unudacağam.

 

Kimi özünü unudulan sevdada tapar, kimi nəğmədə... Amma bütün bu "unudulmaqlar"ın sonunda dayanan işığın bircə adı var - "Yenidən sevməkçün" adında ümid!

 

Vaqif Bayatlıda hamının kədəri var, ağrısı var, iniltisi var.

 

Onda hamının özü var, hamının demək istədiyi, amma bəlkə , gizlətdiyi, olmaq istəmədiyi "öz"ü var - qəbiristanlığı boş görəndə vahimələnən, dəlixananı hay-küysüz təsəvvür eləməkdən çəkinən...

 

Bu "öz" Vaqif Bayatlıdır, onun obrazıdır.

 

Qəbristanlıqlar ölüyə həsrət!

 

Dəlixanalar dəliyə həsrət!

 

Vaqif Bayatlı təpədən-dırnağa hönkürtüdür. Saatlarla dizlərimi qucaqlayıb yanında oturacağım, saatlarla dərdləşəcəyim saatlarla ağlaya biləcəyim adamdır. Bilirəm ki, səbəbini soruşmadan o da mənimlə diz-dizə, göz-gözə oturub hönkür-hönkür ağlayacaq qədər şairdir. Ağlayacaq qədər insandır.

 

Göy adamıdır Vaqif Bayatlı, ruh adamıdır, duyğu adamıdır... həm yer adamıdır. Yer adamıdır ki:

 

Sevdim, Allaha bənzədim,

Öldüm, sevgimi bəzədim,

Mən səni min il gözlədim,

Sevdim, keçdim təzə minə.

 

- deyəcək qədər yerə bağlıdır, insana bağlıdır...

 

Sevib Allaha bənzəmək - Allahın sevgisi tükənməz, Allahın sevgisi qarşılıq ummaz, Allahın sevgisi müqayisəyə gəlməz...

 

Ölüb sevgini bəzəmək - ölümü bir həqiqət kimi qavramaq, əbədiyyətə qovuşmaq əbədiyyət nidasını sevgiylə eyniləşdirmək...

 

Min il gözləmək - zaman məfhumunun itməsi, sevgidən doğan gözləmə hissinin əbədiləşdirilməsi...

 

Sevmək növbəti "min"i gözə almaq - sadəcə sadəcə ümid!.. Ölməyən ölməməli olan ümid!

 

Vaqif Bayatlını bütövləşdirən, az qala, hər misrasında özünü hiss elətdirən ümid.

 

Mən Vaqif Bayatlını "Səni görürəm, İlahi" misrasından sonra axtarmağa başladım. Əvvəl onu yerdə gəzdim, sonra xırda-xırda misralarda, sonra ədəbiyyat boyda bir sonsuzluqda ən nəhayət göylərdə... Tapdım Vaqif Bayatlını, tapdım. Öz içimdə, öz ruhumda, öz özümdə tapdım. Güzgüdə gördüm, tavanda gördüm, içimdəki boşluqda, tutunduğum bütün bağlarda gördüm onu. Oxuduğum bütün şerilərdə Vaqif Bayatlını gördüm.

 

Gördüm ki, Vaqif Bayatlı yeddi milyardlıq dünyanın yükünü, ağrısını çəkmək gücündə böyüklüyündədir. Baxmayaraq ki, o, "dünyanın ən güclü adamı olmaq istəmir". Gördüm ki, Vaqif Bayatlı hamını hamıdan daha çox sevə bilmək gücündədir. Baxmayaraq ki, o, "hamıdan çox sevmək istəmir". Gördüm ki, Vaqif Bayatlı bütün günahların günahkarların adından "Min ildi, milyon ildi, sənə sarı qaçıram, Allah. Ayaqlarım sevinir, yolum sevinir, Allah" deyəcək boydadı. Həm gördüm ki:

 

Qollarım ağırlıq edir bədənimə,

çiyinlərimə.

Elə bil daş asılıb hər birinə...

İndi doğma, isti bir ələ

dəli ehtiyac var,

qaldırıb qoya qollarımı yerinə

 

- deyəcək qədər sevgisizdir, qayğısızdır, təkdir, yalnızdır. Bu qədər nəfəsə rəğmən... Bu qədər haya, küyə rəğmən... Bu qədər insana rəğmən...

Vaqif Bayatlı həm o nəfəslərdən qaçan adamdı. Özü öz küncünə qısılan, özü öz şeirlərinə sığınan özünü orda tapan adamdı. Ağaca "qardaşım", çiçəyə "bacım" deyəcək qədər uzaq, həm yaxın adamdı.

 

Kimin günahı var, kimin ahı var,

Dünyanın qədər pis sabahı var.

Hamsına, hamsına şairlər bayıs!

Güllələyin şairləri! Sonra diz çökün!

 

Ən əsası və ən qəddarı isə Vaqif Bayatlı bütün günahları, bütün günahkarları şair simasında görən adamdı... Şairi gülləyə qurban verən və ruhsuz bədəni qarşısında adamları, şairə şair deyənləri diz çökdürən adamdı. Bu çöküş, əslində, zirvənin özüdür. Şair zirvəsinin özü, şeir zirvəsinin - Vaqif Bayatlı zirvəsinin özü. Ondan şair də məmnundu, oxucu da.

 

Bu gecə, bu gecə

üzü göylərə

bu qəhərli oğlan, bu qəmli oğlan...

bir eşqli gözəlin, sirli gözəlin

pəncərəsi altda dayanmış kimi

dayanıb bir tənha ulduz altında...

 

And olsun o yaşıl köynəyə ki, mən o tənha oğlanı tanıyıram, mən onu bilirəm, mən onu görürəm. Bu oğlan "sən bağlayan pəncərənin bir dön bəri bax yeri var" deyən oğlandır.

 

Ümidin sərhədsizliyində itib-batan həmin oğlan bağlamağın "son" demək olduğunu bilir, bağlamağın "yekun" demək olduğunu bilir, bağlamağın "bitdi" demək olduğunu da bilir, amma bu "son"da, amma bu "yekun"da, amma bu "bitdi"də belə o oğlan ümidi itirmir.

 

Çünki Vaqif Bayatlı həmişə, hər zaman - hər misrada, hər şeirdə, hər nəfəsdə ümid gəzir, ümid axtarır, ümid tapır. Tutunmaq üçün yox, sadəcə ümidi var eləmək üçün, ümidi ümid kimi qorumaq üçün - "dön bəri bax yeri var..."ı dua kimi pıçıldamaq üçün...

 

 

Nihat Pir

525-ci qəzet.- 2021.- 22 oktyabr.- S.13.