Güney Azərbaycan ədəbiyyatının fədakar tədqiqatçısı  

 

"Cənubdan gələn səslər professor Abbas Zamanovun mənzilindən keçib daha da gurlaşırdı"

 

 

Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, ədəbiyyatımızın daha geniş arenada tanıdılmasında misilsiz xidmətlər göstərmiş professor Abbas Zamanovun anadan olmasından 110 il ötür. Onun Azərbaycan ədəbiyyatşünaslığı, mətnşünaslığı və ədəbiyyat tarixi sahələrində xidmətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti 2011-ci ildə görkəmli alimin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamış və bu Sərəncam A.Zamanovun yaradıcılığının hərtərəfli şəkildə tədqiqində mühüm rol oynamışdı. Sərəncamda deyilir: "Özünün zəngin elmi fəaliyyəti ilə Abbas Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşdırılması və inkişaf etdirilməsi sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir. Ölkəmizdəki yüksək ixtisaslı kadrların azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda hazırlanmasında onun böyük əməyi vardır".

 

 

 

A.Zamanov Azərbaycanla xarici ölkələr arasında, ədəbiyyatımızın və elmimizin dünəni ilə bu günü arasında, yaradıcı ziyalılarımızla gənc istedadlar arasında mötəbər bir mənəviyyat körpüsü idi. Tarixi ədalətsizlik səbəbindən ikiyə parçalanan Azərbaycanın, cənubda yaşayan həmvətənlərimizin taleyini hər zaman düşünən alimin elmi yaradıcılığının mühüm qolunu Cənubi Azərbaycanla bağlı tədqiqatları təşkil edir. Milli dəyərlərimizi vahid Azərbaycan fəzasında yaymaq, Cənubi Azərbaycanla əlaqələrimizi genişləndirmək, ikiyə bölünmüş xalqımızın mənəvi birliyini təmin etmək, cənubda yaşayan şair və yazıçılarımızın əsərlərini təbliğ etmək, araşdırmaq A.Zamanovun bu istiqamətdəki uğurlu fəaliyyətinin əsas cəhətləridir. 1984-cü ildə Xalq yazıçısı Mirzə İbrahimov alimin Cənubi Azərbaycana olan məhəbbətini "Azərbaycan" jurnalında dərc olunan yazısında belə ifadə edir: "Azərbaycan müəllimi" qəzetində "Cənubdan səslər" adı altında xüsusi bölmə ayrılmışdır. Cənubi Azərbaycan ədəbiyyatının patriotlarından və tədqiqatçılarından olan Abbas Zamanov könüllü olaraq o bölmənin rəhbərliyini boynuna götürmüşdür. Təkcə "Azərbaycan müəllimi"ndə çap olunmuş məqalələri bir yerə toplansa, sanballı bir kitab əmələ gələr". Alimin Cənubi Azərbaycanla əlaqələrimizin daha da genişlənməsindəki xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. O, hər zaman çalışırdı ki, tariximizlə bağlı kitablar həm də ərəb əlifbası ilə çap olunsun ki, cənubdakı soydaşlarımız onlarla tanış ola bilsinlər. A.Zamanov ən çətin zamanda belə bütün məhrumiyyətlərə dözərək şimallı-cənublu Azərbaycan xalqını bir-birinə yaxınlaşdırdı, onlar arasında əlaqələndirici mərkəz, körpü oldu. O, 1941-ci ildən Cənubi Azərbaycanla əlaqədə olmuş, 1979-cu il İran inqilabından sonra əlaqələri daha da genişlənmişdir. Alimin 2 monoqrafiyası fars dilinə çevrilərək Tehran və Təbrizdə nəşr edilmişdir. Onun "Lirik şair", "Füzuli və Sabir", "Ölülər" komediyası haqqında", "Təbrizli dostuma açıq məktub", "Azadlıq şairi", "M.Hadinin həyat və yaradıcılığı", "Mən sənə əlvida demirəm", "A.Şaiqin 100 illiyinə", "Hüseyn Cavidin 100 illiyinə", "Sabir və Səhhət", "Vətəndən uzaqda" kimi yazıları "Varlıq", "Dədə Qorqud", "İnqilab yolu", "Azadlıq işığı" mətbuat orqanlarında dərc olunub, cənubdakı həmvətənlərimiz Azərbaycan ədəbiyyatı ilə bağlı mütəmadi olaraq məlumatlandırılıblar. A.Zamanov, həmçinin, Cənubi Azərbaycandan olan bir çox şəxslərlə əlaqə saxlayır, onlara çoxsaylı kitablar göndərməklə Şimalla Cənubi Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdi. Təbrizdəki Tərbiyə kitabxanasında alimin Cənubi Azərbaycana göndərdiyi mindən artıq kitab qorunub saxlanılır. Alimin Cənubda Azərbaycan dilində nəşr olunan "Varlıq" dərgisinin baş redaktoru, ana dilli ədəbiyyatımızın İranda inkişafı üçün geniş şərait yaratmış Cavad Heyətlə yaxın münasibətləri xüsusilə qeyd olunmalıdır. Onun sayəsində bir çox alim və yazıçılarımızın əsərləri bu jurnalın səhifələrində dərc olunub, cənublu qardaşlarımızla əlaqələrimiz daha da möhkəmləndirilib. Bir çox tədqiqatlarında, xüsusilə mollanəsrəddinçilik sahəsində araşdırmalarında Cənub mövzusu aparıcı mövqe tutub, M.Ə.Sabirin əsərlərinin Cənubi Azərbaycanda geniş şöhrət qazanması, şairin cənublu dostları-müasirləri barədə geniş bəhs edilib. Onun müxtəlif jurnal və qəzet səhifələrində yer alan məqalələrində Cənubi Azərbaycanla bağlı tədqiqatları mühüm yer tutur. A.Zamanovun folklorşünaslığımıza dair ayrıca bir tədqiqat əsəri olmasa da, xalq yaradıcılığımıza həsr olunan tədqiqatlar barədə müxtəlif mətbuat orqanlarında rəy, mülahizə, tənqidi qeydləri ilə çıxış edib. Alimin Həmid Məmmədzadə ilə birlikdə yazdıqları "Qış mərasimləri haqqında" adlı resenziyasında İranın məşhur folklorşünası Seyid Əbülqasım Əncəvi Şirazinin "Azərbaycanda və Həmədanda qış mərasimləri" kitabından, "Kitabi Dədə Qorqud fars dilində" adlı yazısında Təbriz alimlərindən Fərabi Əzəbdəftəri və Məhəmməd Həriri Əkbərinin tərcüməsində "Dədə Qorqud" dastanlarının Təbrizdə çap edilməsindən, akademik Bəkir Nəbiyevlə bərabər yazılan "Şifahi yaradıcılığımız yeni tədqiqatda" resenziya-məqaləsində isə doktor Cavad Heyətin Tehranda nəşr edilmiş "Azərbaycan şifahi xalq ədəbiyyatı" kitabının xalq yaradıcılığımızın öyrənilməsindəki böyük əhəmiyyətindən bəhs edilib. Onun bu istiqamətdə qələmə aldığı "Aşıqlar" məqaləsində isə Cənubi Azərbaycan ədəbiyyatşünası Hüseyn Sədiq Məmmədzadənin 1977-ci ildə Tehranda çap etdirdiyi "Aşıqlar" kitabı geniş təhlil olunub, kitabda aşıq ədəbiyyatının Azərbaycanda yaranma tarixi, xüsusiyyətləri, növləri, nümayəndələri, aşıq sözünün mənşəyi barədə aparılan araşdırmalar yüksək dəyərləndirilib, kitabın nəşrinin Cənubi Azərbaycan oxucusunun özünün şifahi xalq ədəbiyyatı ilə tanışlığı sahəsində gözəl bir təşəbbüs olması diqqətə çatdırılıb. A.Zamanovun Cənubdakı ədəbi prosesi bizlərlə tanış edən yazıları "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "Kommunist" qəzetlərinin səhifələrində daha çox dərc olunub. Onun 1982-ci ildə Cənubi Azərbaycan şairləri Məmmədəli Məhzun və Həbib Fərşbafın "Hicran xəstəsi", "Dan yeri" kitabları və şeirlərindən nümunələrin yer aldığı yazıları "Azərbaycan müəllimi" qəzetinin 12 may və 25 avqust nömrələrində verilib. Alimin Əziz Dövlətabadinin Azərbaycanın söz sənətkarları haqqında yazdığı "Azərbaycanın söz ustaları", Teymur Pirhaşımın "Azəri-Türk dilinin qrameri" kitabından bəhs edən "Cənubdan hədiyyə", Hüseyn Sədiq Məmmədzadənin "Vaqif gözəllik və həqiqət şairidir" kitabına həsr olunan eyniadlı yazısı isə "Ədəbiyyat və incəsənət" qəzetinin müxtəlif nömrələrində geniş oxucu auditoriyasına təqdim olunub. Məhəmməd Əli Niqabiyə müraciətlə yazdığı "Təbrizli dostuma məktub", Pənahi Makulunun Yaxın Şərq ölkələrinin yazıçı, şair və mütəfəkkirləri haqqında məlumatların yer aldığı "Ədəbi məlumat cədvəli", şair Həbib Sahirin vəfatı münasibətilə qələmə alınan "Qələm dostumuzun xatirəsi", M.H.Şəhriyarın vəfatına ithaf olunan "Qara xəbər", Cənubda Azərbaycan ədəbiyyatının bir çox nümayəndəsinin əsərlərinin nəşr olunmasından bəhs edən "Cənubda yeni nəşrlər" kimi yazılarında da Şimali Azərbaycan oxucusu Cənubla bağlı məlumatlandırılır, alimin bu sahədəki fədakar əməyi sayəsində tələbələri, gənc ardıcılları da bu işə həvəslənir, müqəddəs missiyaya qoşulurdular. Bu haqda akademik B.Nəbiyev A.Zamanovla bağlı xatirələrində yazır: "Müəllimimin qarşımda qoyduğu vəzifə borcuma əməl edib bu mövzuda (Cənubi Azərbaycan mövzusu - S.Ə.) bir neçə yazı yazdım, elə onun təqdimatı ilə "Azərbaycan müəllimi" qəzetindəcə dərc etdirdim. Bəli, Abbas Zamanov bizim ədəbiyyatçılar mühitində elə böyük nüfuz sahibi idi ki, onun daş qoyduğu yerə biz - tələbələri həmişə baş qoymağa hazır idik. Güney Azərbaycan poeziyasının o zamankı ağsaqqalı Həbib Sahirin, xalqın səadəti uğrunda cavan canını qurban vermiş Əlirza Oqtayın, dahi sənətkar Məhəmmədhüseyn Şəhriyarın kitabları haqqında həmin yazılarımın əmələ gəlib işıq üzü görməsi üçün mən öz unudulmaz müəllimimin işıqlı xatirəsinə minnətdaram". A.Zamanov Azərbaycanın Şimalında Cənub üzrə böyük mütəxəssislərdən biri kimi tanınmaqla bərabər, Cənubda da ona böyük sevgi ilə yanaşılır, ideoloq-məsləhətçi kimi hörmət edirdilər. Cavad Heyət, Fərzanə, Qulamrza Səbri Təbrizi, Hüseyn Düzgün, Firudin Hasarlı, Kərim Məşrutəçi Sönməz öz xatirə və şeirlərində A.Zamanovu dərin məhəbbətlə yad etmiş, onun qarşılıqlı ədəbi əlaqələr sahəsindəki təmənnasız xidmətlərini, doğma ədəbiyyatı sevməyin, araşdırmağın yollarını öz şəxsi nümunəsi ilə göstərməsini minnətdarlıq duyğuları ilə dəyərləndirmişlər.

 

 

 

A.Zamanov bütün yaradıcılığı boyu Azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət etdi. Onun Cənubi Azərbaycana olan sonsuz məhəbbəti də bütöv Azərbaycan arzusundan qaynaqlanırdı. Professor Kamran Əliyevin "Abbas Zamanov olmasaydı" kitabında da qeyd etdiyi kimi: "Abbas Zamanov özü boyda bir ürək deməkdir. O, bütöv Azərbaycan dünyasını şəxsiyyətinə hopdurub, içinə sığışdıra bilirdi. Şairlər, yazıçılar ikiyə bölünməyin qorxusunu yaşayanda, "Araz boyda şırımın" qaysaq tutmuş yarasından danışanda, Təbrizlə Bakı arasında birlik istəyini ifadə edəndə Abbas Zamanov o taylı-bu taylı bir məmləkətin Arazüstü körpülərini salırdı. Bu körpülərin dayaqları isə Abbas Zamanov özü idi. Ona görə də Cənubdan gələn səslər məhz onun mənzilindən keçib daha da gurlaşırdı".

 

 

Sahab ƏLİYEVA

AMEA Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru

 

525-ci qəzet.- 2021.- 22 oktyabr.- S.10.